Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2620/2024 20.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin əvvəlki dövrlər üzrə ödənilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X3 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Nizamli Aygün Ülviyyət qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-1253/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı iddia ərizəsində 1 yanvar 2007-ci il tarixdən 1 dekabr 2013-cü il tarixədək əmək pensiyasının yenidən hesablanmasını və yaranmış fərqin birdəfəlik ödənməsini məhkəmədən xahiş etmişdir.
2. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinə imtina barədə məktub təqdim edilmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı «iddiaçının pensiyasının yenidən hesablanması və əvvəlki dövrlər üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 1990 – 2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Ona 20 may 2012-ci il tarixdən Milli Məclisin sabiq deputatı kimi yaşa görə ona əmək pensiyası təyin edilmişdir. 1 sentyabr 2007-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının vəzifə maaşlarına 25%, 1 sentyabr 2008-ci il tarixdə 50% əlavələrin edilməsi təqaüddə olan keçmiş deputatların da təqaüdlərinin ona müvafiq artmasını labüd edirdi. Lakin iddiaçıya pensiya hesablanarkən bu əlavələr nəzərə alınmamışdır. «Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında» Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin beşinci bəndində nəzərdə tutulan aylıq pul təminatı nəzərə alınmaqla onun əmək pensiyasının 1 sentyabr 2007-ci il tarixdən 1 dekabr 2013-cü il tarixədək yenidən hesablanması və yaranmış fərqin ödənilməsi xahişi ilə iddiaçı üç dəfə DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdir. 20 sentyabr 2022-ci il və 26 noyabr 2022-ci il tarixli müraciətlərə formal cavab verilmiş, onun qanuni tələbi yerinə yetirilməmişdir. 13 aprel 2023-cü il tarixli müraciətə isə, bu günədək cavab verilməmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyə, əlilliyə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli hətat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). «Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən deputat hər ay vəzifə maaşı və deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərinin ödənilməsi üçün vergidən azad olunan pul təminatı alır. Deputat nümayəndəlik səlahiyyətlərini yerinə yetirilməsinə görə hər il özünün iki aylıq vəzifə maaşı məbləğində müavinət alır. Milli Məclisin sədri 2.250 manat miqdarında aylıq vəzifə maaşı alır. Milli Məclis sədrinin birinci müavini Milli Məclis sədrinin aylıq vəzifə maaşının 90 faizi, Milli Məclis sədrinin müavini 85 faiz, Milli Məclis komitə və komissiya sədri 80 faiz, Milli Məclis komitə və komissiya sədrinin müavini 75 faiz, Milli Məclis deputatı isə, Milli Məclis sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında aylıq vəzifə maaşı alır. Milli Məclisin sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komitə və komissiya sədrləri, onların müavinləri. Milli Məclisin deputatları deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 50 faizi məbləğində vergidən azad olunan aylıq pul təminatı alırlar (maddə 21). Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında 13 iyun 2008-ci il (№ 649-11İQD) tarixdə qəbul edilmiş və “Azərbaycan” qəzetində (27 avqust 2008-ci il tarixdə, № 190) dərc edilmiş Azərbaycan Respublikasının Qanununda göstərilmişdir ki, «Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında» Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin beşinci hissəsində “25” rəqəmi “50” rəqəmi ilə əvəz edilsin. Göründüyü kimi, DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsi onun sosial hüquqlarını pozmuş, vəzifə borcunu yerinə yetirmədən əmək pensiyasına əlavələr etməmişdir. Sabiq Milli Məclis deputatlarının bəzilərinin, məhkəmə qərarları əsasında pensiyalarına əlavələr ödənilmiş, bununla da sabiq deputatlar arasında ayrı-seçkiliyə yol verilmişdir. Belə ki, sabiq Milli Məclis deputatları Ş.Məmmədova, A.Abbasov, A.Manafova, E.Qəhrəmanov, Ə.Ağalarov və digərlərinin pensiyalarına əlavələr yalnız Ali Məhkəmənin qərarından sonra ödənilmişdir. Məsələn, sabiq deputat Ə.İ.Ağalarov pensiyasına əlavə edilməsindən qanunsuz imtina edildikdən sonra 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və məhkəmənin 21 avqust 2019-cu il tarıxli (İş № 2-1(81) 2578/2019) qərarı ilə iddia təmin edilmişdir. DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin apellyasiya şikayəti apellyasiya instansiyası məhkəməsinin 12 noyabr 2019-cu il tarixli (2- 1(103)-2557/2019) qərarı ilə təmin edilməmişdir. İdarənin kassasiya şikayəti də Ali Məhkəmənin 25 fevral 2020-ci il tarixli (iş № 2-1(102)-396/2020) qərarı ilə rədd edilmişdir. Göstərilənlərə əsaslanaraq, «Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında» Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulan aylıq pul təminatı nəzərə alınmaqla İddiaçı əmək pensiyasının 1 sentyabr 2007-ci il tarixdən 1 dekabr 2013-cü il tarixədək yenidən hesablanması və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur.
5. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsində 1 yanvar 2007-ci il tarixdən 1 dekabr 2013-cü il tarixədək əmək pensiyasının yenidən hesablanmasını və yaranmış fərqin birdəfəlik ödənməsini məhkəmədən xahiş etmişdir. İddiaçı daha əvvəl 26 noyabr 2022-ci il tarixli ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən 10 may 2023-cü il tarixli 3-17-1/2-M-102926/2023 nömrəli məktubla ona imtina cavabı verilmişdir. Hesab olunur ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi təmin edilməməlidir. Belə ki, iddiaçıya DSMF Bakı şəhəri Səbail rayon şöbəsi tərəfindən 20 may 2012-ci il tarixdən deputat kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Deputatların əmək haqlarının artırılması ilə əlaqədar 1 yanvar 2019-cu il tarixdən vaxtilə tutduğu vəzifə üzrə vəzifə maaşı 1.732,50 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşının 50 faizi miqdarında əlavə 866,25 manat, nümayəndəlik səlahiyyətlərinin yerinə yetirməsinə görə hər il iki aylıq vəzifə maaşından hesablanan müavinətə görə əlavə 288,75 manat, müalicə olunma və istirahət etmə üçün iki aylıq vəzifə maaşından hesablanan müavinətə görə əlavə 288,75 manat və hər ay ödənilən vəzifə maaşının bir misli həcmində əlavə 1.732,50 manat olmaqla orta aylıq əmək haqqı 4.908,75 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsinə əsasən vaxtilə tutduğu vəzifə üzrə orta aylıq əmək haqqı (4.908,75 manat) 80 faizi – 3.927 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabına köçürülmüşdür. «Əmək pensiyaları haqqında» Qanunun 20.2-ci maddəsinin 1 yanvar 2023-cü il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən sabiq deputatların əmək pensiyasına səlahiyyət müddətində tam fəaliyyət dövrünə görə (fəaliyyət dövrü tam olmadıqda isə natamam fəaliyyət dövründəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyətdə olan deputatının və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fəaliyyətdə olan deputatının əməkhaqqının, əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, 80 faizi miqdarı ilə həmin Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilirdi. Deputatların əmək haqlarının artırılması ilə əlaqədar 1 iyul 2022-ci il tarixdən vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 2.485 manat, hər ay ödənilən vəzifə maaşının iki misli əlavə 4970 manat olmaqla orta aylıq əmək haqqı 7.455 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası «Əmək pensiyaları haqqında» Qanunun 20.2-ci maddəsinə əsasən vaxtilə tutduğu vəzifə üzrə orta aylıq əmək haqqının (7.455 manat) 80 faizi-5.964 manat məbləğində müəyyən edilmişdir. İddiaçıya 1 yanvar 2022-ci il tarixdən 31 dekabr 2022-ci il tarixədək olan dövr ərzində «Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli 3173 nömrəli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi miqdarında maddi yardım ödənilmişdir. Qeyd olunmalıdır ki, iddiaçının iddia etdiyi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası yenidən hesablanmışdır. Buna görə də cavabadehin imtinası qanuni və əsaslıdır. Göstərilənlərə əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur.
7. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-1253/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
8. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarından göründüyü kimi, hazırkı inzibati mübahisə üzrə iddiaçı 2007-ci ildən Milli Məclisin sabiq deputatlarının təqaüdlərinə edilmiş 25% və 2008-ci ildə 50% əlavələrin iddiaçının təqaüdünə şamil edilməsi və 20 may 2012-ci il tarixdən hesablanaraq ödənilməsini arzulayır. Nəzərə alınmalıdır ki, iddiaçıya 20 may 2012-ci il tarixdən deputat kimi yaşa görə əmək pensiyası təyin edilmiş və o, müvafiq olaraq hazırki günədək artımlar tətbiq olunmaqla pensiya alır. İddiaçı Milli Məclisin sabiq deputatlarının təqaüdlərinə edilmiş əlavələri ona şamil edilərək onun pensiyası zamanı nəzərə alınmalı olması qənaətindədir. Halbuki, iddiaçının həmin əlavələri alması, ümumiyyətlə aldığı təqdirdə belə onlardan məcburi dövlət sosial sığorta haqlarının tutulması müəyyən olunmur. Belə ki, pensiya işində olan Azərbaycan Respublikası Milli Məclisinin Aparatının məktubundan da göründüyü kimi, X1 1995-ci ilin noyabrın 12-də 119 saylı seçki dairəsinin Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmiş, 2000-ci il noyabrın 24-də isə Azərbaycan Respublikası Milli Məclisinin deputatı mandatından azad edilmişdir. Bu səbəbdən iddiaçının əmək pensiyasının hesablanması zamanı tətbiq olunmasını tələb etdiyi əlavələrin alması istisna olunur.
APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT
9. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-1253/2024 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
b) Apellyasiya şikayətinin dəlilləri
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 1990- 2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuş, 2012-ci ilin may ayının 20-də sabiq deputat kimi yaşa görə ona əmək pensiyası təyin edilmişdir. 1 sentyabr 2007-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisin deputatlarının vəzifə maaşlarına 25 %, 1 sentyabr 2008-ci il tarixdə isə 50 % əlavələrin edilməsi təqaüddə olan keçmiş deputatların da təqaüdlərinin müvafiq qaydada artmasını labüd edirdi. Sabiq deputatların bir qisminin təqaüdünə bu əlavələr daxil edilmiş, bəzilərinin, o cümlədən, iddiaçıya pensiya hesablanarkən bu əlavələr nəzərə alınmamışdır. “Azərbaycan Respublikasının Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin beşinci bəndində nəzərdə tutulan aylıq pul təminatı nəzərə alınmaqla onun əmək pensiyası hesablanarkən 2007-ci il( 25 %) və 2008-ci il( 50 %) əlavələr nəzərə alınmalı idi. İddiaçı pensiyasının hesablanması zamanı bu əlavələrin nəzərə alınmadığını əsas gətirərək yaranmış fərqin ödənilməsi xahişi ilə cavabdehə müxtəlif vaxtlarda üç dəfə yazılı müraciətlər etmiş, lakin qanunsuz bəhanələrlə əlavələrin ödənilməsindən imtina edilmişdir. Məsələ danışıqlar yolu ilə həll edilmədiyindən iddiaçı 16 may 2023-cü il tarixdə pensiyasının yenidən hesablanması iddiası ilə Bakı İqtisad Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin hakimi Rüstəm Kərimli işi 9 ay süründürdükdən sonra, 26 fevral 2024-cü il tarixli, 2-1(112)-1253/2024 nömrəli qərarla iddianı təmin etməmişdir. Bakı İnzibati Məhkəməsi çıxarmış olduğu tam əsassız qərarını bununla əsaslandırmağa çalışmışdır ki, “ Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliliyinin, dövlət məvacibibin tərkibinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Bu baxımdan, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrin tələblərinə müvafiq olaraq, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi,işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. İddiaçı bununla razılaşır ki, əgər xidmət etdiyi dövrdə edilmiş əlavələri vaxtında almamışdırsa, indi onu tələb edə bilməz. Məsələn, əgər iddiaçı deputat kimi fəaliyyət göstərdiyi dövrdə verilmiş əlavələri almasaydı, deputatlıqdan sonrakı dövrdə onu ala bilməzdi. İndiki halda, bu əlavələr sabiq deputatların bir çoxundan gizlədilmiş, bir çoxu isə məhkəmə qaydasında əlavələri almışlar. Necə ola bilir ki, eyni dövrdə fəaliyyət göstərmiş şəxslərin bir qismi əlavəni ala bilir, başqa bir qismi isə ala bilmir? Mövcuq qanunvericilik buna yol vermir. Bundan başqa, necə ola bilir ki, indi fəaliyyət göstərən deputatlara əvvəllər və sonralar verilən bütün əlavələr sabiq deputatlara şamil edilir, təkcə 2007 və 2008-ci illərdəki əlavələr verilmir. Hakimin istinad etdiyi əsas arqument Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 may 2020-ci il tarixli qərarıdır. Bu qərarda da göstərilir ki, şəxslər xidmət göstərdikləri dövrdə əlavələri almamışsa, sonradan ala bilməz. İş üzrə qərarla tanışlıq əyani formada göstərir ki, hakim cavabdehin vəkili kimi çıxış edir. Təkcə bir misal kifayətdir ki, hakimin qeyri-obyektiv mövqeyi aydın görünsün. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı hüquqşünaslardan ibarət yeganə orqandır ki,bütün məhkəmə işlərini mərkəzləşmiş qaydada həyata keçirirlər. Onların İddia üzrə təqdim etdikləri 2 səhifəlik etiraz məktublarında bir cümlə də olsun Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarından bəhs edilmir. Onlar yaxşı bilirlər ki, bu qərarın biz sabiq deputatlarla birbaşa əlaqəsi yoxdur və bu “etiraz” söz yığınından başqa bir şey deyildir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Cavabdeh apellyasiya şikayətinə etirazı təqdim edərək, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
d) Prosses iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahatına uyğun ifadə verərək, apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
14. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun:
1.0.1-ci maddəsinə əsasən əmək pensiyası- bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.2. Bu Qanunun 20.1.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına səlahiyyət müddətində tam fəaliyyət dövrünə görə (fəaliyyət dövrü tam olmadıqda isə natamam fəaliyyət dövründəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyətdə olan deputatının və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fəaliyyətdə olan deputatının əməkhaqqının, 80 faizi miqdarı ilə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. 29.1. Əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 29.1-1. Sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 29.3. Əmək pensiyasının indeksləşdirilməsi bu Qanunun 6-cı maddəsi ilə müəyyən edilmiş əmək pensiyasının ödənişinin maliyyə mənbələrinə uyğun olaraq müvafiq qaydada nəzərdə tutulmuş vəsaitlər dairəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirili
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli Qərarı
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Apellyasiya şikayətində qərar bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində birinci instansiya məhkəməsinin aktının əsaslığı tam olaraq yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
21. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
23. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
24. İddia tələbinin və apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
25. Əvvalə iddiaçı apellyasiya şikayətində “Azərbaycan Respublikasının Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin beşinci bəndində nəzərdə tutulan aylıq pul təminatı nəzərə alınmaqla onun əmək pensiyası hesablanarkən 2007-ci il (25%) və 2008-ci il (50%) əlavələr nəzərə alınmalı olmasını qeyd etmişdir.
26. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli Qərarında göstərilmişdir: “Sorğuda qaldırılan digər məsələ qulluq stajına görə əmək pensiyasına əlavələr edilən şəxslərin müdafiəsi ilə əlaqədar qanunvericilikdəki dəyişikliklərlə bağlı onların pensiyalarının xidmət etdikləri dövrdə qanunvericilikdə nəzərdə tutulmayan və həmin şəxslərə ödənilməyən, məcburi sığorta ayırmalarına cəlb edilməmiş əlavələr də nəzərə alınmaqla yenidən hesablanması ilə bağlıdır.
27. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, bu məsələnin düzgün həll edilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun ümumi müddəalarına və bir sıra normalarına açıqlama verilməlidir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən Azərbaycan Respublikasında əmək pensiyasının üç növü mövcuddur: yaşa, əlilliyə və ailə başçısını itirməyə görə əmək pensiyası. Ümumi əsaslarla yaşa və əlilliyə görə əmək pensiyası hüququnun yaranması üçün əsas şərt müvafiq olaraq pensiya yaş həddinə çatması və ya əlillik dərəcəsinin olması ilə yanaşı minimum pensiya təyinatına imkan verən pensiya kapitalı və (və ya) minimum staj tələbini yerinə yetirməkdir. Ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun yaranmasının əsas şərti isə vəfat etmiş ailə başçısının əmək qabiliyyətli yaşına uyğun minimum stajının olmasıdır.Ümumi əsaslarla hesablanmış pensiyanın artırılması Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi yolu ilə həyata keçirilir.
28. Bundan başqa “Əmək pensiyaları haqqında” Qanunun 8, 9 və 20-ci maddələrində müəyyən kateqoriyadan olan şəxslərə əmək pensiyasının hesablanması zamanı güzəştlərin tətbiq olunması nəzərdə tutulur.
29. Qeyd olunan maddələrin məzmunundan aydın olur ki, güzəştli qaydada pensiyalar ümumilikdə üç istiqamətdə tətbiq edilir: - birincisi, uşağa qulluğa görə pensiya yaş həddində tətbiq olunan güzəşt; - ikincisi, əmək şəraiti xüsusilə ağır və zərərli sahələrdə çalışanlara yaşa görə verilən güzəşt; - üçüncüsü, dövlət qarşısında xüsusi xidmətləri olan şəxslərə münasibətdə pensiya yaş həddində və (və ya) pensiya məbləğində nəzərdə tutulan güzəşt.
30. Dövlət qarşısında xüsusi xidmətlərə görə həm pensiya yaş həddində, həm də pensiya məbləğində müəyyən edilən güzəştlər hərbi və xüsusi rütbəli şəxslərə, dövlət qulluqçularına, məhkəmə hakimlərinə, Milli Məclis deputatlarına və s. də şamil olunur.
31. Pensiya məbləğində müəyyən edilən güzəşt Qanunun 20.14-cü maddəsinə uyğun olaraq, pensiyanın sığorta hissəsinə dövlət büdcəsi vəsaiti hesabına qulluq stajına görə əlavələrin tətbiq edilməsini nəzərdə tutur.
32. Dövlət qarşısında xüsusi xidmətləri olan şəxslərə güzəştli şərtlərlə pensiyanın hesablanması zamanı şəxsin tutduğu vəzifədəki son 12 və ya 24 ayın və ya istənilən ardıcıl gələn 60 ay üzrə əmək haqqının yaxud dövlət məvacibinin orta aylıq məbləğinin (və ya son təminat xərcliyinin) 50-100% həcmində onun pensiyasının sığorta hissəsinə qulluq stajına görə əlavə edilir.
33. İş materialından müəyyən edilir ki, iddiaçı 1995-ci ilin noyabrın 12-də 119 saylı seçki dairəsinin Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmiş, 2000-ci il noyabrın 24-də isə Azərbaycan Respublikası Milli Məclisinin deputatı mandatından azad edilmişdir.
34. Belə ki, iddiaçının iddia ərizəsində və apellyasiya şikayətində qeyd etdiyi 2007-ci il (25%) və 2008-ci il (50%) əlavələri o mandatdan azad edildikdən sonra tətbiq edildiyindən, yəni iddiaçı tərəfindən əlavələr alınmadığı üçün pensiya hesablanarkən nəzərə alınması mümkünsüzdür.
35. Qulluq stajına görə əlavə almaq hüququ olan şəxslərə münasibətdə hesablanmış pensiya məbləğinin artırılması isə Qanunun 20.14-cü maddəsinə uyğun olaraq şəxsin əmək haqqındakı, təminat xərcliyindəki və ya dövlət məvacibindəki “sonrakı artımlar” nəzərə alınmaqla pensiyasının yenidən hesablanması yolu ilə həyata keçirilir.
36. Eyni zamanda kollegiya qeyd edir ki, qanunvericiliyə müvafiq dəyişiklik edildikdən sonra bu kateqoriyadan olan pensiyaçılara təyin edilmiş pensiyanın məbləğindəki sonrakı artımlar Qanunun 29-cu maddəsinə olaraq indeksləşmə ilə tənzimlənir.
37. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 154-cü maddəsinin 1-ci hissəsinə görə, əmək haqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğin, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
38. Qeyd olunduğu kimi, əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir.
39. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsində müəyyən edilmişdir ki, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanlarına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 1.0.5-ci maddəsinə müvafiq olaraq, təminat xərcliyi dedikdə hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artırmalar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir.
40. Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, “təminat xərcliyi”, 1.0.5-ci maddəsindəki “xidmətdən buraxıldığı günə aldıqları”, “sosial sığorta stajı”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur.
41. Buna görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun.
42. Həmçinin məhkəmə kollegiyası iddiaçının anaolji mübahisələrdən irəli gələrək ondan əvvəl müəyyən deputatlara məhkəmə qaydasında pensiyanın yenidən hesablanmasının həyata keçirilməsi dəlili ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Qərarı xx.xx.2020-ci il tarixində qəbul edilmişdir. İddiaçının da izahatından göründüyü kimi, digər deputata dair iş üzrə Ali Məhkəmənin qərarı 15 fevral 2020-ci il tarixinədə qəbul olunmuşdur.
43. Göründüyü kimi, iddiaçı pensiyasının yenidən hesablanmasını tələb etdiyi vaxt, yəni hüquq münasibətinin yarandığı vaxt artıq Konstitusiya Məhkəməsinin Qərarı qüvvədə olmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının gətirdiyi apellyasiya şikayətinin dəlili əsassızdır.
44. Beləliklə, göstərilənlərdən aydın olur ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir.
45. Məsələyə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı iki əsas təməl prinsipinə uyğun deyil: - əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi; - əmək haqqının və ya təminat xərcliyinin məcburi dövlət sosial sığorta haqqı ödənməyən hissəsinin pensiya hesablanması zamanı nəzərə alınmaması.”
46. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan normaları, iş materailında əks olunları nəzərə alaraq qeyd edir ki, cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslıdır.
47. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-1253/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-1253/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.