Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2621/2024 13.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Səlimova Səadət Lehsan qızından ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1886/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o xx.xx.2001-ci il tarixindən fərdi sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Ümumi olaraq 35 ildən çox iş stajı vardır. Lakin cavabdeh inzibati orqan tərəfindən ona çox az məbləğdə (280 manat) əmək pensiyası təyin edilmişdir. Cavabdeh inzibati orqana ərizə ilə müraciət etsə də, xx.xx.2023-cü il tarixli imtina məktubu ilə müraciətinin təmin edilməsindən imtina edilmişdir. Hesab edir ki, cavabdeh inzibati orqanın imtina cavabının heç bir hüquqi və faktiki əsası yoxdur. Ona qüvvədə olan qanunvericilik normaları və 35 illik əmək stajı nəzərə alınmaqla əmək pensiyası təyin edilməli idi. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1886/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin 19 mart 2024-cü il tarixli məhkəmə sorğusuna cavabında qeyd olunur: “ İddiaçı tərəfindən ödənilmiş məcburi dövlət sığorta və işsizlikdən sığorta haqlarının MEİS-in Sığorta altsistemində düzgün şəkildə əks olunub-olunmaması barədə araşdırma yekunlaşdıqdan sonra iddiaçının yaşa görə əmək pensiyasının yenidən hesablanması məsələsinə baxılaraq nəticəsi barədə məhkəməyə ətraflı məlumat veriləcəkdir.. ” Göründüyü kimi hələ düzgün şəkildə hesablanması müəyyən edilməyən pensiya kapitalının hansı məbləğdə olması araşdırılmamışdır. Bu baxımdan hazırkı qərar qanunsuz və əsassız hesab olunmaqla iddiaçının sosial təminat hüquqlarını pozmaqdadır. Ödənişlərin pensiya kapitalında əks olunmaması iddiaçının hüquqi vəziyyətinə münasibətdə neqativ nəticələr doğurması yolverilməzdir. Çünki həmin ödənişləri fərdi hesabın sığorta hissəsində qeydə almaq yaxud nəzərə almaq iddiaçının vəzifəsi deyildir. İşin hallarına və cavabdeh tərəfindən təqdim edilən etiraz ərizəsinə əsasən iddiaçının 2006-2016-cı illər arası fəaliyyətinə dair gəlirinin olmadığı müəyyən olunur. Lakin qeyd olunan hal işin faktiki hallarına aid olmamaqla həqiqəti əks etdirmir. İddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olması işin mübahisəsiz halıdır. Lakin 10 il müddətində onun heç bir gəlir əldə etməməsi isə işin hallarına uyğun gəlməməkdədir. Həmin illər ərzində onun tərəfindən hesabat təqdim edilməsinə baxmayaraq nəzərə alınmamışdır. Bununla əlaqədar olaraq tərəfimizdən 2006-cı ildən iddiaçı tərəfindən ödənilmiş məcburi sosial sığorta haqları barədə bəyannamələrin təqdim edilməsi dəfələrlə xahiş edilmişdir. Lakin yalnız 2019-2023-cii il dövlər ərzində ödənilən məbləğlərlə bağlı məlumat verilmişdir. İddiaçı tərəfindən 2006-cı ildən ödənilən sosial sığorta haqları sistemə yüklənməmişdir. Bu səbəbdən də bəyannamələrin təqdim edilmədiyi aşkar vəziyyətdir. Həmin məbləğin dəqiq müəyyən olunmaması öz əksini cavabdehin sonuncu sorğuya cavabından da görmək mümkündür. Lakin məhkəmə araşdırılma tamamlanmamış dəqiq müəyyən edilməyən pensiya kapitalı barədə qərar qəbul etmişdir. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında cavabdeh tərəf apelyasiya şikayətinin əsassız olduğunu, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iddiaçı apellyasiya şikayətinin təmin edilməsini, qərarın ləğv edilərək iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İşin müəyyən edilmiş hallarından aydın olur ki, iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7 və 22-1.1-ci maddələrinin tələblərinə əsasən 1.01.2023-cü il tarixindən avtomatlaşdırılmış qaydada 240,00 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının məbləği indeksləşdirilərək 1.01.2023-cü il tarixindən 275,28 manata çatdırılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 6-1-ci maddəsinə əsasən iddiaçının əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən 280,00 manat müəyyən edilmişdir. İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, yaşa görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirilmişdir ki, “.. təqdim etdiyiniz sənədlərin surətinə əsasən 9.11.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmətdə olduğunuz illər də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 28 il 10 ay 29 gün sığorta stajı və xx.xx.2006-cı il tarixindən xx.xx.2023-cü il tarixinədək fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 7376,81 manat pensiya kapitalı əsasında əmək pensiyanız yenidən hesablanmış və pensiyanızın məbləğində (280 manat) dəyişiklik olmamışdır. Qeyd olunanlara əsasən yaşa görə əmək pensiyanızın məbləği qanunvericiliyin tələblərinə uyğun olaraq düzgün hesablanmışdır”. Bundan sonra iddiaçı hazırki tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməməsi ilə yekunlaşmışdır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir; 22.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra mətndə - “Qaydalar”) 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. “Qaydalar”ın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. İş materiallarında olan: Məhkəmə sorğusuna əsasən təqdim edilmiş Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Sığorta" AS-də olan məlumatlara əsasən iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2023-cü il tarixədək fərdi hesabının sığorta hissəsində 8075,44 manat pensiya kapitalı qeydə alınmışdır. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda isə iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrdə 39796,8 manat məbləğində məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları ödənildiyi qeyd edilmişdir. Sözügedən ziddiyətlə bağlı dəqiqləşdirilmiş məlumatların təqdim edilməsi məqsədi ilə cavabdehə yenidən sorğu göndərilmişdir. Cavabdeh tərəfindən məhkəmə sorğusuna cavab olaraq bildirilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Birbaşa daxil olan ödənişlərin uçotu) altsisteminin “Reyestr” bölməsində iddiaçı tərəfindən 2019-cu ilin yanvar ayından 2023-cü ilin sentyabr ayınadək 39306,22 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqları ödənişləri həyata keçirilmiş və sözügedən ödənişlər “Sığorta” (Hesabat) altsistemində iddiaçı tərəfindən 0730 (Digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər - Bakı şəhərində), 0735 (Digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər), 0112 (Muzdla işləyənləri əmək müqaviləsi ilə işəgötürən dövlət, özəl müəssisələr), 1001 (İşsizlik sığortasına cəlb olunan fiziki şəxslər), 0100 (Muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər) və 1100 (Muzdla işləyənləri işə götürən sığortaedənlər) fəaliyyət növünün kodları üzrə təqdim edilmiş hesabatlarda öz əksini tapmışdır. MEİS-in "Sığorta” (Birbaşa daxil olan ödənişlərin uçotu) altsisteminin “VN Ödənişlər” (Vergilər Nazirliyi tərəfindən ötürülən ödənişlər məlumatları) bölməsində sığortaedənin 2018-ci ilin oktyabr ayından 2020-ci ilin dekabr ayınadək 2410,29 manat məbləğində “Qalan məbləğ” ödənişi öz əksini tapmışdır. MEİS-in Sığorta (Monitorinq) altsistemindən əldə olunan məlumatlara əsasən sığortaedənin fiziki şəxs kimi xx.xx.2009-cu il tarixdə **********0 sığortaedənin uçot nömrəsi (SUN) ilə uçota alındığı, fəaliyyət statusunun aktiv əks olunduğu və son hesabatı 2023-cü ilin İV rübü üzrə təqdim etdiyi müəyyən edilmişdir. 2006-2016-cı illərdə sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əmək haqqına nisbətdə müəyyən edilmiş faizlə məcburi dövlət sosial sığorta haqları hesablanmış və ödənilmişdir. Nazirliyin elektron informasiya ehtiyatlarından əldə olunan məlumatlara əsasən fərdi sahibkar (sığortaedən) kimi tərəfindən xx.xx.2006-cı il tarixindən xx.xx.2023-cü il tarixinədək ödənilmiş 5332,08 manat məcburi dövlət sosial sığorta haqqı və indeksləşdirilmiş xx.xx.2006-cı il tarixindən xx.xx.2023-cü il tarixinədək 7376,81 manat pensiya kapitalı (xx.xx.2023-cü il tarixinə indeksləşdirilmiş məbləğ) iddiaçının **********330 nömrəli fərdi şəxsi hesabında qeydə alınmışdır. Eyni zamanda iddiaçı fərdi sahibkar kimi xx.xx.2019-cu ildən xx.xx.2023-cü ilədək ödədiyi məcburi dövlət sosial sığorta haqları 0112 hesabat kodu üzrə təqdim edilmiş hesabata əsasən sığortaolunanların fərdi şəxsi hesablarında öz əksini tapmışdır. Beləliklə, İddiaçı müraciəti ilə təqdim etdiyi sənədlərin surətinə əsasən xx.xx.2006-cı il tarixədək 28 il 10 ay 29 gün sığorta stajı və xx.xx.2006-cı il tarixdən xx.xx.2023-cü il tarixədək onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış 7.376,81 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanmış və pensiya məbləğində (280,00 manat) dəyişiklik olmamışdır. İddiaçıya təyin edilmiş əmək pensiyasının xx.xx.2024-cü il tarixdən indeksləşdirilmiş məbləği 311,36 manat təşkil edir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçı (sığortaedən) tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqları onun və sığortaolunanların fərdi şəxsi hesabında öz əksini tapmışdır. Göründüyü kimi, xx.xx.2006-cı il tarixindən xx.xx.2023-cü il tarixinədək ödənilmiş 5332,08 manat məcburi dövlət sosial sığorta haqqı və indeksləşdirilmiş xx.xx.2006-cı il tarixindən xx.xx.2023-cü il tarixinədək 7376,81 manat pensiya kapitalı (xx.xx.2023-cü il tarixinə indeksləşdirilmiş məbləğ) iddiaçının **********330 nömrəli fərdi şəxsi hesabında qeydə alınmışdır. Qeyd edilən pensiya kapitalı isə, iddiaçıya pensiya təyin edilərkən cavabdeh tərəfindən nəzərə alınmışdır. İddiaçı apelyasiya şikayətində cavabdehin “İddiaçı tərəfindən ödənilmiş məcburi dövlət sığorta və işsizlikdən sığorta haqlarının MEİS-in sığorta altsistemində düzgün şəkildə əks olunub-olunmaması barədə araşdırmanın yekunlaşdıqdan sonra iddiaçının yaşa görə əmək pensiyasının hesablanması məsələsinə baxılaraq nəticəsi barədə məhkəməyə ətraflı məlumat veriləcəyi” ilə bağlı 19 mart 2024-cü il tarixli məktubuna istinad edərək məhkəmənin cavabdehin araşdırmasının nəticəsini gözləmədən gəldiyi nəticənin qanunsuz və əsassız olduğunu bildirmişdir. Qeyd edilən dəlilə münasibətdə Kollegiya bildirir ki, cavabdehin xx.xx.2024-cü il tarixli ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında qərarından və həmin qərara əlavə edilmiş cədvəllərdən müəyyən edilir ki, iddiaçının əmək pensiyası yenidən hesablanmış və hesablama zamanı məcburi dövlət sığorta və işsizlikdən sığorta haqlarının ödənildiyi bütün dövlər nəzərə alınmış, lakin hesablama zamanı yenə iddiaçının pensiya məbləği dəyişməmişdir. Göründüyü kimi, iddiaçının istinad etdiyi məktubdan sonra yenidən inzibati icraat aparılaraq yekun inzibati akt qəbul olunmuşdur. Lakin təyin olunmuş pensiyanın məbləğində hər hansı dəyişiklik olunmamışdır. İddiaçı apelyasiya şikayətində 2006-2016-cı illər arası fəaliyyətinə dair gəlirləri ilə bağlı hesabat təqdim etdiyini, bunun cavabdeh tərəfindən nəzərə alınmadığını qeyd etsədə, istər birinci, istərsə də apelyasiya instansiya məhkəmələrində aparılan araşdırma zamanı qeyd olunanlar öz təsdiqini tapmamışdır. Yuxarıda sadalanları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallları düzgün qiymətləndirilmiş və işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1886/2024 nömrəli, xx.xx.2024-cü il tarixli tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2621/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2621/2024
13.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver