Məhkəmə qərarları › İş №2-1(103)-2622/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2622/2025

04.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2622/2025 04.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əkbərov Kamran Hüseyn oğlunun sədrliyi və məruzəsi ilə, Qasımov Vidadi Kamal oğlundan və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ödənilməmiş müavinət və təqaüdün verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5237/2023 nömrəli iş üzrə 17 oktyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsinə qarşı 2017-2019-cu ilin fevral ayınadək olan müddət üçün ona ödənilməmiş müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsi tərəfindən ödənilməsi, 2019-cu ilin fevral ayından sonrakı dövr üzrə isə ödənilməmiş müavinət və təqaüdün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən ödənilməsi barədə qərar qəbul edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1990-1991-ci illər ərzində Ağdam, 1991-1995-ci ilin dekabr ayınadək isə Goranboy Rayon Polis Şöbəsində təhqiqatçı və müstəntiq vəzifələrində xidmət etmişdir. Xidmətdə olduğu müddətdə erməni qəsbkarlarına qarşı torpaqların müdafiəsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. İ Qarabağ müharibəsi veteranı kimi ona müavinət təyin edilmiş və həmin pul məbləği kimi əmək haqqına əlavələr edilməklə ona verilmişdir. O, 2017-ci ilin əvvəlinədək İ Qarabağ müharibəsi veteranı kimi veteran pulunu əmək haqqına əlavə edilməklə almışdır. 2017-ci ilin iyul ayından isə Daxili İşlər nazirinin müvafiq əmrinə əsasən DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi vəzifəsindən azad olunaraq Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsinin rəisi vəzifəsinə təyin edilmiş və bir neçə aydan sonra ağır xəstə olduğundan 2019-cu ilin fevral ayından Daxili İşlər nazirinin müvafiq əmrinə əsasən təqaüdə çıxmışdır. Təqaüdə çıxdıqdan sonra ona məlum olmuşdur ki, Bakı şəhəri Yasamal rayon Polis İdarəsində işlədiyi müddətdə, yəni 2017-ci ilin iyul ayından 2019-cu ilin fevral ayının 18-dək olan müddət ərzində ondan hər ay “gəlir vergisi” tutulmuş və başı xəstəliyə qarşıdığına görə 2017-ci ilin əvvəlindən 2022-ci ilin oktyabr ayınadək olan müddət ərzində ona müharibə veteranı müavinəti ödənilməmişdir.

3. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçıya veteran vəsiqəsi 20 oktyabr 2022-ci il verilmişdir. Bu qəbildən olan mübahisələrin həlli zamanı müvafiq maddi hüquq normasının düzgün tətbiqi üçün ilk növbədə bəhs edilən müavinəti almaq hüququnun nə vaxtdan etibarən yarandığını müəyyən etmək lazımdır. “Veteranlar haqqında” Qanunun 7-ci maddəsində də qeyd olunur ki, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi verildikdə həyata keçirilir. Müharibə veteranı adının verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995ci il tarixli 216 saylı Qərarı ilə təsdiq olunmuş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə tənzimlənir. Həmin Əsasnamənin, 4-cü maddəsinə görə, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər vətəndaşa müvafiq icra orqanı tərəfindən veteran vəsiqəsi təqdim edildiyi tarixdən ona sosial müavinət ödənişi həyata keçirilir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 7 nömrəli əlavəsinin - Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısının 2.2-ci bəndinə görə, müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətin təyin edilməsi üçün müharibə veteranı vəsiqəsinin surəti əsas götürülür. Ancaq veteran statusunu almaq hüququnu sosial müavinət almaq hüququndan fərqləndirmək lazımdır. Belə ki veteran statusunu almaq hüququ o statusu almamışdan daha əvvəl yarana bilər, ancaq sosial müavinət almaq hüququ birbaşa statusun alınması ilə yaranır. “Veteranlar haqqında” Qanunun 7-ci maddəsinə əsasən veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi verildikdə həyata keçirilir. Bu onu göstərir ki. iddiaçının istər təqaüd, istərsə də sosial müavinət almağa hüququ veteran vəsiqəsini aldığı tarixdən yaranır. İddiaçının həmin veteran vəsiqəsi əsasında cavabdeh orqan ona müharibə veteranı statusunu aldığı vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən Prezidentin “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında 15 aprel 2019-cu il tarixli Fərmanına əsasən 80 manat məbləğində Prezident təqaüdü təyin etmiş, əvvəlki illər üzrə ödənişin verilməsindən isə əsaslı olaraq imtina etmişdir. Sözügedən Fərmanın 2.1.1-ci bəndində qeyd olunur ki, Prezident təqaüdü 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə verilir. Bu səbəblə həmin Fərman qüvvəyə mindiyi tarixdən etibarən müharibə veteranlarına sosial müavinət yox, Prezident təqaüdü təyin edilir. Müharibə veteranları üçün nəzərdə tutulan müavinəti Prezident təqaüdündən fərqləndirmək vacibdir. Belə ki, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi ilə nəzərdə tutulan 3 illik müddətin ödənilməsi sırf sosial müavinətlərə şamil olunur. Qanunun 4-cü maddəsində müavinətin növlərinə nəzər salsaq, sadalanan növlər arasında Prezident təqaüdü qeyd edilməmişdir. Təqaüd sosial müavinətin növü olmadığı üçün Qanunun 9.1-ci maddəsi ilə nəzərdə tutulan müraciət edildiyi vaxtdan əvvəlki 3 illik dövr üçün ödənilmə təqaüdə şamil edilmir. Digər tərəfdən də,“Sosial müavinətlər haqqında” Qanuna əsasən “Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir.” Bu müddəadan da aydın göründüyü kimi sosial müavinətin “müraciətdən əvvəlki 3 il üçün ödənilməsi” sosial müavinət almaq üçün müraciət edən şəxslərə şamil edilir. Hazırkı is üzrə isə iddiaçının cavabehə müraciət etdiyi tarixdə Prezidentin yuxarıda sözügedən Fərmanı qüvvədə olduğu üçün onun sosial müavinət yox, təqaüd təyin edilməsi üçün müraciət etmək hüquqi imkanı olmuşdur və o, bu imkandan yararlanmışdır. Bu səbəblə, iddiaçının sosial müavinətlər üçün nəzərdə tutulan 3 illik dövrü tələb etmək hüququ yoxdur. Digər tərəfdən, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1ci maddəsinə görə müavinətin onun təyin olunması üçün müraciət edildiyi vaxtdan əvvəlki 3 il üçün ödənilməsini iki halla şərtləndirmişdir: 1) iddia olunan 3 ilin başlandığı anda sosial müavinətə hüququn yaranmış olması; 2) iddia olunan 3 ilin başlandığı anda bu Qanunun qüvvədə olması. Ona görə də, iddiaçının vəsiqəni aldığı tarixdən əvvəlki dövrü tələb etməsinin hüquqi əsası yoxdur. Odur ki, iddiaçıya müharibə veteranı vəqisəsiə əsasən müraciət etdiyi gündən təqaüd təyin olunduğuna görə, əvvəlki üç ilə münasibətdə sözügedən təqaüdü tələb edə bilməz.

4. Cavabdeh tərəfindən təqdim edilmiş etiraza əlavədə qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsinin Bakı İnzibati Məhkəməsinin sorğusuna verdiyi cavabdan aydın olur ki, iddiaçıya xx.xx.2006-xx.xx.2011-ci il tarixlərdə Yasamal Rayon Polis İdarəsində xidmət etdiyi müddətdə təqdim etdiyi “Müharibə Veteranı” vəsiqəsinə əsasən ona əməkhaqqı hesablanarkən müharibə veteranları üçün nəzərdə tutulmuş vergi güzəşti tətbiq edilmişdir. xx.xx.2011-xx.xx.2017-ci il tarixlərdə xidmət yeri dəyişdirilərək DİN-in Baş İstintaq və Təhqiqat İdarəsində işlədiyi müddətdə yenidən təqdim edilmiş sənəd əsasında ona vergi güzəşti tətbiq edilmişdir. Xidmət yeri yenidən dəyişdirilərək xx.xx.2017- xx.xx.2019-cu il tarixlərdə Yasamal Rayon Polis İdarəsində xidmət etdiyi müddətdə isə müvafiq sənədlərin təqdim edilməməsi səbəbindən ona vergi güzəşti tətbiq edilməmişdir. “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunması ilə əlaqədar həmin müavinətlərin vətəndaşlara verilməsi Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002ci il 9 yanvar tarixli 2 nömrəli qərarına əlavə və dəyişikliklər edilməsi haqqında 17 iyun 2006-cı il tarixli Nazirlər Kabinetinin Qərarına əsasən “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanı ilə müəyyən olunan müavinətlər hərbi qulluqçulara və xüsusi rütbəsi olan əməkdaşlara onların xidmət keçdiyi orqan tərəfindən ödənilir. İddiaçıya xx.xx.2011-ci il tarixdən sosial müavinəti verən inzibati orqan iddiaçının xidmət etdiyi orqan tərəfindən, yəni Daxili İşlər Nazirliyi olmuşdur. Qeyd edilən müavinət 2019-cu il 15 aprel tarixli Prezidentin Fərmanından sonra təqaüd şəklində cavabdeh orqan tərəfindən, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən ödənilməyə başlanılmışdır. İddiaçının mübahisələndirdiyi dövr qeyd edilən Fərmanadək ona müavinətin ödənilmədiyi dövrlərdir. Yuxarıda qeyd edilən Nazirlər Kabinetinin Qərarından da, aydın olur ki, iddiaçıya həmin sosial müavinətin ödənişi xidmət keçdiyi orqan tərəfindən verilməli idi.

II. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5237/2023 nömrəli iş üzrə 17 oktyabr 2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı xx.xx.2017-2019-cu ilin fevral ayınadək olan müddət üçün ödənilməmiş müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi öhdəliyinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsinə həvalə edilməsi, İddiaçı 2019-cu ilin fevral ayından sonrakı dövr üzrə ödənilməmiş müavinət və təqaüdün öhdənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.

6. Məhkəmə qərarı onunla əsaslandırılmışdır ki, iddiaçı müharibə veteranı adı və statusuna daha əvvəldən malik olmaqla xidmət etdiyi orqanda bu imtiyazlardan istifadə etdiyindən, onun sonradan müharibə veteranları üçün nəzərdə tutulmuş güzəştlərdən istifadə etmək üçün müraciət etməməsi əsası ilə müraciətindən imtina edilməsi inzibati orqan tərəfindən iddiaçının etimad hüququnun pozulması kimi qiymətləndirilərək onun 2017-ci ildən xidməti yerini dəyişdirərək 2019-cu ilin fevral ayınadək işlədiyi müddət üzrə müharibə veteranlarına ödənilməli olan müavinəti xidmət keçdiyi orqan, 2019-cu ilin fevral ayından sonrakı dövr, yəni iddiaçının xidməti başa çatdıqdan sonra isə ödənilməmiş müavinət və Azərbaycan Respublikası Prezidentinin təqaüdü isə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən ödənilməlidir

7. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

III.Apellyasiya şikayətinin dəlilləri:

8. Apellyasiya şikayəti iddia ərizəsinə dair yazılı etiraza uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə tərəfindən qərar qəbul edilərkən öhdəliyin icrası əsli olmayan cavabdeh DİN Maliyyə-Plan İdarəsinə qarşı yönəlmişdir. Belə ki, “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli qərarının 5.1-ci bəndində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri inzibati qurum kimi göstərilmişdir. Məhkəmə tərəfindən cavabdeh Daxili İşlər Nazirliyi Aparatının strukturuna aid olan Maliyyə Plan İdarəsi müəyyən edilmişdir. DİN MPİ ixtisaslaşdırılmış polis idarəsi deyil və müstəqil cavabdeh kimi ona qarşı tələb irəli sürülə bilməz. Digər tərəfdən iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılmazdan əvvəl tələbinin təmin edilməsi üçün DİN MPİ-nə deyil, Bakı Şəhər Baş Polis İdarəsinə müraciət edilmiş və tələbi xx.xx.2022-ci il tarixli cavab məktubu ilə təmin edilməmişdir. Bundan sonra iddiaçı məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, məhkəmə tərəfindən qərar qəbul edilərkən iddianın mümkünlük şərtləri düzgün araşdırılmamışdır. İddia mahiyyəti üzrə əsassızdır. Belə ki, iddiaçıya xx.xx.2006xx.xx.2011-ci il tarixlərdə Yasamal Rayon Polis İdarəsində xidmət etdiyi müddətdə təqdim etdiyi “Müharibə Veteranı” vəsiqəsinə əsasən ona əməkhaqqı hesablanarkən müharibə veteranları üçün nəzərdə tutulmuş vergi güzəşti tətbiq edilmişdir. xx.xx.2011-xx.xx.2017- ci il tarixlərdə xidmət yeri dəyişdirilərək DİN-in Baş İstintaq və Təhqiqat İdarəsində işlədiyi müddətdə yenidən təqdim edilmiş sənəd əsasında ona vergi güzəşti tətbiq edilmişdir. Xidmət yeri yenidən dəyişdirilərək xx.xx.2017- xx.xx.2019-cu il tarixlərdə Yasamal Rayon Polis İdarəsində xidmət etdiyi müddətdə isə müvafiq sənədlərin təqdim edilməməsi səbəbindən ona vergi güzəşti tətbiq edilməmişdir. İddiaçı tərəfindən bu müddət ərzində inzibati quruma müraciəti olmamış və tərəfindən güzəşt tətbiq edilməsi üçün əsas olan sənədlər təqdim edilməmişdir.

IV.Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 aprel 2024-cü il tarixli, 2- 1(103)-1503/2024 nömrəli qərardadı ilə cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsi əsl cavabdeh olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi əvəz edilmişdir.

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 iyun 2024-cü il tarixli, 2- 1(103)-1503/2024 nömrəli qərarı ilə hər iki cavabdehin ayrı-ayrılıqda verdiyi apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5237/2023 saylı 17 oktyabr 2023-cü il tarixli qərarının dəyişdirilməsi, İddiaçı xx.xx.2017-2019-cu ilin fevral ayınadək olan müddət üçün ödənilməmiş müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi öhdəliyinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə həvalə edilməsi, İddiaçı 2019-cu ilin fevral ayından xx.xx.2022-ci il tarixədək ödənilməmiş müavinət və təqaüdün ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.

11. Cavabdehlər ayrı-ayrılıqda kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmaması haqqında yeni qərar çıxarılmasını xahiş etmişdir. V. Kassasiya instansiyası məhkəməsində icraat:

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 65/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 iyun 2024-cü il tarixli, 2- 1(103)-1503/2024 nömrəli qərarı “İddiaçı xx.xx.2017-2019- cu ilin fevral ayınadək olan müddət üçün ödənilməmiş müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi öhdəliyinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə həvalə edilməsi” hissəsində ləğv edilmiş və iddia tələbi həmin hissədə mümkün sayılmamış, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 iyun 2024-cü il tarixli, 2- 1(103)-1503/2024 nömrəli qərarı “İddiaçı 2019-cu ilin fevral ayından xx.xx.2022-ci il tarixədək ödənilməmiş müavinət və təqaüdün ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi” hissəsində ləğv edilmiş və işin həmin hissədə təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması, kassasiya şikayətlərinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

13. Ali Məhkəmənin hazırkı iş üzrə hüquqi göstərişi ondan ibarət olmuşdur ki, “Göründüyü kimi 03 may 2023-cü il tarixli məktubda DİN-in Bakı şəhər Baş Polis İdarəsinə edilmiş sorğuya cavab olaraq İddiaçı tərəfindən xidmət etdiyi müddətdə “Müharibə veteranı” vəsiqəsi təqdim etmədiyi, ona heç bir güzəşt və imtiyazın təqdim edilmədiyi, xx.xx.2023-cü il tarixli məktubda isə DİN-in sabiq əməkdaşı İddiaçı xx.xx.2006-xx.xx.2011ci il tarixlərində Yasamal rayon Polis İdarəsində xidmət etdiyi müddətdə təqdim etdiyi “Müharibə veteranı” vəsiqəsinə əsasən ona əməkhaqqı hesablanarkən müharibə veteranları üçün nəzərdə tutulmuş vergi güzəştinin tətbiq edildiyi, xx.xx.2011-xx.xx.2017-ci il tarixlərində xidmət yeri dəyişdirilərək DİN-in Baş İstintaq və Təhqiqat idarəsində işlədiyi müddətdə yenidən təqdim edilmiş sənəd əsasında ona vergi güzəşti tətbiq edildiyi, xidməti yeri yenidən dəyişdirilərkən xx.xx.2017-xx.xx.2019-cu il tarixlərində Yasamal rayon Polis İdarəsində xidmət etdiyi müddətdə isə müvafiq sənədin təqdim edilməməsi səbəbindən ona vergi güzəşti təqdim edilmədiyi göstərilmişdir.... ...Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi zəruri araşdırma aparılmadan, iddiaçıya münasibətdə veteran vəsiqəsinin hansı tarixdən verilməsi aydınlaşdırmadan, iş materiallarındakı sənədləri təhlil etmədən xx.xx.2017-xx.xx.2022-ci il tarixədək ödənilməmiş müavinət və təqaüdün ödənilməsi nəticəsinə gəlmişdir... .... Apellyasiya instansiyası məhkəməsi İddiaçı xx.xx.2022-ci il tarixdən əvvəl müharibə veteranı vəsiqəsinin verilməsi ilə bağlı qərar qəbul edilib-edilməməsi ilə bağlı araşdırma aparmamış, DİN-nin idarələri tərəfindən biri-digərini təkzib edən məktubları arasında olan ziddiyyəti aradan qaldırmamış, bu barədə DİN-ə sorğu verməmişdir. 63.Bununla bağlı nəzərə almaq lazımdır ki, “Müharibə veteranı” vəsiqəsi (ümumiyyətlə vəsiqə) statusu müəyyən edən inzibati akt deyil, inzibati aktla şəxsə verilmiş statusu təsdiq edən sənəddir. Bu baxımdan həmin statusa malik şəxslərə müvafiq vəsiqənin verildiyi tarix deyil, şəxsə həmin statusun verilməsi barədə qərarın qəbul edildiyi tarix həlledici əhəmiyyət daşıyır və “Veteranlar haqqında” Qanunun 7-ci maddəsi də məhz bu mənada təfsir olunmalıdır. 64.Hazırkı halda da, müvafiq statusun nə vaxtdan verildiyi nəzərə alınmalı və ona uyğun olaraq yuxarıda göstərilən qanunvericiliyin tələblərinə müvafiq olaraq müavinət və təqaüdün təyin edilərək ödənilməsi məsələsi həll olunmalıdır....”

VI. Tərəflərin izahatları:

14. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

15. İddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun rədd edilməsini xahiş etdi.

Əsaslandırıcı hissə

VII. Tətbiq olunan hüquq

16. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 9.1. Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. 9.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək; Maddə 10.1. Müavinətlər şəxsin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanları tərəfindən təyin edilir və ödənilir.

17. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 24 fevral 2006-cı il tarixli, 373 nömrəli Fərmanı: 2.4. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci, 10.1-1ci, 10.3-cü, 10.4-cü, 10.5-ci və 12.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir.

18. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Veteranlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Veteranlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan və Azərbaycan Respublikasının sosial-məişət, nəqliyyat xidmətləri, tibbi yardım göstərilməsində və başqa sahələrdə veteranların hüquqlarını və güzəştlərini müəyyənləşdirən digər qanunvericilik aktlarından ibarətdir. Maddə 3. Müharibə veteranları Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir

19. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli, 641 nömrəli Fərmanı: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 fevral tarixli 992 nömrəli Sərəncamının icrası ilə əlaqədar qərara alıram:

1. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilsin və onun aylıq məbləği 80 manat müəyyən olunsun.

2. Müəyyən edilsin ki: 2.1. bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü: 2.1.1. 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir; 2.1.2. dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir;

5. Bu Fərmanın 1-ci və 2-ci hissələri 2019-cu il aprelin 1-dən tətbiq edilir.

Vİ.Məhkəmənin mövqeyi

20. Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçı ona müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinət və təqaüdün 2017-ci ildən vəsiqəni aldığı oktyabr 2022- ci il tarixədək olan dövr üzrə ödənilməsini mübahisələndirir.

21. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hazırkı apellyasiya baxışının predmetini “2019-cu ilin fevral ayından sonrakı dövr üzrə isə ödənilməmiş müavinət və təqaüdün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən ödənilməsi” təşkil edir.

22. Belə ki, kassasiya instansiya məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qərarla iddia tələbi – “İddiaçı xx.xx.2017-2019- cu ilin fevral ayınadək olan müddət üçün ödənilməmiş müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi öhdəliyinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə həvalə edilməsi” hissəsində mümkün sayılmamış, işin hazırkı apellyasiya icraatı zamanı isə iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəməyə təqdim edilməmişdir.

23. Belə olan təqdirdə hazırda birinci instansiya məhkəməsinin qərarını – “iddiaçıya 2019-cu ilin fevral ayından sonrakı dövr üzrə ödənilməmiş müavinət və təqaüdün öhdənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi” hissəsində yoxlayır.

24. Məhkəmə kollegiyası hesab edir ki, bu hissədə cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslıdır.

25. Belə ki, işin hazırkı apellyasiya icraatı zamanı Ali Məhkəmənin göstərişlərinə uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə sorğu ünvanlanaraq, “Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsinin 03 may 2023-cü il tarixli məktubunda DİN-in Bakı şəhər Baş Polis İdarəsinə edilmiş sorğuya cavab olaraq İddiaçı tərəfindən xidmət etdiyi müddətdə “Müharibə veteranı” vəsiqəsi təqdim etmədiyi, ona heç bir güzəşt və imtiyazın təqdim edilmədiyi, həmin orqanın xx.xx.2023-cü il tarixli məktubda isə DİN-in sabiq əməkdaşı İddiaçı xx.xx.2006-xx.xx.2011-ci il tarixlərində Yasamal rayon Polis İdarəsində xidmət etdiyi müddətdə təqdim etdiyi “Müharibə veteranı” vəsiqəsinə əsasən ona əməkhaqqı hesablanarkən müharibə veteranları üçün nəzərdə tutulmuş vergi güzəştinin tətbiq edildiyi, xx.xx.2011-xx.xx.2017-ci il tarixlərində xidmət yeri dəyişdirilərək DİN-in Baş İstintaq və Təhqiqat idarəsində işlədiyi müddətdə yenidən təqdim edilmiş sənəd əsasında ona vergi güzəşti tətbiq edildiyi, xidməti yeri yenidən dəyişdirilərkən xx.xx.2017-xx.xx.2019-cu il tarixlərində Yasamal rayon Polis İdarəsində xidmət etdiyi müddətdə isə müvafiq sənədin təqdim edilməməsi səbəbindən ona vergi güzəşti təqdim edilmədiyi göstərilmişdir. İşin obyektiv və hərtərəfli araşdırılması və məktubdakı dəlillər arasındakı ziddiyyətin aradan qaldırılması məqsədilə İddiaçı vergi güzəştinin tətbiq eidlib edilməməsi ilə bağlı məlumatların, həmçinin İddiaçı xx.xx.2022-ci il tarixdən əvvəl müharibə veteranı vəsiqəsinin verilməsi ilə bağlı qərarın olub-olmaması ilə bağlı məlumatların məhkəməyə təqdim olunması xahiş edilmişdir.”

26. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə Plan İdarəsinin xx.xx.2025-ci il tarixli cavab məktubu ilə vətəndaş İddiaçı verilmiş xx.xx.2022-ci il tarixli müharibə veteranı vəsiqəsinin verilməsinə əsas olmuş Daxili İşlər Nazirliyinin müvafiq Komissiyasının xx.xx.2022-ci il tarixli 152 nömrəli protokolundan çıxarış məhkəməyə göndərilmişdir.

27. Göründüyü kimi iddiaçının xx.xx.2022-ci il tarixdən əvvəl müharibə veteranı vəsiqəsinin verilməsi ilə bağlı qərarın mövcud olması faktı öz təsdiqini tapmır.

28. Azərbaycan Respublikası Prezidentinin ““Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” 15 aprel 2019-cu il tarixli 641 nömrəli Fərmanının 2.1.1-ci bəndinə əsasən sözügedən təqaüd 2019-cu il aprelin 1dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir.

29. Azərbaycan Respublikası Prezidentinin ““Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli 640 nömrəli Fərmanına əsasən “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanının, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55 manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7- ci yarımbəndi ləğv edilmişdir.

30. Azərbaycan Respublikası Prezidentinin ““Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” 15 aprel 2019-cu il tarixli 641 nömrəli Fərmanının 5-ci bəndinə əsasən bu Fərmanın 1-ci və 2-ci hissələri 2019-cu il aprelin 1-dən tətbiq edilir.

31. Qeyd edilməlidir ki, qanunvericilikdə baş vermiş dəyişiklərdən sonra 2019-cu il 1 aprel tarixdən əvvəl və sonra müharibə veteranı vəsiqəsi almış şəxslərə münasibətdə fərqli hüquqi vəziyyət yaranmış, müharibə veteranlarına ödəniləcək vəsaitin statusu, eləcə də həmin vəsaitlərin əvvəlki dövrlər üzrə ödənilməsinin mümkünlüyü ilə bağlı normayaradıcı tərəfindən yeni hüquq qaydası müəyyən edilmişdir.

32. Belə ki, xx.xx.2019-cu il tarixədək müharibə veteranı vəsiqəsi almış şəxslərə “Sosial müavinətlər haqqında” Qanununa müvafiq olaraq sosial müavinət statuslu ödəniş ödənilməsi, müavinətin eyni zamanda vəsiqənin verildiyi vaxtdan əvvəlki 3 il üçün ödənilməsi nəzərdə tutulduğu halda 2019-cu il 1 aprel tarixindən qüvvəyə minmiş yeni hüquqi tənzimləmələrə görə qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət yox, Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməyə başlanılmışdır. 2019-cu il 1 aprel tarixindən sonra müharibə veteranı statusu almış şəxslərə münasibətdə yalnız Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilə bilər və bu təqaüd onu almaq hüququ yaranan gündən etibarən ödənilməlidir.

33. Təqaüdün təsis edilməsi ilə bağlı Fərmanda onu almaq hüququ yaranan gündən verilməsi nəzərdə tutulmuşdur. Təqaüdü almaq hüququ isə şəxsin müharibə veteranı statusunu təsdiq edən vəsiqənin verildiyi tarixdir.

34. Nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bunun əksi ümumi qəbul edilmiş “qanuni gözlənti”, “qazanılmış hüquq”və “hüquqi müəyyənlik” prinsiplərinə zidd olardı. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə minənədək şəxslərin artıq qazanılmış hüquqlarını əvəzsiz ləğv edə bilməz.

35. Göründüyü kimi iddiaçı xx.xx.2019-cu il tarixdən sonra xx.xx.2022-ci ildə müharibə veteranı vəsiqəsi aldığından, cavabdeh tərəfindən ona həmin tarixdən etibarən təqaüd ödənilmişdir.

36. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı xx.xx.2017-2019- cu ilin fevral ayınadək olan müddət üçün ödənilməmiş müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi ilə bağlı tələbi əsassız olmuşdur.

37. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir.

38. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5237/2023 nömrəli iş üzrə 17 oktyabr 2023-cü il tarixli qərarı ləğv edilməli, iddia rədd edilməlidir.

Nəticə hissəsi

39. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94- cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5237/2023 nömrəli iş üzrə 17 oktyabr 2023-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı “iddiaçıya 2019-cu ilin fevral ayından xx.xx.2022-ci il tarixədək ödənilməmiş müavinət və təqaüdün ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi”nə dair iddia tələbi rədd edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar