Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-263/2024 22.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və X1 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5378/2023 saylı, 27 mart tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Yardımlı rayonu, Hamar kənd M.B.Qasımov adına kolxozda 01 avqust 1976-cı il tarixdən 15 oktyabr 1978-ci il tarixə kimi kolxozçu kimi işlədiyi illərin iddiaçıya pensiya işində əmək stajı kimi nəzərə alınması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək məhkəmədən iddiaçıya 57 yaşdan, yəni 16 iyun 2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin 29 aprel 2019-cu il tarixdən ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun ümumi iş stajı 25 ildən, güzəştli iş stajının isə 12 il 06 aydan çox olmasına baxmayaraq cavabdeh əsassız imtina verərək onun güzəştli iş stajının qanunvericilikdə nəzərdə tutulmuş həddən aşağı olduğunu qeyd etmişdir. Halbuki, onun əmək stajını təsdiq edən əmək kitabçası və güzəştli arayışlar mövcuddur. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı ümumi iş stajı 25 ildən az (22 il 13 gün ( xx.xx.1978- xx.xx.1980-cil, xx.xx.1980xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1995-ci il tarixləri arasındaki dövrlər və 2012-2022-ci illər üzrə cəmi 5 il 06 ay) təşkil edir. Bundan başqa iddiaçının güzəştli iş stajı 12 il 06 aydan az (12 il 04 ay 08 gün (xx.xx.1983-xx.xx.1995-ci il tarixləri arasındaki dövr) təşkil edir. Eyni zamanda İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq İddiaçı münasibətdə 40.560 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 18.593,53 manat təşkil edir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5378/2023 saylı, 27 mart tarixli qərarı ilə (hakim O.Həsənov) iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmış və qeyd edilmişdir ki, Mərkəzi filiala təqdim edilən "xxxx" ASC-nin İddiaçı dair 8 avqust 2016-cı il tarixli 9 nömrəli arayışında xx.xx.1995-ci il tarixdən xx.xx.2013-cü il tarixədək onun ödənişsiz məzuniyyətdə olduğu qeyd olunmuşdur. Qanunvericilikdə yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilməsi səbəbindən (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd edilən dövr üzrə İddiaçı ödənişsiz məzuniyyətdə olduğu müddət onun iş stajınıza daxil etmək qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. İddiaçı ümumi iş stajı 25 ildən az (22 il 13 gün (xx.xx.1978-xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1995-ci il tarixləri arasındakı dövrlər və 2012-2022-ci illər üzrə cəmi 5 il 6 ay)) təşkil edir. Bundan başqa iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (12 il 4 ay 8 gün (xx.xx.1983-xx.xx.1995ci il tarixləri arasındakı dövr)) təşkil edir. Eyni zamanda İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq İddiaçı münasibətdə 40560,00 manat hesablandığı halda, onun fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 18593,53 manat təşkil edir. İddiaçı barəsində 29 sorğuya cavab olaraq Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Yardımlı Rayon Dövlət Arxiv İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli 5-81-1/2-06/2023 nömrəli məktubla bildirilmişdir ki, İddiaçı oqlu barəsində Yardımlı rayon Dövlət Arxiv İdarəsində mühafizə olunan sənədlər içərisində “M,B.Qasımov” adına kolxoza aid kitablar araşdırılmış, lakin İddiaçı oqlu barədə heç bir məlumat mühafizə olunan sənədlər arasında tapılmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraza, apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassız olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 21.2.3-cü maddəsinə əsasən, müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. - 22.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. - 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: - 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; - 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün iddiaçı xx.xx.2017-ci il tarixədək 25 il ümumi iş stajı toplamalı, bunun 12 il 06 ayını zərərli işlərdə işləməli, həmçinin 57 yaş həddinə çatmalıdır. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İddiaçının qanunla müəyyən olunmuş yaş həddinə çatması işin mübahisələndirilməyən halıdır. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1959-cu ildə doğulmuş, onun 57 yaşı xx.xx.2016-cı il tarixdə tamam olmuşdur. İşin mübahisəli halı tələb olunan ümumi iş stajının və güzəştli iş stajının mövcud olmaması ilə bağlıdır. Məhkəmə kollegiyası ilkin olaraq diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə istinad edərək, xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin tələblərinə əsaslanaraq iddia tələbini araşdırmış və xx.xx.2006-cı il tarixədək iddiaçının ümumi və xüsusi iş stajının tamamlandığı nəticəsinə gəlmişdir. Apellyasiya icraatı zamanı isə məhkəmə kollegiyası həm “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinin, həm də 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyası üzrə araşdırma aparmışdır. Belə ki, iddiaçı tələbində ona 57 yaşdan pensiya təyin edilməsini xahiş etdiyindən sadalanan qanunvericilik normalarında da məhz pensiya təyini üçün yaş həddi 57 yaş qeyd edildiyindən hər iki norma üzrə araşdırma aparılıb. Məhkəmə kollegiyası belə bir nəticəyə gəlir ki, hər iki müddəalar üzrə iddiaçı ona pensiya təyinin həyata keçirilməsi üçün ümumi stajla bağlı şərti ödəmir. Belə ki, iş materiallarında olan hərbi biletə əsasən iddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus əmək kitabçasının təsdiq edilmiş surətinə əsasən iddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1983-cü il tarixədək dərzi; xx.xx.1983-cü il tarixdən usta köməkçisi, xx.xx.1983-cü il tarixdən kəsici sexinə usta köməkçisi şagirdi keçirilmiş, xx.xx.1983-cü il tarixdən usta köməkçisi vəzifəsinə keçirilmiş və xx.xx.2013-cü il tarixdən işdən azad edilmişdir. Cavabdeh inzibati orqan imtinasında ümumi iş stajı ilə bağlı şərtin ödənilməməsi qənaətinə gələrkən, iddiaçının xx.xx.1995-ci il tarixdən ödənişsiz məzuniyyətdə olmasına istinad etmişdir. Birinci instansiya məhkəməsi cavabdeh inzibati orqanın mövqeyini əsassız hesab etmiş və iddia tələbinin təmin edilməsi ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, bu məsələyə işçinin əmək stajı hesab edilən müddətlərlə əlaqədar müvafiq qanunvericiliyin tələbləri baxımından qiymət verilməlidir. Belə ki, Əmək Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndinə görə, məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir. Cavabdehin sözügedən dəlili, yəni ödənişsiz məzuniyyət dövrünün ümumi iş stajına daxil edilməməsi əmək pensiyaları haqqında qanunvericiliklə də təsdiqini tapmır. Belə ki, ödənişsiz məzuniyyət dövrünün sosial sığorta stajına daxil edilməsinin qadağan olunması barədə hər hansı müddəa müvafiq qanunuveriliklə nəzərdə tutulmamışdır. Məhkəmə həmçinin mövqeyini əsaslandırarkən formalaşmış məhkəmə təcrübəsinə əsaslanmaqla Ali Məhkəmənin müvafiq qərarlarına istinad etmişdir. Məhkəmə kollegiyası iddiaçının ödənişsiz məzuniyyətə qədər olan ümumi və xüsusi stajı ilə bağlı qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçının xx.xx.1995-ci il tarixdən ödənişsiz məzuniyyətdə olmasına istinad edərək ümumi iş stajının 22 il 13 gün (xx.xx.1978-xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1995-ci il tarixləri arasındakı dövrlər və 2012-2022-ci illər üzrə cəmi 5 il 6 ay) güzəştli iş stajının 12 il 4 ay 8 gün (xx.xx.1983-xx.xx.1995-ci illər) olduğunu qeyd edir. Məhkəmə araşdırmaları zamanı isə "xxxx" ASC tərəfindən təqdim edilmiş güzəştli arayışlarda iddiaçının xx.xx.1995-ci il tarixdən xammal çatışmamazlığı ilə əlaqədar öz hesabına məzuniyyətə buraxıldığını qeyd etmişdir. Məhkəmə kollegiyası iş üzrə araşdırması zamanı qeyd edilən ziddiyyətli məqamın araşdırılması istiqamətində aidiyyəti üzrə müvafiq sorğu ünvanlamış, sorğuya cavab olaraq təqdim edilmş aydınlaşdırıcı arayışda iddiaçının ödənişsiz məzuniyyət tarixinin xx.xx.1995-ci ildən başladığı qeyd edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ödənişsiz məzuniyyətə qədərki ümumi və xüsusi iş stajı xx.xx.1995-ci il tarixədək hesablanmalıdır. Belə olan halda cavabdeh tərəfindən mübahisələndirilməyən güzəştli iş stajı 12 il 4 ay 8 gün + mübahisələndirilən 4 ay 25 gün (xx.xx.1995-xx.xx.1995-ci illər arası dövr) birlikdə 12 il 9 ay 3 gün tələb olunan 12 il 6 aylıq şərti ödəyir. Buna baxmayaraq, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən ümumi iş stajı ilə bağlı şərt ödənilmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ödənişsiz məzuniyyət dövrlərinin iş stajının hesablanması zamanı nəzərə alınması ilə bağlı mövqeyi ilə razılaşmır. Belə ki, iddiaçının "xxxx" ASC-də işlədiyi vaxt əmək kitabçasında qeyd edilən xx.xx.1995-xx.xx.2013-cü il tarixlərdə ödənişsiz məzuniyyətdə olması iş materialları ilə təsdiq edilir. İddiaçının xx.xx.1995-xx.xx.2013-cü illərdə ödənişsiz məzuniyyətdə olduğu dövrdə qüvvədə olmuş Əmək Qanunları Məcəlləsinin 74-cü maddəsində əmək haqqını saxlamadan qısamüddətli məzuniyyət verilməsi nəzərdə tutulmuşdur. Həmçinin 01 sentyabr 2000-ci ildə qüvvəyə minmiş Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci bəndinə görə işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Həmçinin həmin Məcəllənin 128-ci maddəsinə görə qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. İşin hallarından görünür ki, iddiaçının ödənişsiz məzuniyyəti qısa müddətli olmamış və ödənişsiz məzuniyyətin verilməsinə əsas olan hallar mövcud olmamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, həm “Vətəndaşların pensiya təminatı haqqında” Qanunda, həm də “Əmək pensiyaları haqqında” Qanunda 1 yanvar 2006-cı ilədək ödənişsiz məzuniyyət dövrünün pensiya təyini zamanı ümumi staja aid etməsini nəzərdə tutmamışdır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddiaçının ödənişsiz məzuniyyətdə olması onun təqsiri üzündən baş verməmişdir və həmin dövrdə qüvvədə olan qanunvericilik normalarına əsasən qeyd edilən aylar iddiaçının arzusu ilə onun iş stajına daxil edilə bilər (Əmək Məcəlləsinin 146.2 və 169.1-ci maddələri). Bəhs olunan hüquq normalarına görə işəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir, boşdayanmanın başlanması haqqında işçi işəgötürənə xəbərdarlıq etdikdə işçilərə işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ödənişsiz məzuniyyətdə, boşdayanma halının olması işəgötürənin təqsiri üzündən baş verməsi, habelə boşdayanmanın başlanması haqqında iddiaçının işəgötürənə məlumat verməsi, işəgötürən tərəfindən iddiaçıya ödəniş edilməsi iş materialları ilə sübut edilmir. Bununla yanaşı Məhkəmə kollegiyası onu da diqqətə çatdırır ki, Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci bəndinin 17 may 2009-cu il tarixdən qüvvədə olan redaksiyasına görə əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Qeyd olunmalıdır ki, oxşar iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarında hüquqi mövqeyi də belə əsaslandırılmışdır (2-1(102)- 1597/2023 saylı, xx.xx.2023 tarixli Qərarında). Məhkəmə kollegiyası iddiaçının 57 yaşdan pensiya təyini ilə bağlı tələbi əsasında 57 yaşı tamam olan tarixədək yəni xx.xx.2016-cı il tarixədək ödənişsiz məzuniyyət dövrləri istisna olmaqla, xx.xx.2006-cı il tarixdən mdds ödənilmiş dövrlər nəzərə alınmaqla ümumilikdə ümumi iş stajı 18 il 5 ay 9 gün təşkil edir. Hətta yuxarıda sadalanan qanunvericilik norması diqqətə alınaraq 6 aylıq müddət nəzərə alınsa belə yenə də şərt ödənilmir (18 il 11 ay 9 gün). Məhkəmə kollegiyası həmçinin, iddiaçının kolxozda işlədiyi dövrlə bağlı da mövqeyini aşağıdakı şəkildə izah edir. Apellyasiya icraatında iddiaçının Yardımlı rayonu, Hamar kənd M.B.Qasımov adına kolxozda 01 avqust 1976-cı il tarixdən 15 oktyabr 1978-ci il tarixə kimi kolxozçu kimi işlədiyi illərin araşdırması istiqamətində aidiyyəti üzrə sorğular ünvanlanmış, sorğulara cavab məktublarında arxivdə mühafizə olunan sənədlər arasında İddiaçı dair məlumatlar aşkar edilməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş arxiv arayışında isə sözügedən kolxozun əmək stajı və qazancının uçotu kitabında Vahabov Məmmədağa (ata adı kitabda qeyd edilməmişdir) adlı vətəndaşın 1975-ci ildə 12 adam günü, 1976-cı ildə 13 gün, 1977ci ildə 177 adam günü, 1978-ci ildə 249 adam günü qeyd edilmiş, iddiaçı isə Yardımlı rayon qeydiyyat şöbəsindən arayış təqdim edərək, ailə üzvlərinin bəzilərinin “Vahabov” soyadına malik olduğunu bildirmişdir. Bu əsasla sözügedən arayışdakı məlumatlar nəzərə alınsa belə tələb olunan 25 illik ümumi staj şərti ödənilmir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ümumi stajla bağlı tələb olunan şərt ödənilmədiyindən birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə əsassızdır, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, qərar ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5378/2023 saylı, 27 mart tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi” bаrədə iddiа tələbi təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Məmməd Məmmədov Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-263/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-263/2024
22.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver