Məhkəmə qərarları › İş №2-1(103)-2626/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2626/2021

24.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2626/2021 24.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Yasamal Bələdiyyəsinə qarşı “cavabdehin 17/02 saylı 10.02.2020-ci il tarixli qərarının, 11/01 saylı 10.01.2020-ci il tarixli inzibati aktının ləğv edilməsi və hesablanmış 397.95 manat vergi borcunun silinməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, X5-Yusiflinin katibliyi, İddiaçının nümayəndəsi (həyat yoldaşı) X1, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Yasamal Bələdiyyəsinə qarşı “cavabdehin 17/02 saylı 10.02.2020ci il tarixli qərarının, 11/01 saylı 10.01.2020-ci il tarixli inzibati aktının ləğv edilməsi və hesablanmış 397.95 manat vergi borcunun silinməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1811/2021 saylı 23 iyun 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 24 noyabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: 17/02 saylı 10.02.2020-ci il tarixli qərardan görünür ki, İddiaçı “Bələdiyyələrin vergi xidməti haqqında Əsasnamənin” 5.3-cü bəndinə əsasən qeyri-yaşayış sahəsinə və mənzilə (yaşayış) görə Vergi Məcəlləsinin 57.2-ci maddəsinə əsasən maliyyə sanksiyası 100 manat olmaqla, ümumilikdə 397.95 manat borc hesablanmışdır. Bələdiyyə tərəfindən İddiaçı barəsində mübahisəli yaşayış sahəsi üzrə ümumilikdə 397.95 manat məbləğində əmlak vergisinə Bələdiyyə büdcəsinə yerli vergilər, ödənişlər, faiz və maliyyə sanksiyası yaranmış borcların ödənilməsi barədə 24.01.2020-ci il tarixli tələbnamə tərtib edilmişdir. 11.02.2021-ci il tarixli **********0221 saylı tədiyyə bildirişindən görünür ki, İddiaçı 2021-ci il üçün 432.5 manat məbləğində əmlak vergisi hesablanmışdır. Yasamal Bələdiyyəsinin əməkdaşları tərəfindən tərtib edilmiş və Yasamal Bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmiş 11/01 saylı 10 yanvar 2021-ci il tarixli inzibati aktdan görünür ki, Yasamal rayonu, H.ünvan 4-də olan yaşayış sahəsinin xüsusi mülkiyyətçisi İddiaçıdır. Ona məxsus 151.30 kv.m əmlak sahəsi olan yaşayış sahəsi vardır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1 və 200.1-ci maddələrinə əsasən yerli əmlak vergisinə cəlb edilməsi ilə bağlı həmin əmlak sahəsinə ümumilikdə 397.95 manat məbləğində hesablanmış **********1 saylı 16.12.2019-cu il tarixli tədiyyə bildirişinin verilməsinə baxmayaraq və ötən illərə və cari ilə olan əmlak borcunu Bələdiyyənin yerli büdcəsinə ödəməkdən yayınır. Vergi Məcəlləsinin 65.1-ci maddəsinə əsasən 5 (beş) gün müddətində fiziki şəxs əmlak vergisini bələdiyyənin yerli büdcəsinə ödəmədiy təqdirdə, Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli, 487 İİQ nömrəli Qanunu ilə təsdiqləmiş “Bələdiyyələrin vergi xidməti haqqında” Əsasnamənin 5.11-ci bəndinə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müvafiq sanksiya tədbirləri tətbiq edilməsi qərara alınmışdır. Yasamal rayon Bələdiyyəsi İddiaçı ünvanlanmış 935 saylı 06.10.2020-ci il tarixli məktubun məzmunundan görünür ki, “Azərbaycan Respublikası Vergi Məcəlləsinə dəyişiklilər edilməsi haqqında” 20.06.2014-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 198.1.1, 200.1, 200.2-ci maddələrinə, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Qanunun 7.1.1, 7.1.2, 7.1.11 və “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Qanunun 8.0.1, 8.0.2-ci maddələrinə əsasən fiziki şəxslər mülkiyyətində və istifadəsində olan əmlaka və torpağa görə ildə bir dəfə yerli bələdiyyəyə əmlak vergisi ödəməlidir. Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 4 ünvanındakı 151.30 kv.m olan yaşayış sahəsinə 2017, 2018, 2019 və 2020-ci ilin hesabına 397.95 manat hesablanmış əmlak vergi borcunu yerli (bələdiyyə) büdcəsinə ödəməlidir. Bununla əlaqədar olaraq, son dəfə rəsmi xəbərdarlıq etməklə ona 5 (beş) gün müddətində Yasamal Bələdiyyəsinə olan əmlaka dair vergi borcu ödənməlidir. İddiaçı sonuncu tərəfindən icra hərəkətlərinin həyata keçirildiyi dövrdə “Bələdiyyənin mövcud qərarından xəbərdar olmuş və hazırda onu məhkəmə qaydasında mübahisələndirərək, “cavabdehin 17/02 saylı 10.02.2020-ci il tarixli qərarının, 11/01 saylı 10.01.2020-ci il tarixli inzibati aktının ləğv edilməsi və hesablanmış 397.95 manat vergi borcunun silinməsi” barədə qərar çıxarılmasını xahiş edir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Yasamal Bələdiyyəsi tərəfindən 17/02 saylı 10.02.2020-ci il tarixl qərarla müvafiq icra və probasiya şöbəsinə müraciət edilərək, ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 4 –də olan yaşayış sahəsinə görə hesablanmış əmlak vergisi, tətbiq edilmiş maliyyə sanksiyası və cərimənin məcburi qaydada tutularaq Yasamal Bələdiyyəsinin bank hesabına ödənilməsi müəyyən edilmişdir. Qeyd edilən qərarda əmlak vergisi üzrə 53.37 manat, ötən dövlər üzrə (2017; 2018; 2019cu illər) 160.11 manat, faiz borcu üzrə 58.44 manat, Vergi Məcəlləsinin 57.2-ci maddəsinə əsasən 100 manat maliyyə sanksiyası olmaqla, ümumilikdə 37.95 manat vergi borcu olduğu bildirilmişdir. 10.02.2020-ci il tarixli 17/02 saylı qərarda Yasamal Bələdiyyəsinin qəbul etdiyi 10.01.2020-ci il tarixli 11/01 saylı inzibati aktla, həmçinin 16.12.2019-cu il tarixli **********2 saylı tədiyyə bildirişi, 05.02.2020-ci il tarixli **********2 saylı tədiyyə bildirişi və 24.01.2020-ci il tarixli tələbnamə ilə ona müraciət olunduğu, lakin tərəfindən əmlak vergisi üzrə vergi borcunun ödənilməsinin həyata keçirilmədiyi bildirilmişdir. Qərarda qeyd edilən inzibati akt və digər sənədlər ona təqdim olunmamışdır. Vergi borcu barədə məlumatı isə İcra və Probasiya Şöbəsinə müraciəti əsasında 06.08.2020-ci il tarixdə təqdim edilən 10.02.2020-ci il tarixli 17/02 saylı qərar əsasında əldə etmişdir. Ona əmlak vergisinin hesablanması ilə bağlı hər hansı tədiyyə bildirişi daxil olmamışdır. 10.02.2020-ci il tarixli 17/02 saylı qərarda əmlak vergisi üzrə 53.37 manat borc olduğu qeyd edilsə də, borcun aid olduğu vergi dövrü göstərilməmişdir. Lakin daha sonra ötən dövrlərin vergi borclarında 2017-ci, 2018-ci və 2019-cu illərin borcları qeyd edildiyindən əmlak vergisi üzrə 53.37 manat borc məbləğinin 2020-ci ilə aid olduğu müəyyən edilir. Mübahisələndirlən qərar qəbul edilərkən 2020-ci il üzrə əmlak vergisinin ödənilməsi dövrü çatmamışdır. Belə ki, qərar 10 fevral 2020-ci il tarixdə qəbul edildiyi halda, əmlak vergisinin ödənilməsi müddəti 15 avqust və 15 noyabr 2020-ci il tarixə müəyyən edilmişdir. Başqa sözlə, Yasamal Bələdiyyəsi ödənilmə müddəti çatmamış vergi borcunu fiziki şəxsdən tələb etməklə vergi qanunvericiliyinin pozuntusu ilə müşaiyət edilən qərar qəbul etmişdir. Mübahisələndirilən qərarda əmlak vergisinin dövrü göstərilməmiş və Yasamal Bələdiyyəsi tərəfindən həmçinin inzibati aktın həll etdiyi məsələlərin dəqiqliyi ilə bağlı tələblərə əməl edilməyərək qanunsuz və əsassız inzibati akt qəbul olunmuşdur. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, Yasamal rayon, H.Zərdabi prospekti ev 74, mənzil 20-də yaşayan və Nəsimi rayonu, BülBül prospekti ev 68B, mənzil 32-də qeydiyyatda olan İddiaçı məxsus 151.30 kv.m. (mənzil) yaşayış sahəsi vardır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1 maddəsinin tələblərinə uyğun olaraq hər il əmlak vergisi hesablanmaqla mülkiyyətçinin ünvanına göndərilsə də, İddiaçı əmlak vergisi ödəməkdən boyun qaçırmış və hər dəfə ünvana göndərilmiş bildiriş, xəbərdarlıq, son xəbərdarlıqla olan ünvana məktub göndərilsə də, əmlak sahibi vergi öhdəliyini yerinə yetirməmişdir. Bununla bağlı İcra İcraatı qaydasında 10.01.2020-ci il tarixdə 11/01 saylı İnzibati Akt qəbul edilərək ünvana göndərilmiş, 24.01.2020-ci il tarixdə Tələbnamə və 10.02.2020-ci il tarixdə Qərar qəbul edilərək Yasamal rayon İcra şöbəsinə göndərilmişdir. İddiaçının əmlak vergisini ödəməkdən yayındığı halda həmin Qərar və İnzibati Aktdan narazı qalaraq məhkəməyə müraciət etməsi qanunaziddir. İddiaçı ünvanına əmlak vergi ödənişi ilə bağlı 06.10.2020-ci il 935 saylı təkrar məktub göndərilmiş və Vergi Məcəlləsinin 65.1 -ci maddəsinə əsasən 5 (beş) gün müddətində fiziki şəxsin əmlak vergisini bələdiyyənin yerli büdcəsinə ödəmədiyi təqdirdə, Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli, 487 İİQ nömrəli Qanunu ilə təsdiqedilmiş “Bələdiyyələrin vergi xidməti haqqında” Əsasnamənin 5.11-ci bəndini və “İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının Qanunu rəhbər tutaraq müvafiq sanksiya tədbirlərinin tətbiq ediləcəyi bildirilmişdir. Buna baxmayaraq, İddiaçı xüsusi mülkiyyətindəki əmlakına ödəyəcəyi əmlak vergisindən müxtəlif bəhanələrlə yayınmış, qəsdən, bilərəkdən uzadaraq Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərini pozmuşdur. Azərbaycan Respublikasında Koronavirus (COVİD19) xəstəliyinin yayılmasının qarşisinin alınması üçün görülən tədbirlərə dair Ali Məhkəmənin müəyyən tarixlərdə məlumatına əsasən Bakı şəhərində məhkəmələrin fəaliyyəti işlərə baxılmasına dair dayandırılsa da, lakin vergi ödənişləri bankdan, poçtdan və hökumət ödəniş portalından (gpp.az)həyata keçirilsə də, eyni zamanda İddiaçı YVÖK 13011F5F0G52 (yerli vergi ödəyicisinin kodu) təqdim edilsə də, bu günə kimi ödəniş olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1811/2021 saylı 23 iyun 2021-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilərək Bakı şəhəri Yasamal Bələdiyyəsinin 17/02 saylı 10.02.2020-ci il tarixli qərarının, 11/01 saylı 10.01.2020-ci il tarixli inzibati aktının ləğv edilməsi və hesablanmış 397.95 manat vergi borcunun silinməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Yasamal Bələdiyyəsi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddiaçıdan 2017-ci ildən 2021-ci il də daxil olmaqla 442.64 manat məbləğində əmlak vegi borcunun tutulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazın məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, qərar əsassızdır, qanunazidd və qeyri-obyektivdir. Belə ki, iddiaçının yaşayış sahəsinə dəfələrlə tədiyyə bildirişi, xəbərdarlıq verilməsinə baxmayaraq, eyni zamanda telefon bağlantısı yaradılmış, borcunun olduğu və məhkəməyə müraciət olunacağı xəbərdarlığı deyilsə də, nəticədə heç bir pul vəsaiti ödənilməmiş və məhkəmədə onun nümayəndəsi çıxış edərək onun ünvanına heç bir tədiyyə bildirişinin, xəbərdarlığın gəlmədiyini bildirmişdir. X2 Vergi və Ödənişlər şöbəsinin vergi agenti dəfələrlə H.B.ünvan 4 ünvanına gedərək kirayəyə verilmiş yaşayış sahəsində kirayəçinin olduğunu müəyyən etmiş və tərtib olunmuş tədiyyə bildirişini ona verərək, həmin sənədin İddiaçı verilməsini bildirmişdir. Daha sonra xəbərdarlığın verilməsi zamanı evdə qalan kirayəçilər bildirişin ev sahibinə verildiyini bildirmişlər. Eyni zamanda tədiyyə bildirişinin hər hansı yolla verilməməsi borclunu həmin yaşayış sahəsi üzrə əmlak vergisi öhdəliyindən azad etmir. Tədiyyə bildirişinin sistemdən həmin tarixə çap edilməsi qeyri-mümkündür. İddiaçının 2021-ci il də daxil olmaqla bələdiyyəyə borcu 442.64 manat təşkil edir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi (həyat yoldaşı) X3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək ona bələdiyyə orqanı tərəfindən hər hansı tədiyyə bildirişinin, borcun ödənilməsi ilə bağlı xəbərdarlığın göndərilmədiyini, Yasamal icra şöbəsi tərəfindən əmlakı üzərinə həbs qoyulandan sonra belə inzibati akt və qərarın qəbul edilməsinin ona məlum olduğunu bildirmişdir. Bununla bağlı iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, mübahisələndirilən 10.01.2020-ci il tarixli inzibati aktın və 10.02.2020-ci il tarixli qərarın iddiaçı tərəfindən nə vaxt alınmasına dair işdə hər hansı süut yoxdur. iddiaçı hazırki iddia ilə məhkəməyə 21.09.2020-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.1-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1, 62.2 və 62.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Yasamal Bələdiyyəsinə qarşı tələbi “cavabdehin 17/02 saylı 10.02.2020-ci il tarixli qərarının, 11/01 saylı 10.01.2020-ci il tarixli inzibati aktının ləğv edilməsi və hesablanmış 397.95 manat vergi borcunun silinməsi” barədədir. Bu barədə iddiaçının iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 4.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında aşağıdakı vergilər müəyyən edilir və ödənilir: dövlət vergiləri, muxtar respublika vergiləri, yerli vergilər (bələdiyyə vergiləri). Həmin Məcəllənin 4.4-cü maddəsinə əsasən yerli vergilər (bələdiyyə vergiləri) dedikdə, bu Məcəllədə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur.Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyən edilir. Yerli vergilərin (bələdiyyə vergilərinin) dərəcələri vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir. Vergi qanunvericiliyinə uyğun olaraq bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər. Həmin Məcəllənin 5-ci maddəsinə əsasən vergi məbləğləri aşağıdakı formalarda tutulur: bilavasitə mənbədən (verginin gəlir və ya mənfəət əldə edilməsinədək tutulması), bəyannamə üzrə (verginin gəlir və ya mənfəət əldə edilməsindən sonra tutulması), bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi). Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. «Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən yerli ödənişlərə aşağıdakılar aiddir: (9.1.1) bələdiyyə mülkiyyətində olan daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsi ilə bağlı ödəniş, (9.1.2) Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən, icarəyə və istifadəyə verilməsindən daxil olan ödəniş, (9.1.3) bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar və ya səyyar ticarət, ictimai iaşə və digər xidmətlərə görə ödəniş, (9.1.4) bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş. Bu ödəniş hər bir şəxs üçün sutkada 1,1 manatdan çox olmamaqla müəyyən edilir, (9.1.5) bələdiyyə ərazilərində hüquqi və fiziki şəxslərə məxsus olan ixtisaslaşdırılmış avtomobil dayanacaqları və ya bələdiyyələrin qərarına əsasən müəyyən edilmiş yerlərdə bütün növ nəqliyyat vasitələrinin daimi və ya müvəqqəti dayanacaqları üçün ödəniş. Bu ödəniş hər bir nəqliyyat vasitəsi üçün sutkada 0,1 manatdan çox olmamaqla müəyyən edilir. Həmin Qanunun 11.1-ci maddəsinə görə bu Qanunda göstərilən yerli vergilərin və ödənişlərin hesablanması və ödənilməsi müvafiq qanunvericiliklə müəyyən edilir. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən bu Qanunun 9.1.4-cü maddəsində göstərilən ödənişlər qeydiyyata düşmüş şəxslərdən tutularaq, növbəti ayın 5-dək müvafiq bələdiyyələrə ödənilir. İşin hallarından müəyyən olunur ki, Yasamal Bələdiyyəsi tərəfindən mülkiyyətçi vergi ödəyicisi kimi qeydiyyata alınmış və 2017, 2018 və 2019-cu illər üzrə 16.12.2019-cu il tarixə cəmi 397 manat 95 qəpik vergi borcunun olması müəyyən edilmişdir. Cavabdeh orqan iddiaçıya vergi borcu barəsində 16.12.2019-cu il tarixli tədiyyə bildirişi göndərdiyini bildirir. Lakin iddiaçı tərəfindən vergi borcu ödənilmədiyi əsas götürülərək onun barəsində 10.01.2021-ci il tarixdə vergi borcunun 5 gün ərzində ödənilməsi barədə inzibati akt qəbul edilmişdir. Bundan sonra isə 24.01.2020-ci il tarixdə tələbnamə tərtib edilərək vergi borcunun ödənilmədiyi təqdirdə məsuliyyət tədbirlərinin tətbiq edilməsi üçün Yasamal İcra və Probasiya Şöbəsinə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Bu barədə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən Bələdiyyənin vergi borcunun ödənilməsi ilə bağlı tələbnamə, inzibati akt və qərarının iddiaçıya təqdim edilməsi barədə hər hansı sübut məhkəməyə təqdim ediməmişdir. Bununla da məhkəmə araşdırmaları zamanı cavabdehin inzibati icraat haqqında qanunvericiliyin tələblərinə zidd olaraq qərar qəbul etdiyi müəyyən olunur. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununa əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir (2.0.2). Əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır (2.0.11). İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır (12.2.). İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur (13.1). İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır (13.2). İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur (24.1). İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz (24.2). Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt nəinki maddi hüquqi baxımdan, həm də prosessual hüquqi baxımdan da qanunsuzdur. Belə ki, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, cavabdeh inzibati aktı qəbul edərkən maraqlarına toxunan şəxsi inzibati icraata cəlb etməmiş və sonuncunun qanunla qorunan dinlənilmə hüququnu pozmuşdur. Belə ki, iş materiallarından cavabdeh inzibati orqan tərəfindən 10.01.2020-ci il tarixli inzibati aktın qəbulu zamanı inzibati icraatda maraqlı şəxs kimi çıxış edən İddiaçı rəsmi qaydada məlumatlandırılması, o cümlədən iddiaçının hüquqi ünvanına hər hansı poçt sənədinin rəsmi qaydada göndərildiyi müəyyən olunmur, bu barədə hər hansı sübut cavabdehin nümayəndəsi tərəfindən nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə təqdim edilməmişdir. Halbuki «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən 11/01 saylı 10.01.2020-ci il tarixli inzibati aktı qəbul edilərkən «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun yuxarıda göstərilən tələbləri pozulduğu üçün iddiaçı həmin qərarın və aktın ləğvi barədə hazırki iddianı qaldırmaqda haqlı olmuşdur. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Digər tərəfdən, Kollegiya onu da nəzərə alır ki, inzibati məhkəmə icraatı zamanı cavabdehin nümayəndəsi mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu da sübuta yetirə bilməmişdir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Hazırki işdə cavabdeh inzibati orqan mübahisələndirilən 10.01.2020-ci il tarixli inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilmədiyi üçün həmin inzibati akt qanunsuz əlverişsiz inzibati akt olaraq ləğv edilməlidir. Ona görə də həmin inzibati aktın icraya yönəldilməsi ilə bağlı qəbul edilmiş 10.02.2020-ci il trarixli qərar da əsas tələbinin davamı olaraq ləğv edilməli və inzibati akta əsasən hesablanmış 397,95 manat vergi borcu isə silinməlidir. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğundan qərar dəyişdirilmədən saxlanılmalıdır. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər formal xarakter daşımaqla yanaşı, bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassızdır və qəbul edilməməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1811/2021 saylı 23 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Yasamal Bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1811/2021 saylı 23 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə İlham Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar