Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2628/2021 24.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Baxışova Vüsalə Ələkbər qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı (xx.xx.1955-ci ildə Amasiya rayonunda anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2-1(112)-4143/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 05.02.2021-ci il tarixində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun hazırda qüvvədə olan redaksiyasının 30.1-ci maddəsinə əsasən Əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi köçkünlərə isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və pensiyalara əlavələr sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyasının təyinatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. İddiaçı xx xxxxxxx 1955-ci il tarixdə doğulmuşdur. O, yaşa görə əmək pensiyasının təyin olunması üçün DSMF-yə müvafiq sənədlərlə müraciət etmişdir. DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialından ona 19 dekabr 2020ci il tarixli “pensiya təyin edilməsinin mümkün olmaması haqqında” imtina məktubu ünvanlanmışdır. Həmin imtinaya səbəb kimi onun ümumi iş stajının az olması yəni, tələb olunan 25 illik staja münasibətdə 16 il 7 ay stajın olması göstərilmişdir. Əmək kitabçasında qeyd olunmuş 8 iyun 1998-ci il tarixdən 29 may 2001-ci il tarixədək işlədiyi dövr öz hesabına məzuniyyətdə olduğu dövr kimi qəbul olunaraq sığorta stajı kimi hesablanmamışdır. Cavabdehin imtinası əsassızdır və bunu aşağıda qeyd olunanlar tam sübut edir. “«Əmək pensiyaları haqqında» AR Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1-ci yarımbəndlərinə əsasən 2006-cı il yanvarın 1dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X3) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. «Əmək pensiyaları haqqında» AR Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Onun əmək kitabçasında ümumi iş hərbi xidməti dövrü də nəzərə alınmaqla 30 ilə yaxındır. Bundan əlavə o, beş il ali təhsil almışdır. Üumilikdə 35 il toplanır. «Əmək pensiyaları haqqında» AR Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş 23 sentyabr 1992-ci il tarixli «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin üçüncü bəndinin “ğ” yarımbəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, dokturanturada və klinik ortinaturada təhsil müddəti iş stajına daxil edilir. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, «Əmək pensiyaları haqqında» AR Qanunu qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınır. «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr onun ümumi iş stajı ilə müəyyən edilir. Eləcə də, 1 oktyabr 1956cı il tarixdə qanuni qüvvəyə minmiş və 23 sentyabr 1992-ci il tarixədək qüvvədə olmuş «Dövlət pensiyaları haqqında» SSRİ Qanununun 1-ci maddəsinin “v” bəndinə əsasən ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiya hüququna malikdiklər. «Əmək pensiyaları haqqında» AR Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Əmək kitabçasına görə onun 30 illik iş stajı var. Bu isə o deməkdir ki, cavabdeh inzibati orqandan tələbi «Əmək pensiyaları haqqında» AR Qanununun, “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3-cü və 4-cü bəndlərinin tələblərinə görə əsaslıdır. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 16, 38, 60, 62, 71-ci maddələrinə, «İnsan Hüquqlarının və X1 haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə, «Əmək pensiyaları haqqında» AR Qanununun 3.1, 7, 30.2, 31.1-ci maddələrinə, İPM-in 2.2.2, 8, 33, 45, 46, 73-ci maddələrinə əsaslanaraq, iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh DSMF-nin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Bakı İnzibati Məhkəməsinin 14.04.2021-ci il tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu həmin Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Bakı İnzibati Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2-1(112)-4143/2021 nömrəli qərarı ilə (hakim R.Kərimli) iddia təmin edilmiş, İddiaçı yaşa görə əmək pensiyasının ( 65 yaşdan) təyin edilməsi öhdəliyi cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işi tam araşdırmamış, iddiaçının 21.01.1973-22.04.1974, 01.06.1976-22.07.1976-cı il, 08.06.1988-ci il tarixdən 19.05.2001-ci il tarixlərdə işlədiyi illərin sosial sığorta stajına daxil edildiyi dövlər üçün düzgün əsaslandırma aparmadan qərar çıxarmış, bununla da maddi hüquq normalarını pozmuşdur. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak etmiş iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İddiaçı məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq sonuncu məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2-1(112)-4143/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakılar qeyd edir: «Əmək pensiyaları haqqında» AR Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci ilin iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi, əmək pensiyaları haqqında Azərbaycan Respublikası qanunvericiliyinin qüvvədə olan tələbləri müvafiq yaş həddinə çatmış ( 63 yaş + 2 il) yaşa görə əmək pensiyasının təyin olunmasını aşağıdakı hallardan hər hansı birinin mövcud olması ilə şərtləndirir: - sığorta stajından asılı olmayaraq, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi; - 25 il sığorta stajı olduqda. İşin hallarından müəyyən edilir ki, İddiaçı xx xxxxxxx 1955-ci il tarixdə doğulmuşdur. İT-İ seriyalı, ******* nömrəli, 24.08.1976-cı il tarixində doldurulmuş, 15.08.1972-ci il tarixində doldurulmuş əmək kitabçaları və NZ seriyalı, ******* nömrəli 04.05.1974-cü il tarixində doldurulmuş hərbi biletinə əsasən onun 21 yanvar 1973-cü il tarixdən 29 may 2001-ci il tarixədək 25 il 11 ay 4 gün iş stajı və 2 il 2 gün hərbi xidmət dövrü mövcuddur. O, 8 iyun 1998-ci il tarixdən 29 may 2001-ci il tarixədək öz hesabına məzuniyyətdə olmuşdur. İddiaçı 65 yaşı tamam olduqda yaşa görə əmək pensiyasının təyin olunması ilə əlaqədar hazırkı cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Cavabdeh məsələnin həllindən imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının 21 yanvar 1973-cü il tarixdən 22 aprel 1974-cü il tarixədək və 1 iyun 1976-cı il tarixdən 22 iyul 1976-cı il tarixədək olan dövrdə Ermənistan SSR Amasiya rayonu “Təpəkənd” kolxozunda iş stajında əsaslı şübhələr olduğundan, eləcə də həmin dövrdə onun əmək fəaliyyətinin yerində yoxlanılması mümkün olmadığından, qeyd olunan dövr, həmçinin iddiaçının 1998-2001-ci illərdə öz hesabına məzuniyyətdə olduğu dövr iş stajına daxil edilməmişdir. Həmin dövrlər daxil edilmədikdə, onun iş stajı 23 il, 9 ay, 24 gün, yəni 25 ildən az müddət təşkil etdiyindən, ona yaşa görə əmək pensiyası təyin oluna bilməz. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. İddiaçinin pensiya kapitalı ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, əmək pensiyasının təyinatını şərtləndirən 28.800 manat pensiya kapitalının qarşılığında 17.667,65 manat pensiya kapitalının toplanması müəyyən olunur və həmin həcmdə pensiya kapitalı iddiaçıya yaşa görə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. İddiaçının 25 il sığorta stajı ilə bağlı isə qeyd edilməlidir ki, iş materialları ilə iddiaçının 24 il 11 ay 15 gün sığorta stajının mövcud olduğu müəyyən edilir. Belə ki, iddiaçının 1973, 1974 və 1976-cı illərdə Ermənistan SSR Amasiya rayonu “Təpəkənd” kolxozunda işlədiyi dövrün yerində yoxlanılmasının mümkünsüz olduğundan, bu hal iddiaçının iradəsindən asılı olmadığından, əmək kitabçasında müvafiq qeydlər üzrə məlumatlar heç bir sübutla təkzib olunmadığından, əmək kitabçasındakı məlumatlar mötəbər qiymətləndirilməlidir. AR Əmək Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə görə məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir. «Məzuniyyətlər haqqında» Azərbaycan Respublikasının 19 iyul 1994-cü il tarixli Qanununun (Azərbaycan Respublikasının 1 fevral 1999-cu il tarixli 618-İQ nömrəli Qanunu ilə 1 iyul 1999-cu il tarixdən qüvvədən düşmüşdür) 2-ci maddəsinə görə məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi, habelə qanunda nəzərdə tutulan hallarda orta aylıq əmək haqqı saxlanılır. Həmin müddət işçinin əmək stajına (həmçinin ixtisas üzrə) daxil edilir. Məhkəmə Kollegiyası qeyd edir ki, hazırda qüvvədə olan AR Əmək Məcəlləsinin müddəaları iş stajına daxil edilən ödənişsiz məzuniyyət müddətlərinə müvafiq məhdudiyyətlər qoysa da, 1 iyul 1999-cu il tarixədək qüvvədə olmuş «Məzuniyyətlər haqqında» AR Qanununun 2, 3 və 14-cü maddələri ödənişsiz məzuniyyətlərin bir ayadək olan müddətlərinin işçinin əmək stajına daxil edilməsini nəzərdə tutmuşdur. Beləliklə , İddiaçının ödənişsiz məzuniyyətdə olduğu dövrün bir hissəsi 1999-cu ilin iyul ayının 1-dən əvvəlki dövrə aid olduğundan, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələbləri nəzərə alınaraq, iddiaçının 1 ayadək ödənişsiz məzuniyyətdə olduğu dövr onun əmək stajına daxil edilməlidir. Göründüyü kimi iddiaçının 65 yaşdan yaşa görə əmək pensiyası hüququnun yaranması üçün qanunvericilikdə nəzərdə tutulmuş 25 ildən çox ümumi iş stajı mövcuddur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçının iş stajı ona məxsus əmək kitabçasında əksini tapmışdır və göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Bundan başqa nəzərə alınmalıdır ki, əmək qanunvericiliyinin yuxarıda sadalanan normaları mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq bütün qurumlarda işləmiş sığortaolunanlara əmək pensiyası hesablanarkən onun işlədiyi və əmək kitabçasında öz əksini tapmış hər hansı işin müddətini də nəzərdə tutur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı onu da qeyd edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM 14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («inzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə) Əlavə olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia ərizəsində iddiaçı tərəfindən beş il ali təhsil alması göstərilsə də, iş materiallarına yalnız notarial qaydada təsdiq olunmuş ZT seriyalı, 047616 nömrəli Azərbaycan SSR ali və orta ixtisas təhsili nazirliyinin Bakı politexnik texnikumunda 1982-1985-ci illərdə təhsil alması ilə bağlı diplomun (01.07.1985-ci il tarixli, 976 №li qeyd) surəti əlavə olunmuşdur. Qeyd olunan bu hal iddia tələbinin əsassızlığına dəlalət etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2-1(112)-4143/2021 nömrəli qərarı əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2-1(112)-4143/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-2628/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2628/2021
24.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver