Məhkəmə qərarları › İş №2-1(103)-2625/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2625/2021

11.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2625/2021 11.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X6 qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil1, Üçüncü şəxslərin vəkili və nümayəndəsi Vəkil2 Ənvər oğlunun iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə qarşı 3-cü şəxslər X3, X1, X4 olmaqla üçüncü şəxslərin qeydiyyatdan çıxarılma öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7243/2021 saylı, 19 avqust 2021-ci il tarixli qərardadından iddiaçının vəkili və nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olan ünvan 1 mənzil 38-də qeydiyyatda olan, faktiki olaraq mənzildə yaşamayan 3-cü şəxslər X3, X1, X2 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 mənzil 38 iddiaçının xüsusi mülkiyyətindədir. Üçüncü şəxslər həmin ünvanda pasport qeydiyyatında olsalar da, faktiki olaraq yaşamırlar, uzun müddətdir ki, Türkiyə Respublikasına köçmüşlər və iddiaçıda olan məlumata görə artıq Türkiyə Respublikasının vətəndaşıdırlar, onlar mənzilə istifadə hüququ olmayan şəxslərdir və buna görə də onların həmin mənzilə dair qeydiyyatına xitam verilməlidir. Mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan evdə onların formal olaraq qeydiyyatda qalmağı, iddiaçının bu hüququnun tam olaraq həyata keçirilməsinə mane olur. Bakı İnzibati Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 2-1(112)-7243/2021 saylı qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Məhkəmə qərardadında iddianın mümkün sayılmamasına əsas kimi göstərmişdir ki, iddiaçı ilə üçüncü şəxslər arasındakı münasibətlər mülki hüquq münasibətləri olmaqla mülki məhkəmə icraatının araşdırma predmetinə daxildir. Buna görə də qeyd olunan mülkü münasibətlərin mövcud olub-olmaması mülki məhkəmə icraatı qaydasında müəyyən olunmalıdır. Çünki nəzərə alınmalıdır ki, Mülki Məcəllənin normaları ümumi qayda olaraq yalnız mülki xarakterli münasibətləri, yəni tərəflərin iradələrinin bərabərliyinə əsaslanan mülki hüquq münasibətlərini tənzimləyən qaydalardır və ümumi (publik) hüquq sahəsində yaranan münasibətlərə tətbiqi mümkün deyildir. Lakin hazırkı işdə həmin münasibətlərin müəyyən olunması ilə bağlı hər hansı bir məhkəmə qətnaməsi mövcud deyildir. Cavabdeh inzibati orqanın yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan hər hansı biri müəyyən olunmadan şəxsləri qeydiyyatdan çıxarması ilə bağlı qanunvericilikdən irəli gələn hər hansı bir öhdəliyi və səlahiyyəti yoxdur. Həmin qərardaddan narazı qalan iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, iddia tələbinin mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək işin mahiyyəti üzrə yenidən baxılması və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə gəldiyi bu nəticə ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24.09.2020-ci il tarixli qərarını tamamilə görməzdən gəlmişdir. Halbuki iddia ərizəsində və məhkəmə iclasında da iddiaçı tərəfindən qeyd olunmuşdur ki, iddianın hüquqi əsası məhz AR KM-in 24.09.2020-ci il tarixli qərarıdır. Həmin qərarda birmənalı olaraq təsbit olunmuşdur ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Həmçinin məhkəmə qərardadın bir neçə hissəsində qeyd etmişdir ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmalıdır. Məhkəmənin qərarı ilə razılaşmayaraq bildirilmişdir ki, əgər istifadə hüququna xitam verilməsi barədə qətnamə olsa idi, inzibati orqan “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 5-ci hissəsinə əsasən üçüncü şəxsləri qeydiyyatdan çıxarmalı idi. Lakin məhkəmə nəzərə almalı idi ki, hazırkı mübahisə isə qeyd edilən qanunun 9-cu maddəsinin 1-ci hissəsi ilə, yəni mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlıdır. Bununla bağlı olaraq AR KM-in Plennumu 24.09.2020-ci il tarixli qərarında qeyd etmişdir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə və apellyasiya şikayətinə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, işə mahiyyəti üzrə yenidən baxılmasını xahiş etdi. Üçüncü şəxslərin vəkili və nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxs X1 təyin edilmiş məhkəmə iclasında özünün və nümayəndəsinin iştirakını təmin etməmiş, iştirak etməmə barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən cavabdehin nümayəndəsinin və üçüncü şəxs Ələkbərov Rauf iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq və tərəflərin izahatlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş müvafiq prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. İş materiallarında olan DƏDRX tərəfindən verilmiş çıxarışdan müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən 38 saylı mənzil üzərində iddiaçının əmlak hüququ tam mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 27.03.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası DİN-nin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin 11.08.2021-ci il tarixli məktubundan görünür ki, X3 14.01.1982-ci il, X4 isə 05.09.2003-cü il tarixdən yaşayış yeri üzrə qeydiyyatdadırlar. Məhkəmə kollegiyası hesab edir ki, ünvan 1 ünvanında yerləşən 38 saylı mənzil üzərində iddiaçının əmlak hüququ tam mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq iddiaçının istifadəsində olduğundan iddiaçının hazırki tələblə məhkəməyə müraciət etməkdə subyektiv hüququ olmuşdur. Yaşayış sahəsini boşaltmalıdır (ondan istifadəni dayandırmalıdır). “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli Qərarında əksini tapmış hüquqi mövqeyinə görə “... şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir”. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 05 nömrəli qərarında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır…İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir….Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır…İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddianın mahiyyəti ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, ümumi mənada subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Subyektiv mənada iddia vermək hüququ bir tərəfdən şəxsin hüququnun pozulub-pozulmamasını, digər tərəfdən iddia vermək hüququna malik olub-olmamasını özündə ehtiva edir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin iddianın mümkünlüyünü müəyyən edən 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası hesab edir ki, Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7243/2021 saylı, 19 avqust 2021-ci il tarixli qərardadı ləğv olunmalı və iş müvafiq prosessual hərəkətlərin yerinə yetirilməsi həmin məhkəməyə göndərilməlidir. Qeyd olunanlara əsasən və İPM-in 68, 69, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7243/2021 saylı, 19 avqust 2021ci il tarixli qərardadı ləğv edilsin. İş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar