Məhkəmə qərarları › İş №2-1(103)-2623/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2623/2024

11.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2623/2024 11.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi X1 və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçının pensiya alt sistemində yanlışlıq aradan qaldırılaraq məcburi dövlət sosial sığorta haqqı yenidən hesablanması ilə əlilliyə görə əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-88/2024 nömrəli, 26 fevral 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının 7 oktyabr 1979-cıı il tarixdən 29 noyabr 1982-ci il tarixədək Qax Rayon İstehsalat Kombinatının Tikiş sexində işlədiyi müddətin və 1 dekabr 1982-ci il tarixdən 19 iyul 1988-ci il tarixədək ali təhsil aldığı müddətin sığorta stajına daxil edilməsi, soyadı ilə bağlı yanlışlığın mərkəzləşmiş vahid pensiya programı olan "PAS''-da (pensiya alt sistemi) düzəliş edilərək məcburi dövlət sosial siğorta haqqının yenidən hesablanması, iddiaçıya razılığı olmadan təyin edilmiş ailə başçısını itirməyə görə əmək pensiyasının ləğv edilməsi və əlilliyə görə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının iş stajı və əmək pensiyası düzgün hesablanmamışdır. Ona pensiya təyin olunarkən əmək fəaliyyətinə aid dövrdə ödənilmiş məcburi dövlət sosial siğorta haqqı düzgün hesablanmamış (2.000 manatadək kəsirlə), ali təhsil müəssisəsinə daxil olmamışdan əvvəlki əmək fəaliyyəti və ali təhsil müddət iş stajına daxil edilməmişdir. İddiaçı mövcud problemlə bağlı DSMF Qax Rayon Filialına müraciət etmişdir. Həmin şöbədən şikayətdə qeyd olunan hallara baxmadan ona pensiyasının düzgün hesablandığı bildirilmişdir. İddiaçı hesab edir ki, əmək pensiyasının az hesablanmasının səbəblərindən biri də “Dövlət sosial siğorta şəhadətnaməsi”nin soyadındakı səhvə görə 2018-ci ildə dəyişdirilməsi olmuşdur. Belə ki, əvvəlki şəhadətnamədə onun soyadı “Səfərova” kimi qeyd olunmuşdur. Bununla yanaşı, DSMF Qax Rayon Şöbəsi 13 mart 2020-ci il tarixli **********8 nömrəli məktubunda iddia edir ki, əri X2 vəfatından sonra onun pensiyası «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 14, 17 və 18-ci maddələrinə əsasən (ailə başçısını itirməyə görə əmək pensiyası) iddiaçı və qızı X6 arasında bölüşdürülmüşdür. İddiaçı İ qrup əlilliyə görə əmək pensiyası alır və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. İddiaçı isə əliliyyə görə əmək pensiyası almaq istəmiş və hazırda da alır. Mərhum əri X2 ölümündən sonra əmək qabiliyyəti olmayan ailə üzvü kimi iddiaçıya təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasından qanun yol vermədiyi üçün imtina etmişdir. Həmin pensiya (ailə başçısını itirməyə görə əmək pensiyası) övladı X4 təyin edilmiş, lakin sonradan həmin pensiya məbləği qanunsuz olaraq bölünmüş və X4 əmək pensiyasının artıq ödənildiyi iddia olunan 1 may 2018-ci il tarixdən 30 noyabr 2019-cu il tarixədək olan hissəsi geri tutulmuşdur. Halbuki, bu halda da ya şəxsin razılığı, ya da məhkəmə qərarı olmalı idi. Göründüyü kimi, DSMF Qax Rayon Filialının qanunsuz hərəkətlərinə görə iddiaçı və övladı X6 çətinliklərlə üzləşir. Qeyd olunan məsələlərlə bağlı DSMF Qax Rayon Filialına dəfələrlə müraciət olunsa da, həmin müraciətlərdən yalnız ikisinə DSMF Qax Rayon Şöbəsinin 13 mart 2020-ci il tarixli **********8 nömrəli məktubu və DSMF-nin 26 oktyabr 2020-ci il tarixli **********7 nömrəli məktubu ilə cavab vermişdir. Digər müraciətlər cavablandırılmamışdır. 1 oktyabr 1956-cı il tarixdə qüvvəyə minmiş və 23 sentyabr 1992-ci il tarixədək qüvvədə olmuş «Dövlət pensiya təminatı haqqında» SSRİ Qanununun müddəalarına və Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli «Vətəndaşların pensiya təminatı haqqında» Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən təhsil müddəti iş stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Sözügedən maddənin “Qeyd” hissəsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Bakı İnzibati Məhkəməsinin (hakim Rüstəm Kərimli) 2-1(112)-88/2024 nömrəli, 26 fevral 2024-cü il tarixli qərardadı ilə iddia «ailə başçısını itirməyə görə əmək pensiyasının ləğv edilməsi» hissəsində mümkün sayılmamış, eyni zamanda iddianın «iddiaçının işlədiyi və təhsil aldığı müddətin sığorta stajına daxil edilməsi» hissəsində iş üzrə icraata xitam verilmişdir. Eyni zamanda Bakı İnzibati Məhkəməsinin (hakim Rüstəm Kərimli) 2-1(112)-88/2024 nömrəli, 26 fevral 2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı pensiya alt sistemində yanlışlıq aradan qaldırılaraq məcburi dövlət sosial sığorta haqqının yenidən hesablanması ilə əlilliyə görə əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin 26 fevral 2024-cü il tarixli 2-1(112)-88/2024 nömrəli qərarı ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Bakı İnzibati Məhkəməsi öz qərarını maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi, is üçün əhəmiyyətli halların tam hərtərəfli, obyektiv arasdırılmaması, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması şəraitində çıxarmışdır. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəyə baxılması zamanı prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamışdır. İş materialları, işin faktiki halları və məhkəmə qərarı ilə müəyyən olunur ki, İddiaçı iddia tələbi iki hissədən - 1. Pensiya altsistemində yol verilmiş yanlışlığın aradan qaldırılması; 2. Fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı əsasında əlilliyə görə əmək pensiyasının yenidən hesablanmasından ibarətdir. Birinci hissə ilə bağlı qeyd olunur: İddiaçı iddia tələbinin pensiya altsistemində yol verilmiş yanlışlığın aradan qaldırılması hissəsi ilə bağlı bildirilir ki, Fondun rayon fərdi uçot müfəttişinin avtomatlaşdırılmış iş yeri (RPA) proqram təminatından əldə olunan məlumatlara əsasən İddiaçı ilkin olaraq sığortaolunan kimi uçota alınan zaman **********207 nömrəli fərdi şəxsi hesabında soyadı “Səfərova” olaraq qeyd edilmişdir. Həmçinin hal-hazırda Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Sığorta (Monitorinq)” altsistemində soyadı, adı, ata adı “X13” olan sığortaolunan aşkar edilməmişdir. MEİS-in “Sığorta (Monitorinq)” altsistemindən əldə olunan məlumatlara əsasən **********207 fərdi şəxsi hesab nömrəsinin İddiaçı xxxxxxx fərdi identifikasiya nömrəsi (FİN) üzrə açıldığı və məlumatlarının həmin hesabda əks olunduğu müəyyən edilmişdir. Sözügedən fərdi şəxsi hesab nömrəsinin digər FİN üzrə açılması isə aşkar edilməmişdir. Bakı İnzibati Məhkəməsi öz qərarını əsaslandırarkən qeyd etmişdir ki, İddiaçı təyin olunmuş əmək pensiyasının məbləğində onun hesabında hər iki şəhadətnamə üztə toplanmış pensiya kapitalının nəzərə alındığı tam təsdiqlənmir. Tədqiq olunmuş 11 yanvar 2023-cü il tarixli 9/4414 nömrəli ekspertiza rəyində Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Monitorinq) altsisteminin “Sığortaolunanların reyestri” bölümündə İddiaçı xxxxxxx FİN koda bağlı **********207 nömrəli sosial sığorta nömrəsi ilə sığortaolunan kimi uçota alındığı və “Sığortaolunanların reyestri” bölümündə soyad, ad və ata adı “X7” olan sığortaolunanın (ikici şəhadətnamə üzrə) aşkar edilmədiyi qeyd edilsə də, bu, yalnız cavabdeh inzibati orqanın ekspertə ünvanlanmış məktubuna əsasən gəlinən nəticədir ki, məhkəmə rəyi həmin hissədə mötəbər qiymətləndirmir. Ekspertin qənaəti işin həllində marağı olan tərəfin sadə yazılı mülahisəsi əsasında açıq bəyan olunmuşdur və ekspertiza tədqiqatında digər tutarlı sübuta istinad olunmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh inzibati orqan qeyd olunan məsələdə özünün mövqeyini heç bir sübut və dəlillə əsaslandırmamışdır. Məhkəmənin yuxarıda qeyd edilən mövqeyinə əks arqument olaraq bildirilir ki, sığortaedən “Azəriqaz” İstehsalat Birliyinin (SUN: **********8) xx.xx.2017-ci il tarixdə “X5” (e-gov.az) Nazirliyin təqdim etdiyi xidmətlərdə qeyd edilmiş “Dövlət sosial sığorta şəhadətnaməsinin dəyişdirilməsi və ya dublikatının verilməsi üçün müraciətin qəbulu” bölməsindən müraciəti əsasında İddiaçı **********207 nömrəli fərdi şəxsi hesabında soyadında olan səhvlik aradan qaldırılmış və MElS-in “Sığorta (Monitorinq)” altsistemində soyadı “Cəfərova” olaraq düzəliş olunduğu müəyyən edilmişdir. İddiaçı sığortaolunan kimi ilkin qeydiyyatı zamanı soyadı “Səfərova” olaraq qeyd olunsa da, **********207 fərdi şəxsi hesab nömrəsinin onun adına açıldığı və bütün məlumatlarının həmin hesabda qeydə alındığı müəyyən edilmişdir. MEİS-in “Sığorta (Hesabat)” altsistemindən əldə olunan məlumatlara əsasən İddiaçı əmək fəaliyyətli olduğu dövrlər üzrə məcburi dövlət sosial sığortaya cəlb olunan gəlirləri, eləcə də hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları **********207 nömrəli fərdi şəxsi hesabında qeydə alınmışdır. Belə ki, istər “Əmək pensiyaları haqqında” Qanunda, istərsə də “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Qanunda qeyd edilir ki, fərdi şəxsi hesab hər bir sığortaolunana sığortaçı tərəfindən sosial sığorta nömrəsi ilə açılan, fərdi uçot məlumatlarının əks olunduğu hesabdır, yəni hesab şəxsin fərdi identifikasiya nömrəsi və sosial sığorta nömrəsi əsasında acılır. Göründüyü kimi şəxsə verilmiş hər iki şəhadətnamə eyni fərdi identifikasiya nömrəsi və eyni sosial sığorta nömrəsi ilə bağlıdır. Əlavə olaraq, sığortaolunanın adına hər hansı səbəbdən iki fərqli fərdi şəxsi hesab nömrəsinin mövcud olması aşkar edildiyi halda, sığortaolunanların təqdim etdiyi həqiqiliyi şübhə doğurmayan təsdiqedici sənədlər əsasında məlumatlarının icmallaşdırlaraq əsas fərdi şəxsi hesabında əks olunması və digər fərdi şəxsi hesabının isə ləğv edilməsi istiqamətində müvafiq işlər aparılmaqdadır. İddiaçı daimi (dəyişilməz) **********207 sosial sığorta nömrəsi ilə uçota alınaraq vahid fərdi şəxsi hesabla təmin edilmiş və sığortaedənin müraciəti əsasında soyadında olan uyğunsuzluq aradan qaldırılmışdır. Fərdi uçot sistemində elektron xidmətlərə keçidin sürətləndirilməsi və innovativ həllərin tətbiqi sadəcə sosial sığorta nömrəsinin olmasını yetərli etmişdir. Elektron sistemdə sığortaolunanın sosial sığorta nömrəsinin olmasının kifayət etməsi nəzərə alınaraq, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 23 aprel tarixli 297-VİQD nömrəli Qanununa əsasən dövlət sosial sığorta şəhadətnaməsinin maddi daşıyıcıda çap edilərək təqdim edilməsi ləğv olunmuşdur. İkinci hissə ilə bağlı qeyd olunur: İddiaçı X3 iddia tələbinin fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı əsasında əlilliyə görə əmək pensiyasının yenidən hesablanması hissəsi ilə bağlı bildirilir ki, “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsində əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edildiyi, orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edildiyi müəyyən edilmişdir. Qanunun 12-ci maddəsinin tələblərinə uyğun olaraq İddiaçı xx.xx.2006-cı il tarixədək olan 18 il 09 ay sığorta stajı (təhsil illəri nəzərə alınmadan) və xx.xx.2006-cı il tarixdən xx.xx.2014-cü il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınan 3697,76 manat (xx.xx.2014-cü il tarixədək indeksləsdirilməklə) pensiya kapitalı nəzərə alınmaqla ona xx.xx.2014-cü il tarixdən 2-ci dərəcə əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. Həmçinin İddiaçı pensiyası xx.xx.2014-cü il tarixdən 1-ci dərəcə əlilliyə görə yenidən hesablanmışdır. Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İddiaçı xx.xx.2021-ci il tarixli müraciətinə və təqdim etdiyi sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən xx.xx.1983-cü il tarixdən xx.xx.1988-ci il tarixədək təhsil aldığı illər nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 23 il 07 ay sığorta stajı və xx.xx.2006-cı il tarixdən pensiya hüququ yaranan tarixədək fərdi hesabının sığorta hissəsində qeyd edilən 3729,02 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq xx.xx.2018-ci il tarixdən 272,68 manat müəyyən edilmişdir. İddiaçı xx.xx.2006-cı il tarixədək 23 il 07 ay sığorta stajı və xx.xx.2006-cı il tarixdən xx.xx.2014-cü il tarixədək 07 il 01 ay sığorta stajı olmaqla ümumilikdə sığorta stajı 30 il 8 ay təşkil edir. Qanunun 29.1-ci maddəsinin tələblərinə əsasən əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar İddiaçı əmək pensiyasının məbləği xx.xx.2019-cu il tarixdən 279,87 manata çatdırılmışdır. Qanunun xx.xx.2019-cu il tarixədək qüvvədə olmuş 19.1.4cü maddəsinə uyğun olaraq İ qrup əlillərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluq üçün 11 manat məbləğində əmək pensiyasının sığorta hissəsinə əlavə hesablanırdı. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 294 nömrəli Fərmanı əsasında “İ dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə” 50 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş və xx.xx.2019-cu il tarixdən sözügedən 11 manat əlavə Prezident təqaüdü ilə əvəz edilmişdir. Sözügedən maddənin xx.xx.2019-cu il tarixdə qüvvədən düşməsi ilə əlaqədar olaraq əlilliyə görə əmək pensiyasının sığorta hissəsinə hesablanan 11 manat məbləğində əlavənin ödənişi həmin tarixdən dayandırılmışdır. Qeyd olunanlara əsasən İddiaçı əmək pensiyasının məbləği xx.xx.2019-cu il tarixdən aşağıdakı qaydada hesablanmışdır: 279,87-11=268,87 manat. Qanunun 29.1-ci maddəsinə əsasən İddiaçı əmək pensiyasının məbləği xx.xx.2020-ci il tarixdən 309,85 manata çatdırılmışdır. Qanuna xx.xx.2020-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən həmin Qanunun 19-cu maddəsinin ləğvi ilə bağlı əmək pensiyalarının məbləği xx.xx.2021-ci il tarixdən yenidən hesablanmış və Qanunun xx.xx.2021-ci il tarixədək qüvvədə olmuş 19.1.2-ci maddəsində qeyd edilən İ dərəcə əlilliyə görə hesablanan 22 manat məbləğində sığorta hissəsinə əlavə ləğv edilərək Prezident təqaüdü ilə əvəz edilmişdir. Eyni zamanda xx.xx.2021-ci il tarixdən qeyd olunan maddənin ləğvi ilə əlaqədar olaraq həmin əlavənin ödənişi dayandırılmış və “Ümumi səbəblərdən İ dərəcə əlilliyi olan şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün aylıq məbləği 100 manatdan 130 manata çatdırılmışdır. Sözügedən maddənin xx.xx.2021-ci il tarixdə qüvvədən düşməsi ilə əlaqədar olaraq əlilliyə görə əmək pensiyasının sığorta hissəsinə hesablanan 22 manat məbləğində əlavənin ödənişi həmin tarixdən dayandırılmışdır. Qeyd olunanlara əsasən İddiaçı əmək pensiyasının məbləği xx.xx.2021ci il tarixdə aşağıdakı qaydada hesablanmışdır: ((309,85-22)x11,4%)=320,66 manat. Qanunun 29.1-ci maddəsinə əsasən İddiaçı əmək pensiyasının məbləği xx.xx.2022-ci il tarixdən 331,56 manata çatdırılmışdır. Əlavə olaraq İddiaçı xx.xx.2019-cu il tarixdən 100 manat məbləğində “Ümumi səbəblərdən İ dərəcə əlilliyi olan şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) Prezident Təqaüdü" təyin edilmiş, xx.xx.2021-ci il tarixdən 130 manata çatdırılmışdır. Ötən dövr üzrə (xx.xx.2018-ci il tarixdən) hesablanmış fərq məbləği 2021-ci ilin dekabr, 2022-ci ilin yanvar, fevral aylarında İddiaçı ödənilmişdir. Qanunun 01 yanvar 2023-cü il tarixdən qüvvədə olan 26.4-cü maddəsinə əsasən 2022-ci il ərzində ödənilmiş maddi yardımın bir aya düşən məbləği xx.xx.2023-cü il tarixdən əmək pensiyasına əlavə olunmaqla və “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2023-ci il tarixli Sərəncamına əsasən əmək pensiyası xx.xx.2023-cü il tarixdən 14,7% indeksləşdirilməklə 399,44 manata çatdırılmışdır. Bakı İnzibati Məhkəməsi öz qərarını əsaslandırarkən qeyd etmişdir ki, İddiaçı adına (Səfərova-Cəfərova) iki sosial sığorta şəhadətnaməsi olduğundan hər iki fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalı əsasında onun əlilliyə görə əmək pensiyası yenidən hesablanmalı və İddiaçı əmək pensiyasının məbləği artırılmalıdır. Məhkəmənin yuxarıda qeyd edilən mövqeyinə əks arqument olaraq bildirilir ki, hər iki sosial sığorta şəhadətnaməsi eyni sosial sığorta nömrəsi və eyni fərdi identifikasiya nömrəsi ilə açılmış, başqa sözlə iki sosial sığorta şəhadətnaməsi olsa da, vahid nömrə ilə bir hesab mövcud olmuşdur. Məhkəmənin mövqeyinə zidd olaraq bildirilir ki, burada iki fərqli hesab mövcud deyildir. Yuxarıda qeyd edilən faktlar və əsaslar nəzərə alınaraq bildirilir ki, İddiaçı ilkin olaraq sığortaolunan kimi uçota alınan zaman **********207 nömrəli fərdi şəxsi hesabında soyadı “Səfərova” olaraq qeyd edilmiş, daha sonra xx.xx.2017-ci il tarixdə sözügedən fərdi şəxsi hesabda soyadda olan səhvlik aradan qaldırılmış və MEİSin “Sığorta (Monitorinq)” altsistemində onun soyadının “Cəfərova” olaraq düzəliş olunduğu müəyyən edilmişdir. Hər iki soyad üzrə **********207 nömrə ilə fərdi şəxsi hesab açılmışdır, başqa sözlə iki fərqli soyad ilə sosial sığorta şəhadətnaməsi verilsə də, vahid nömrə ilə bir hesab mövcud olmuş və İddiaçı əmək fəaliyyətli olduğu dövrlər üzrə məcburi dövlət sosial sığortaya cəlb olunan gəlirləri, eləcə də hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları həmin **********207 nömrəli fərdi şəxsi hesabda qeydə alınmışdır. Digər məsələ ilə bağlı bildirilir ki, İddiaçı ilkin əlilliyə görə əmək pensiyası təyin edilən zaman (xx.xx.2014-cü il) xx.xx.2006-cı il tarixədək 18 il 09 ay sığorta stajı və xx.xx.2006-cı il tarixdən xx.xx.2014-cü il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınan 3697,76 manat (xx.xx.2014-cü il tarixədək indeksləşdirilməklə) pensiya kapitalı nəzərə alınmışdır. Daha sonra İddiaçı xx.xx.2021-ci il tarixli müraciətinə və təqdim etdiyi sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən xx.xx.1983-cü il tarixdən xx.xx.1988-ci il tarixədək təhsil aldığı illər nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 23 il 07 ay sığorta stajı və xx.xx.2006-cı il tarixdən pensiya hüququ yaranan tarixədək fərdi hesabının sığorta hissəsində qeyd edilən 3729,02 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq xx.xx.2018-ci il tarixdən 272,68 manat müəyyən edilmişdir. Göründüyü kimi soyadla bağlı yaranmış yanlışlıq cavabdeh tərəfindən aradan qaldırılaraq əlilliyə görə əmək pensiyası yenidən hesablanmışdır. Belə olan halda birinci instansiya məhkəməsi qərar qəbul edərkən qanunvericiliyin maddi və prosessual normalarının tələblərini pozmuş, mübahisənin həll edilməsinə baxmayaraq, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı, iddiaçının nümayəndəsi X8 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.6. dövlət sosial sığorta sistemində fərdi uçot - Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq əmək pensiyası və sosial müdafiə sahəsində digər hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunana dair “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun 5.2-ci maddəsində nəzərdə tutulan məlumatların uçotunun təşkili və aparılmasıdır. 1.0.7. fərdi şəxsi hesab - hər bir sığortaolunana müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sosial sığorta nömrəsi ilə açılan, dövlət sosial sığorta sistemində fərdi uçot məlumatlarının əks olunduğu hesabdır. 1.0.8. fərdi şəxsi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. 1.0.10. pensiya kapitalı - müvafiq olaraq fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınan və fərdi şəxsi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. 1.0.12. əmək pensiyasının sığorta hissəsi - fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.1.1. dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) – Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq əmək pensiyası və sosial müdafiə sahəsində digər hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunana dair bu Qanunun 5.2-ci maddəsində nəzərdə tutulan məlumatların uçotunun təşkili və aparılmasıdır. 1.1.2. fərdi şəxsi hesab - hər bir sığortaolunana sığortaçı tərəfindən sosial sığorta nömrəsi ilə açılan, fərdi uçot məlumatlarının əks olunduğu hesabdır. 1.1.3. sosial sığorta nömrəsi (SSN) - sığortaçı tərəfindən sığortaolunana verilən daimi (dəyişməz) nömrədir. 5.4. Sığortaolunanın fərdi şəxsi hesabı sığortaçı tərəfindən sığortaolunanın bütün ömrü boyunca, ölümündən sonra isə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə uyğun olaraq ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün saxlanılır və həmin hesabdakı vəsait indeksləşdirilir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, «İddiaçı müvafiq dövrdə əmək fəaliyyəti üzrə DSMF orqanı tərəfindən adına iki dövlət sosial sığorta şəhadətnaməsi (birində soyadı fərqli göstərilməklə) verildiyini və hər şəhadətnamə üzrə müvafiq hesablarda pensiya kapitalının yığıldığını əsas gətirərək, ona təyin olunmuş pensiya məbləğində yalnız bir hesab üzrə məbləğin nəzərə alındığını iddia edir və cavabdeh tərəfindən yenidən hesablanmanın aparılmasını tələb edir. Məhkəmə icraatında tərəflərin mülahizələri, təqdim edilmiş sənədlər və təyin edilmiş ekspertizanın nəticəsinə dair ekspert rəyi ilə iddiaçıya təyin olunmuş əmək pensiyasının məbləğində onun hesabında hər iki şəhadətnamə üztə toplanmış pensiya kapitalının nəzərə alındığı tam təsdiqlənmir. İddiaçının adına iki şəhadətnamənin tərtib olunması birbaşa DSMF orqanının iradəsi üzrə hərəkətinin (səhvinin) nəticəsidir. Odur ki, yol verilən texniki uyğunsuzuq aradan qaldırılmalı və iddiaçının fərdi hesabının sığorta hissəsində toplanmış bütün pensiya kapitalı ona təyin olunmuş əmək pensiyasının məbləğində yer almalıdır». Sadalanan qanunvericilik normalarından görünür ki, dövlət sosial sığorta sistemində fərdi uçot Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq əmək pensiyası və sosial müdafiə sahəsində digər hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunana dair “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun 5.2-ci maddəsində nəzərdə tutulan məlumatların uçotunun təşkili və aparılmasıdır. Fərdi şəxsi hesab isə hər bir sığortaolunana müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sosial sığorta nömrəsi ilə açılan, dövlət sosial sığorta sistemində fərdi uçot məlumatlarının əks olunduğu hesabdır. Sosial sığorta nömrəsi sığortaçı tərəfindən sığortaolunana verilən daimi (dəyişməz) nömrədir. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı xx.xx.2014-cü il tarixdən 2-ci dərəcə əlilliyə görə əmək pensiyası təyin olunmuş, onun pensiyası xx.xx.2014-cü il tarixdən 1-ci dərəcə əlilliyə görə yenidən hesablanmışdır. İddiaçı ilkin olaraq sığortaolunan kimi uçota alınan zaman **********207 nömrəli fərdi şəxsi hesabında soyadı “Səfərova” olaraq qeyd edilmişdir. Lakin sonradan Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta (Monitorinq)” altsistemində **********207 fərdi şəxsi hesab nömrəsi İddiaçı xxxxxxx fərdi identifikasiya nömrəsi (FİN) üzrə açılmış və məlumatları həmin hesabda əks olunmuşdur. Həmin fərdi şəxsi hesab nömrəsinin digər FİN üzrə açılması isə aşkar edilməmişdir, habelə “Sığorta (Monitorinq)” altsistemində soyadı, adı, ata adı “X13” olan sığortaolunan aşkar edilməmişdir. Göründüyü kimi, İddiaçı **********207 nömrəli fərdi şəxsi hesabında soyadında olan səhvlik aradan qaldırılmış və MElS-in “Sığorta (Monitorinq)” altsistemində soyadı “Cəfərova” olaraq düzəliş olunmuş, onun sığortaolunan kimi ilkin qeydiyyatı zamanı soyadı “Səfərova” olaraq qeyd olunsa da, **********207 fərdi şəxsi hesab nömrəsi onun adına açılmış və bütün məlumatları həmin hesabda qeydə alınmışdır. İddiaçıya verilmiş hər iki şəhadətnamə eyni fərdi identifikasiya nömrəsi və eyni sosial sığorta nömrəsi ilə bağlıdır. İddiaçı daimi (dəyişilməz) **********207 sosial sığorta nömrəsi ilə uçota alınaraq vahid fərdi şəxsi hesabla təmin edilmiş, iki fərqli soyad ilə sosial sığorta şəhadətnaməsi verilsə də, vahid nömrə ilə bir hesab mövcud olmuşdur. İş materiallarında olan Sığortaolunanın hesabından çıxarışdan görünür ki, Sığortaolunan İddiaçı məxsus hesabda (FİNxxxxxxx, sosial sığorta nömrəsi **********207) 2006-2014-cü illər üzrə bütün ödənişlər öz əksini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, qərar ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-88/2024 nömrəli, 26 fevral 2024-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar