Məhkəmə qərarları › İş №2-1(103)-2629/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2629/2021

04.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2629/2021 04.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə (üçüncü şəxs Maliyyə Nazirliyi) qarşı “mənzilin sökülməsi il bağlı kompensasiyanın ödənilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-859/2021 saylı 12.08.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, məhəllə-540) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkməyə müraciət edərək, cavabdeh ünvan 1 ünvanı ilə bağlı mülkiyyətdə və istifadədə olan tikili üzrə 25.200 manat, sökülmə nəticəsində məhv olmuş daşınar əmlaklar üzrə 7.000,00 manat, kompensasiya məbləğinə 20% əlavə olaraq 5.040,00 manat, çətinliyə görə ümumi məbləğin 10% kimi 2.520 manat, köçürülmə ilə əlaqədar 1.000,00 manat pul vəsaitinin tutulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı Azərbaycan Respublikasının yaşadığı Bakı şəhəri. M.A.Əliyev küçəsi, 28 saylı ev Nazirlər Kabinetinin 51 nömrəli 16 fevral 2018-ci il tarixli qərarı ilə Bakı şəhərinin Baş Planına uyğun olaraq, dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi ilə bağlı dövlət ehtiyacları üçün alınan ərazidə yerləşir. O, cavabdehin təşkil etdiyi Komissiyada dəfələrlə olmuşdur. Bakı şəhəri, M.A.Əliyev küçəsi, 28 saylı ev böyük bir həyət evi idi. İddiaçının istifadəsində olan ev 43 kv.m olmuşdur. Həmin evdə qeydiyyatda olmuş, bütün kommunal və digər xərcləri ödəmişdir. Evdə tək yaşayırdı.Hər dəfə Komissiyada olanda bildirmişlər ki, onu çağıracaqlar. Ərazidə söküntü işləri aparılan zaman gəfildən gəlib onu məcburi evdən çıxararaq evi sökmüşlər. Ev əşyaları söküntü altında qalmışdır. Onun 30 yanvar 2020-ci il tarixli müraciəti ilə bağlı Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhər Yasamal RİH-ə 7 fevral 2020-ci il tarixdə göndərdiyi müraciətinə bu günədək cavab verilməmişdir. İstifadəsində olan 43 kv m evin hər 1 kv.m sahənin 1.500 manat alınmaya məruz galdığını nəzərə alaraq ödənilməli kompensasiya məbləğinin 64.500 manat vəsaitin cavabdehdən tutulması barədə qərar qəbul edilməlidir. Bundan əlavə iddiaçı evdə 10 ildən artıq müddətdir yaşadığına görə «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Qanununun 66.4.4-cü maddəsinə əsasən çətinliklə bağlı kompensasiyanın 10 faizi miqdarında Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına uyğun olaraq 20 faiz əlavə əlavə haqq verilməlidir cavabdehin qanunazidd hərəkətləri nəticəsində onun razılığı olmadan söküldüyündən Evdə qalan daşınar əmlakları məhv olduğundan, ona 7.000,00 manat ziyan da dəymişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-859/2021 saylı 12.08.2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı R.Məmmədov apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, eyni zamanda, iddiaçı qeyd etmişdir ki, cavabdeh tərəfin səlahiyyətlərini aşaraq xüsusi mülkiyyətdə olan evi onun razılığı olmadan və öncədən kompensasiya ödənilmədən sökülməsi Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin pozulması faktıdır. Sözügedən ünvanda yaşamış və istifadəsində yaşayış sahəsi olub. Həmin yaşayış sahəsi uzun illər onun vəsaiti hesabına inşa edilib. Evi tikərkən cavabdeh buna göz yummuş, indi isə deyir ki, guya evi olmayıb. Evi olmayıbsa, kommunal xərclər niyə ödənilib. İcra hakimiyyəti və Maliyyə Nazirliyi günahkardır. Onun pulunu ödəməmək üçün min bir oyundan çıxırlar. Məhkəmə kollegiyası iclaslarının vaxtı və yeri barədə, habelə məhkəməyə gəlmədiyi halda işə baxılacağı barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı və üçüncü şəxs (səlahiyyətli nüsmayəndələri) məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiysı onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyiasının iclasında iştirak edən cavabdehin nümayəndəsi H.Talıbov iddiaçı tərəfindən mübahisələndirilən evin özgəninkiləşdirildiyi və yeni mülkiyyətçisinə isə söküntüyə görə kompensasya verildiyini bildirərək, iddiaçının apellyasiya şikayətini əsassız hesab etmiş və birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib və iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-in 2.2.7-ci madəsinin tələbinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati icraat haqqında Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Mülki Məcəllənin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Həmin Məcəllənin 247.4-cü maddəsinə görə dövlət ehtiyacları üçün alınan torpaqlara görə kompensasiya aşağıdakı formalarda ödənilir: 247.4.5. torpaq və digər kapital itkisinə görə bu fəslin müddəalarına uyğun olaraq, müəyyən edilmiş məbləğdə birdəfəlik pul ödənişi; 247.4.9. alınmanın təsirinə məruz qalan şəxslərlə alan orqan arasında müəyyən edilən və ya razılaşdırılan digər kompensasiya formaları. İddiaçının İddiaçı iddia tələblərindən göründüyü kimi, cavabdeh ünvan 2 ünvanı ilə bağlı mülkiyyətində olan tikiliyə görə 25.200 manat, həmin kompensasyia məbləğinə 20% və 10% əlavələrin və köçürülmə ilə əlaqədar pul vəsaitinin sökülmə nəticəsində məhv olmuş daşınar əmlaklarna görə 7.000 manat kompensasiya ödənilməsini və ödənilməsini tələb edir. Lakin iş materialarına əsasən iddiaçının qeyd olunan iddia tələblərinin əsassız olduğu sübuta yetirilir. Belə ki, işə əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin birinci instansiya məhkəməsinin sorğusuna ünvanladığı 17 fevral 2021-ci il tarixli məktubunda cavab məktubunda aşağıdakı faktlar bildirilir: “Bakı şəhəri 12 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş 4 iyul 2009-cu il tarixli 4Ə-02-324 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən ünvan 4 ünvanında yerləşən mübahisəli mübahisəli mənzilin 1/2 hissəsi həmin tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir. Lakin Bakı şəhəri 14 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilən 6 oktyabr 2010-cu il tarixli tarixli 4Ə-488 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X1 adına özgəninkiləşdirilmişdir.” Eyi zamanda, iş materiallarına əsasən müəyyən olunur ki, yeni mülkiyyətçi X4 ilə Bakı şəhəri Yasamal RİH (qurumun adından çıxış edən X2) arasında 4 dekabr 2018-ci il tarixdə AN-İ ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndindən isə görünür ki, “satıcı” X5 ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 25,9 kv.m, yaşayış sahəsi 18 kv.m, yardımçı sahəsi 7,8 kv.m olan 1 otaqlı mənzilin paylı mülkiyyət üzrə ona məxsus 1/2 hissəsini “alıcı” Bakı şəhəri Cavabdeh mülkiyyətinə verir. Müqavilənin 4-cü bəndində göstərilmişdir ki, daşınmaz əmlakı “satıcı” 99.486 manat qiymətinə satdı, “alıcı” isə həmin qiymətə aldı. Göründüyü kimi, iddiaçı mübahisəli ünvanda yerləşən mənzildən ona düşən ½ hissəsini mülkiyyət hüququ ilə öz adına rəsmiləşdirdikdən sonra həmin payını “X5” adında şəxsə satmış, bu sonuncu da həmçinin evə həmin hissədə mülkiyyət hüququnu rəsmiləşdirmiş, daha sonra isə hazrkı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti ilə bağlanmış alqı-satıqı müqaviləsinə əsasən sonuncu tərəfindən kompensasiya ödənilməklə dövlət ehtiyacları üçün alınmışdır. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçının mübahisəli ünvanda yerləşən ona məxsus tikilinin, ona kompensasiya verilmədən qanunsuz söküldüğünü iddia edərək ona kompensasiya ödənilməsi və həmin kompensasiya məbləğinə əlavələrin verilməsi barədə tələbləri tamamilə əsassızdır. İddiaçının, söküntü zonasında ona məxsus digər əşyaların cavabdehin qanunsuz hərəkətləri nəticəsində məhv edilməsi və bununla bağlı onun ziyan tələbinə gəldikdə isə, həmin ünvanda onun əmlaklarının mövcudluğu, daha konkret, evin yeni mülkiyyətçisi X5 tərəfindən dövlət ehtiyacları çərçivəsində torpağı alan orqana satılmasınadək həmin ünvanda saxılanıldığı və cavabdehin təqsirli hərəkətləri nəticəsində onların məhv edilməsini sübut etmək vəzifəsi məhz, iddiaçının öz üzərinə düşür. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qanunun qeyd olunan tələbləri baxımından, iddiaçı tərəfindən məhv edildiyini iddia etdiyi əşyaların, eyni zamanda, həmin əmlaklara münasibətdə cavabdehin qanunsuz hərəkətləri iddiaçı tərəfindən sübuta yetirilməlidir ki, cavabdeh inzibati orqan delikt törətmiş şəxs hesab edilərək mülki məsuliyyətə cəlb edilsin. Lakin iddiaçı mötəbər əsaslardan çıxış edərək qeyd olunan hallara dair əsaslandırıcı sübutlar məhkəməyə təqdim etməmişdir. Halbuki o, qeyd olunan hallar İPM-in 1.2-ci maddəsi baxımından, MPM-in 77.1-ci maddəsinin tələbinə görə öz tələbini əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur (§68). Beləliklə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd olunmasını mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir və MPM-in 385.2-ci maddəsinin tələbi baxımından hesab edir ki, həmin qərarın iddiaçının formal mülahizələrinə görə ləğv edilə bilməz. Bu baxımdan iddiaçının ona mübahisəli ünvanda yerləşən evə və əmlaklarına görə kompensasiya və ziyan tələbində haqlı olması istisna olunur. Ona görə də məhkəmə kollegiyası, onun apellyasiya şikayətinin Konstitusion hüquqlarının pozulduğunu bildirməklə, dolayısı ilə birinci instansiya məhkəməsinin qərarının əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-859/2021 saylı 12.08.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər. Göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. akı İnzibati Məhkəməsinin 2-1(112)-859/2021 saylı 12.08.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar