Məhkəmə qərarları › İş №2-1(103)-2627/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2627/2024

29.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2627/2024 29.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hesablanması” tələbinə dair inzibati iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının yeni açılmış hallarla bağlı ərizəsi barədə çıxarılmış Bakı İnzibati Məhkəməsinin 2- 1(82)-2253/2014 nömrəli, 29 mart 2024-cü il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2253/2014 saylı iş üzrə 20 iyun 2014-cü il tarixli qərarı ilə İddiaçı 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi (qanunvericilikdə müvafiq dəyişiklik edilənədək), 12 aprel 2007-ci il tarixdən 12 aprel 2014-cü il tarixədək olan müddət üçün əmək pensiyası məbləğinin və həmçinin 12 aprel 2014-cü il tarixdən bu günədək ona ödənilən əmək pensiyasında yaranacaq məbləğ fərqinin «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 10cu maddəsinin 10.2-ci bəndinin və 27 maddəsinin 23 fevral 2008-ci il tarixdə qüvvədə olan tələbləri əsasında 2004 – 2005-ci illərin əmək haqqı nəzərə alınmaqla hesablanıb birdəfəyə iddiaçıya ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Bakı şəhəri Sabunçu rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinə 27 fevral 2024-cü il DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının sözügedən mübahisəyə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2253/2014 saylı iş üzrə 20 iyun 2014-cü il tarixli qərarına qarşı yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsi daxil olmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-2253/2014 nömrəli, 29 mart 2024-cü il tarixli qərardadı (hakim R.Kərimli) ilə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizənin mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan ərizəçi tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi və “yeni açılmış hallarla” bağlı ərizənin təmin edilərək iş üzrə icraatın təzələnməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Apellyasiya şikayətinin dəlilləri: Şikayət onunla əsaslandırılmışdır ki, mümkünlük şərtlərini nəzərdə tutan normalar yalnız iddialar üzrə tətbiq edilməklə cavabdeh inzibati orqana qarşı iddianın mümkünlük şərtlərini yoxlayır, hazırki mübahisə isə yeni açılmış hallara dair ərizədir. Eyni zamanda qanunda müddətin ötürülməsinin nəzərdə tutulmaması mümkün hüquqi müdafiə vasitələrindən istifadəni məhdudlaşdıran qərarın qəbul edilməsi yolverilməz hesab olunmalıdır. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçinin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsi, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi iş üzrə icraatın təzələnməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişi iddiaçının iddia ərizəsində qeyd etdiyi və iş materiallarında mövcud olan ünvanına göndərilmiş, lakin poçt orqanı tərəfindən “ünvan tam deyil” əsası ilə geri qaytarılmışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətini nəzərdən keçirərək, inzibati məhkəmə icraatının iştirakçısının izahatını dinləyərək hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin “yeni açılmış hallarla” bağlı ərizənin mümkün sayılmaması barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Azərbaycan Respublikası İPM-in 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Həmin Məcəllənin 103.3-cü maddəsinə əsasən bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Həmin Məcəllənin 106-cı maddəsinə görə məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. İcraatın təzələnməsi üçün İPM-in 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. İş materiallarından, o cümlədən “yeni açılmış hallarla bağlı icraatın təzlənməsinə dair” ərizədən məlum olur ki, iş üzrə cavabdeh DSMF Bakı şəhəri Sabunçu rayon şöbəsi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2253/2014 saylı iş üzrə 20 iyun 2014-cü il tarixli qərarını 30 iyun 2014-cü il tarixdə almış və qərar qanunla müəyyən edilmiş müddət (30 gün) ərzində ondan apellyasiya şikayəti verilmədiyidən, həmin tarixdən 30 gün sonra qüvvəyə minmişdir. Nəzərə alınmalıdır ki, formalaşmış inzibati praktikaya görə ərizəçi DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı müvafiq inzibati mübahisə üzrə cavabdeh DSMF Bakı şəhəri Sabunçu rayon şöbəsinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı ilə bağlı səlahiyyətlərini hazırda həyata keçirən qurumdur. Lakin DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair” ərizəsi məhkəməyə 27 fevral 2024-cü il tarixdə – ona qarşı ərizə verilmiş məhkəmə qərarının qanuni qüvvəyə mindiyi tarixdən 9 ildən artıq vaxt keçdikdən sonra təqdim edilmişdir. Halbuki, inzibati prosessual qanunvericiliyin tələbləri “yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair” ərizənin verilməsini müvafiq məhkəmə hökmünün (ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü) ləğv edildiyi hal istisna olmaqla, məhkəmə qərarının qanuni qüvvəyə minməsindən 3 il keçənədək mümkün sayır və ərizənin verilməsi üzrə buraxılmış həmin müddətin bərpasını istisna edir. Hazırkı iş üzrə ilkin icraat zamanı məhkəmə hər hansı məhkəmə hökmünə istinad etməmişdir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-2253/2014 nömrəli, 29 mart 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar