Məhkəmə qərarları › İş №2-1(103)-2622/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2622/2024

05.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2622/2024 05.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üzrə pensiya məbləğinin birdəfəlik ödənilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1205/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı İddiaçı 65 yaşdan yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmiş və imtinasını iddiaçının sığorta stajının 23 il 5 gün, yəni qanunla tələb olunan 25 ildən az olması, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının 21.205,71 manat təşkil etməklə əmək pensiyasının minimum məbləğindən (280 manat) az olamayan pensiya təminatına imkan verməməsi və 1 yanvar 2006-cı il tarixdən 1 iyul 2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması, "xxxx" ASC-də işlədiyi 2 yanvar 1989-cu il tarixdən 29 dekabr 2001-ci il tarixədək olan dövrdə ona əmək haqqı hesablanmadığından həmin dövrün sığorta stajına daxil edilməməsi ilə əsaslandırmışdır.

2. İddiaçı hazırda cavabdeh inzibati orqanın imtinasını mübahisələndirərək, ona 5 mart 2023-cü il tarixdən (65 yaşdan) yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üzrə ödənilməmiş pensiya kapitalının birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üzrə pensiya məbləğinin birdəfəlik ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.

4. İddia ərizəsində bildirilir ki, İddiaçı 5 mart 1958-ci il tarixdə doğulmuşdur, 1979-cu ildən əmək fəaliyyəti ilə məşğuldur. O, cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək, yaşa görə əmək pensiyasının təyin olumasını xahiş etmişdir. Lakin cavabdeh 14 aprel 2023-cü il tarixli məktubla məsələnin həllindən imtina etmişdir. İmtina belə əsaslandırılmışdır ki, iddiaçının ümumilikdə 23 il 5 gün sığorta stajı, 21.205 manat pensiya kapitalı toplanmışdır, işlədiyi "xxxx" ASC-də 1 noyabr 1999-cu il tarixdən 29 dekabr 2001-ci il tarixədək adına əmək haqqı hesablanmamışdır. Lakin iddiaçı bu xüsusatla razıalşmır, belə ona "xxxx" ASC-də işlədiyi dövrdə əmək haqqı tam ödənilmişdir. O, aylar üzrə əmək haqqı cədvəlinə imza etməklə əmək haqqı almışdır. Bu, 1 noyabr 1999-cu il tarixdən 29 dekabr 2001-ci il tarixədək olan müddət (2 il 11 gün) sığorta stajına daxil edilməyindən 25 illik iş stajı tamamlanmır. Bu səbəbdən ona pensiya təyin olunmur. Cavabdeh inzibati orqanın imtinası əsassızdır. Qeyd olunan müddət hesablanmaqla ona yaşa görə əmək pensiyası təyin edilməli və pensiya hüququ yarandığı vaxtdan ona ödənilməmiş pensiya məbləğləri birdəfəlik ödənilməlidir. Göstərilənlərə və İPM-in 2.2.2-ci, 45-46-cı maddələrinə əsaslanaraq, cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə İddiaçı 65 yaşı tamam olduğu xx.xx.2023-cü il tarixdən hesablanmaqla ona yaşa görə əmək pensiyası təyin olunması və həmin tarixdən ödənilməmiş pensiya məbləğlərinin birdəfəlik ödənilməsi öhdəliyinin qoyulmasına dair qərar çıxarılması məhkəmədən xahiş olunur.

5. DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazında bildirilir ki, təqdim edilmiş əmək kitabçasının və hərbi biletinin surətlərinə əsasən İddiaçı sığorta stajının (1 noyabr 1976-cı il tarixdən 15 noyabr 1978-ci il tarixədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla) 23 il 5 gün təşkil edir. Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 1 yanvar 2006-cı il tarixədək 21 il 1 ay 5 gün sığorta stajına uyğun olaraq 19.539,38 manat, 1 fevral 2021-ci il tarixdən 31 dekabr 2022-ci il tarixədək 1 il 11 ay sığorta stajına uyğun 1.666,33 manat olmaqla, ümumilikdə 21.205,71 manat təşkil edir, bu məbləğ pensiya yaşının tamam olduğu tarixdə qanunvericilikdə tələb olunan 40.320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin 1 yanvar 2006-cı il tarixdən 1 iyul 2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan 2 yanvar 1989-cu il tarixdən 29 dekabr 2001-ci il tarixədək dövrlərin araşdırılmasına zərurət yaranmışdır. DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 5 aprel 2023-cü il tarixdə "xxxx" ASC ilə birgə keçirdiyi monitorinqin nəticəsinə əsasən əmək kitabçasının surətində qeyd olunmuş "xxxx" ASC-də 1 yanvar 1999-cu il tarixdən 29 dekabr 2001-ci il tarixədək adına əmək haqqı hesablanmadığı üçün sözügedən dövr sığorta stajına daxil edilməmişdir. Sığorta stajı az olduğundan, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir və hazırda iddiaçının aktiv əmək müqaviləsi ("xxxx" MMC) olduğu üçün yaşa görə sosial müavinətin təyin edilməsi də qanunvericiliklə nəzərdə tutulmamışdır. İddiaçının əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajının qanunla nəzərdə tutulandan (25 il) «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.2, 7, 22-1.1-ci maddələrinə və İPM-in 47.2ci maddəsinə əsaslanaraq, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi məhkəməsən xahiş olunur.

6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1205/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın qismən təmin edilməsi, İddiaçı 65 yaşdan (5 mart 2023-cü il tarixdən) yaşa görə əmək pensiyası təyin olunması və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.

7. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı "xxxx" ASC-də işlədiyi və cavabdehin onun sığorta stajına daxil etmədiyi müddət 1 yanvar 2002-ci il tarixədək dövrə aid olduğundan, həmin müddətin sığorta stajı kimi hesablanması üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti də qoyulmur. Qeyd olunanlara, habelə 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 67-ci maddəsinin tələblərinə əsaslanaraq, məhkəmə hesab edir ki, cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı əmək kitabçasında əks olunmuş, lakin hazırkı iddia üzrə mübahisələndirilən dövrün (2 yanvar 1989-cu il tarixdən 29 dekabr 2001-ci il tarixədək) onun sığorta stajına daxil edilməməsi qanuna ziddir. Həmin staj da nəzərə alınmaqla iddiaçının sığorta stajı 25 ildən artıqdır (sözügedən dövr nəzərə alınmadan mübahisələndirilməyən dövr 23 il 5 gün təşkil edir). Onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış kapitalla bağlı xüsusatlara qiymət verilməsinə zərurət qalmır.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

8. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1205/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

9. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar olmaqla əlavə onunla əsaslandırılmışdır ki, məhkəmə icraatı zamanı "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli 04 nömrəli məktubda qeyd edilmişdir ki, iddiaçı "xxxx" ASC-də 17 fevral 1989-cu il tarixdən 26 iyul 2001-ci il tarixədək olan dövrdə işləmişdir. Birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, 2 yanvar 1989-cu il tarixdən 29 dekabr 2001-ci il tarixədək iddiaçının "xxxx" ASC-də işləməsi və ona əmək haqqı verilməsi məhkəmə icraatının gedişində adıçəkilən qurumdan əldə olunmuş xx.xx.2024-cü il tarixli 04 nömrəli məktubla da təsdiqini tapır.İddiaçı əmək kitabçasında həmin müəssisədə əmək fəaliyyəti 2 yanvar 1989-cu il tarixdən 29 dekabr 2001-ci il tarixədək qeyd edilmişdir.Göründüyü kimi, müəssisə tərəfindən təqdim olunan arayışla iddiaçının əmək kitabçası arasında uyğunsuzluq var.Həmçinin, müəssisə tərəfindən təqdim olunan 2001-ci il üzrə əməkhaqqı cədvəlində noyabr və dekabr aylarında iddiaçının adına əməkhaqqı hesablanmamışdır.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

d) Proses iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Konstitusiyasının: 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

14. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

15. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (Azərbaycan Respublikasının 1 fevral 1999-cu il tarixli 618-İQ nömrəli Qanunu ilə təsdiq edilmişdir): 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır.

16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 27.1-ci maddəsinə görə sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. 29.1-1-ci maddəsinə görə sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir.

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

18. Qərardan cavabdehin apellyasiya şikayətində birinci instansiya məhkəməsinin aktı bütövlükdə mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin qərarı tam hissədə yoxlanılır.

19. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş, həmçinin, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

21. Məhkəmə kollegiyası daha sonra işin faktiki hallarına tətbiq edilən hüquq normalarına əsaslanaraq qeyd edir ki, aşağıdakı səbəblərə əsasən apellyasiya şikayəti əsassızdır, odur ki, təmin edilməməlidir.

22. Belə ki, «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

23. Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır.Sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. (Həmin Qanunun 27.1-ci, 29.1-1-ci maddəsi)

24. Həmçinin, 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 1 – 3-cü hissələrinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.

25. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə görə əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır.

26. Həmin Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

27. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı İddiaçı 65 yaşdan yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmiş və imtinasını iddiaçının sığorta stajının 23 il 5 gün, yəni qanunla tələb olunan 25 ildən az olması, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının 21.205,71 manat təşkil etməklə əmək pensiyasının minimum məbləğindən (280 manat) az olamayan pensiya təminatına imkan verməməsi və 1 yanvar 2006-cı il tarixdən 1 iyul 2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması, "xxxx" ASC-də işlədiyi 2 yanvar 1989-cu il tarixdən 29 dekabr 2001-ci il tarixədək olan dövrdə ona əmək haqqı hesablanmadığından həmin dövrün sığorta stajına daxil edilməməsi ilə əsaslandırmışdır. İddiaçı hazırda cavabdeh inzibati orqanın imtinasını mübahisələndirərək, ona 5 mart 2023-cü il tarixdən (65 yaşdan) yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üzrə ödənilməmiş pensiya kapitalının birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir.

28. Mövcud məhkəmə praktikası və bununla bağlı formalaşmış inzibati praktika ondan ibarətdir ki, əmək pensiyasının təyinatında şəxsin 1 yanvar 2006-cı il tarixədək əmək fəaliyyətinin qarşılıqlı yoxlamasının hər hansı səbəbdən baş tutmaması, habelə müəssisənin müvafiq sənədlərinin (əməkhaqqı cədvəlləri, əmrlər və s.) aşkarlanmaması, arxivə (Dövlət Arxivinə) təhvil verilməməsi onun təqsiri ilə bağlı olmayan haldır və hətta mövcudluğu təsdiqlənməsindən asılı olmayaraq, bu hal özlüyündə müvafiq dövrdə qüvvədə olmuş qanunvericiliklə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən xüsusat kimi təsbit edilməmişdir. Lakin hazırkı mübahisə üzrə cavabdeh iddiaçıya pensiya təyinatından imtinanı sadalanan hallarla deyil, əmək kitabçasında qeyd olunan dövrdə iddiaçının əmək haqqı almaması ilə əsaslandırır. Bununla bağlı məhkəmə vurğulayır ki, həmin dövrdə (2 yanvar 1989-cu il tarixdən 29 dekabr 2001-ci il tarixədək) iddiaçının "xxxx" ASC-də işləməsi və ona əmək haqqı verilməsi məhkəmə icraatının gedişində adıçəkilən qurumdan əldə olunmuş əmək haqqı cədvəlləri ilə təsdiqini tapır.

29. Həmin dövr Əmək kitabçasında da onunla bağlı müvafiq qeydlər mövcud olduğundan, iddiaçının sığorta stajına daxil edilməlidir. Onun əmək haqqından məcburi dövlət sosial sığorta haqlarının tutulmaması isə, işləməməsi kimi birmənalı şəkildə qəbul oluna bilməz və belə hal iddiaçının iradəsi ilə bağlı olmadığından, onun üçün hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır.

30. Bundan başqa, İddiaçı "xxxx" ASC-də işlədiyi və cavabdehin onun sığorta stajına daxil etmədiyi müddət 1 yanvar 2002-ci il tarixədək dövrə aid olduğundan, həmin müddətin sığorta stajı kimi hesablanması üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti də qoyulmur.

31. Qeyd olunanlara, habelə 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 67-ci maddəsinin tələblərinə əsaslanaraq, məhkəmə hesab edir ki, cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı əmək kitabçasında əks olunmuş, lakin hazırkı iddia üzrə mübahisələndirilən dövrün (2 yanvar 1989-cu il tarixdən 29 dekabr 2001-ci il tarixədək) onun sığorta stajına daxil edilməməsi qanuna ziddir. Həmin staj da nəzərə alınmaqla iddiaçının sığorta stajı 25 ildən artıqdır (sözügedən dövr nəzərə alınmadan mübahisələndirilməyən dövr 23 il 5 gün təşkil edir). Onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış kapitalla bağlı xüsusatlara qiymət verilməsinə zərurət qalmır.

32. Odur ki, həmin müddət də sığorta stajı kimi nəzərə alındıqda «Əmək pensiyaları haqqında» Qanunun 27 və 29-cu maddələrinin tələblərinə müvafiq pensiya kapitalı hesablanmaqla və indeksləşdirilmə aparılmaqla iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməlidir.

33. Məhkəmənin qənaətinə görə cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı hüququ yarandığı 5 mart 2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası qanunvericiliyə, o cümlədən «İnzibati icraat haqqında» Qanunun 13, 15, 16, 24, 58-ci maddələrinin tələblərinə zidd qiymətləndirilməli və iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olan hal sayılmalıdlr. Bu səbəbdən məhkəmə iddia tələbini “əmək pensiyasının təyin edilməsi” hissəsində əsaslı sayır.

34. «Əmək pensiyaları haqqında» Qanunun 32.1-1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir.

35. Məhkəmə qeyd edir ki, keçmiş dövr üzrə pensiya məbləğinin ödənilməsinə gəldikdə isə, iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı 2023-cü ilin mart ayında (cavabdehin 30 mart 2023-cü il tarixli imtna məktubuna əsasən) müraciət etdiyindən, ona 5 mart 2023-cü il tarixdən (65 yaşdan) pensiya məbləğinin ödənilməsi mümkündür. Lakin nəzərə alınmalıdır ki, keçmiş dövr üzrə ödənilməmiş pensiya məbləğinin pensiya ödənişinə başlanma vaxtından “birdəfəlik” ödənilməsi qanunvericiliyin tələblərinə ziddir. Həmin məbləğ «Əmək pensiyaları haqqında» Qanunun 32.1-1, 37.7-ci maddələrinin tələblərinə əsasən pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir. Belə olan halda, məhkəmə iddia tələbini “keçmiş müddət üzrə pensiya məbləğinin birdəfəlik ödənilməsi” hissəsində qismən əsaslı qiymətləndirir

36. Cavabdehin apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar olmaqla əlavə onunla əsaslandırılmışdır ki, məhkəmə icraatı zamanı "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli 04 nömrəli məktubda qeyd edilmişdir ki, iddiaçı "xxxx" ASC-də 17 fevral 1989-cu il tarixdən 26 iyul 2001-ci il tarixədək olan dövrdə işləmişdir. Birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, 2 yanvar 1989-cu il tarixdən 29 dekabr 2001-ci il tarixədək iddiaçının "xxxx" ASC-də işləməsi və ona əmək haqqı verilməsi məhkəmə icraatının gedişində adıçəkilən qurumdan əldə olunmuş xx.xx.2024-cü il tarixli 04 nömrəli məktubla da təsdiqini tapır.İddiaçı əmək kitabçasında həmin müəssisədə əmək fəaliyyəti 2 yanvar 1989-cu il tarixdən 29 dekabr 2001-ci il tarixədək qeyd edilmişdir.Göründüyü kimi, müəssisə tərəfindən təqdim olunan arayışla iddiaçının əmək kitabçası arasında uyğunsuzluq var.Həmçinin, müəssisə tərəfindən təqdim olunan 2001-ci il üzrə əməkhaqqı cədvəlində noyabr və dekabr aylarında iddiaçının adına əməkhaqqı hesablanmamışdır.

37. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə Kollegiyası yuxarıda göstərilənlərdən əlavə qeyd edir ki, apellyasiya baxışı zamanı məhkəmə sorğusu əsasında təqdim edilmiş əməkhaqqı cədvəllərindən görünür ki, iddiaçıya "xxxx" ASCdə işləməsi ilə bağlı 1989-cu ilin yanvar-fevral ayları üzrə, həmçinin, 2001-ci ilin oktyabr ayı üzrə də əməkhaqqı hesablanmışdır.

38. Beləliklə, iddiaçının əmək kitabçasında qeydlərin şübhə altına alınmasına hər hansı əsas yoxdur.

39. Həmçinin, 2001-ci il üzrə əməkhaqqı cədvəlində noyabr və dekabr aylarında iddiaçının adına əməkhaqqı hesablanmaması dəlili də iddiaçının əmək kitabçasında qeydlərin mötəbərliyini istisna etmir.

40. Belə ki, iddiaçının "xxxx" ASC-də işləməsi ilə bağlı 1989-cu ilin yanvar-fevral ayları üzrə, həmçinin, 2001-ci ilin oktyabr ayı üzrə də əməkhaqqı hesablanması ilə bağlı qeydlər aparıldığı halda, 2001-ci il üzrə əməkhaqqı cədvəlində noyabr və dekabr ayları üzrə də qeydlərin aparılmaması iddiaçıdan asılı olan hal deyildir.

41. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

42. Göründüyü kimi, birinci instansiya məhkəməsi işə baxakən yuxarıda qeyd olunan məsələlər araşdırılmış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirərək əsaslı nəticəyə gəlmişdir.

43. Beləliklə, apellyasiya şikayətinin dəlilləri əsassızdır və odur ki, təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1205/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1205/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar