Məhkəmə qərarları › İş №2-1(103)-2630/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2630/2025

09.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2630/2025 09.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri İcra Hakmiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərüfat Birliyi üçüncü şəxs qismində göstərilməklə “daşınmaz əmlakın dövlət reyestrindən qeydin ləğvi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4711/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvan 1 ünvanda ona məxsus 105 saylı mənzilin qanunsuz olaraq başqa şəxsin - X3 adına aparılmış reyestr qeydinin və çıxarışın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, o, 1989-cu ildən Bakı Maşınqayırma Zavodunda ilkin “Çilingər”, daha sonra “Körpülü Kran sürücüsü” vəzifəsində işləmişdir. 1992-cu ildə ailə qurmuş, o zaman ünvan 2 ünvanda yerləşən ailəli işçilər üçün müəyyən edilmiş yataqxananın 4-cü mərtəbəsində, 105 saylı mənzili onun ailəsinə 29 №-li orderlə verilmişdir. 2001-ci ildə X7 məxsus yataqxana binası, Azərbaycan Respublikası İqtisadiyyat Nazirli Dövlət Əmlaknın İdarə edilməsi və Özəlləşdirilməsi Departamentinin xx.xx.2001-ci il tarixli, 197 saylı Sərancamı ilə Bakı şəhəri Mənzil- Kommunal Təsərrüfat Departamentinin balansına verilmişdir. O, ailəsilə birlikdə 2002-ci ilə kimi həmin mənzildə yaşamışdır. 2002-ci ildə övladının xəstəliyi ilə əlaqədar Lerik rayonuna 10 günlük getmişdir. Geri qayıdanda ona məxsus mənzilin Zəngilan rayonundan məcburi X2 və onun ailəsi tərəfindən zəbt olunduğunu görmüşdür. O zaman o, bu barədə yataqxanın və zavodun rəhbərliyinə müraciət edərək mənzili boşaldılmasına köməklik edilməsini xahiş etsə də, həmin vaxtı ona bildirmişlər ki, Prezidentin “Məcburi qaçqın və köçkünlərin yaşadıqları mənzildən, onların geri qayıdana kimi çıxarılmaması barədə” Fərmanı əsasən onların çıxarılması mümkün olmamışdır. Bakı şəhəri Mənzil - Kommunal Təsərrüfat Departamentinin xx.xx.2020-ci il tarixli, 136 saylı sərəncamına əsasən yataqxana 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin 117 sayl MKİS-nin xidməti səlahiyyətinə verilmişdir. Sonradan, Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2020 -ci il tarixli, 31 saylı sərəncamının icrası ilə əlaqədar Birliyin sturukturunda qismən dəyişiklik edilmiş, 117 saylı MKİS ləğv edildiyindən, MKİS-nin mənzil fondu 83 saylı MKİS-nin istismarına verilmişdir. Bina Birliyin balansına verildikdən sonra, həmin binada orderlə verilmiş mənzil sahibləri kimi ona heç bir məlumat verilmədən özbaşına olaraq guya inventarizasiya aparılmış və binanın 4-cü mərtəbəsində 105 saylı otaq 69 saylı, binanın 5- ci mərtəbəsindəki 116 saylı mənzil 105 saylı nömrə ilə nömrələnmişdir. Sonradan ona məlum olmuşdur ki, ona orderlə verilmiş yataqxananın 4-cü mərtəbəsindəki, 105-saylı mənzili X3 adına sərəncamla rəsmiləşdirilmişlər. Sonra isə həmin mənzil alqı-satqı əsasında X1. O bir neçə dəfə Bakı şəhəri Mənzil Kommunal Təsərrüfat Departamentininin 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyində olaraq, onun mənzilinin qanusuzluqla başqa şəxsin adına keçirilməsinin ləğv edilməsi və ya 69 saylı mənzilin onun adına sənədləşdirilməsi barədə sərəncam verilməsini tələb etməsinə baxmayaraq, Bakı şəhəri Mənzil Kommunal Təsərrüfat Departamentininin 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyi mənzil barədə ona Sərancam verməkdən imtina etmişdir. O, ərizə ilə cavabdehə müraciət edərək əsasız olaraq verilmiş çıxarışın və reyestr qeydinin ləğv edilməsin xahiş etsə də, müraciəti təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4711/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri İcra Hakmiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərüfat Birliyi üçüncü şəxs qismində göstərilməklə “daşınmaz əmlakın dövlət reyestrindən qeydin ləğvi” tələbinə dair iddiası mümkün sayılmamışdır. Apellyasiya şikayəti ərizəyə uyğun tərtib edilmişdir. Tərəflər məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, ərizəçinin apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. ... 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. ... 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. ...

12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.

13. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. ... 14.1. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. 14.2. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmçinin, nəzərə alınmalıdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər, habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulan digər şərtlər mütləq ödənilmiş olmalıdır. Hazırkı iş üzrə iddiaçıların iddia tələbi ilə məhkəməyə müraciət etməkdə əsas məqsədi ünvan 3 ünvanında yerləşən 105 saylı mənzilə dair aparılmış qeydiyyat və X3 adına verilmiş çıxarışın ləğv edilməsidir. Nəzərə alınmalıdır ki, “çıxarışın ləğv edilməsi” ifadəsi özündə daşınmaz əmlak üzərində mülkiyyət hüquqları qeydə alınmış şəxsin adına aparılmış qeydiyyatın ləğv edilməsini ehtiva edir. Bu zaman iddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində aparılmış həmin qeydiyyatın ləğv edilməsini tələb etməkdə subyektiv hüquqa malik olsun. Başqa sözlə, inzibati orqan tərəfindən hüququn pozulma ehtimalının mövcud olması üçün şəxs ən azından həmin hüquqa malik olmalıdır. Yəni, şəxsin subyektiv hüququ yoxdursa, inzibati orqan tərəfindən onun pozulma ehtimalı və şəxsin hüquqi müdafiəyə ehtiyacı da mövcud olmur. Qanunverici tərəfindən bu qaydanın nəzərdə tutulması hər hansı şəxsin heç bir əsas olmadan iddia qaldırmasının qarşısının alınması məqsədlərinə xidmət edir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı Keşlə Maşınqayırma Zavodunun balansında olan ünvan 3 ünvanında yerləşən yataqxana binasında, 4-cü mərtəbədə 105 saylı mənzil 3 nəfər ailə tərkibində yaşaması üçün verilmişdir. İşin hallarından müəyyən olunur ki, yataqxana binası dövlət mənzil fonduna aid edildikdən və Bakı şəhəri İcra Hakmiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamentinin balansına qəbul edildikdən sonra balanssaxlayıcı tərəfindən aparılmış inventarizasiya zamanı sıralanma ardıcıllığına uyğun olaraq binanın 4-cü mərtəbəsində yerləşən 105 saylı otaq 69 sayla, 5-ci mərtəbəsində yerləşən 116 saylı otaq 105 sayla nömrələnmişdir. Beləliklə, sözügedən yataqxana binasının 4-cü mərtəbəsində olan iddiaçıya orderlə istifadəsinə verilmiş 105 nömrəli mənzilin ünvanı 69 nömrəsinə dəyişilmiş, iddiaçıya verilmiş orderdə qeyd edilən 105 nömrəsi isə binanın 5-ci mərtəbəsində yerləşən 116 nömrəli mənzilə verilmiş və həmin mənzil ilkin olaraq X4 adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmış, daha sonra alqı-satqı əsasında X5 mülkiyyətinə keçmişdir. İşin mübahisələndirilən halı 1993-cü ildən "xxxx" ASC-nin Keşlə Maşınqayırma zavodu tərəfindən verilmiş orderin iddiaçıya ünvan 3 ünvanında yerləşən 105 saylı mənzilə dair subyektiv hüququnun olub-olmamasıdır. Hazırkı iş üzrə təqdim edilmiş orderin məzmunu konkret olaraq otağın zavodun balansında olan ailə yataqxanasından işçinin işlədiyi dövrdə ailə üzvləri ilə birlikdə yaşaması üçün verilməsi barədədir ki, bu order yalnız zavod rəhbərinin və Həmkarlar İttifaqı Komitəsinin sədrinin möhürü və imzası ilə təsdiq edilmişdir. Bu konteksdə qeyd edilməlidir ki, iddiaçıya mənzil verildiyi vaxt qüvvədə olmuş 8 iyul 1982ci il tarixli 979—X nömrəli “Azərbaycan SSR Mənzil məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Sovet Sosialist Respubliksının Qanunu ilə təsdiq edilmiş Mənzil Məcəlləsinin: -106-cı maddəsinə əsasən fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. Yataqxanalar xüsusi tikilmiş və ya həmin məqsədlər üçün yenidən qurulmuş yaşayış evlərində yerləşdirilir. Yataqxanalar orada qalan vətəndaşların yaşaması, məşğul olması və istirahəti üçün lazım olan mebellə, digər ev müxəlləfatı və mədəni-məişət predmetləri ilə komplektləşdirilir. SSR İttifaqı qanunvericiliyinə uyğun olaraq yataqxanalar haqqında nümunəvi əsasnaməni müvafiq həmkarlar ittifaqı və komsomol orqanları ilə razılaşdırmaqla Azərbaycan SSR Nazirlər Soveti, SSRİ nazirlikləri, dövlət komitələri və baş idarələri təsdiq edirlər. -107-ci maddəsinə görə yataqxanalarda mənzil sahəsi verilməsi və ondan istifadə qaydası SSR İttifaqı qanunvericiliyi, bu Mədəllə və Azərbaycan SSR-in digər qanunvericiliyi ilə müəyyən edilir. Yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. -108-ci maddəsinə əsasən işi dayandırmış mövsümi, müvəqqəti işçilər və müddətli əmək müqaviləsi əsasında işləmiş şəxslər, habelə məktəblərdə oxumuş və oradan getmiş şəxslər iş və ya təhsil ilə əlaqədar yer aldıqları yataqxanadan digər yaşayış sahəsi verilmədən çıxarılmalıdırlar. Azərbaycan SSR Nazirlər Sovetinin 29 avqust 1980-ci il tarixli 363 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yataqxanalar haqqında nümunəvi əsasnamə”nin -2-ci bəndinə görə yataqxanada fəhlələrə, qulluqçulara, tələblərə və şagirdlərə yaşayış sahəsi yataqxananın tabe olduğu müəssisənin müdriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Yaşayış sahəsi verilməsi haqqında qərara əsasən müdriyyət yataqxanada yaşayış sahəsinin tutulmasına dair müəyyən edilmiş formada order verir. -16-cı bəndinə görə yataqxanalarda yaşayan şəxslər Azərbaycan SSR Mənzil Məcəlləsinin 108-ci maddəsində nəzərdə tutulan hallarda və qaydada yataqxanadan çıxarılmalıdırlar. Beləliklə, hüquq münasibətlərini tənzimləyən dövr qanunvericiliyin tələblərindən görünür ki, yataqxanada mənzil sahəsi verilməsinə əsas sənəd müəssisə müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarıdır. Göründüyü kimi qeyd edilən order öz təyinatına görə keçmiş Mənzil Məcəlləsinin 106 və 107-ci maddələrinin tələblərinə uyğun olaraq müəssisə müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə verilmiş və işçinin işlədiyi dövrdə yaşaması üçün yataqxanalardan istifadəsinə əsas verən sənəddir. Bu tip yataqxana otaqları isə qeyd edildiyi kimi daimi istifadə hüququ ilə deyil, yalnız işlədiyi dövr ərzində müvəqqəti istifadə hüququ ilə işçinin istifadəsinə verilir və əmək müanasibətləri xitam olunduqda mənzil geri təhvil verilməlidir. Qüvvədə olan Mənzil Məcəlləsinin 104.2-ci maddəsinə əsasən yataqxanalarda yaşayış sahəsinin kirayə müqaviləsi əmək münasibətləri, xidmət keçdiyi və ya təhsil aldığı müddətləri əhatə edir. Əmək münasibətlərinin, təhsilin xitamı, habelə xidmətkeçmədən azad edilmə yataqxanalarda yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır. Hazırkı mübahisədən isə göründüyü kimi iddiaçının mübahisə predmenti olan ünvan 3 ünvanında yerləşən 105 saylı mənzilə dair subyektiv hüquqa malik olmamışdır. Göründüyü kimi iddiaçının subyektiv hüququnun mövcud olub-olmaması iddianın mümkünlüyünün qiymətləndirilməsi baxımından önəmlidir ki, subyektiv hüququn iddiaçıya münasibətdə mövcud olmaması, iddianın da mümkün olmaması anlamına gəlir. Hazırkı iş üzrə də məhz iddiaçı iddia tələbinə münasibətdə subyektiv hüquqa malik olmamışdır. Eyni zamanda məhkəmə kollegiyası həm də onu qeyd etməyi zəruri hesab edir ki, hazırki iddia tələbindən də göründüyü kimi iddiaçı üçüncü şəxslərin adına verilmiş çıxarışı mübahisələndirir. Məhkəmə hazırki iddianın mümkünlük şərtlərinin ödənilməməsi qənaətinə gələrkən iki hala əsaslanmışdır:

1. Çıxarışın verilməsinə əsas olan sərəncamının qüvvədə olmasına;

2. Çıxarışın ləğv edilməsi ilə bağlı tələbə müstəqil formada baxılmasının mümkün olmadığına. Nəzərə alınmalıdır ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı çıxarışın verilməsinə əsas olmuş sənəd ləğv olunmadan qeydin və çıxarışın verilməsi ilə bağlı iddia mümkünlük şərtlərinə cavab verməyən iddia hesab edilir. Ali Məhkəmənin 2-1(102)-1254/2022 saylı 14 iyul 2022-ci il tarixli qərarından da görünür ki, məhkəmə ilkin hüquqmüəyyənedici sənəd ləğv edilmədən çıxarışın ləğv edilməsi ilə bağlı iddianın mümkünsüz iddia olması qənaətinə gəlmişdir. Həmin qərarda qeyd edilmişdir ki, mübahisəli zirzəmi sahəsinin üçüncü şəxslərin adına dövlət qeydiyyatına alınmasının əsasında duran ilkin sənəd Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 373 nömrəli, 19 aprel 1999-cu il tarixli sərəncamı olmuşdur. Belə olan halda, qeydiyyatın aparılmasına və texniki pasportların verilməsinə əsas təşkil etmiş Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 373 nömrəli 19 aprel 1999- cu il tarixli sərəncamı mübahisələndirilmədən birbaşa qeydiyyatın və texniki pasportların ləğvinə dair qaldırılmış iddiaya iddiaçının hüquqi marağı mövcud deyildir. Çünki həmin hüquqmüəyyənedici sənəd qüvvədə olduğu halda qeydiyyatın və texniki pasportların ləğvini tələb etmək əhəmiyyətsiz olmaqla yanaşı, buna dair ayrıca məhkəmə prosesinin aparılmasını da lüzumsuz edir. Həmçinin, Ali Məhkəmənin 2-1(102)-758/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından da görünür ki, məhkəmə ilkin hüquqmüəyyənedici sənəd ləğv edilmədən çıxarışın ləğv edilməsi ilə bağlı iddianın mümkünsüz iddia olması qənaətinə gəlmişdir. Məhkəmə həmin qərarda da qeyd etmişdir ki, iddiaçı arzuladığı məqsədə çatmaq üçün ilkin olaraq mübahisələndirilən çıxarışın verilməsinə əsas olmuş sənədləri mübahisələndirməlidir. Belə ki, məhkəmə kollegiyası hazırki işin bütün hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, çıxarışın verilməsinə əsas olan sərəncam mübahisələndirilmədiyi təqdirdə, hazırki iddia müstəqil iddia formasında, yəni çıxarışın ləğv edilməsi kimi baxıla bilməz. Çünki, çıxarışın özü inzibati akt hesab olunmur və onun verilməsinə əsas olan inzibati akt mübahisələndirildiyindən, hazırki iddia tələbinə müstəqil formada baxılması mümkün deyildir. Hazırkı iş üzrə isə iddiaçı mübahisələndirilən çıxarışın verilməsinə əsas olmuş hüquqmüəyyənedici sənədi də məhkəmə qaydasında mübahisələndirməmiş ki, bu da iddianın mümkünlük şərtinin ödənilmədiyini göstərir. Məhkəmə kollegiyası xüsusi ilə onu da qeyd etməyi zəruri hesab edir ki, çıxarışın verilməsinə əsas olan sənəd müəyyən edildikdən sonra iddiaçı həmin sənədin inzibati akt və ya mülkiəqd olmasından asılı olaraq inzibati və ya mülki məhkəməyə müraciət etməlidir. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarının tələbi konkret hazırkı məsələni tənzimləyir. Həmin Qərarın: 17.“Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Göründüyü kimi Plenum Qərarı müəyyən etmişdir ki, əgər qeydin əsasında duran hüquqmüəyyənedici sənəd mülki-hüquqi əqdlərin əsasında verilmişdirsə çıxarışın ləğvi və etibarsızlığı mülki qaydada həyata keçirməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası yuxarıda sadalanan halları nəzərə alaraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4711/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (AZ 1025, Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar