Məhkəmə qərarları › İş №2-1(103)-2625/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2625/2025

30.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2625/2025 30.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1708/2025 saylı, 13 mart 2025ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, **********030900 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil tərəfindən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim olunaraq, məhkəmədən, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, **********531000 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi barədə qərar çıxarılması xahiş olunmuşdur İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (VÖEN: **********) barəsində cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul edilərək əsassız şəkildə artıq əlavə dəyər vergisi hesablanmışdır. Qərarın əsası kimi cavabdeh operativ vergi nəzarəti zamanı keçirilmiş yoxlama zamanı malın əskik gəlmə faktının olmasını göstərmişdir. Qeyd olunur ki, vergi orqanı tərəfindən keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı ümumilikdə 36354,4 manat (ƏDV-li) məbləğində malların elektron qaiməfaktura olmadan satışı müəyyən edilmiş, vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd edilən kənarlaşma vergi ödəyicisi tərəfindən aradan qaldırılaraq dəqiqləşdirilmiş ƏDV bəyannaməsi təqdim edilərək müvafiq hesablama aparılmışdır. Lakin vergi orqanı özünün keçirdiyi yoxlamasına zidd olaraq, süni şəkildə 100.616,64 manat vergi məbləği qədər (yəni, ümumilkdə 558.981 manat) dövriyyənin azaldıldığını bildirmişdir. Halbuki, vergi orqanı öz xx.xx.2024-cü il tarixli məsuliyyətə cəlb etmə qərarı ilə də təsdiq etmişdir ki, kənarlaşma yalnız 36354,4 manat məbləğindədir. Belə olan halda, əlavə dövriyyənin nəyə əsasən müəyyən edildiyi əsaslandırılmamışdır. Bundan əlavə, vergi orqanı qərarında süni şəkildə idxal mallarının dəyərini artırmışdır. Belə ki, qərarda qeyd edilir ki, ümumilikdə vergi ödəyicisi tərəfindən 2.909.891,75 manat məbləğində mal idxal edilmişdir. Lakin bu məbləğin haradan yarandığı aydın deyil. Digər tərəfdən, vergi orqanı tərəfindən ticarət əlavəsini hansı qaydada müəyyən etdiyi də aydın deyil. Qərarda da bununla bağlı hər hansı qeyd yoxdur. Həmçinin bildirilir ki, mübahisələndirilən qərardan vergi ödəyicisi tərəfindən inzibati qaydada xx.xx.2024-cü il tarixində şikayət verilmişdir, lakin indiyədək şikayət üzrə qərar qəbul edilməmişdir. Bu səbəbdən, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Vergi orqanı tərəfindən mübahisələndirilən qərarda qeyd edilmişdir ki, qaimə-faktura üzrə 2.220.786,19 manat, yük-gömrük bəyannamə məlumatına əsasən isə idxal əməliyyatları üzrə 2.909.891,75 manat mal alışı olmuşdur. Keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı 151.664,27 manat sənədli mal qalığının olduğu, ticarət əlavəsinin isə 8 faiz həddində olması müəyyən edilmişdir. Aparılmış araşdırma zamanı vergi nəzarəti tədbirlərinə qədər elektron qaimə-faktura, ixrac və kassa üzrə satış dövriyyə məbləği 4.818.353,47 manat təşkil etdiyindən, 2024-cü ilin fevral ayı üzrə 100.616,64 manat vergi məbləği qədər malların əskik gəlməsi istiqamətində kənarlaşmalar yaranmışdır. Bu rəqəmlər hamısı gözəl səslənə bilər, lakin qeyd edilən rəqəmlərdən vergi orqanının qərarında əks edilmiş vergi məbləğinin necə alındığı müəyyən deyil. Başqa sözlə, vergi orqanı qərarında öz nəticəsinin şərtlərini göstərib, lakin bu şərtlərdən istifadə edilmə düsturunu göstərməyib. “İnzibati icraat haqqında” Qanunun 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Burada isə hər hansı normaya istinad edilməmişdir. Həmin Qanunun 61.3-cü maddəsinə əsasən inzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Hazırki halda bu tələblərə riayət edilməmişdir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qərarda problemli digər bir məsələ isə ondan ibarətdir ki, əsaslandırma hissəsində “100.616,64” manat vergi məbləği qədər malların əskik gəlməsi qeyd edilsə də, qərarda ümumulikdə vergi öhdəliyinin 95071,07 manat olduğu qeyd edilmişdir. Yuxarıda da qeyd edildiyi kimi, inzibati orqan tərəfindən qərar tam əsaslandırılmamışdır. Xüsusilə vergi orqanının vergi hesablanarkən istinad etdiyi qanun norması əks edilməmişdir. Qeyd olunur ki, hazırda mübahisə əlavə dəyər vergisi üzərindəndir. Vergi Məcəlləsinin 178-ci maddəsinə əsasən ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Bu maddələrin təhlilindən belə nəticəyə gəlmək olar ki, ƏDV üzrə vergi tutulan dövriyyə müvafiq təqvim ayı üzrə malların təqdim edilməsində yaranan dövriyyədir. Bu səbəbdən, vergi orqanı tərəfindən hər hansı normaya istinad etmədən 2024-cü il fevral ayı üzrə deyil, əvvəlki dövriyyələrin araşdırılması aydın deyil və qərarın əsassız olduğunu göstərir. Yuxarıda qeyd edilənlərin davamı olaraq, ehtimal etmək olar ki, vergi orqanı mübahisələndirilən qərarı qəbul edərkən Vergi Məcəlləsinin 67.15-ci maddəsini rəhbər tutub. Vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Nəzərə alınmalıdır ki, vergi ödəyicisi barəsində xx.xx.2024-cü il tarixində Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən operativ vergi nəzarəti keçirilmiş, həmin operativ vergi nəzarəti zamanı ümumilkdə 36354,4 manat məbləğində malın elektron qaimə-faktura verilmədən təqdim edilməsi faktı aşkar edilmişdir. Başqa sözlə desək, Vergi Məcəlləsinin 67.15-ci maddəsinin mənasında vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edilmişdir. Həmin malların məbləği isə məhz 36354,4 manat təşkil etmişdir. Vergi ödəyicisi tərəfindən bu fakt mübahisələndirilməmiş və dəqiqləşdirilmiş əlavə dəyər vergisi bəyannaməsi təqdim edilərək bu uyğunsuzluq vergi ödəyicisinin özü tərəfindən aradan qaldırılmışdır. Yəni, faktiki olaraq Vergi Məcəlləsinin 67.15-ci maddəsi vergi ödəyicisi tərəfindən hazırki halda artıq tətbiq edilmişdir. Vergi orqanı tərəfindən isə bundan sonra bu maddəyə istinad etməsi qeyri-mümkündür, çünki həmin norma məhz vergi nəzarəti zamanı aşkar edilmiş faktlarla məhdudlaşır. Hazırki halda isə, vergi orqanı kameral yoxlama nəticəsində yüzlərlə min manatdan artıq dövriyyənin əskik gəlməsini bildirir ki, bu da operativ vergi nəzarəti zamanı aşkar edilmiş faktlara ziddir. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Hazırki halda, vergi orqanı müvafiq dövr üzrə kənarlaşan dövriyyənin məbləğini artıq özü operativ vergi nəzarəti zamanı təsdiq etmişdir. Göründüyü kimi, mübahisələndirilən qərar əsassızdır. Diqqət edilməli daha bir məqam isə vergi orqanının hesablamada əsas götürüdüyü vergi ödəyicisinin idxal etdiyi malları məbləği ilə bağlıdır. Belə ki, həmin məbləğ vergi orqanı tərəfindən süni şəkildə şişirdilmişdir. Qeyd olunur ki, müvafiq dövr üzrə vergi ödəyicisi tərəfindən 2.450.467,88 manat dəyərində mal idxal edilmiş, vergi orqanı isə gömrük orqanı tərəfindən gömrük məqsədləri üçün istifadə edilmiş statistik dəyəri əsas götürmüşdür ki, bu da tamamilə əsassızdır. Burada vergi orqanı malların faktiki dəyəri ilə gömrük orqanı tərəfindən istifadə edilən statistik (nəzəri) dəyəri arasında fərqi əsassız olaraq vergi ödəyicisnin dövriyyəsinə aid etmişdir. Bununla bağlı Ali Məhkəmənin formalaşmış məhkəmə təcrübəsi də mövcuddur. Belə ki, Ali Məhkəmənin baxdığı analoji iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli, 2-1(102)-177/2024 saylı qərarına əsasən “İddiaçı haqlı olaraq qeyd edir ki, mallar Azərbaycan Respublikasına idxal olunarkən gömrük orqanları tərəfindən malların statistik dəyərinin hesablanması yalnız gömrük məqsədləri üçün istifadə olunur.” Vergi Məcəlləsinin 139.2-ci maddəsinə əsasən əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. Vergi ödəyicisi tərəfindən də malların maya dəyəri hesablanarkən malın invoys dəyəri, rüsum, yığım, qısa idxal və tərəzi xərcləri və nəqliyyat xərcləri nəzərə alınmışdır. Digər tərəfdən, əgər vergi orqanı hesab edirdisə ki malların faktiki dəyəri düzgün göstərilməyib, Vergi Məcəlləsinin 14-cü maddəsində qeyd edilən bazar qiymətinin müəyyən edilməsi ilə bağlı tələblərə riayət etməli idi. Yuxardı qeyd edilənlər bir daha göstərir ki, vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, **********531000 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar əsassızdır və ləğv edilməlidir. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-yə (VÖEN: **********) 2024-cü ilin fevral ayı üçün əlavə dəyər vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə 95071,07 manat əlavə vergi məbləği hesablanmışdır. Aparılmış araşdırma nəticəsində uçot-baza məlumatlarına əsasən vergi ödəyicisinin xx.xx.2021-ci il tarixində ƏDV qeydiyyatının qüvvəyə mindiyi, xx.xx.2021xx.xx.2024-cü il tarixlərə qədər elektron alış üzrə 0 manat, elektron qaimə-faktura üzrə 2.220.786,19 manat dəyərində, yük-gömrük bəyannamə məlumatına əsasən isə idxal əməliyyatları üzrə 2.909.891,75 manat dəyərində mal alışının olduğu müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı vergi ödəyicisinin 151.664,27 manat sənədli mal qalığının olduğu müəyyən edilmişdir. İddiaçı MMC-nin rəhbəri X3 tərəfindən vergi orqanına yoxlama zamanı təqdim edilmiş arayışa əsasən müəssisə tərəfindən satılan mallara orta hesabla 8% ticarət əlavəsinin tətbiq edildiyi qeyd edilmişdir. Beləliklə, aparılmış araşdırma zamanı vergi nəzarəti tədbirlərinə qədər elektron qaimə-faktura, ixrac və kassa üzrə satış dövriyyə məbləği 4.818.353,47 manat təşkil etdiyindən, 2024-cü ilin fevral ayı üzrə 100.616,64 manat vergi məbləği qədər malların əskik gəlməsi istiqamətində kənarlaşmalar yaranmışdır. Qeyd edilənlərlə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********891500 nömrəli məktub göndərilərək dəqiqləşdirilmiş bəyannaməni, müvafiq təsdiqedici sənədləri və ətraflı izahat məktubunu vergi orqanına təqdim etməklə yaranmış kənarlaşmanın aradan qaldırılması tələb olunmuşdur. Kənarlaşma aradan qaldırılmadığı üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2024-cü ilin fevral ayı üçün ƏDV bəyannaməsi üzrə 95071,07 manat əlavə vergi məbləği hesablanmışdır. İddiaçının vəkili məhkəməyə ərizə təqdim etmişdir ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi qeyd olunan ərizə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Ərizədə qeyd olunur ki, qərarın əsaslandırma hissəsində “100616,64” manat vergi məbləği qədər malların əskik gəlməsi qeyd edilsə də, qərarda ümumulikdə vergi öhdəliyinin 95071,07 manat olduğu qeyd edilmişdir. Bununla bağlı qeyd olunur ki, vergi ödəyicsinini rəhbərinin xx.xx.2024-cü il tarixli izahatında EBBV220509 və EBCL423596 elektron qaimə-fakturaların təqdim edilməsi zamanı texniki xəta olması və malların miqdarının və vahidinin qiymətinin ona görə alış göstəriciləri ilə uzlaşmaması barədə məlumat əks olunmuşdur. Həmçinin, satılmış malların ümumi dəyərinin və ƏDV-nin vergitutma baxımından düzgün olması da izahatda qeyd edilmişdir. Daha sonra ərizədə vergi hesablanarkən istinad olunan qanun normasının əks etdirilməməsi və vergi orqanı tərəfindən hər hansı normaya istinad edilmədən 2024-cü ilin fevral ayı üzrə deyil, əvvəlki dövriyyələrin araşdırılmasının aydın olmadığı bildirilir. Qeyd edilənlərlə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********891500 nömrəli məktub göndərilərək dəqiqləşdirilmiş bəyannaməni, müvafiq təsdiqedici sənədləri və ətraflı izahat məktubunu vergi orqanına təqdim etməklə yaranmış kənarlaşmanın aradan qaldırılması tələb olunmuşdur. Həmin məktubda qanunvericiliyin hansı müddəalarına əsaslanaraq qanunamüvafiq tədbirlər keçirilməsi bildirilmişdir. Eyni zamanda bildirilir ki, kameral vergi yoxlaması ilə hesablanmış məbləğ Vergi Məcəlləsinin 50-ci maddəsinə əsasən Operativ vergi nəzarətinin keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli **********52 nömrəli qərarına əsaslanmışdır. Habelə ərizədə qeyd olunur ki, müvafiq dövr üzrə vergi ödəyicisi tərəfindən 2.450.467,88 manat dəyərində mal idxal edilmiş, vergi orqanı isə gömrük orqanı tərəfindən gömrük məqsədləri üçün istifadə edilmiş statistik dəyəri əsas götürmüşdür. Bununla bağlı isə bildirilir ki, vergi ödəyicisi tərəfindən 2.450.467,88 manat dəyərində mal idxal edildiyi halda, 532.284,51 manat dəyərində ƏDV məbləği əvəzləşdirildiyindən (statistik dəyər) satış dövriyyəsi də uyğun olaraq 2.909.891,75 manat qiymətləndirilmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1708/2025 saylı, 13 mart 2025-ci il tarixli qərarı ilə (hakim N.Abıyev) iddianın təmin edilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024cü il tarixli, **********531000 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1708/2025 saylı, 13 mart 2025-ci il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya etirazın dəlilləri ilə oxşar məzmunda əsaslandırılmış və göstərilmişdir ki, “İnzibati icraat haqqında” qanunun Vİ fəsli İnzibati aktlara həsr edilmişdir. Həmin fəslin müddəalarında inzibati aktda istifadə olunan rəqəmlərin konkret hansı hüquqi və ya iqtisadi düsturlar əsasında hesablanması tələbi nəzərdə tutulmamışdır. Həmin Qanunun tələblərinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Hazırda mübahisələndirilən xx.xx.2024-cü il tarixli **********531000 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın əsaslandırma hissəsinə nəzər salsaq görərik ki, iddiaçının hansı tarixdən ƏDV qeydiyyatına alınması, idxal və alış məlumatları, keçrilmiş OVN tədbiri və s.məlumatlar, habelə hesablamaya əsas olmuş rəqəmlər barədə məlumat əks olunmuşdur. Keçirilən OVN tədbiri zamanı əldə olunan mal qalığı barədə məlumatlar, habelə VM-nin 67.1.6-cı maddəsində nəzərdə tutulan vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar əsasında hesablama aparılmışdır. Habelə nəzərə alınsa ki, iddiaçıya məxsus elektron qaimə-faktura və yük gömrük bəyannamələri ilə iddiaçının hesablama aparılan günə kimi təqdim etdiyi ƏDV bəyannamələri üzrə ümumi dövriyyə məbləği arasında 2024-cü ilin fevral ayı üzrə 534.652,0 manat dövriyyə fərqi yaranmışdır. Bu halın özü qeyd olunan məbləğdə malların faktiki olaraq iddiaçının sahibliyində olmadığını sübut edir. Kameral vergi yoxlaması ilə hesablanmış 95.071,07 manat əlavə vergi məbləği keçirilən operativ yoxlama zamanı iddiaçının ümumilikdə 36354,4 manat məbləğində malın elektron qaimə-faktura verilmədən təqdim edilməsi faktı ilə əlaqəli olmamışdır. İddiaçıya hesablanmış 95.071,07 manat əlavə vergi məbləği yuxarıda da qeyd edildiyi kimi iddiaçının hesablama aparılan günə kimi təqdim etmiş olduğu ƏDV bəyannamələri üzrə ümumi dövriyyə məbləği ilə yoxlama ilə aparılan araşdırma zamanı yaranmış 534.652,0 manat dövriyyə fərqinə hesablanmış məbləğdən ibarətdir. Vergi ödəyicisi tərəfindən idxal əsasında əldə edilmiş malların 532.284,51 manat dəyərində ƏDV məbləği əvəzləşdirildiyi üçün satış dövriyyəsi uyğun olaraq 2.909.891,75 manat qiymətləndirilmişdir. Cavabdeh mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin, yəni yayındırılmış dövriyyənin mövcudluğunu sübut etmişdir. İşin faktiki hallarına nəzər saldıqda, cavabdehin qənaətinin iddiaçının qanunla qorunan hüquqlarını pozmadığı, eləcə də mütənasiblik prinsipinin tələblərinə əməl olunduğu, şəxsin hüquqlarına müdaxilənin inzibati orqanın nail olmaq istədiyi legitim məqsədə çatmaq üçün yararlı, zəruri və proporsional olduğu müəyyən olunmuşdur. Göründüyü kimi məhkəmə qərar qəbul edərkən iş materiallarını kifayət qədər araşdırmamış, sübutlar üzrə düzgün qiymətləndirmə aparmamış, qanuni və əsaslı olmayan qərar qəbul etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 49.3 və 49.6-cı maddələrinin şərh edilməsi haqqında” 6 avqust 2002-ci il tarixli Qərarında qeyd olunur ki, vergi ödəmək vəzifəsində cəmiyyətin ümumi maraqları əks olunub. Dövlət təkcə vergi ödəyicilərinin deyil, həm də cəmiyyətin digər üzvlərinin hüquqlarını və qanuni maraqlarını müdafiə etmək məqsədi ilə vergi münasibətlərinin tənzimlənməsi üzrə tədbirlər görmək hüququna malikdir və belə tədbirlər həyata keçirilməlidir. Buna görə də vergi tutulması vergi ödəyicisinin mülkiyyətindən əsassız məhrum edilməsi kimi yox, konstitusiya vəzifələrindən irəli gələn əmlakın müəyyən hissəsinin qanuni götürülməsi kimi qiymətləndirilməlidir. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. Qanunda müəyyən edilmiş qaydada vergilərin ödənilməsi ilə bağlı vəzifələrin yerinə yetirilməməsi belə şəxslərin məsuliyyətə cəlb olunması üçün əsas yaradır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin materiallarında olan: - Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli, **********5294 nömrəli qərara əsasən İddiaçı MMC-nin malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirilməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektlərindən (obyektlərindən) digər təsərrüfat subyektlərinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək operativ vergi nəzarəti təyin edilmişdir. - Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2024-cü il tarixli, **********0993 nömrəli qərarı ilə İddiaçı MMC Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 3635,44 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. İşin halları ilə müəyyən olunur ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********531000 №-li qərarına əsasən fevral 2024-cü il əlavə dəyər vergisi üzrə; - Təqdim edilmiş bəyannamə, hesabat üzrə İddiaçı MMC tərəfindən hesablanmış vergi və sığorta haqqı – 17.199,51 manat; - Əvvəlki kameral yoxlama ilə müəyyən edilmiş vergi və ya sığorta haqqı – 0,00 manat; - Vergi orqanı tərəfindən aparılmış kameral vergi yoxlama nəticəsində müəyyən ediliş vergi və sığorta haqqı – 77871,56 manat. - Kameral yoxlama nəticəsində: Əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği – 95071,71 manat; Verginin azaldılmış məbləği və ya sığorta haqqı – 0,00 manat; Bəyannamə və hesabat təqdim edilməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı – 0,00 manat müəyyən olunmuş və qeyd olunan nəticə aşağıda göstərilənlərlə əsaslandırılmışdır: - xx.xx.2021-ci il tarixində vergi ödəyicisinin ƏDV qeydiyyatı qüvvəyə minmiş, xx.xx.2021-xx.xx.2024-cü il tarixlərə qədər elektron alış aktı üzrə 0 manat, elektron qaimə-faktura üzrə 2.220.786,19 manat, yük-gömrük bəyannamə məlumatına əsasən isə idxal əməliyyatları üzrə 2.909.891,75 manat mal alışı olmuşdur. Keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı 151.664,27 manat sənədli mal qalığı olduğu, ticarət əlavəsinin isə 8 faiz həddində olması müəyyən edilmişdir. Aparılmış araşdırma zamanı vergi nəzarəti tədbirlərinə qədər elektron qaimə-faktura, ixrac və kassa üzrə satış dövriyyə məbləği 4.818.353,47 manat təşkil etdiyindən, 2024-cü ilin fevral ayı üzrə 100.616,64 manat vergi məbləği qədər malların əskik gəlməsi istiqamətində kənarlaşmalar yaranmışdır. Hazırda iddiaçı tərəfindən Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********531000 №-li qərarı mübahisələndirilir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, vergi orqanı tərəfindən xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə keçirilən operativ yoxlama zamanı iddiaçının ümumilikdə 36354,4 manat məbləğində malın elektron qaimə-faktura verilmədən təqdim edilməsi faktı müəyyən olunmuş və ona həmin məbləğin 10% miqdarında, yəni 3635,44 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Göründüyü kimi yoxlanılan dövrdə iddiaçının elektron qaimə-faktura olmadan təqdim edilən malın 36.354,4 manat olduğu müəyyən edildiyi halda, cavabdeh kameral vergi yoxlaması zamanı 100.616,64 manat malın elektron qaimə-faktura olmadan təqdim edilməsi hesab edilmiş, bununla da kənarlaşmanın yarandığı iddia olunmuşdur. Göründüyü kimi cavabdehin kameral vergi yoxlaması zamanı irəli sürdüyü mülahizələr faktiki olaraq operativ vergi yoxlaması zamanı müəyyən olunmuş hallar ilə birbaşa ziddiyyət təşkil etməkdədir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakılara əsasən qeyd edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas yoxdur. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: Maddə 1.3. Bu Məcəllə ilə müəyyən olunan anlayışlar və qaydalar vergitutma məqsədi ilə müəyyən edilir və müstəsna olaraq bu Məcəllə və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktlar ilə tənzimlənən vergitutma və vergi nəzarəti ilə bağlı münasibətlər hüdudlarında tətbiq olunur. Maddə 3.5. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir; Maddə 24.1.1. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludur. Maddə 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 37.5. Bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. 37.6. Kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4cü maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi ödəyicisinin, vergitutma obyektinin uçotunda, vergilərin hesablanmasında və ödənilməsində yol verdiyi səhvləri müstəqil düzəltmək hüququ vardır. Bu maddədə nəzərdə tutulmuş müddəalar vergi agentlərinə də şamil edilir. Maddə 54.0. Şəxs aşağıda müəyyən olunmuş hallardan ən azı biri olduqda, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz: 54.0.1. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması; 54.0.2. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsirinin olmaması; 54.0.3. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunu törədən fiziki şəxsin həmin əməl törədildiyi ana məsuliyyətə cəlb edilmə yaşına çatmaması; 54.0.4. vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə müddətinin qurtarması. Maddə 83.7. Vergi orqanlarında vergi ödəyicisinin vergini ödəməkdən yayınmaq niyyətində olduğunu təsdiq edən əsaslandırılmış konkret məlumat varsa və verginin tutulmasının təmin edilməsi zəruridirsə, habelə vergi ödəyicisi riskli vergi ödəyicisidirsə, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ vardır. Vergi orqanı bu barədə əsaslandırılmış qərar çıxarmalıdır. Maddə 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi, təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri üzrə yaranmış maliyyə öhdəliklərinin qarşılıqlı şəkildə əvəzləşdirilməsi və ya notariusun depozit hesabı vasitəsilə həyata keçirilən əməliyyatlar üzrə əməliyyatın dəyərinin notariusun bankda açdığı depozit hesabına ödənilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir: 175.1.1. hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt; Qeyd olunan maddələrin tələblərindən göründüyü kimi kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə digər sənədlər əsasında keçirilən yoxlama növüdür. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin vergi orqanına təqdim edildiyi gündən 30 gün müddətində keçirilir. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisinin təqdim etdiyi bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı tərəfindən vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Kameral yoxlama zamanı vergi bəyannaməsində vergilərin hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair bildiriş göndərilir. Kameral yoxlama aparmaq üçün zəruri olan vergi bəyannaməsi üzrlü əsas olmadan VM-də müəyyən olunmuş müddətdə təqdim edilmədikdə, VM-nin 67-ci maddəsinə müvafiq olaraq vergi hesablanır. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən qərarda iddiaçı ilə bağlı vergi orqanı tərəfindən xx.xx.2024-xx.xx.2024 tarixlərdə keçirilən operativ yoxlamanın nəticəsi öz əksini tapır. Qanunvericiliyin tələbinə görə vergi orqanı tərəfindən qəbul edilmiş yazılı inzibati akt əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Lakin hazırkı işin halları baxımından vergi orqanı tərəfindən bu tələbə əməl edilməmiş, iddiaçı tərəfindən 100.616,64 manat malın elektron qaimə-faktura olmadan təqdim edilməsini necə müəyyən edilməsi, maliyyə sanksiyasının hansı düstur və cədvəl ilə hesablanması göstərilməmişdir. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, vergi orqanı tərəfindən ƏDV-nin hesablanması zamanı vergi tutulan əməliyyatların təqvim ayı üzrə aparılmalı olması qaydasına əməl edilməmişdir. Vergi Məcəlləsinin tələbinə görə ƏDV üzrə hesabat dövrü konkret təqvim ayını əhatə etməli və bu dövr üzrə yaranmış dövriyyələr nəzərə alınmalıdır. Lakin cavabdeh orqanın mübahisəli qərarında hər hansı əsaslandırma aparmadan 2024-cü il fevral ayı üzrə deyil, əvvəlki dövriyyənin araşdırılması faktını əsaslandıra bilməmiş, öz inzibati aktında da bu halı əks etdirməmişdir. Vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 67.15-ci maddənin tələblərinə əməl edilmədən yoxlama keçirilmiş, bu səbəbdən yoxlamanın nəticəsi olaraq tərtib edilmiş qərar əsassızdır. Belə ki, maddənin məzmununa görə vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Vergi orqanı tərəfindən xx.xx.2024-xx.xx.2024 tarixlərdə keçirilən operativ yoxlama zamanı iddiaçının ümumilikdə 36354,4 manat məbləğində malın elektron qaimə-faktura verilmədən təqdim edilməsi faktı müəyyən olunmuş və ona həmin məbləğin 10% miqdarında, yəni 3635,44 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Göründüyü kimi yoxlanılan dövrdə iddiaçının elektron-qaimə faktura olmadan təqdim edilən malın 36.354,4 manat olduğu müəyyən edildiyi halda, cavabdeh kameral vergi yoxlaması zamanı 100.616,64 manat malın elektron qaimə-faktura olmadan təqdim edilməsi hesab edilmiş, yoxlamanın nəticəsi ilə əlaqəli olmayan qərar qəbul edilmişdir. Vergi Məcəlləsinin 14-cü maddəsində aydın şəkildə qeyd olunur ki, malların (işlərin, xidmətlərin) bazar qiyməti, yəni tələb və təklifin qarşılıqlı təsiri nəticəsində formalaşan qiymət əsas götürülməlidir. Halbuki, cavabdeh orqan tərəfindən malların dəyəri kimi gömrük orqanlarının statistik məqsədlərlə istifadə etdiyi dəyər qəbul olunmuş, bu isə hüquqi baxımdan əsassız yanaşmadır. Gömrük statistikası çərçivəsində müəyyən edilmiş qiymət göstəriciləri yalnız gömrük rüsumlarının və tariflərinin hesablanması məqsədi daşıyır və vergi münasibətlərində malın bazar dəyərinin müəyyən edilməsi üçün tətbiq edilə bilməz. Vergi orqanı bu yanaşması ilə Vergi Məcəlləsinin 14-cü maddəsinin tələblərini birbaşa şəkildə pozmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdehin iddiaya etirazında və apellyasiya şikayətində göstərdiyi digər dəlillər tamamilə üst-üstə düşür. Bu səbəbdən də, Kollegiya birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallarla və istinad etdiyi qanunvericilik normaları ilə razılaşır. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1708/2025 saylı, 13 mart 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar