Məhkəmə qərarları › İş №2-1(103)-2629/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2629/2022

29.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2629/2022 29.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Baxışova Vüsalə Ələkbər qızı və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, İddiaçı iştirakı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyinin bərpa edilməsi öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-879/2022 nömrəli iş üzrə 18 mart 2022-ci il tarixli qərarından cavabdehin apellyasiyasına əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz hesab olunması və iddiaçının əlillik dərəcəsinin etibarsız hesab edildiyi tarixdən bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, 2017-2020-ci il illər ərzində rəsmiləşdirilmiş göndərişlər əsasında aktiv əmək müqaviləsi olub əlillik təyinatı aparılmış 8.711 nəfərə dair məlumatlar iki mərhələdə araşdırılma aparılması üçün müəyyənləşdirilmişdir. Aydın olmuşdur ki, 776 nəfərə dair göndərişlərdə qeyd olunan stasionar və ambulator müalicə tarixlərində həmin şəxslərə əmək haqqı ödənilmiş və onlara əlillik təyinatı zamanı əsas götürülmüş müalicə müddətlərinə dair məlumatlar təsdiqini tapmamışdır. Buna görə də iddiaçının əlillik təyinatı xx.xx.2020-ci ildən etibarsız hesab edilmişdir. İddiaçının ikinci dərəcə əlilliyinin etibarsız hesab edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanunazidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Qanunun tələblərinin pozulmamasına, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq həyata keçirilməsinə baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı apellyasiya şikayətini qəbul etməyib, təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) 82-ci maddəsinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət mahiyyətinə gəldikdə, ilk olaraq, birinci instansiya məhkəməsinin qərarının əsaslarına görə: “... iddiaçının əlillik vəziyyəti Sumqayıt 2 nömrəli şəhər poliklinikasının xx.xx.2018-ci il tarixli, 0530003AAEN9 saylı göndərişi əsasında qiymətləndirilmiş və “Səbəbi:Ümumi xəstəlik; X1: İİ Sinif - Bədxassəli yenitörəmələr => C00-C75 - Yeni törəmələr => C60-C63 - Kişi cinsiyyət orqanlarının bədxassəli yenitörəmələri => C62 - Xayanın bədxassəli yenitörəməsi => C62.0 - Xayalığa enməmi...; Diaqnozun mətni: Xayanın bədxassəli yenitörəməsi. Sol xayanın seminoması. İll mər.Kombinə olunmuş müalicədən sonrakı vəziyyət. KDM və cərrahi əməliyyat. Orxo seminoma; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.14. lokalizasiyasından asılı olmayaraq, İİİ - İV mərhələ bədxassəli şişlər- (C00-C97)” əsas gətirilməklə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. İddiaçının əlillik vəziyyəti Sumqayıt 2 nömrəli şəhər poliklinikasının xx.xx.2018-ci il tarixli, 0530003AAEQY saylı göndərişi əsasında qiymətləndirilmiş və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: İİ Sinif - Bədxassəli yenitörəmələr => C00-C75 - Yeni törəmələr => C60- C63 - Kişi cinsiyyət orqanlarının bədxassəli yenitörəmələri => C62 - Xayanın bədxassəli yenitörəməsi => C62.0 - Xayalığa enməmi...; Diaqnozun mətni: Xayanın bədxassəli yenitörəməsi, Sol xayanın seminoması. İll mər.Kombinəolunmuş müalicədən sonrakı vəziyyət. (KDM və cərrahi əməliyyat)Patohistoloji rəy N1428/07D Orxo seminoma. Yenitörəmələr zamanı müşahidə olunan anemiya (C00-D48); Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.14. lokalizasiyasından asılı olmayaraq, İİİ - İV mərhələ bədxassəli şişlər- (C00-C97)” əsas gətirilməklə beş il müddətinə əlillik dərəcəsi verilmiş, əlillik müddəti xx.xx.2023-cü il tarixədək müəyyən edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinə məktub ünvanlayaraq göstərmişdir ki, 2017-2020-ci illər ərzində rəsmiləşdirilmiş göndərişlər əsasında aktiv əmək müqaviləsi olub əlillik təyinatı aparılmış 8.711 nəfərə dair məlumatlar iki mərhələdə araşdırılma aparılması üçün müəyyənləşdirilmişdir. İlkin mərhələdə araşdırılan 3.868 nəfərə aid məlumatlar Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) "Sığorta edənlər tərəfindən göndərilmiş haqq-hesab cədvəllərin emalı" altsistemində olan məlumatlarla qarşılaşdırılmış və müəyyən olunmuşdur ki, həmin şəxslər barədə rəsmiləşdirilən göndərişlərdə stasionar və ambulator müalicə müddətinə dair qeydlər olmasına baxmayaraq həmin şəxslərə sözügedən dövr ərzində Dövlət Sosial Müdafiə Fondu tərəfindən hər hansı bir ödəniş aparılmamışdır. Əlavə olaraq 3868 nəfər üzrə rəsmiləşdirilmiş göndərişlərdə qeyd olunan stasionar və ambulator müalicə tarixləri MEİSin "Əmək müqaviləsi" və "Sığorta" altsistemlərində olan məlumatlar əsasında, fərdi qaydada, bir-bir yoxlanılmışdır. Müəyyən olunmuşdur ki, 776 nəfərə dair göndərişlərdə qeyd olunan stasionar və ambulator müalicə tarixlərində həmin şəxslərə əmək haqqı ödənilmiş və onlara əlillik təyinatı zamanı əsas götürülmüş müalicə müddətlərinə dair məlumatlar təsdiqini tapmamışdır. Digər 3092 nəfər barədə məlumatların emalı zamanı bəzi şəxslərə dair işəgötürən tərəfindən məcburi dövlət sosial sığortası üzrə hesabatların verilməməsi, bəzilərinin isə məlumatlarının təhlil aparılması üçün yetərli olmaması səbəbindən araşdırılması mümkün olmamışdır. İkinci mərhələdə araşdırılması nəzərdə tutulmuş 4843 nəfərlə bağlı təhlillər aparılmışdır. Göstərilənləri nəzərə alaraq siyahıda adları qeyd olunmuş 776 nəfərə aparılmış əlillik təyinatlarının etibarsız edilməsi məqsədəmüvafiqdir. Bununla əlaqədar Nazirlik yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə tapşırıq verilməsi xahiş olunmuşdur. Sözügedən məktuba əlavə edilmiş siyahının 215-ci sırasında iddiaçının adı da qeyd olunduğundan növbəti müayinə tarixi xx.xx.2023-cü il olmasına baxmayaraq cavabdeh tərəfindən Əlillik altsistemində İddiaçı əlilliyinin qiymətləndirilməsi xx.xx.2020-ci il tarixdən etibarsız hesab edilmişdir. ... Məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Bu o deməkdir ki, istənilən halda, şəxs üçün əlverişsiz olan hər bir inzibati hərəkət üçün qanuni əsas mövcud olmalı, inzibati orqanın müdaxilə edə bilmək səlahiyyəti qanundan irəli gəlməli, müdaxilə “qanuna uyğun” olmalıdır. Cavabdehin hərəkətinin qanuna uyğun olmasının yoxlanılması ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: - 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. - 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. - 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. - 2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.5-ci bəndinə görə TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. - 3.7-ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. - 4.9-cu bəndinə görə bu qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Qaydanın əlavəsində Agentliyinin Tibbi-sosial ekspert komissiyası tərəfindən əlilliyin təyinatından imtina edildikdə və ya əlillik təyinatı ləğv edildikdə səbəbləri göstərilməklə qəbul edilməsi zəruri olan qərarın forması da müəyyən edilmişdir. Sadalanan normalardan müəyyən olunur ki, qanunverici əlilliyin təyinatının müvafiq sənədlər əsasında qiymətləndirilməsi və nəticəsinin inzibati akt olan qərarla rəsmiləşdirilməsini müəyyən etmiş, həmin qərarın düzgünlüyünə şübhə yarandıqda isə şəxsin əyani müayinəyə cəlb edilməsi və müayinənin nəticələrinin qərarla rəsmiləşdirilməsi, nəticə müsbət olmazsa, əlilliyin təyini barədə qərarın ləğv edilməsini nəzərdə tutmuşdur. Lakin hazırkı işin hallarından müəyyən olunur ki, cavabdeh apardığı araşdırma nəticəsində iddiaçının stasionar və ambulator müalicə tarixlərində ona əmək haqqı ödənilməsi və ona əlillik təyinatı zamanı əsas götürülmüş müalicə müddətlərinə dair məlumatların təsdiqini tapmaması əsası ilə əlillik təyinatını mübahisələndirmiş, buna görə də iddiaçıya təyin edilmiş əlilliyi etibarsız hesab etmişdir, hansı ki, istinad olunan qanunvericilikdə əlilliyin etibarsız hesab edilməsi anlayışı mövcud deyildir. Qanunla şəxsin hüququna belə bir müdaxilə nəzərdə tutulmadığından məhkəmə belə qənaətə gəlir ki, cavabdehin iddiaçının əlilliyini etibarsız hesab etməkdən ibarət hərəkətinin qanuni əsası olmamışdır. Həmçinin cavabdeh bu zaman iddiaçını əyani müayinəyə cəlb etməmiş, onun barəsində qəbul edilmiş inzibati aktın nəticəsini şübhə altına almaqla onun nəticələrini ləğv edərkən, iddiaçının dinlənilmə hüququnu təmin etməmiş, ayrıca akt formasında qərar qəbul etməmişdir. Bununla cavabdeh eyni zamanda inzibati icraat haqqında qanunvericiliyin tələblərini də pozmuşdur. Çünki inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə və bununla bağlı ayrıca inzibati akt qəbul etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)-159/2022 qərarı).” İPM-in 87.8-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının faktiki və qanuni əsasları ilə razılaşır və bu səbəbdən onları təkrar sadalamır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə bildirir ki, dəlillər əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi qərarını “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndi ilə əsaslandırsa da, apellyasiya şikayəti həmin normanın tətbiqi, o cümlədən cavabdeh tərəfindən sözügedən normanın tələblərinə əməl olunmamasının səbəbləri barədə heç bir dəlil ehtiva etməmiş, cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin hansı qanun normasını düzgün tətbiq etmədiyini yaxud pozduğunu konkret göstərməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası şikayətdə ümumi ifadələrlə qanunvericiliyin pozulmasının göstərilməsini formal xarakterli mülahizə olaraq qiymətləndirir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, “İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.” Qeyd olunan normanın mübahisəyə tətbiqi onu deməyə əsas verir ki, iddiaçıya hərbi xidmət dövrü ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edən xx.xx.2018-ci il tarixli inzibati akt hər hansı səbəbdən qüvvədən düşmüş hesab edilənə, o cümlədən cavabdeh tərəfindən ləğv edilənə qədər hüquqi qüvvəyə malikdir və hüquqi cəhətdən etibarlıdır. Cavabdeh xx.xx.2018-ci il tarixli inzibati aktı “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinin ondan tələb etdiyi qaydada ləğv etməmiş, dəyişdirməmiş, aktın qüvvədə olma müddəti isə (xx.xx.2023) qurtarmamışdır. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin iddiaçıya təyin olunan əlilliyi etibarsız saydıqdan sonra sonuncunun həmin əlilliklə bağlı hüquqlarının bərpasından imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir (İPM-in 14.2-ci maddəsi), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin hərəkətsizlikdə ifadə olunan imtinası qanunazidd olmuş və bu səbəbdən iddiaçının hüquqlarını pozmuşdur, imtina mövcud inzibati praktikaya zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin formal mülahizələrdən ibarət olan dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-879/2022 nömrəli iş üzrə 18 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Vüsalə Baxışova Raqib Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar