Məhkəmə qərarları › İş №2-1(103)-2629/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2629/2023

14.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2629/2023 14.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Məmmədova Şərafət Asif qızı və X3 ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 və iddiaçının nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzil üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2270/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Nərimanov rayonu, 7-ci Köndələn küçəsi, 2074/2077 məhəllə, 5B saylı mənzilə dair X2 hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 73/1 saylı xx.xx.2013- cü il tarixli sərəncamı əsasında Bakı şəhəri, Nərimanov rayonu, 7-ci Köndələn küçəsi, 2074/2077 məhəllə, 5B saylı evin, yaşayış sahəsi 35.84 kv.metr olan 2 otaqlı 7 saylı mənzilinə dair, 2 nəfər - ailə üzvü ilə (özü və oğlu ilə) icarə müqaviləsi bağlamaqla mənzilin icarədarı hesab olunmuşdur. Həmin mənzilə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrindən çıxarış verilməsi üçün oğlu-X4 notarial qaydada xx.xx.2017-ci il tarixli razılıq ərizəsi də olmaqla xx.xx.2021-ci il tarixli ərizə ilə cavabdehə müraciət etmiş lakin sonuncu ona ünvanlanmış xx.xx.2021-cı il tarixli **********68 saylı məktubunda mənzilin onun adına qeydə alınmasından əsassız olaraq imtina edərək bildirmişdir ki, mənzilə dair qanunvericiliyə uyğun olan hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Halbuki, sərəncam müvafiq icra hakimiyyəti orqanı tərəfindən ona verilmiş və o, mənzilin qanuni istifadəçisidir. Cavabdeh iddia ərizəsinə dair yazılı etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulan hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2270/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia tələbi haqsız olaraq təmin edilməmişdir. Məhkəmənin qərarı maddi və prosessual normaların pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə icraatının gedişi zamanı tərəfindən qonşusu ilə bağlı eyni iddia tələbinin təmin edilməsi barədə məhkəmə qərarı təqdim olunsa da, məhkəmə nəzərə almamışdır. Belə olan halda onun məhkəmə qarşısında bərabərlik hüququ pozulmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını, cavabdehin nümayəndəsi H.Allahverdiyev isə onunla razılaşmamış, mənzilə dair iddiaçının adına qeydiyyat aparılması üçün qanuni əsas olmadığı üçün birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişlər. ІІ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Konkret halda, işin mübahisələndirilən hallarından göründüyü kimi, iddiaçı öhdəliyin icrası haqqında iddia vasitəsilə cavabdehə qarşı iddiasında Bakı şəhəri, Nərimanov rayonu, 7-ci Köndələn küçəsi, 2074/2077 məhəllə, 5B saylı mənzilin mülkiyyət hüququnun onun adına daşınmaz əmlakın dövlət reyestrində qedə alınıb reyestrdən çıxarış verilməsini tələb emiş, sonuncu isə ona ünvanladığı xx.xx.2021-cı il tarixli cavab məktubunda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində göstərilən əsaslara dair sənədlər təqim edilmədiyini əsas tutularaq qeydiyyatdan imtina etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən qeyd olunan əsasla iddiaçıya qeydiyyatdan imtina edilməsi əsaslıdır. Belə ki,“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1-ci maddəsinə əsasən isə dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Həmin Qanunun 8-ci maddəsi isə nəzərdə tutur ki, mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: -mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; -mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); -mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Lakin, 2009-cu il oktyabrın 1-dən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 146.2-ci maddəsi isə nəzərdə tutur ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. Eyni zamanda,“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.11-ci maddəsi nəzərdə tutur ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi həmin mənzil üzərində hüququn yaranması üçün əsasdır. İşin sübutlarla müəyyən edilən hallarından isə görünür ki, iddiaçının mübahisəli mənzildən istifadə hüqqu Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə mindikdən (yəni 2009-cu il oktyabrın 1-dən) sonra yaranmışdır. Belə ki, iş materiallarına əsasən isə müəyyən olunur ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Avtomobil Təsərrüfatı tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş 6 nömrəli orderə əsasən ünvan 1 ünvanda sahəsi 35,84 (53.03) kv.metr sahədən ibarət iki otaqlı, 7 saylı mənzil İddiaçı verilmiş, sonuncu xx.xx.2013-cü il tarixdə ərizə ilə həmin mənzilə dair adına icarə müqaviləsi bağlanmasını xahiş etmiş və Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2013-cü il tarixli, 73/1 saylı sərəncamı ilə iddiaçının müraciəti nəzərə alınaraq 2011-ci il tarixdən ünvan 2 ünvanda sahəsi 35,84 kv.metr sahədən ibarət iki otaqlı, 7 saylı mənzildə iki nəfər ailə üzvü ilə (özü və oğlu) yaşayan İddiaçı adına həmin mənzilə dair icarə müqaviləsi bağlanmış və o qeyd olunan mənzilin icarədarı hesab edilmişdir. Beləliklə də, tədqiq olunan sübutlarla müəyyən edilən hallar və qanunvericiliyin qeyd olunan tələbləri baxımından, mübahisəli mənzilin iddiaçının adına özəlləşdirilməsi üçün tələb olunan şərtlər mövcud deyil. Belə olan halda, həmin mənzilə onun mülkiyyət hüququnun qeydə alınması ilə bağlı “legitim” (qanuni) gözlənti”sindən söhbət gedə bilməz. Çünki, “Saghinadze və başqaları Gürcüstana qarşı” işə dair Avropa Məhkəməsi qərarında (“27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05) qeyd etmişdir ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” Qeyd olunanlardan göründüyü kimi, cavabdehin imtinası qanuni olmuşdur. Qanuni imtina isə iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin, imtinanın qanunvericiliyin tələblərinə zidd olduğunu mübahisələndirən dəlilləri əsassızdır. İPM-in 73.1-ci maddəsinin mənası da onu ehtiva edir ki, məhkəmə o halda, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarını pozmuş olsun. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd olunmasını işin sübutlarla müəyyən olunan hallarına və qanunvericilyin tələblərinə uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan, iddiaçının apellyasiya şikayətinin həmin qərarın maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır. İddiaçının eyni hal üzrə birinci instansiya məhkəməsinin qərarı ilə onun qonşusunun iddia tələbinin birinci instansiya məhkəməsintin qərarına istinad edərək, onun bərabərlik hüququnun pozulduğunu mübahisələndirməsinə gəldikdə isə, məhkəmə kollegiyası bununla bağlı onu qeyd edir ki, həmin qərar yuxarı apellyasiya instansiya məhkəməsində baxılan iş üçün məhkəmə təcrübəsini ehtiva edən məhkəmə aktı kimi qəbul edilə bilməz. Çünki, məhkəmə təcrübəsi Azrəbaycan Respublikasının Ali Məhkəməsinin qəbul etdiyi qərarlar əsasında yaranır. Beləliklə də, qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın rədd olunması mahiyyəti üzrə işin hallarına və qanunvericiliyin tələblərinə uyğun nəticədir. Bu baxımdan iddiaçının apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2270/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2270/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar