Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2621/2021 06.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, İddiaçı, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüqquqi şəxsə qarşı “İddiaçı 01.10.2019-cu il tarixdə təyin edilmiş ünvanlı dövlət sosial yardımın 01.06.2020-ci il tarixdən bərpa edilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3428/2021saylı, 30 iyun 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondununa qarşı məhkəmədə iddia qaldıraraq ona 01.10.2019-cu il tarixdə təyin edilmiş ünvanlı dövlət sosial yardımın dayandırdığı 01.06.2020-ci il tarixdən bərpa edilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 07 fevral 2019-cu il tarixində səhər saatlarında Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən Koroğlu metrostansiyasının yaxınlığında fəhlə kimi işlədiyi ünvana gedərkən Qarabağ qazisi X7 tərəfindən ƏƏSMN tərəfindən verilmiş əlil avtomobili olan “Nazlifan” markalı minik maşını ilə vurulmuşdur. Qəza nəticəsində kəllə beyin travması və çoxqəlpəli yerdəyişən açıq baldır sınıqları, topuğ oynağının deformasiyası diaqnozu ilə respublika xəstəxanasına yerləşdirilmişdir. İddiaçı keçirdiyi əməliyyatlara baxmayaraq, işləmə qabiliyyətini itirmişdir. Artıq 22 aydır ki, çox acınaqcaqlı ailə vəziyyəti var. İki övladı var. Böyük qız övladının 15 yaşı, kiçik oğlan övladının isə 12 yaşı var. Aztəminatlı ailə olduğları üçün iddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə elektron müraciət etmiş, müraciətinə cavab olaraq 01.10.2019-cu il tarixində ona və ailə üzvlərinə 220,87 manat təyin edilmişdir. 8 aydan sonra təyin olunan sosial yardım dayandırılmışdır. Sağlamlığını itirdiyi halda ailə vəziyyətinin və dolanışığları çox acınacaqlı olduğu halda, heç bir gəliri olmamasına baxmayaraq, təyin olunan sosial yardım dayandırılmışdır. İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Masallı rayon şöbəsinə müraciət etmiş, ona cavab olaraq VAZ 2107 markalı avtomobilə etibarnaməsi olduğunu və bu səbəbdən 1 il müddətinə sosial müavinətin 1 il müddətində dayandırıldığı bildirilmişdir. O, ƏƏSMN-in Masallı rayon şöbəsindən tərtib edilən sorğunu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X21 İdarəsinə təqdim etmiş və sorğuya cavab olaraq, onun mülkiyyətində və istifadəsində heç bir nəqliyyat vasitəsinin olmadığını bildirmişlər. O, qeyd edilən arayışı ƏƏSMN-nin Masallı rayon şöbəsinə təqdim etmiş, ona cavab olaraq məktub ünvanlayaraq bildirilmişdir ki, onun istifadəsində etibarnamə əsasında avtomobili var. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3428/2021saylı, 30 iyun 2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı 01.10.2019-cu il tarixdə təyin edilmiş ünvanlı dövlət sosial yardımın dayandırıldığı tarixdən ( 01.06.2020-ci il tarixdən) bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının adına nəqliyyat vasitəsinin idarə edilməsi ilə bağlı etibarnamə olduğu üçün təyin olunmuş ünvanlı dövlət sosial yardım 31 may 2020-ci il tarixdə dayandırılmış və ailənin sosial yardım almaq hüququ 1 il müddətinə məhdudlaşdırılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdırıb belə hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X20 İdarəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Masallı şəhər (rayon) Əhalinin Sosial Müdafiəsi Mərkəzinə ünvanladığı 016-54 nömrəli, 14 avqust 2020-ci il tarixli məktubuna əsasən bildirilmişdir ki, DİN-nin Baş X20 İdarəsinin Qeydiyyatimtahan İdarəsinin komputer uçotuna görə ünvan 3i ünvanında yaşayan İddiaçı adında nəqliyyat vasitəsi qeydiyyatdan keçmir və etibarnamə əsasında hər hansı bir nəqliyyat vasitəsinin verilməsi barədə BDYPİ Qİİ-də məlumat yoxdur. - **********400 nömrəli, 18 oktyabr 2019-cu il tarixli ərizəyə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən təyin ediləcək ünvanlı dövlət sosial yardımın rəsmiləşdirilməsi məqsədilə 18 yaşına çatmamış ailə üzvləri (X8 AZE 11310042 Asan-Masallı 07.12.2016), X10 ( Aze 11310041, Asan-Masallı 07.12.2016) barədə məlumat verərək, Nazirlik tərəfindən onların hər hansı bir gəlirlər, xərclər, əmlaklar və digər zəruri məlumatların aidiyyəti dövlət orqanlarından və təşkilatlardan əldə edilməsinə və aidiyyəti dövlət orqanları və təşkilatları tərəfindən onların hər birinə aid sorğu olunan gəlirlər, xərclər, əmlaklar və digər zəruri məlumatların müvafiq olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilməsinə etiraz etmirlər. - Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının epikrizisinə əsasən, 1985-ci il təvəllüdlü,Masallırayonu, Xil kəndində yaşayan İddiaçı üzərində 13.02.2019-cu ildə travmotologiya şöbəsində cərrahi əməliyyat həyata keçirilmışdır. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X18 şəxs tərəfindən İddiaçı ünvanlanan **********5 nömrəli, 30 sentyabr 2020-ci il tarixli məktubuna əsasən, ailəsini təmsil şəxs qismində ünvanlı dövlət sosial yardımın alınması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na uyğun olaraq, “Ünvanlı yardım” (VEMTAS) altsistemində daxil edilən 28.10.2019cu il tarixli **********40001 nömrəli rəsmi müraciəti əsasında 01.10.2019-cu il tarixdən ailəsinə təyin olunmuş 220,87 manat məbləğində sosial yardımın verilməsi ailənin istifadəsində nəqliyyat vasitəsinin aşkarlanmasına görə “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 31.05.2020-ci il tarixdən dayandırılmış və ailəsi 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirmişdir. - Baş X20 İdarəsinin birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq göndərdiyi 30.04.2021-ci il tarixli, 49592/1221 nömrəli məktubuna əsasən, ünvan 4 ünvanında qeydiyyatda olan 03.09.1979-cu il təvəllüdlü İddiaçı etibarnamə əsasında istifadəsində nəqliyyat vasitəsi qeydiyyatdan keçir, adında 25.09.2012-ci il tarixdən “Opel-Astra ” markaİı **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyatdadır. X1 adında və ya etibarnamə əsasında istifadəsində nəqliyyat vasitəsi qeydiyyatdan keçmir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, «Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması ) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 2.1-ci bəndinə əsasən ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə (1 nömrəli əlavə) yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notariat orqanı tərəfindən təsdiq edilir. Müraciət nümayəndə tərəfindən edildikdə, şəxsin qəyyum (himayəçi) və ya patron (köməkçi) olmasını təsdiq edən sənədin surəti arayışa əlavə edilir. Həmin Qaydaların 3.7-ci bəndinə əsasən aşağidaki hallarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; 3.7.2. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda; 3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqısatqı etdikdə; 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); 3.7.5. ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində X3 struktur bölməsi tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır); 3.7.6. ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda; 3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən ailəyə ev, mənzil (əgər bu ev və ya mənzil ailənin əmlakında və ya istifadəsində olan yeganə ev və ya mənzil deyildirsə) və nəqliyyat vasitəsi bağışlandığı hallarda, sosial yardımın verilməsi həmin halın baş verdiyi gündən dayandırılır. Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçı və onun arvadı X5, onların iki azyaşlı övladları Azərbaycan Respublikasının vətəndaşlarıdırlar, ünvan 3ində qeydiyyatdadırlar, iddiaçı ailəsi tərəfindən müvəkkil edilmiş şəxs kimi 01.10.2019-cu ildən ailəsinə təyin edilmiş 220,87 manat ünvanlı dövlət sosial yardımı alırdı. 31.05.2020-ci ildə iddiaçıya təyin edilən sosial yardım dayandırılmışdır, dayandırmanın əsası kimi ailənin istifadəsində nəqliyyat vasitəsinin aşkarlanması olmuşdur. İddiaçı dayandırılmış sosial yardımın bərpasını və ödənilməmiş məbləğin ödənilməsini tələb etmiş, cavabdehlər isə iddiaçının müraciətini təmin etməmişdirlər. Məhkəmə Kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan imtinasında və apellyasiya şikayətində əsas kimi iddiaçının ailəsinin istifadəsində nəqliyyat vasitəsinin olmasına istinad etsə də, bu hal onun tərəfindən sübuta yetirilməmiş, əksinə, işin məhkəmə araşdırması zamanı Baş X20 İdarəsinin 30.04.2021-ci il tarixli, 49592/1221 nömrəli məktubu ilə təkzib olunmuşdur. Belə ki, göstərilən məktubda ünvan 3ində yaşayan, xx.xx.1985-ci il təvəllüdlü İddiaçı və onun ailə üzvlərinin adında nəqliyyat vasitəsinin qeydiyyatdan keçməsi barədə məlumat yanlış olaraq həqiqətə uyğun olmadığı qeyd edilmişdir. İş üzrə iddiaçı tərəfindən təqdim olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfindən verilmiş arayışda qeyd edilmişdir ki, “Elektron notariat” İnformasiya sistemində mülkiyyətçi X9 adından verilmiş Cəlilabad rayonu 1 saylı dövlət notariat ofisində 12.08.2012-ci il tarixdə təsdiq edilmiş etibarnamə əsasında İddiaçı X2 Qubadlı rayonu dövlət notariat ofisində 13.01.2013-cü il tarixdə etibarnamənin verilməsi barədə məlumat müəyyən edilmişdir. Həmin etibarnamə 13.01.2014-cü il tarixdə qüvvədən düşmüşdür. Göründüyü kimi cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə) Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İPM-in 87, 89, 90, 94, 99-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı : Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3428/2021saylı, 30 iyun 2021ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2621/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2621/2021
06.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver