Məhkəmə qərarları › İş №2-1(103)-2626/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2626/2023

10.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2626/2023 10.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” haqqında iddia tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3539/2023 saylı, 30 mart 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması və bu yeni hesablamaya görə ödəniş edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinin tələblərinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə ilə müraciət edərək, DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” **********4 №li xx.xx.2022-ci il tarixli Qərarı ilə ona 14 yanvar 2022-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.7-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi təyin olunmuş yaşa görə əmək pensiyasının “Qulluq stajına görə əlavə” (7,42 faiz – 109,07 manat olmaqla) hissəsində onun ümumilikdə 34 il 02 gün dövlət qulluğu stajının nəzərə alınmaqla, yenidən hesablanması öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı müxtəlif vəzifələrdə işləmiş və 35 ildən çox dövlət qulluqçusu kimi çalışmışdır. 14 yanvar 2022-ci il tarixdən dövlət qulluqçusu kimi yaşa görə 1460,86 manat məbləğində əmək pensiyası təyin edilib. Pensiyanın yenidən hesablanması üçün cavabdeh inzibati orqana 10 mart tarixdə rəsmi müraciət edilmişdir. Lakin cavabdeh **********5 nömrəli, 05 aprel 2022-ci il tarixli cavab məktubu ilə bildirmişdir ki, 14 yanvar 2022-ci il tarixindən “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7- ci naddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilib. Vaxtı ilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1470 manat, qulluq stajına görə əlavəsi 109.07 manat, ixtisas dərəcəsinə görə əlavə 100.00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 147.00 manat olmaqla orta aylıq əmək haqqı 1826,07 manat təşkil edir. Əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 34 il 2 gün dövlət qulluğu stajına uyğun olaraq orta aylıq əmək haqqının (1826,07) 80% - 1460,86 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabına köçürülür. Pensiyanın təyin edilməsinə dair cavabdehin inzibati aktı qanunazidd olmuş və hüquqlarının pozulmasına səbəb olmuşdur. Cavabdeh tərəfindən ona əmək pensiyası təyin edilməsinə dair inzibati aktda onun əmək stajı tamlıqla və dəqiqliklə nəzərə alınmayıb və ona pensiya məbləği az hesablanıb. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçıya Mərkəzi Filial tərəfindən 14 yanvar 2022-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilib. Vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1470,00 manat qulluq stajına görə əlavə 109.07 manat, ixtisas dərəcəsinə görə əlavə 100,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 147.00 manat olmaqla orta aylıq əmək haqqı 1826,07 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 34 il 2 gün dövlət qulluğu stajına uyğun olaraq orta aylıq əmək haqqı (1826,07 manat) 80 faizi-1460,86 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabına köçürülür. Qeyd olunanlara əsasən iddianın təmin olunmaması barədə qərar çıxarılması xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3539/2023 saylı, 30 mart 2023-cü il tarixli qərarı ilə (hakim N.Abıyev) iddia təmin edilərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” **********4 №li xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı 14 yanvar 2022-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.7-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi təyin olunmuş yaşa görə əmək pensiyasının “Qulluq stajına görə əlavə” (7,42 faiz – 109,07 manat olmaqla) hissəsində İddiaçı ümumilikdə 34 il 02 gün dövlət qulluğu stajının nəzərə alınmaqla, yenidən hesablanması öhdəliyinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3539/2023 saylı, 30 mart 2023-cü il tarixli qərarının ləğv edilib, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya verilən etirazın məzmununa oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsinin qərarı əsassızdır və ləğv edilməlidir. Belə ki, iddiaçıya Mərkəzi Filial tərəfindən 14 yanvar 2022-ci il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilib. Vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1470,00 manat, qulluq stajına görə əlavə 109,07 manat, ixtisas dərəcəsinə görə əlavə 100,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 147,00 manat olmaqla orta aylıq əmək haqqı 1826,07 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 34 il 2 gün dövlət qulluğu stajına uyğun olaraq orta aylıq əmək haqqının (1826,07 manat) 80 faizi-1460,86 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabına köçürülür. Məhkəmə iddianı təmin edərkən hesab etmişdir ki, Mərkəzi Filial iddiaçının dövlət qulluğunun 34 il 02 ay olduğu halda, qulluq stajına görə əlavələri məhz onun xx.xx.1988-xx.xx.1993-cü illərdəki dövrlərdə dövlət qulluğunda işlədiyi müddət əsasında aparmışdır ki, bu da tərəflərindən aparılmış hesablamanın əsassız olmasına və vətəndaşın pensiya hüququnun məhdudlaşdırılmasına səbəb olmuşdur. Yuxarıda göstərilənlər əsasında məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi odur ki, İddiaçı ümumilikdə 34 il 02 gün dövlət qulluğu stajı olduğundan, həmçinin, onun yaşa görə əmək pensiya hüququ 63 yaşı tamam olduğu vaxtdan yarandığından, onun əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.3-cu maddəsində göstərilən əlavələr nəzərə alınmaqla yenidən hesablanmalıdır. Beləliklə, məhkəmənin qənaətinə görə, Mərkəzi Filial tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə əsasən İddiaçı dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası xx.xx.2022-ci il tarixdən təyin edilsə də, sonuncunun həmin dövrə olan ümumilikdə 34 il 02 gün dövlət qulluğu stajının nəzərə alınmadan “Qulluq stajına görə əlavə” kimi 7,42 faiz - 109,07 manat olmaqla hesablanması həm “Dövlət qulluğu haqqında”, həm də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunlarının tələblərinə zidd olmaqla, iddiaçının pensiya ilə bağlı hüquqlarının pozulmasına səbəb olmuşdur. İddiaçıya Mərkəzi Filial tərəfindən 14 yanvar 2022-ci il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilib. İddiaçı əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 34 il 2 gün dövlət qulluğu stajına uyğun olaraq orta aylıq əmək haqqının (1826,07 manat) 80 faizi-1460,86 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabına köçürülür. Göründüyü kimi, iddiaçıya təyin olunmuş əmək pensiyası tərəflərindən qanunvericiliyə uyğun aparılmışdır. Lakin Bakı İnzibati Məhkəməsi qeyd olunanları nəzərə almadan əsassız və qanunsuz qərar qəbul etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Növbəti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçıya məxsus AZE seriyalı 09955951 №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1952-ci ildə Bakı şəhərində doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçı məxsus əmək kitabçasının notarial qaydada təsdiq və tərcümə olunmuş surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1973-cü ildə Maştağa südçülük-tərəvəzçilik sovxozunda baş iqtisadçı vəzifəsinə təyin olunmuş (əmr № 100, xx.xx.1973-cü il) xx.xx.1973-cü ildə tutduğu vəzifədən azad olunmuşdur (əmr № 134, xx.xx.1973-cü il); xx.xx.1974-cü ildə Azərbaycan Korlar Cəmiyyətinin Mərkəzi İdarə heyətində Əmək və əmək haqqı şöbəsinin rəisi vəzifəsinə qəbul olunmuşdur (Əmr № 131, xx.xx.1974-cü il); xx.xx.1982-ci ildə tutduğu vəzifədən azad edilmişdir (AzKC MİH-nin Əmr № 76, xx.xx.1982-ci il); xx.xx.1982-ci ildə Həmkarlar İttifaqı Respublika Komitəsinin istehsalatkütləvi iş və əmək haqqı təlimatçısı vəzifəsinə təyin olunmuşdur (Əmr № 44, xx.xx.1982-ci il); xx.xx.1985-ci ildə tutduğu vəzifədən azad edilmişdir (Əmr № 52, xx.xx.1985-ci il); xx.xx.1985-ci ildə 6 saylı qeyd etibarsız hesab edilmişdir (Əmr № 52, xx.xx.1985-ci il); xx.xx.1985-ci ildə tutduğu vəzifədən azad edilmişdir (Əmr № 52, xx.xx.1985-ci il); xx.xx.1985-ci ildə Azərbaycan SSR Mənzil Kommunal Təsərrüfat Nazirliyində Yerli sənaye və kommunal-məişət müəssisələri işçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsində keçirilmə qaydasında kadrlar, əmək və əmək haqqı idarəsinin rəisi vəzifəsinə təyin olunmuşdur (Əmr № 69, xx.xx.1985-ci il); Kadrlar, əmək və əmək haqqı idarəsinin adı dəyişdirilib Sosial İnkişaf, kadrlar, əmək və əmək haqqı idarəsi adlandırılmışdır (Əmr № 4, xx.xx.1988-ci il); Sosial inkişaf, kadrlar, əmək və əmək haqqı idarəsinin adı dəyişdirilib Əməyin mütərəqqi üsullarının tətbiqi, kadrların hazırlanması və sosial müdafiə adlandırılmışdır (Əmr № 124, xx.xx.1991-ci il); Əməyin mütərəqqi üsullarının tətbiqi, kadrların hazırlanması və sosial müdafiə idarəsi əmək və sosial müdafiə idarəsi adlandırılmışdır (Əmr № 07, xx.xx.1993- cü il); ИТ seriyalı, ******* №-li əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1996-cı ildə AHİKin təşkilat işləri və məlumat şöbəsinə mütəxəssis vəzifəsinə təyin edilmişdir (Sərəncam № 126, xx.xx.1996-cı il); xx.xx.1997-ci ildə AHİK-in təşkilat işləri və məlumat şöbəsinin baş mütəxəssis vəzifəsinə keçirilmişdir (Sərəncam № 14, xx.xx.1997-ci il); xx.xx.1998-ci ildə tutduğu vəzifədən azad edilmişdir (Sərəncam № 4, xx.xx.1998-ci il); xx.xx.1998-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakı şəhəri üzrə X2 Nəzarət şöbəsinin müfəttişi vəzifəsinə 1 (bir) il müddətində təyin edilmişdir (Əmr № 54, xx.xx.1998-ci il); xx.xx.1998-ci ildə tutduğu vəzifədən azad olmuşdur (Əmr № 861, xx.xx.1998-ci il); xx.xx.1998-ci ildə Bakı şəhər İcra Hakimiyyəti Bakı şəhər İstehlak Bazarı və Xidməti Departamentinə “İstehlakçıların hüquqlarının müdafiəsi şöbəsi”nə mütəxəssis vəzifəsinə qəbul olunmuşdur (Əmr 92, xx.xx.1998-ci il); xx.xx.1999-cu ildə tutduğu vəzifədən azad olunmuşdur (Əmr № 44, xx.xx.1999-cu il); xx.xx.1999-cu ildə MKTK-nın “İstilik-kommunal enerjisazlama” RİB Birliyinə baş iqtisadçı-direktor vəzifəsinə təyin olunmuşdur (Əmr № 10, xx.xx.1999-cu il); xx.xx.1999-cu il tarixdə tutduğu vəzifədən azad edilmişdir (Əmr № 37, xx.xx.1999-cu il); xx.xx.1999-cu ildə Nizami rayon Statistika şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir (Əmr № 170, xx.xx.1999-cu il); xx.xx.2003-cü ildə əmək müqaviləsinə xitam verilmişdir (Əmr № 113, xx.xx.2003-cü il); xx.xx.2003-cü ildə Azərbaycan Dövlət Statistika Komitəsi Baş Hesablama mərkəzi Sosial Statistikası məlumatları şöbəsinə iqtisadçı vəzifəsinə qəbul edilmişdir (Əmr № 225, xx.xx.2003-cü il) xx.xx.2003-cü ildə əmək müqaviləsinə xitam verilmişdir (Əmr № 275, xx.xx.2003-cü il); xx.xx.2003-cü ildə Suraxanı rayon statistika şöbəsinin rəsisi müavini vəzifəsinə təyin edilmişdir (Əmr № 11, xx.xx.2003-cü il); xx.xx.2007-ci ildə əmək müqaviləsinə xitam verilmişdir (Əmr № 11, xx.xx.2007-ci il); xx.xx.2007-ci ildə üç ay sınaq müddəti müəyyən olunmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maliyyə və Təminat İdarəsinin böyük məsləhətçisi vəzifəsinə təyin olunmuşdur (Əmr № 67-k, xx.xx.2007-ci il); xx.xx.2007-ci ildə sınaq müddətinin bitməsi ilə əlaqədar həmin vəzifəyə təyin olunmuşdur; xx.xx.2022-ci il tarixdən pensiyaya çıxması iə əlaqədar tutduğu vəzifədən azad edilərək dövlət qulluğuna xitam verilmişdir (xx.xx.2022-ci il) xx.xx.2022-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ədliyyə Akademiyyasının Maliyyə və təminat şöbəsinin təsərrüfat müdiri vəzifəsinə təyin olunmuşdur (Əmr № 3, xx.xx.2022-ci il). İddiaçının hazırkı tələblə bağlı müraciətinə cavab olaraq Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının **********5 №-li, xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 10 mart 2022-ci il tarixində daxil olmuş müraciətinə aidiyyəti üzrə baxılmışdır. Mərkəzi Filial tərəfindən 14 yanvar 2022-ci il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilib. Vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1470,00 manat, qulluq stajına görə əlavə 109,07 manat, ixtisas dərəcəsinə görə əlavə 100,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 147,00 manat olmaqla orta aylıq əmək haqqı 1826,07 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 34 il 2 gün dövlət qulluğu stajına uyğun olaraq orta aylıq əmək haqqının (1826,07 manat) 80 faizi-1460,86 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabına köçürülür. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının **********7 saylı, xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş İddiaçı aid 034904 №-li pensiya işinə əlavə olunmuş Əmək pensiyasının yenidən hesablanması haqqında **********4 №-li xx.xx.2022-ci il tarixli qərarın surətindən müəyyən olunur ki, İddiaçı Dövlət qulluğuna xitam verilməsi ilə bağlı xx.xx.2015-ci il tarixdə 762 manat 82 qəpik pensiya təyin olunmuşdur Pensiyanın yenidən hesablanması zamanı vəzifə maaşı 1480,0 manat, ixtisas dərəcəsinə görə əlavə 100,00 manat, qulluq stajına görə əlavə faizlə -7,42 % -109,07 manat, mükafatlar faizlə-600 manat, məbləğ 147,00 manat, cəmi 1826 manat, 07 qəpik (pensiya faizi 80,00) olmaqla yenidən hesablanmış pensiya məbləği 1460 manat 86 qəpik təşkil etmişdir. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin olunarkən onun dövlət qulluğundakı stajı 34 il 02 gün hesablanmışdır. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin 9-3-465/2023 saylı xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”nın 9-cu bəndində müəyyən edilmişdir ki, dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılıması Siyahısının 1 -ci və 2-ci bəndlərinə əsasən aparılmışdır. İddiaçının xx.xx.1998-ci il tarixdən xx.xx.1998-ci il tarixədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakı şəhəri üzrə X3 baş əmək müfəttişi vəzifəsində iş müddətilə bağlı bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 28 aprel tarixli 31 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində X5 haqqında Əsasnamə”nin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində X5 vətəndaşların Azərbaycan Respublikası Konstitusiyası ilə nəzərdə tutulmuş əmək hüquqlarının müdafiəsini təmin edən və əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqandır. Həmin Əsasnamənin 3-cü hissəsinə əsasən X5 və onun yerli orqanlarının fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına maliyyələşdirilir. Yuxarıda adıçəkilən Siyahının 2.11-ci bəndinə əsasən Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanları yanında olan orqanın aparatında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. Qeyd edilənlərə əsasən iddiaçının xx.xx.1998-ci il tarixdən xx.xx.1998-ci il tarixədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakı şəhəri üzrə X3 baş əmək müfəttişi vəzifəsində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır. İddiaçının xx.xx.1999- xx.xx.2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Bakı şəhəri Nizami rayon statistika şöbəsinin rəisi vəzifəsində və xx.xx.2003-xx.xx.2007-ci illərdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Bakı şəhəri Suraxanı rayon statistika şöbəsinin rəis müavini vəzifəsində iş müddətilə bağlı bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 6 noyabr tarixli 238 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi haqqında Əsasnamə”nin 1-ci hissəsinə əsasən Komitə Azərbaycan Respublikası mərkəzi icra orqanları sistemində fəaliyyət göstərən, statistika və uçot işinə rəhbərlik edən müstəqil mərkəzi iqtisadi dövlət idarəetmə orqanıdır. Yuxarıda qeyd edilən Siyahının 2.12-ci bəndinə əsasən Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının tabeliyində olan regional orqanların, ikili tabelikdə olan yerli bölmələrin aparatında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2003-cü il tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu’’nun 2.1.6-cı yarımbəndinin 10-cu abzasına əsasən Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələrinin rəhbərləri inzibati vəzifələrin beşinci təsnifatına, 2.1.7-ci yarımbəndinin 5ci abzasına əsasən Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələrinin rəhbərlərinin müavinləri inzibati vəzifələrin altıncı təsnifatına aiddir. Qeyd edilənlərə əsasən, iddiaçının xx.xx.1999-xx.xx.2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Bakı şəhəri Nizami rayon Statistika şöbəsinin rəisi vəzifəsində və xx.xx.2003-xx.xx.2007-ci illərdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Bakı şəhəri Suraxanı rayon statistika şöbəsinin rəis müavini vəzifəsində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır. İddiaçının xx.xx.2007-xx.xx.2022-ci illərdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maliyyə və təminat idarəsində böyük məsləhətçi (iqtisadçı) vəzifəsində iş müddətilə bağlı bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə’’nin 1-ci hissəsinə əsasən Nazirlik qanunvericiliklə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq ədliyyə sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən, hüquq-mühafizə orqanı statusu olan mərkəzi icra hakimiyyəti orqanıdır. İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunun 2.1.6-cı yarımbəndinin 2-ci abzasına əsasən Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının və onlara bərabər tutulan orqanların aparatlarında böyük məsləhətçi vəzifəsi inzibati vəzifələrin beşinci təsnifatına aiddir. Qeyd edilənlərə əsasən, iddiaçının xx.xx.2007-xx.xx.2022-ci illərdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maliyyə və təminat idarəsində böyük məsləhətçi (iqtisadçı) vəzifəsində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır. İnzibati işdən müəyyən olunur ki, iddiaçının yaşa görə əmək pensiyası hüququ 63 yaşdan, yəni xx.xx.2015-ci il tarixdə yaranmışdır. Daha sonra xx.xx.2022-ci il tarixdə iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin olunmuşdur. Pensiya işindən də göründüyü kimi iddiaçının xx.xx.2022-ci il tarixədək dövlət qulluğunda ümumi iş stajının 34 il 02 ay olması tərəflər arasında mübahisə doğurmayan bir haldır. Tərəflər arasında mübahisə açan məsələ iddiaçıya qulluq stajına görə hesablanmış əlavələr ilə bağlı olmuşdur ki, iddiaçının qənaətinə görə cavabdeh tərəfindən qulluq stajına görə əlavələr müəyyən edilərkən onun dövlət qulluğunda olduğu müddət tam nəzərə alınmamışdır. Cavabdeh isə tam əksinə, qulluq stajına görə əlavənin düzgün müəyyən edildiyini, iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun müddəaları əsasında ardıcıllıq dövlət qulluğunda olan 60 ayını (xx.xx.1988-xx.xx.1993) nəzərə aldığını, bununla da düzgün olaraq qulluq stajına görə əlavənin 7,42% = 109,07 manat təşkil etdiyini bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu: -23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. -23.2. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. “Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nda götərilmişdir ki; - bu Qaydalar əmək pensiyası təyin edilməsi üçün dövlət məvacibinin hesablanmasını tənzimləyir (bənd 1). Əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında bu Qaydaların 3-12-ci bəndlərinə müvafiq olaraq hesablanır (bənd 2). - Dövlət qulluqçularına pensiya hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə əsasən qulluq şəraiti həyat və sağlamlıq üçün təhlükəli olan, yaxud xüsusilə ağır olan dövlət orqanlarında vəzifə maaşları üçün müəyyən edilən artıq əmsal (bənd 8.1); 22.5-ci maddəsinə əsasən müəyyən edilən yerli əmsallar (bənd 8.2.); 30.2-ci maddəsinə əsasən iş vaxtından artıq işə görə müəyyən edilən əlavə haqq nəzərə alınır (bənd 8.3). Dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən məcburi dövlət sosial sığortasına cəlb edilən digər pul ödənişləri də nəzərə alınır (bənd 9). Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarla hesab etmişdir ki, əmək pensiyaçılarına dövlət qulluğu stajına görə əlavələrin təyin olunması üçün onun dövlət qulluqçusu statusuna malik olması zəruri və mütləq dispozisiya şərtidir. Nəzərə almaq lazımdır ki, dövlət qulluqçusunun statusu ilə bağlı məsələlər “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu və onun əsasında qəbul edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Qeyd olunan qanunvericilik, icra və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. İddiaçının dövlət qulluqçusu kimi pensiya hüququ xx.xx.2022-ci il tarixdən yarandığından ona münasibətdə hesablanmalı olan qulluq stajına görə əlavə həmin dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun redaksiyasına əsasən tənzimlənir. İddiaçıya qulluq stajına görə əlavə hesablanarkən əlavənin faiz dərəcəsi İddiaçı yalnız xx.xx.1988-xx.xx.1993-cü illəri əhatə edən dövrlərdə dövlət qulluğunda işlədiyi müddət əsasında müəyyən edilmişdir. Halbuki, hazırda qüvvədə olan qanunvericilik qulluq stajına görə əlavənin müəyyən edilməsi üçün şəxsin təkcə dövlət qulluğunda olan son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı nəzərə alınmalı olması ilə bağlı məhdudiyyət tətbiq etməmişdir. Əksinə həmin müddətdən başqa dövlət qulluğundaki illərin hər il üçün dövlət məvacibinin orta aylıq məbləğinə faiz dərəcələri müəyyən etmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanununa əsasən: - 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: - 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; - 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Dövlət qulluqçusuna əmək pensiyası təyin edilərkən dövlət məvacibinin hesablanmasını tənzimləyən digər normativ hüquqi akt məhz Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli 194 №-li Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması” Qaydalarıdır. Həmin Qaydalara əsasən:

1. Bu Qaydalar əmək pensiyası təyin edilməsi üçün dövlət məvacibinin hesablanmasını tənzimləyir.

2. Əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında bu Qaydaların 3-12-ci bəndlərinə müvafiq olaraq hesablanır.

3. Əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 ayı və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən hesablanır.

4. Əmək pensiyası üçün müraciət edən dövlət qulluqçusunun arzusuna əsasən dövlət qulluğuna işə qəbul edildiyi və işdən azad edildiyi natamam aylar, uşağa qulluğa görə qismən ödənişli məzuniyyət dövrü, əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövr həmin aylardan çıxılır. Bu halda çıxılmış aylar göstərilmiş 24 və ya 60 aylıq müddətdən əvvəl və ya sonra gələn aylarla əvəz edilir.

5. Əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi müxtəlif vəzifə təsnifatlarına əsasən hesablandıqda, nəzərə alınan qulluq aylarının sayına müvafiq olaraq dövlət məvacibi hər bir vəzifə üzrə ayrılıqda hesablanır və sonradan toplanmaqla nəzərə alınan ayların (24 ay və yaxud 60 ay) sayına bölünür.

6. Əmək pensiyasının təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacibi onların həmin dövrdəki gəliri əsasında müəyyən edildikdə, dövlət məvacibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən vəzifələrin Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanında nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısına müvafiq olaraq mövcud dövlət qulluğu vəzifəsi üzrə nəzərə alınır.

10. Dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibinin tərkibində ixtisas dərəcəsinə görə haqq ixtisas dərəcəsinin verilməsi haqqında onun qulluq etdiyi dövlət orqanı tərəfindən əmək kitabçası əsasında verilmiş arayış üzrə nəzərə alınır.

11. Dövlət qulluqçusunun pensiyasının hesablanması üçün dövlət məvacibinə hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqq bu barədə onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış əsasında hesablanır.

12. Dövlət qulluqçusunun pensiyasının hesablanması üçün dövlət məvacibinin tərkibində mükafatlar bu barədə onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış əsasında mövcud qanunvericiliyə uyğun olaraq nəzərə alınır. “Əmək pensiyaları haqqında” Qanunu, istərsə də dövlət məvacibinin hesablanmasını tənzimləyən “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması” Qaydaları qulluq stajına görə əlavənin hesablanması üçün şəxsin ümumi dövlət qulluğu stajının nəzərə alınmaması üçün imperativ qaydada hər hansı bir məhdudiyyət nəzərdə tutmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, qüvvədə olan qanunvericilik qulluq illərinə görə əlavənin müəyyən edilməsi zamanı ümumi dövlət qulluğu stajının nəzərə alınmaması ilə bağlı hər hansı müddəa nəzərdə tutmamışdır. Qanunvericilikdə belə bir normanın olmaması iddiaçının ziyanına şərh edilə bilməz. Belə olan halda iddiaçının dövlət qulluğunda stajı 34 il 02 gün təşkil etdiyindən, ona əmək pensiyası hesablanması zamanı qulluq stajına görə əlavələr məhz ümumi dövlət qulluğu stajı əsasında aparılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” 15 may 2020-ci il tarixli qərarında qeyd etmişdir ki, “Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, “təminat xərcliyi”, 1.0.5-ci maddəsindəki “xidmətdən buraxıldığı günə aldıqları”, “sosial sığorta stajı”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar”, “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Buna görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: -“Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; -“Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı 34 il 02 gün dövlət qulluğu müddətində əmək haqqı aldığından, həmin əmək haqqından, eyni zamanda aldığı digər əlavələrdən məcburi sosial sığorta haqları tutulduğundan (bu hal işin mübahisələndirilməyən hallarına aiddir), iddiaçı qulluq stajına görə əlavələrin hesablanması zamanı ümumi dövlət qulluğu müddətinin nəzərə alınmasını tələb etməkdə haqlı olmuşdur. Cavabdeh inzibati orqan iddiaçının dövlət qulluğunun 34 il 02 ay olduğu halda, qulluq stajına görə əlavələri məhz onun xx.xx.1988-xx.xx.1993-cü illərdəki dövrlərdə dövlət qulluğunda işlədiyi müddət əsasında aparmışdır ki, bu da inzibati orqan tərəfindən aparılmış hesablamanın əsassız olmasını və vətəndaşın pensiya hüququnun məhdudlaşdırılmasına səbəb olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin əsas dəlili iddiaçıya təyin olunmuş əmək pensiyası tərəflərindən qanunvericiliyə uyğun aparılmasından ibarətdir ki, bu dəlil də hazırki qərarın təsviri hissəsində göstərilənlərə əsasən əsassızdır. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, həmin dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3539/2023 saylı, 30 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar