Məhkəmə qərarları › İş №2-1(103)-262/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-262/2025

11.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-262/2025 11.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi və məruzəsi, Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X7 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X7 1 saylı Bakı Ərazi İdarəsinə qarşı bələdiyyə ərazisində ayrılmış Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 156 ünvanda yerləşən 1100 kv.m. torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınaraq bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, 2-1(112)-397/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X7 1 saylı Bakı Ərazi İdarəsinə qarşı bələdiyyə ərazisində ayrılmış Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 156 ünvanda yerləşən 1100 kv.m. torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınaraq bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 7568,2 kv.m. təşkil edən qeyri-yaşayış binası xüsusi mükiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Həmin daşınmaz əmlak üzərində iddiaçının mülkiyyət hüququ cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmaqla bu barədə iddiaçıya seriya RX ******* nömrəli çıxarış və texniki pasport verilmişdir. İddiaçının mülkiyyətində olan qeyriyaşayış binasının tikinaltı sahəsi 1162.4 kv.m. təşkil edir. xx.xx.2018-ci il tarixli, RX ******* nömrəli çıxarışdan göründüyü kimi, həmin torpaq sahəsi uzun müddətdir ki, onun istifadəsindədir. Eyni zamanda, qeyri-yaşayış binasına aid olan torpaq sahəsinin ölçüsü qeyri-yaşayış binası özəlləşdirilərkən çıxarışla bərabər qeyri-yaşayış binasına dair iddiaçıya verilmiş texniki pasportda göstərilmişdir. İddiaçı mülkiyyətində olan qeyri-yaşayış binasının altındakı torpaq sahəsinə çıxarış almaq üçün xx.xx.2022-ci il tarixdə cavabdeh inzibati orqana müraciət etmiş, lakin iddiaçının xahişi təmin edilməyərək rədd edilmişdir. xx.xx.2022-ci il tarixli, **********19 nömrəli imtina məktubunda göstərilmişdir ki, qeyd olunan torpaq sahəsi dövlət mülkiyyətində olduğundan iddiaçıya Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etməsi tövsiyyə edilmişdir. Lakin, iddiaçı hesab edir ki, cavabdeh orqanın imtinası əsassızdır, qeyd olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestində qeydiyyata alınmaqla ona çıxarış verilməlidir. Belə ki, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 156 ünvanda yerləşən 1100 kv.m. torpaq sahəsi Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış layihəyə uyğun ticarət və ofis binasının tikintisi məqsədi ilə Nərimanov rayonu Nərimanov Bələdiyyəsinin 16 noyabr 2006-cı il tarixli 16 saylı qərarı əsasında alqı-satqı müqaviləsi vasitəsi ilə X1. Tərtib edilmiş alqı-satqı aktı tərəflərin imzaları və Nərimanov rayonu Nərimanov Bələdiyyəsinin möhürü ilə təsdiq edilmiş və alqı-satqı aktına əsasən X6 tərəfindən 28 noyabr 2006-cı il tarixdə 032292 nömrəli qəbzlə Nərimanov rayonu Nərimanov Bələdiyyəsinin hesabına 5632 manat pul köçürülmüşdür. Həmçinin, X6 notarial qaydada təsdiq edilmiş 30 avqust 2022-ci il tarixli ərizə vasitəsi ilə Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 156 ünvanda yerləşən 1100 kv.m. torpaq sahəsinin İddiaçı adına özəlləşdirilməklə onun adına çıxarış və texniki pasport verilməsinə razılığını bildirmişdir. Eyni zamanda, Nərimanov rayonu Nərimanov Bələdiyyəsinin 11 mart 2022-ci il tarixli 03/136 nömrəli arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 156 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə görə 2022-ci ilin dekabr ayının 31-nə kimi Nərimanov rayonu Nərimanov Bələdiyyəsinə əmlak və torpaq vergi borcu yoxdur. Göründüyü kimi, iddiaçının mülkiyyətində olan qeyri-yaşayış binasının altındakı torpaq sahəsi Nərimanov rayonu Nərimanov Bələdiyyəsi tərəfindən ayrılmış və ona görə də həmin torpaq sahəsi bələdiyyə mülkiyyəti hesab olunur. Bu günə qədər də həmin torpaq sahəsinin ayrılmasına dair qərar mübahisələndirilməməklə qüvvədədir və ayrılmış torpaq sahəsi üzərindəki əmlak iddiaçının mülkiyyətində olduğundan torpaq sahəsinə iddiaçının mülkiyyət hüququ tanınmalıdır. Cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X7 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddia tələbinə yazılı etiraz məhkəməyə təqdim edilmiş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı müvafiq tələblə xx.xx.2022-ci il tarixdə cavabdehə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar olaraq aparılan araşdırma zamanı məlum olmuşdur ki, bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında qərar təqdim edilməmiş, təqdim olunmuş alqı-satqı aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Həmçinin, təqdim edilmiş bələdiyyə sənədlərində torpaq sahəsi X3 adına ayrılmışdır. Bundan başqa, göstərilən torpaq sahəsi dövlət mülkiyyətindədir. Bu səbəblərdən ərizənin icrası cavabdeh inzibat orqan tərəfindən mümkün olmamışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-397/2024 saylı qərarı ilə (hakim A.A.Abdullayeva) iddia tələbi təmin edilmiş, Bakı şəhəri Nərimanov rayonu Nərimanov Bələdiyyəsinin 16 noyabr 2006-cı il tarixli 16 saylı iclasının protokolundan çıxarışa əsasən bələdiyyə ərazisində ayrılmış Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 156 ünvanda yerləşən 1100 kv.m. torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınaraq bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X7 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X7 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-397/2024 saylı qərarı mübahisələndirilmiş və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, göstərilən torpaq sahəsi dövlət mülkiyyətindədir. Bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında qərar təqdim edilməmiş, təqdim olunmuş alğı-satqı aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Həmçinin, təqdim edilmiş bələdiyyə sənədlərində torpaq sahəsi X3 adına ayrılmışdır. Birinci instansiya məhkəməsi tərəfindən torpaq sahəsinin dövlət mülkiyyətinə aid olub-olmaması ilə bağlı tam və ətraflı araşdırma aparmamış və işin hərtərəfli araşdırılması məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cəlb edilməmişdir. Belə ki, “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 291 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 55-ci maddəsinin ikinci abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini öz səlahiyyəti hüdudlarında Azərbaycan Respublikasının Nazirlər Kabineti, dövlət müəssisə, idarə və təşkilatların istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti həyata keçirir. Qeyd olunanlara əsasən, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2-1(112)-397/2024 saylı qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X7 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə izahatında məhkəməyə bildirdi ki, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 156 ünvanda yerləşən 1100 kv.metr. torpaq sahəsinin bələdiyyə torpaq sahəsinə aid olması barədə "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X7 1 saylı Bakı Ərazi İdarəsində hər hansı məlumat aşkar edilməmişdir. Torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq kimi görünür. Bələdiyyə torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi barədə qərar nə məhkəməyə, nə də idarəyə təqdim edilməmişdir. Təqdim olunmuş alqı-satqı aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Həmçinin təqdim edilmiş bələdiyyə sənədlərində torpaq sahəsi X3 adına ayrılmışdır. Lakin iddia tələbi İddiaçı münasibətdə təmin olunub. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında məhkəməyə bildirdi ki, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 156 ünvanda yerləşən 1100 kv.metr torpaq sahəsinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi barədə məhkəməyə müraciət edilmişdir. Birinci istansiya məhkəməsi tərəfindən də iddia tələbləri təmin edilmişdir. Birinci instansiya məhkəməsinin müvafiq qərarı cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilərək qərardan apellyasiya şikayəti verilmişdir. Cavabdeh inzibati orqan tərəfindən Nərimanov Bələdiyyəsi tərəfindən ayrılmış torpaq sahəsinin dövlət mülkiyyətində olan torpaq sahəsi olmasını bildirilir. Cavabdehin əsas dəlili də məhz bu məqamdan ibarətdir. Bununla bağlı olaraq da birinci instansiya məhkəməsinin müvafiq qərardadı əsasında ekspertiza təşkil edilmişdir. Ekspert rəyində də öz əksini tapır ki, iddiaçının tələb etdiyi torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamı ilə bələdiyyəyə ayrılmış torpaq sahəsinin ərazi hüdudları daxilindədir. Daha sonra Bakı Apellyasiya Məhkəməsi tərəfindən aparılan icraat zamanı da həmin torpaq sahəsinin təyinatı, kateqoriyası və sair kimi məqamlara aydınlıq gətirmək məqsədilə ekspertiza təşkil edilmişdir. Ekspertizanın nəticəsində bəlli olmuşdur ki, Nərimanov Bələdiyyəsi tərəfindən iddiaçıya ayrılmış torpaq sahəsi, həqiqətən də, Nərimanov Bələdiyyəsinin ərazi hüdudları daxilindədir. Həmin torpaq sahəsi iddiaçıya Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı əsasında ayrılmışdır. Yəni həmin torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsi hesab edilmir. Cavabdeh inzibati orqanın da apellyasiya şikayətinin ən kəsərli dəlili məhz bu məqamdır. Qanunvericiliyə əsasən torpaq sahəsinin ayrılmasına dair bələdiyyələrin qərarı hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bu səbəbdən də həmin torpaq sahəsi üzərində iddiaçının hüquqları dövlət qeydiyyatına alınmalıdır. Cavabdeh inzibati orqanın digər bir dəlili isə ondan ibarətdir ki, güya iddiaçı tərəfindən sözügedən torpaq sahəsinin Nərimanov Bələdiyyəsi tərfindən ayrılmasına dair “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinə sənəd təqdim edilməyib. Lakin bu doğru deyil. Nərimanov Bələdiyyəsinin qərarı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinə təqdim edilmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilən sənədlərdən görünür ki: - “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X7 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********19 saylı məktuba əsasən bildirilmişdir ki, elektron kadastr məlumatlarına əsasən qeyd olunan torpaq sahəsi dövlət mülkiyyətində olduğundan Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etməsi tövsiyə edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 7568.2 kv.m. olan qeyri-yaşayış binası İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, xx.xx.2018-ci il qeydiyyat tarixi ilə qeydiyyatdan keçmişdir. - Bakı şəhəri Nərimanov rayon Bələdiyyəsinin 16 noyabr 2006-cı il tarixli, 16 saylı iclasının protokolundan çıxarışa əsasən Ə.Rəcəbli küçəsinin davamı olaraq yeni çəkilmiş yolun kənarında 1100 kv.m. torpaq sahəsində Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış layihəyə uyğun ticarət və ofis binasının tikinisinə ayrılan torpaq sahəsi alğı-satqı yolu ilə "xxxx" MMC-nin təsisçisi A.Ə.Sadiqovun mülkiyyətinə verilmişdir. Həmin qərara əlavə edilmiş Torpaqların X5 və kassa mədaxil orderi qəbzi iş materiallarına əlavə edilmişdir. - “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X7 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qeyri-yaşayış binasının texniki pasportu tərtib edilmişdir. - Birinci instansiyası məhkəməsinin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 18 oktyabr 2022-ci il tarixli BA-06752-2022 nömrəli məktubla Nərimanov rayonu Nərimanov Bələdiyyəsinin arxiv fondu üzrə xx.xx.2006-cı il tarixli 16 saylı iclas protokolu və ona əlavə edilmiş digər sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. - Birinci instansiyası məhkəməsinin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli **********79 nömrəli məktubla ünvan 3 ünvanında yerləşən qeyriyaşayış binasına dair arxiv qovluğunda aşkar edilmiş müvafiq sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 may 2016-cı il tarixli, 2-1(102)-577/2016 saylı qərarına əsasən iddiaçı "xxxx" MMC-nin iddia tələbi təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- (103)-1979/2015 saylı iş üzrə 02 dekabr 2015-ci il tarixli qərarı ləğv edilmiş, iddia tələbi təmin edilərək Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti başçısının “Ticarət və ofis binasının yeni variantda tikintisinə icazə verilməsi haqqında” 452 saylı xx.xx.2012-ci il tarixli sərəncamı əsasında Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsinin davamı olan yeni çəkilmiş yolun sağ tərəfində inşa edilmiş ticarət mərkəzi və ofis binasına dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində "xxxx" MMC-nin adına qeydiyyata alınmaqla bu barədə dövlət reyestrindən çıxarışın və texniki sənədlərin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 dekabr 2016-cı il tarixli, 2-1(102)-577/2016 saylı qərardadına əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-577/2016 saylı iş üzrə 25 may 2016-cı il tarixli qərarına qarşı cavabdeh tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizəyə məhkəmə qərarının icrasının dayandırılması barədə vəsatətə baxılaraq vəsatətin təmin edilməməsi barədə qərar qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, müvafiq torpaq sahəsinin bələdiyyə ərazisinə aid olması barədə İdarənin elektron bazasında hər hansı məlumat aşkar edilmədiyinə və həmin torpaq sahəsinin bələdiyyə ərazisinə aid olması barədə hüquqmüəyyənedici sənədlər də, təqdim edilmədiyinə dair dəlilə münasibətdə nəzərə alınmalıdır ki, cavabdeh məhkəmə araşdırmalarının gedişatında bu dəlilə istinad etməmişdir. Bundan başqa, iddiaçıya torpaq sahəsinin bələdiyyə tərəfindən ayrılmasına dair işdə sənəd vardır ki, bu hal torpağın bələdiyyə torpağı olmasını təsdiq edir. Əks hala istinad etdiyi üçün cavabdeh torpağın bələdiyyə mülkiyyətində olmadığına dair sübut təqdim etmək vəzifəsi daşıyır. Lakin, hazırda bildirməsinə baxmayaraq cavabdeh tərəfindən bir sübut da, verilməmişdir. Digər tərəfdən isə cavabdeh sözügdən dəlili özünün elektron baza məlumatlarına istinadla irəli sürür. Həmin məlumatlar isə daim cavabdehin istifadəsində olduğuna görə belə bir halı o, əgər həqiqətən mövcuddursa, bilmək və məhkəməyə təqdim etmək imkanına məhkmə araşdırmalarının gedişində həmişə malik olmuşdur. Odur ki, cavabdeh İPM-nin 100-cü maddəsinin tələb etdiyi kimi istinad etdiyi yeni halların ondan asılı omayan səbələrdən ilkin icraat zamanı təqdim olunmamasını da sübut edə bilmir. - Notarial qaydada təsdiq edilmiş **********885 nömrəli ərizəyə əsasən, X6 Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 156 ünvanında yerləşən 1100 kv.m torpaq sahəsinin İddiaçı adına özəlləşdirilməsinə və həmin torpaq sahəsinə dair adına çıxarış və texniki pasport verilməsinə etiraz etmir və razıdır. - X2 tərəfindən 16 fevral 2024-cü il tarixli, 01 nömrəli mütəxəssis rəyinə əsasən Bakı şəhəri Nərimanov Bələdiyyəsinin 16 noyabr 2006-cı il tarixli 16 saylı iclasının protokolu əsasında X3 mülkiyyətinə ayrılmış Ə.Rəcəbli küçəsinin davamı olaraq yeni çəkilmiş yolun kənarında 1100 kv.m. torpaq sahəsinin (faktiki olaraq həmin torpaq sahəsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********83-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli ******* nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan qeyri-yaşayış binasının yerləşdiyi 0.11624 ha torpaq sahəsidir) Bakı şəhər İcra Hakimiyyətinin 26 sentyabr 2000-ci il tarixli 914 nömrəli (sualda 31 avqust 2000-ci il tarixli 812 nömrəli kimi qeyd edilmişdir) sərəncamı ilə Nərimanov rayonu İnzibati Ərazi Dairəsinin hüdudları daxilində (Bakı şəhər İcra Hakimiyyətinin “Bələdiyyələrin torpaqları və mülkiyyətlərinin müəyyən edilməsi və onlara təhvil verilməsi haqqında” 26 sentyabr 2000-ci il tarixli 914 nömrəli sərəncamı ilə; Nərimanov Bələdiyyəsinə təhvil verilmiş 311,22 hektar torpaq sahəsinin daxilidir) yerləşməsi müəyyən edilir. - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(103)-3185/2024 saylı qərardadının icrası ilə əlaqədar verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 yanvar 2025-ci il tarixli, 10/8191 ekspert rəyinə görə, Bakı şəhəri, Nərimanov Bələdiyyəsinin 16 noyabr 2006-cı il tarixli, 16 saylı iclasının protokolu əsasında X3 mülkiyyətinə ayrılmış Ə.Rəcəbli küçəsinin davamı olaraq yeni çəkilmiş yolun kənarında 1100 kv.m. torpaq sahəsi ilə Bakı şəhəri, Nərimanov rayonu İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli sərəncamı ilə "xxxx" MMC-yə ayrılan Ə.Rəcəbli küçəsinin davamı olaraq yeni çəkilmiş yolun kənarında 1100 kv.m. torpaq sahələri eyni torpaq sahələri olması müəyyən olunur. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli qanununda qeyd olunanları, “Torpaq islahatı haqqında” qanununun 6-cı və 7-ci maddəsində qeyd olunanları, eləcə də Bakı Şəhəri İcra hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixili, 914 №-li sərəncamına əsasən Nərimanov rayonu üzrə 311,22 hektar torpaq sahəsi Nərimanov Bələdiyyəsinə təhvil verilməsini nəzərə alaraq, Nərimanov rayonu İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli sərəncamı ilə Ə.Rəcəbli küçəsinin davamı olaraq yeni çəkilmiş yolun kənarında Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış layihəyə uyğun ticarət və ofis binasının tikintisinə "xxxx" MMC-yə icazə verilmiş, Nərimanov Bələdiyyəsinin 16 noyabr 2006-cı il tarixli, 16 saylı iclasının protokolundan Çıxarışa və “Torpaqların X5”a əsasən "xxxx" MMC-nin təsisçisi A.Ə.Sadıqovun mülkiyyətinə verilməsi nəzərdə tutulan 1100 m2 torpaq sahəsinin Nərimanov bələdiyyəsinin torpaqlarının hüdudlarında yerləşməklə bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olması müəyyən edilir. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 20 saylı müraciətdən görünür ki, MMC mübahisənin predmeti olan torpaq sahəsinin İddiaçı adına özəlləşdirilməsinə etiraz etmir. - “Elektron məhkəmə” informasiya sistemindən çıxarışlardan görünür ki, X6 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisidir, eyni zamanda hazırkı iş üzrə iddiaçının əridir. Birinci instansiyası məhkəməsi qərarında belə qənaətə gəlmişdir ki, Nərimanov bələdiyyəsinin 16 noyabr 2006-cı il tarixli 16 nömrəli protokolundan çıxarışa münasibətdə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, iddiaçı etimadın qanunla qorunması hüququna malikdir. Bundan başqa, sözügedən 16 noaybr 2006-cı il tarixli protokoldan çıxarış geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. İnzibati Prosessual Məcəllənin 58-ci maddəsi və «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin tələbləri baxımından Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin 12 avqust 2004-cü il tarixli 359 nömrəli qərarı mötəbər sübut kimi qiymətləndirilməlidir. Həmin qərar «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə uyğun olaraq iddiaçının qərarla ona ayrılmış 1100 kv.m. ölçüdə torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınması üçün əsasdır. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, bələdiyyə torpaqlarına aid olan mübahisəli torpaq sahəsi xx.xx.2018-ci il tarixdən İddiaçı mülkiyyətindəki qeyriyaşayış binasının altında yerləşir, həmin torpaq sahəsi Nərimanov Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarı ilə ticarət və ofis binasının tikintisi üçün alqı-satqı yolu ilə iddiaçının əri olan A.E.Sadıqovun mülkiyyətinə verilmiş (*Dövlət Arxivinin Bakı Filialında saxlanılan protokolun nüsxəsində məhz A.E.Sadıqovun adı qeyd olunub, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin deyil). Hal-hazırda X6 həm şəxsən, həm də "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adından həmin torpaq sahəsinin İddiaçı mülkiyyətinə verilməsinə razılığını ifadə etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarında göstərilmişdir ki, iddiaçıya torpaq sahəsi ayrılması barədə qərar (inzibati akt) qanunla müəyyən olunmuş qaydada geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən, beləliklə hüquqi qüvvəsini saxladığından hüquqi cəhətdən etibarlı sayılır. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci i il tarixli qərarında qeyd edilmişdir ki, bələdiyyə tərəfindən torpaqların mülkiyyətə, istifadəyə və icarəyə verilməsi publik-hüquqi fəaliyyətdir və xüsusi sahəvi normativ hüquqi aktlarla tənzimlənməklə “İnzibati icraat haqqında” Qanun ilə nəzərdə tutulmuş qayda və prinsiplərə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 11.1-ci maddəsinə müvafiq olaraq, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Birinci instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçının mülkiyyət hüququnun yaranması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsində (qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsasdır) nəzərdə tutulmuş əsaslar nəzərə alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin (Hüquqların dövlət qeydiyyatından imtina) tələblərinə əsasən: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Apellyasiya şikayətinin məzmunundan göründüyü kimi, cavabdehin əsas dəlili ondan ibarətdir ki, torpaq sahəsi dövlət mülkiyyətindədir və həmin dəlil iş materiallarında olan ekspert rəy(lər)i ilə təkzib edilir. Həmçinin cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, təqdim edilmiş bələdiyyə sənədlərində torpaq sahəsi X3 adına ayrılmışdır. Bu dəlil də birinci instansiyası məhkəməsi tərəfindən ətraflı araşdırılmış və X3 torpaq sahəsinə münasibətdə hazırkı mövqeyi nəzərə alınaraq, qeyd olunan dəlil birinci instansiyası məhkəməsinin qərarının ləğvi üçün əsas olaraq qəbul edilə bilməz. Belə ki, mübahisəli 1100 kv.m. torpaq sahəsi İddiaçı mülkiyyətində olan və ümumi sahəsi 7568,2 kv.m. olan qeyri-yaşayış binasının altında yerləşir və X6 həmin torpaq sahəsinə olan hüquqlarından iddiaçının xeyrinə imtina etməsi notariat qaydada təsdiq edilmiş ərizədə öz ifadəsini tapmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, 2-1(112)-397/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya QƏRARA ALDİ: Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X7 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-397/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat məbləğində pul cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X7 1 saylı Bakı Ərazi İdarəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar