Məhkəmə qərarları › İş №2-1(103)-2626/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2626/2022

27.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2626/2022 27.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə (Açar sözlər: vergi orqanın qərarının mübahisələndirilməsi) X5 Baxışovanın sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Nigar Vahid qızı Həşimlinin katibliyi ilə, cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi və vergi məbləğinin azaldılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 6 may 2021-ci il tarixli, 2-1(112)-239/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən araşdırmalar zamanı baza məlumatlarına əsasən bəyannamənin xərclər hissəsində göstərilən xərc məbləğinin 74.268.38 manat hissəsinin təsdiqini tapmadığı müəyyən edilmiş və qeyd olunan fərq məbləği ilə bağlı vergi ödəyicisinə 13 iyun 2019-cu il tarixli, **********608200 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir.

2. İddiaçı MMC tərəfindən 19 iyun 2019-cu il tarixdə vergi orqanına ünvanlanmış məktuba əsasən baza məlumatlarına əsasən 74.268.38 manat məbləğində sənədlərdə təsdiq edilməyən gəlirdən çıxılan xərclərin fərqinin səbəbi kimi 2017-ci il ərzində müəssisənin vergi ödəyicisi kimi qeydiyyata alınmamış fiziki şəxslərdən malların satın alınması göstərilmiş, eləcə də, məktubda tələb olunduğu halda bu əməliyyatlarla bağlı sənədlərin təqdim ediləcəyi göstərilmişdir.

3. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 23 iyul 2019-cu il tarixli, **********966600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ilə İddiaçı MMC-yə 2017-ci il üzrə 14853.67 manat mənfəət vergisi hesablanmışdır.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı 2019-cu il 19 avqust tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 23 iyul 2019-cu il tarixli, **********966600 nömrəli qərarın ləğv edilməsi və həmin qərara əsasən hesablanmış ümumilikdə 14853.67 manat əlavə vergi məbləğinin azaldılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh vergi orqanı tərəfindən 13 iyun 2019-cu il tarixli, **********608200 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubla cəmiyyətə müraciət edilərək təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin xərc göstəriciləri ilə baza məlumatları arasında yaranan 74.268,38 manat fərqi ilə bağlı dəqiqləşdirilmiş vergi bəyannaməsinin təqdim edilməsi tələb edilmişdir. İddiaçı tərəfindən 19 iyun 2019-cu il tarixli məktubla cavabdehə müraciət edilərək, bəyannamədə yaranan fərqin izahı verilmişdir. Belə ki, 2017-ci il ərzində bir sıra mallar cəmiyyət tərəfindən vergi orqanında vergi ödəyicisi qismində uçotda olmayan fizikişəxslərdən alınmışdır ki, bu səbəbdən, həmin xərclər barədə məlumat vergi orqanının elektron bazasında öz əksini tapmamışdır. Çünki, bilindiyi kimi vergi orqanının uçot məlumat bazasında yalnız elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura əsasında alınmış mallar barədə məlumatlar mövcud olur. 19 iyun 2019-cu il tarixli, izahat məktubuna baxmayaraq cavabdeh vergi orqanı hər hansı əlavə araşdırma aparmadan və məktubda göstərilənləri nəzərə almadan, sadəcə öz baza məlumatlarını əldə rəhbər tutaraq cəmiyyətə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 23 iyul 2019-cu il tarixli, **********966600 nömrəli qərara əsasən əsassız əlavə vergi məbləği hesablamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanuna əsasən inzibati orqan inzibati icraat zamanı düzgün, obyektiv və ədalətli qərar qəbul edilməsi üçün bütün faktiki halları, o cümlədən inzibati aktın doğruluğunu şübhə altına ala biləcək hər bir halı hərtərəfli, tam və obyektiv araşdırmağa, təqdim olunmuş sübutlar yetərli olmadıqda isə, öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur və bu zaman maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Lakin, iş materiallarından göründüyü kimi, cavabdeh iddiaçı tərəfindən 2017-ci il ərzində vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxslərdən alınan mallar ilə bağlı hər hansı əlavə araşdırma aparmadan, əlavə sübutlar toplamadan və cəmiyyətin xeyrinə olan halları nəzərə almadan, iddiaçıya münasibətdə qanunsuz və əlverişsiz inzibati akt qəbul etmişdir.

6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz və ona əlavə təqdim etmişdir. Etirazda və ona əlavədə göstərilmişdir ki, araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2017-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsinə əsasən gəlirlər 582.360,44 manat, gəlirdən çıxılan xərclər isə 573.520,80 manat göstərilmişdir. Uçot baza məlumatlarına əsasən aparılan araşdırma zamanı bəyannamənin xərclər hissəsində göstərilən xərc məbləğinin 74.268,38 manat hissəsinin uçot baza məlumatlarına əsasən təsdiqini tapmadığı müəyyən edilmişdir. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə 13 iyun 2019-cu il tarixli, **********608200 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2017-ci il üçün mənfəət vergisi bəyannaməsi üzrə 14853,67 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə 23 iyul 2019-cu il tarixli, **********966600 nömrəli “Vergilərin hesablanması barədə” qərar göndərilmişdir. Vergi ödəyicisi tərəfindən iddia ərizəsində vergilərin əsassız hesablanması qeyd edilsə də, bu hal əsaslandırılmamış və vergi ödəyicisi tərəfindən vergi orqanının haqlı mövqeyini təkzib edən hər-hansı sənəd təqdim edilməmişdir. Halbuki, vergi ödəyicisinə müvafiq məktubla həmin sənədlərin təqdim edilməsi bildirilmişdir. Vergi Məcəlləsinin 94.0.2-ci maddəsinə əsasən vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. Habelə, iddiaçı məhkəməyə alış aktları təqdim etmişdir. Həmin alış aktları ilə bağlı bildirilməlidir ki, “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5-ci maddəsinə əsasən, vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən aşağıdakı mallar nağd qaydada satın alına bilər: - kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu; -əlvan və qara metal qırıntılarının qəbulu; - utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların qəbulu; - utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu; - xam dərinin tədarükü (alışı). Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən iddiaçı tərəfindən təqdim edilmiş alış aktları xərc sənədləri kimi tanınmamaqdadır. Əlavə olaraq bildirilməlidir ki, iddiaçının məhkəməyə təqdim etdiyi alış aktını aldığı X7 vergi ödəyicisi olduğu (VÖEN: **********; VÖEN-nin verilmə tarixi: 23 may 2006) müəyyən edilmişdir. Beləliklə iddia rədd edilməlidir.

7. Bakı İnzibati Məhkəməsinin 6 may 2021-ci il tarixli, 2-1(112)-239/2021 nömrəli qərarı (hakim: X1) ilə iddia təmin edilmiş, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 23 iyul 2019-cu il tarixli, **********966600 nömrəli qərar ləğv edilmiş və həmin qərara əsasən hesablanmış ümumilikdə 14853.67 manat əlavə vergi məbləğinin azaldılması öhdəliyi cavabdehə həvalə edilmişdir.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya 13 iyun 2019-cu il tarixli uyğunsuzluq məktubu göndərildikdən sonra, iddiaçı (vergi ödəyicisi) tərəfindən 19 iyun 2019-cu il tarixli məktubla vergi orqanına müraciət edilərək, yaranmış fərq məbləğinin səbəbinin malların vergi ödəyicisi kimi qeydiyyata alınmamış şəxslərdən satın alınması və tələb olunduğu təqdirdə bu əməliyyatlarla bağlı sənədlərin təqdim ediləcəyinin bildirilməsinə baxmayaraq, cavabdeh “İnzibati icraat haqqında” Qanunun tələblərini pozaraq, işin faktiki və hüquqi hallarını düzgün araşdırmamış, iddiaçının sənədlərinə qiymət vermədən əsassız olaraq iş üzrə mübahisəli “Vergilərin, sosial sığorta haqlarının hesablanması barədə” **********966600 nömrəli, 23 iyul 2019-cu il tarixli qərarı qəbul etmişdir. Cavabdehin dəlillərinə münasibət olaraq məhkəmə qeyd etmişdir ki, barəsində alış aktı tərtib edilməli olan malların siyahısı “Nağdsız hesablaşmalar haqqında” Qanunu ilə məhdudlaşdırılmış, Qanunun 3.5-ci maddəsində yalnız nağd qaydada satın alınmasına yol verilən malların dairəsi müəyyən edilmişdir. Bundan əlavə, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 30 yanvar 2017-ci il, 3 fevral 2017-ci il, 5 fevral 2017-ci il və 10 mart 2017-ci il tarixli alış aktları, “Malların alış aktı”nın xüsusi forması təsbit edilməzdən əvvəl (30 iyul 2017-ci il tarixdən) tərtib edilmiş və həmin dövrdə bu əməliyyatları rəsmiləşdirmək üçün qanunla müəyyən edilmiş hər hansı imperativ sənəd forması mövcud olmamışdır. 30 iyul 2017-ci il tarixdə təsdiq edilmiş forma isə iddiaçı tərəfindən tərtib edilmiş forma ilə eynilik təşkil edir. Həmçinin malın satıcı X14 tərəfindən VÖEN-in təqdim edilməməsi iddiaçının təqsiri ucbatından olmamış, malın alıcı olan İddiaçı MMC A.Talıbovun özünü təqdim etməsindən asıl olaraq qanunla üzərinə düşmüş öhdəliyi yerinə yetirərək həmin şəxslə apardığı əməliyyatı müvafiq alış aktı ilə rəsmiləşdirmişdir. Məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab etmişdir ki, iddiaçıya iş üzrə mübahisəli qərarla vergi məbləğinin hesablanması zamanı cavabdeh tərəfindən işin faktiki və hüquqi halları düzgün araşdırılmayaraq, iddiaçıya münasibətdə qanunvericiliyin normaları düzgün tətbiq edilmədiyindən, mübahisəli qərar əsassız olmaqla ləğv edilməlidir.

Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vergi orqanı olaraq müvafiq hesablama aparmazdan əvvəl vergi ödəyicisinə yaranmış uyğunsuzluğu aradan qaldırmaq üçün sənədlərin təqdim edilməsi ilə bağlı məktub göndərirlərsə, öz növbəsində vergi ödəyicisi sənədlərin olduğu təqdirdə onu vergi orqanına təqdim etməlidir. İddiaçı isə əksinə məktubla malların vergi ödəyicisi kimi qeydiyyata alınmamış şəxslərdən satın alınması və tələb olunduğu təqdirdə bu əməliyyatlarla bağlı sənədlərin təqdim edilməsini bildirmişdir və hər hansı sənəd təqdim edilməmişdir. Bu mübahisə ilə bağlı istər iddia ərizəsi ilə müraciət edilərkən, istərsə də ilkin mərhələlərdə məhkəməyə hər hansı sənəd təqdim edilməmişdir. Bir neçə məhkəmə iclasından sonra iddiaçı tərəf müvafiq alış aktlarını təqdim edərək xərc sənədlərinin olduğunu bildirmişdir. Əgər qeyd olunan alış aktları əvvəldən mövcud idisə, niyə onlar iddia təqdim edilərkən və ya ilk iclaslar zamanı vergi orqanına və ya məhkəməyə təqdim edilməmişdir. Təqdim edilmiş alış aktlarının cəmi məbləği 57.400 manat təşkil edir. Göründüyü kimi, məhkəmə sadə sənədləri belə tam araşdırmadan yekun məbləğ üzrə qərar qəbul etmişdir. Belə ki, qeyd olunan alış aktları xərc sənədi kimi qəbul edilsə belə, təsdiq olunmayan xərc məbləğini tam əks etdirmir. Digər tərəfdən, məhkəməyə təqdim edilmiş etiraza əlavədə X7 vergi ödəyicisi olduğu qeyd edilmişdir. Bununla bağlı, bir daha nəzərə çatdırılır ki, vergi ödəyiciləri arasında hansı halda malların nağd qaydada aparılan əməliyyat kimi nəzərə alınması “Nağdsız hesablaşmalar haqqında” AR Qanunun 3.5-ci maddəsində əks etdirilmişdir. Belə ki, qeyd olunan əməliyyatlara qanunla kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu; əlvan və qara metal qırıntılarının qəbulu; utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların qəbulu; utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu; xam dərinin tədarükü (alışı) aid edilmişdir. X3 ilə iddiaçı arasında tərtib edilmiş alış aktı adı çəkilən əməliyyatlardan hər hansı birinə aid olmamışdır. Məhkəmə qeyd edir ki, malın satıcı X14 tərəfindən VÖEN-in təqdim edilməməsi iddiaçının təqsiri ucbatından olmamış, malın alıcı olan İddiaçı MMC A.Talıbovun özünü təqdim etməsindən asıl olaraq qanunla üzərinə düşmüş öhdəliyi yerinə yetirərək həmin şəxslə apardığı əməliyyatı müvafiq alış aktı ilə rəsmiləşdirmişdir. Məhkəmənin bildirdiyi dəlili əsas götürsək bütün vergi ödəyiciləri malların alqı-satqısı üzrə əməliyyatları alış aktı ilə rəsmiləşdirsin və bu halı qarşı tərəfin vergi ödəyicisi olmasını bilməməsi ilə əsaslandırsın. Göründüyü kimi məhkəmə tərəfindən absurd dəlillər gətirilərək vergi orqanın haqlı mövqeyi təkzib edilmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 dekabr 2021-ci il tarixli, 2- 1(103)-2183/2021 nömrəli qərarı (hakimlər: X22 (sədrlik edən və məruzəçi) X9 və X2) ilə Bakı İnzibati Məhkəməsinin 6 may 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia rədd edilmişdir.

11. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, vergi ödəyicisi tərəfindən 2017ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinə əsasən ümumi gəlirlər 582.360,44 manat, gəlirdən çıxılan xərclər 573.520,80 manat, vergiyə cəlb olunan mənfəət 8839,64 manat göstərilməklə 1767,93 mənfəət vergisi hesablanmışdır. Aparılmış araşdırmalar zaman baza məlumatlarına əsasən bəyannamənin xərclər hissəsində göstərilən xərc məbləğinin 74.268,38 manat hissəsinin təsdiqini tapmadığı müəyyən edilmişdir. Belə ki, kameral yoxlama zamanı vergi ödəyicisi tərəfindən 2017-ci il üzrə idxal edilmiş ümumi dəyəri 231307,0 manat olan mallar, depozit hesabından aparılan məxaric əməliyyatlarına əsasən müəyyən edilmiş 3961,39 manat dəyərində alınmış mallar, 2016-cı il sonuna qalıq kimi göstərilmiş 394.555,67 manat dəyərində mallar və 2017-ci ilin sonuna qalan 156.627,68 manat dəyərində mallar nəzərə alındıqda vergi ödəyicisi tərəfindən göstərilmiş xərc məlumatlarında əks olunmuş 541.612,6 manat malın dəyəri hissəsində xərcin təsdiq olunmadığı aşkar edilmişdir. Vergi orqanı tərəfindən vergi ödəyicisinə 13 iyun 2019-cu il tarixli, **********608200 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. İddiaçı isə əksinə 19 iyun 2019-cu il tarixdə vergi orqanına ünvanlanmış məktubla malların vergi ödəyicisi kimi qeydiyyata alınmamış şəxslərdən satın alınması və tələb olunduğu təqdirdə bu əməliyyatlarla bağlı sənədlərin təqdim edilməsini bildirmişdir və hər hansı sənəd təqdim edilməmişdir. Bundan başqa, kollegiya qeyd etmişdir ki, 30 yanvar 2017-ci il tarixli X17 ilə 1 ədəd, 27.800.00 manat dəyərində Subaru 3.0 turbo mühərrikin satın alınması ilə bağlı, 3 fevral 2017-ci il tarixli X10 ilə 1 ədəd, 12.500.00 manat dəyərində Deutz tonnajlı mühərrikin satın alınması ilə bağlı, 5 fevral 2017-ci il tarixli X15 ilə 1 ədəd, 2400.00 manat dəyərində Sailov VHF simsiz radio və 1 ədəd, 3200.00 manat dəyərində Simrad GPS-in satın alınması ilə bağlı, 10 mart 2017-ci il tarixli X13 ilə İddiaçı MMC-in direktoru X8 arasında 1 ədəd, 11500.00 manat dəyərində iki oxlu ağır tonnajlı qoşqunun satın alınması ilə bağlı tərtib olunmuş malların alış aktlarının cəmi məbləği 57.400 manat təşkil edir. Qeyd olunan alış aktları sübut kimi qəbul edilsə belə, 74.268.38 manat dəyərində xərcləri tam təsdiq edən sənəd kimi qəbul etmək olmaz. Eyni zamanda, apellyasiya şikayətinə etirazda iddiaçı göstərmişdir ki, ən yaxşı halda iddia tələbi qismən – mübahisələndirilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 23 iyul 2019-cu il tarixli, **********966600 nömrəli qərar əsasında hesablanmış 14853,67 manat əlavə vergi məbləğinin 3373,68 manat hissədə 74.268- 57.400=16868.38*20%) qüvvədə saxlanılması, qalan hissədə (11479.99 manat hissədə) ləğv edilməsi ilə nəticələnə bilərdi. Vergi Məcəlləsinin 94-cü maddəsinə əsasən, vergi ödəyicisinin hesablamaları səhv olduğunda sübut etmək vəzifəsi vergi orqanının üzərinə düşür. Vergi orqanının hesablamaları səhv olduğunda sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. İddiaçı mübahisələndirdiyi qərarın əsassız olması ilə bağlı hər hansı mötəbər sübutu təqdim edə bilməmişdir. Beləliklə, vergi orqanı tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsi üçün əsaslar mövcud deyildir.

12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

c) kassasiya instansiyası məhkəməsində icraat

13. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış hallarından müəyyən olunur ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən araşdırmalar zamanı baza məlumatlarına əsasən bəyannamənin xərclər hissəsində göstərilən xərc məbləğinin 74.268.38 manat hissəsinin təsdiqini tapmadığı müəyyən edilmiş və qeyd olunan fərq məbləği ilə bağlı vergi ödəyicisinə 13 iyun 2019-cu il tarixli, **********608200 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş bəyannamə göndərilməmiş, 19 iyun 2019-cu il tarixdə vergi orqanına ünvanlanmış məktuba əsasən baza məlumatlarına əsasən 742268.38 manat məbləğində sənədlərdə təsdiq edilməyən gəlirdən çıxılan xərclərin fərqinin səbəbi kimi 2017-ci il ərzində müəssisənin vergi ödəyicisi kimi qeydiyyata alınmamış fiziki şəxslərdən malların satın alınması göstərilmiş, eləcə də, məktubda tələb olunduğu halda bu əməliyyatlarla bağlı sənədlərin təqdim ediləcəyi göstərilmişdir.

14. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 23 iyul 2019-cu il tarixli, **********966600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ilə İddiaçı MMC-yə 2017-ci il üzrə 14.853.67 manat mənfəət vergisi hesablanmışdır.

15. Lakin işə baxan apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən kameral yoxlamanın aparılması zamanı vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 37.2-ci maddəsində nəzərdə tutulan müddətə riayət edilib-edilməməsinə qiymət verməmişdir. Məhkəmə iddiaçı tərəfindən həmin aylar üzrə bəyannamənin (və ya sonuncu dəqiqləşmiş bəyannamənin) nə vaxt təqdim edildiyini müəyyən etməmiş və vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 37.2-ci maddəsində nəzərdə tutulan müddətə riayət edilib-edilməməsini araşdırmamışdır.

16. Belə ki, Vergi Məcəlləsinin 68-ci və 37.2-ci maddələrinin tələblərinə əsasən bu məcəllədə müəyyən edilən hər hansı müddətin axımı onun hesablanmasını şərtləndirən hüquqi hərəkətin və ya faktiki hadisənin həyata keçirildiyi sonrakı gündən başlanır. Hər hansı müddət bu Məcəllədə göstərilən dövrün sonuncu gününün axırında bitir. Bu Məcəllədə nəzərdə tutulan hər hansı müddət qeyri-iş gününə təsadüf edərsə, həmin müddət onun ardınca gələn ən yaxın növbəti iş gününə keçir. Vergi bəyannaməsi vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilə bilər.

17. Həmçinin aparılmış kameral yoxlama zamanı cavabdeh inzibati orqan inzibati icraat haqqında qanunvericiliyin tələblərinə riayət etməmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsində təsbit olunmuş inzibati icraatda işin hallarının obyektiv araşdırılması prinsipinə görə, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli, tam və obyektiv araşdırılması inzibati orqanın xidməti vəzifəsinə aiddir. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Bundan əlavə, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir və inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan vergi ödəyicisi tərəfindən 19 iyun 2019-cu il tarixdə vergi orqanına ünvanlanmış məktubda qeyd etdiyi hallar barədə araşdırma aparmamışdır.

18. Apellyasiya instansiyası məhkəməsi 30 yanvar 2017-ci il tarixli X17 ilə 1 ədəd, 27800 manat dəyərində Subaru 3.0 turbo mühərrikin satın alınması ilə bağlı, 3 fevral 2017-ci il tarixli X10 ilə 1 ədəd, 12500 manat dəyərində Deutz hidrovlik mühərrikin satın alınması ilə bağlı, 05 fevral 2017-ci il tarixli X15 ilə 1 ədəd, 2400 manat dəyərində Sailov VHF simsiz radio və 1 ədəd, 3200 manat dəyərində Simrad GPSin satın alınması ilə bağlı, 10 mart 2017-ci il tarixli X13 ilə "xxxx" MMC-in direktoru X8 arasında 1 ədəd, 11500 manat dəyərində iki oxlu ağır tonajlı qoşqunun satın alınması ilə bağlı tərtib olunmuş malların alış aktları barədə araşdırma aparmamış, onların mötəbərliliyin müəyyən etmədən iş üzrə qərar qəbul etmişdir.

19. Qeyd edilmişdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 30 yanvar 2017ci il, 3 fevral 2017-ci il, 5 fevral 2017-ci il və 10 mart 2017-ci il tarixli alış aktları, “Malların alış aktı”nın xüsusi forması təsbit edilməzdən əvvəl (30 iyul 2017-ci il tarixdən) tərtib edilmiş və həmin dövrdə bu əməliyyatları rəsmiləşdirmək üçün qanunla müəyyən edilmiş hər hansı imperativ sənəd forması mövcud olmamışdır. 30 iyul 2017-ci il tarixdə təsdiq edilmiş forma isə iddiaçı tərəfindən tərtib edilmiş forma ilə eynilik təşkil edir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

20. İşə baxılması sonuncu dəfə xx.xx.2022-ci il tarixə təyin edilmiş, iddiaçının nümayəndəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq sonuncu məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsini rəhbər tutaraq işə baxılmasını mümkün hesab etmişdir. 21 Cavabdehin nümayəndəsi məhkəmə iclaslarında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

22. Əvvəlki məhkəmə iclaslarında iddiaçının nümayəndələri apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişlər.

23. TƏTBİQ EDİLƏN HÜQUQ

Azərbaycan Respublikasının Vergi Məcəlləsi: (yoxlamanın aparıldığı anda qüvvədə olan redaksiya) Maddə 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; ... 23.1.2. Vergi orqanı vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb edə bilər. Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2- 1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Maddə 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. Maddə 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Vergi Məcəlləsinin 68-ci maddəsinin tələblərinə əsasən bu məcəllədə müəyyən edilən hər hansı müddətin axımı onun hesablanmasını şərtləndirən hüquqi hərəkətin və ya faktiki hadisənin həyata keçirildiyi sonrakı gündən başlanır. Hər hansı müddət bu Məcəllədə göstərilən dövrün sonuncu gününün axırında bitir. Bu Məcəllədə nəzərdə tutulan hər hansı müddət qeyri-iş gününə təsadüf edərsə, həmin müddət onun ardınca gələn ən yaxın növbəti iş gününə keçir. “İnzibati icraat haqqında” qanun: Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz

İnzibati Prosessual Məcəllənin 12.1-ci və 58.7-ci maddələrinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

Apellyasiya Məhkəməsinin hüquqi mövqeyi:

24. Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

25. Məhkəmə kollegiyası izahatları dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 6 may 2021-ci il tarixli, 2-1(112)-239/2021 nömrəli qərarı qismən ləğv edilməli, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 23 iyul 2019-cu il tarixli, **********966600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı qismən-İddiaçı MMC-yə 2017-ci il üzrə 4800 manat mənfəət vergisi hesablanması hissəsində ləğv edilməli, qərar mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

26. İş materiallarından görünür ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 23 iyul 2019-cu il tarixli, **********966600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ilə iddiaçıya 2017-ci il üçün mənfəət vergisi bəyannaməsi üzrə bəyan edilmiş vergi məbləği nəzərə alınmaqla 14853,67 manat (582360,44 (gəlirlər)-573520,80 (xərclər)+74268,38 (alış aktları mötəbər sübut kimi qəbul edilmədiyi üçün xərc kimi nəzərə alınmayan məbləğ))x20%-1767,93 (vergi ödəyicisinin özünün bəyan etdiyi mənfəət vergisi) mənfəət vergisi hesablanmışdır.

27. İddiaçı tərəfindən 74268,38 manat xərci təsdiq etmək üçün vergi orqanına təqdim edilmiş 4 ədəd alış aktında ümumilikdə 57400 manat dəyərində malın iddiaçı tərəfindən satın alındığı qeyd edilir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayəti ilə bu hissədə razılaşır ki, həmin alış aktları məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilsə belə, yalnız 57400 manat hissədə iddiaçı xərci təsdiq edən sübut təqdim edə bilmədiyindən birinci instansiya məhkəməsi tərəfindən vergi orqanının 23 iyul 2019-cu il tarixli qərarı əsasında hesablanmış 14853,67 manat tam ləğv edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır. Apellyasiya şikayətinə etirazında da iddiaçı özü də qeyd etmişdir ki, məhkəmə cavabdehin dəlilləri ilə razılaşsa vergi orqanının qərarı ən yaxşı halda 3373,68 manat mənfəət vergisi hesablanması hissəsində qüvvədə saxlanılmaqla, qalan hissədə ləğv edilməli idi.

28. Cavabdeh tərəfindən kameral vergi yoxlaması keçirilməsi üçün Vergi Məcəlləsinin 37.2-ci maddəsində nəzərdə tutulmuş müddətə riayət edilib-edilməməsi ilə əlaqədar məhkəmə tərəfindən araşdırma aparılaraq müəyyən edilmişdir ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli (Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında) məktubunda qeyd edilənlərə əsasən iddiaçı cavabdehə xx.xx.2019-cu il tarixdə 2017-ci il üçün dəqiqləşmiş mənfəət vergisi bəyannaməsi təqdim etmişdir. 2019-cu ilin 15,16,17,22,23,26,29,30 iyun, 6,7,13.14,20,21 iyul tarixləri qeyri-iş günləri olduğundan müəyyən olunur ki, vergi orqanı tərəfindən kameral vergi yoxlamasının nəticəsi barədə 23 iyul 2019-cu il tarixli qərar bəyannamənin təqdim edildiyi tarixdən 30 iş günü ərzində qəbul edilmiş, müddət pozuntusuna yol verilməmişdir.

29. Ali Məhkəmənin iş üzrə qəbul edilmiş qərarında ifadə edilmiş hüquqi mövqeyə görə məhkəmə araşdırması iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 30 yanvar 2017ci il, 3 fevral 2017-ci il, 5 fevral 2017-ci il və 10 mart 2017-ci il tarixli alış aktlarının mötəbərliyi araşdırma zamanı müəyyən edilərsə həmin aktların xərci təsdiq edən sübut kimi qəbul edilməməsi üçün hər hansı qanuni əsas yoxdur. İşə apellyasiya qaydasında yenidən baxılarkən kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi nəzərə alınaraq iddiaçıya 2017-ci il ərzində malların satın alınması bağlı vergi orqanı tərəfindən qəbul edilməyən alış aktlarının mötəbərliyini müəyyən etmək üçün həmin aktları imzalamış satıcıların məhkəmə iclaslarında şahid qismində iştirakını təmin etmək təklif edilmiş, iddiaçının vəsatəti əsasında X14 və X13 məhkəmə iclasında şahid qismində dindirilmişlər.

30. X4 ifadə verərək göstərmişdir ki, o 2017-ci ildə iddiaçıya öz şəxsi istifadəsi üçün aldığı hidravlik mühərriki 12500 manata iddiaçıya satmışdır. Şahid iş materiallarına əlavə edilmiş alış aktındakı imzanın ona məxsus olduğunu təsdiq edərək bildirmişdir ki, o fərdi sahibkar kimi uçota alınsa da fəaliyyətini dayandırmışdır və 2017-ci ildə fəaliyyəti olmamış, satılan mühərrik onun şəxsi əmlakı olmuşdur. Digər şahid X13 məhkəmə iclasında iş materiallarına əlavə edilmiş alış aktındakı imzanın ona məxsus olduğunu təsdiq edərək bildirmişdir ki, o fərdi sahibkar deyil. 2017-ci ildə şəxsi istifadə üçün aldığı mühərriki 11500 manata iddiaçıya satmışdır.

31. İşdəki digər alış aktlarının mötəbərliyini təsdiq etmək üçün iddiaçı məhkəməyə sübutlar təqdim edə bilmədiyindən xx.xx.2017-ci il tarixli və xx.xx.2017-ci il tarixli alış aktlarının mötəbərliyini müəyyən etmək mümkün olmamışdır. 32.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

Nəticə hissəsi: 33.Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 6 may 2021-ci il tarixli, 2-1(112)-239/2021 nömrəli qərarı qismən ləğv edilməli, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 23 iyul 2019-cu il tarixli, **********966600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı qismən-İddiaçı MMC-yə 2017-ci il üzrə 4800 manat mənfəət vergisi hesablanması hissəsində ləğv edilməli, qərar mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

34. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı:

Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 6 may 2021-ci il tarixli, 2-1(112)-239/2021 nömrəli qərarı qismən ləğv edilsin. Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 23 iyul 2019-cu il tarixli, **********966600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı qismən-İddiaçı MMC-yə 2017-ci il üzrə 4800 manat mənfəət vergisi hesablanması hissəsində ləğv edilsin. Qərar mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar