Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2622/2022 18.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı2, İddiaçı4 və onun vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (üçüncü şəxs X3 və X2) qarşı “sərəncamın qismən ləğv edilməsi” tələbinə dair inzibati mübahisəyə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2-1(112)- 1016/2021 saylı qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və qeyriləri cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin (hazırki Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin) 11 iyun 2013cü il tarixli 199 saylı sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Bakı inzibati Məhkəməsinin 2-1(112)-4756/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə X4 və X2 hazırki inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Daha sonra iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin 11 iyun 2013-cü il tarixli 199 saylı Sərəncamının dövlət əmlakın özəlləşdirilməsinin təşkili şöbəsi tərəfindən daşınmaz əmlak obyektlərinə dair müqavilələrin bağlanması üçün bu sərəncama əlavədə təqdim olunmuş icarə obyektlərinin siyahısında təsdiq edilmiş qeyriyaşayış sahəsi kimi 77.3 m2 və 36.6 m2 zirzəmi sahəsi icarə obyekti kimi, ünvan 1 ünvanı kimi, balassaxlayıcı təşkilatın adı Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti, Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyi kimi, icarəçi adı fiziki şəxs X1, istifadə təyinatı xidməti kimi göstərilən hissədə ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2-1(112)-1016/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçılar apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsinə, iddianın mümkün sayılmasına və yenidən araşdırılmasına dair qərardad qəbul edilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 oktyabr 2021-ci il tarixli, 2-1(103)-1295/2021 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2-1(112)-1016/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı4 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin həmin qərardadının ləğv edilməsi və işə yenidən baxılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respubikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 06 may 2022-ci il tarixli 2-1(102)-780/2022 saylı qərarı ilə kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1295/2021 saylı, 28 oktyabr 2021-ci il tarixli qərardadı ləğv edilmiş və iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh və üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsalar da məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin (bundan sonra, İPM) 62.3-cü maddəsinə əsaslanaraq işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, həmçinin kassasiya instansiyasının mövqeyini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. İPM-in 81.1-ci maddəsinə əsasən inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. İPM-in 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. Həmçinin sözügedən qərarında qeyd edilmişdir ki, “...İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir...Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir”. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadından görünür ki, məhkəmə iddianın mümkün sayılmaması nəticəsinə gələrkən – inzibati aktın mübahisələndirilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin ötürülməsinə, həmçinin qanuni qüvvədə olan məhkəmə qətnaməsinin mövcudluğuna, subyektiv hüququn olmamasına əsaslanmışdır. Birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılması barədə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 oktyabr 2021-ci il tarixli, 2- 1(103)-1295/2021 nömrəli qərardadını ləğv edərkən kassasiya instansiyası qərarında göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi 11 iyun 2013-cü il tarixli 199 saylı sərəncamın İddiaçı4 nə vaxt təqdim (elan) olunduğunu müəyyən etməmiş, İddiaçı4 hüququn pozulduğu vaxtı qərardadında qeyd etməmişdir. İşdə olan sənədlərlə cavabdehin sərəncamının ona nə vaxt təqdim (elan) olunduğu aydın deyilir. Apelyasiya instansiyası məhkəməsi iddiaçının subyektiv hüquqa malik olması ilə bağlı da araşdırma aparmamışdır. İddiaçı4 şəxsiyyət vəsiqəsindən görünür ki, o, Bakı şəhəri, Nəsimi rayonu, ak Mir-Qasımov küçəsi 22-də qeydiyyatdadır. İddiaçının qeydiyyatda olduğu mənzilə, o cümlədən cavabdehin sərəncamı əsasında özəlləşdirilmiş qeyri-yaşayış sahəsinin üstündə olan mənzilə İddiaçı4 mülkiyyət, istifadə hüququ olması, İddiaçı4 həmin mənzillə hər hansı əmlak bağlılığı yoxlanılmamışdır. Apelyasiya məhkəməsi qərardadında Ali Məhkəmənin 13 aprel 2018-ci il tarixli qərarına istinad edərək iddiaçıların mübahisə predmeti olan qeyriyaşayış sahəsinə dair hər hansı hüquqlarının müəyyən olunmadığını, nəticədə Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmədiyini və yenidən sübut edilmədiyini bildirmişdir. Mülki Prosessual Məcəllənin 46-cı maddəsində işdə iştirak edən şəxslərin tərkibi müəyyən edilmişdir. Apelyasiya instansiya məhkəməsinin istinad etdiyi Ali Məhkəmənin 13 aprel 2018-ci il tarixli qərarında hazırkı iş üzrə kasasiya şikayəti vermiş İddiaçı4 MPM-in 46-cı maddəsi ilə müəyyən edilmiş işdə iştirak edən şəxslərin tərkibində olmamışdır. İddiaçı4 həmin işdə fiziki şəxs olan iddiaçının nümayəndəsi qismində iştirak etmişdir. Məhkəmə qətnaməsinin preyudisiallığının fiziki şəxsin nümayəndəsinə şamil edilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. İPM-in 78-ci maddəsində də qanuni qüvvəyə minmiş məhkəmə qərarının fiziki şəxsin nümayəndəsi üçün məcburi olması nəzərdə tutulmamışdır. Odur ki, İddiaçı4 mülki işdə məhkəmə icraatının iştirakçısı olmadığına görə həmin iş üzrə məhkəmə qərarının preyudisiallığının ona tətbiq olunması barədə məhkəmənin gəldiyi nəticə əsaslı olmamışdır. Məhkəmə kollegiyası kassasiya instansiyasının mövqeyi ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianın mümkünlüyü ilə bağlı məsələni tam, hərtərəfli və obyektiv araşdırmamışdır. İlkin olaraq qeyd edilməlidir ki, məhkəmə 11 iyun 2013-cü il tarixli 199 saylı sərəncamın İddiaçı4 nə vaxt təqdim (elan) olunduğunu müəyyən etməmiş, İddiaçı4 hüququn pozulduğu vaxtı qərardadında qeyd etməmişdir. İşdən isə cavabdehin sərəncamının ona nə vaxt təqdim (elan) olunduğu aydın deyilir İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayətinstansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Bununla yanaşı, məhkəmə iddiaçının subyektiv hüquqa malik olması ilə bağlı da tam və ətraflı araşdırma aparmamış, cavabdehin sərəncamı əsasında özəlləşdirilmiş qeyri-yaşayış sahəsinin üstündə olan mənzilə İddiaçı4 mülkiyyət, istifadə hüququ olması, İddiaçı4 həmin mənzillə hər hansı əmlak bağlılığı yoxlanılmamış, eyni zamanda qanuni qüvvədə olan məhkəmə qətnaməsinin preyudisiallığını düzgün nəzərə almamışdır. İPM-in 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 1-ci bəndinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinin əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Delkurun Belçikaya qarşı işi üzrə» qərarında qeyd etmişdir ki, «ədalətli məhkəmə araşdırması hüququ özündə üç elementin vəhdətini nəzərdə tutur: 1) qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu; 2) məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması; 3) müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir». İPM-in 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu müstəsna hallarda (inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə) apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd edilən halları tam və ətraflı araşdırmadan, onlara düzgün hüquqi qiymət vermədən iddianı mümkün saymamaqda haqlı olmamış, maddi və prosessual hüquq normaları pozulmuşdur. Bu səbəbdən də şikayət qismən təmin edilməli, qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, hər bir inzibati iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddiaların yolverilən olmasına dair mühüm şərtlərdən biridir. Lakin, qeyd edildiyi kimi, birinci instansiya məhkəməsinin göstərilən halları tam və ətraflı araşdırmadan iddianın mümkün sayılmaması nəticəsinə gəlməsi əsaslı sayıla bilməz. Buna baxmayaraq, işə yenidən baxılarkən, sonradan iddianın mümkünlüyünə (bu hal dəyişdirilmiş iddiaya münasibətdə də qüvvədədir) təsir edə biləcək, qanunvericilikdə nəzərdə tutulmuş halların (əsasların) müəyyən olunması mümkünlük əsaslarının yoxlanılmasını istisna etmir. Şərh olunanlara əsasən və İPM-in 3.3, 4, 35, 80, 81, 87 və 89-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (üçüncü şəxs X3 və X2) qarşı “sərəncamın qismən ləğv edilməsi” tələbinə dair inzibati mübahisəyə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2-1(112)- 1016/2021 saylı qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2-1(112)-1016/2021 saylı qərardadı ləğv edilsin, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin.
Məhkəmə qərarları › İş №2-1(103)-2622/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2622/2022
18.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver