Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2627/2025 04.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1320/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına (bundan sonra - Mərkəzi Filial) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, "63 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 63 yaşı tamam olduqdan sonra 2023cü ilin oktyabr ayında yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana miiarciət edib. Cavabdeh inzibati orqanın ona ünvanladığı xx.xx.2023-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, ümumi sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib. Cavabdeh inzibati orqan yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinanın əsası kimi sığorta stajının 23 il 2 gün təşkil etməsini və əmək kitabçasında qeyd olunmuş xx.xx.1980-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək olan dövr üzrə Zəngilan rayon 8 №-li uşaq bağçasında işlədiyi müddətdə əmək haqqı alıb-almamağının müəyyənləşdirməyin mümkün olmaması ilə əsaslandıraraq, qeyd olunan 13 il 9 ay əmək fəaliyyət müddətini sığorta stajına daxil etməmişdir. Bununla bağlı qeyd edir ki, cavabdeh inzibati orqanın qeyd olunan əsasla ona yaşa görə əmək pensiyasının təyin edilməsi imtina etməsi tamamilə əsassızdır. Belə ki, xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqmda,r Qanunun 69-cu maddəsinə əsasən iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Göründüyü kimi iş stajını təsdiq edən sənədin - əmək kitabçası olduğu halda, cavabdeh inzibati orqan iş stajını səhv hesablama aparmaqla, eləcədə iş stajını təsdiq edən sənəd kimi əmək kitabçasında göstərilmiş xx.xx.1980-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək olan dövr əmək fəaliyyət üzrə iş stajını heç bir əsas olmadan nəzərə almayaraq, ümumi iş stajının 25 ildən az olmasına əsaslanmaqla ona yaşa görə əmək pensiyasını təyin etməkdən əsassız olaraq imtina etmişdir. Halbuki əmək kitabçasında əmək fəaliyyəti üzrə üzrə ümumi iş stajı 36 il 9 ay təşkil edir. Qeyd olunan xüsusat bir daha onu təsdiq edir ki, cavabdeh inzibati orqan ümumi iş stajı üzrə hesablamada səhv nəticəyə gəlmiş və əsassız olaraq ona yaşa görə əmək pensiyası təyin eməkdən imtina etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1320/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Həmin Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. İş Apellyasiya Məhkəməsinin icraatında olarkən cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, hazırkı mübahisə ilə bağlı iddiaçının tələbinin təmin olunduğunu və şikayətə baxılmamasını, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi hazırki halda mübahisə mövcud olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı mübahisə aradan qalxdığından iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. İş materiallarında olan cavabdeh tərəfindən təqdim edilmiş sözügedən ərizədən müəyyən olur ki, cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli “Əmək pensiyasının təyin edilməsi haqqında” Qərar qəbul edilmişdir. Həmin Qərara əsasən iddiaçıya xx.xx.2023-cü il tarixdən (əmək pensiyası hüququnun yarandığı tarixdən) 336.58 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən, sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, hazırkı inzibati iş üzrə iddiaçının hüquqi marağı cavabdehin adıçəkilən Qərarına əsasən təmin olunduğundan iddiaçının tələbi hüquqi mübahisə predmeti deyildir və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Ərizə təmin edilsin. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2627/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2627/2025
04.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver