Məhkəmə qərarları › İş №2-1(103)-2631/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2631/2022

25.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2631/2022 25.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-262/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-262/2022 saylı qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə etdi, cavabdehin nümayəndəsi X3 isə apellyasiya şikayətinə etiraz etdilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi hallar ondan ibarətdir ki, o, 1988-ci ildə ağır avtomobil qəzası keçirmişdir. Qəza nəticəsində sağ ayağı diz nahiyəsindən sınmış və uzun müddət xəstəxanada və 9 ay ev şəraitində müalicə olunmuşdur. 1989-cu ildən 1996-cı ilədək əmək fəaliyyəti ilə məşğul olsa da, daha sonra diz nahiyəsində problemlər və əmək fəaliyyətində qüsurlar yaranması səbəbi ilə işdən azad olunmuşdur. xx.xx.1997-ci il tarixində Suraxanı rayonu qaz istismarı idarəsində işə götürülsə də, elə həmin gün işdən azad edilmişdir. Səhhəti ilə bağlı 1997-ci ildən bu günə qədər heç bir yerdə işləməmiş və heç bir əmək fəaliyyəti olmamışdır. 2000-ci ildə ailə qurmuş, himayəsində 11 yaşında oğlu və ağır şəkər xəstəsi olan həyat yoldaşı vardır. Özü də uzun müddətdir ağır şəkər xəstəsidir. 2019-cu ilin noyabr ayından insulindən istifadə edir və heç bir yerdən gəliri yoxdur. Xəstəliyi ilə bağlı Suraxanı rayonu Hövsan qəsəbəsi 23 nömrəli şəhər poliklinikasının TSEK-ə əlilliyinin dərəcəsini müəyyən etmək məqsədilə müraciət etmiş, 4 dəfə ekspertizadan keçsə də, 4 dəfə də imtina sənədi almışdır. Bununla bağlı Səhiyyə Nazirliyinə müraciət etmiş və Nazirlik tibbi xidmətin göstərilməsi ilə bağlı X1 və Ortopediya İnstitutuna məktub göndərmişdir. xx.xx.2019-cu ildə həmin institutda müayinə olunmuş və xx.xx.2019-cu ildə ona bildirilmişdir ki, əməliyyat edilməsi üçün 1373cü şəxs olaraq qeydiyyata alınmışdır. 1988-ci ildən 23 nömrəli şəhər poliklinikasında xəstəlik kitabçası olmuş, lakin müraciət etməsinə baxmayaraq ona məxsus kitabça tapılmamışdır. Həmin kitabçada onun dizində yaranmış xəstəlik və keçirdiyi müxtəlif xəstəliklərlə bağlı geniş məlumatlar əks olunmuşdur. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçının əlillik vəziyyəti ilk dəfə səhiyyə müəssisəsinin göndərişi əsasında xx.xx.2018-ci ildə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacı olması barədə qərar verilmişdir. Göndərişin təhlili göstərmişdir ki, xəstəlik xx.xx.1988-ci ildə başlamış və əsas diaqnoz kimi “Digər posttravmatik qonartrozlar”, sağ diz oynağının deformasiyaedici artozo-artriti, hetero tipik ossifikasiyası” xəstəliyi, ağrılaşma kimi isə “Oynaqların kontrakturası, sağ diz oynağının qarışıq tipli kontrakturası, oynaqda ağrı, sağ diz oynağında daimi ağrı sindromu, yerişin pozulması ilə”, yanaşı xəstəlik kimi isə “Essentsial (birincili) hipertenziya, arterial hipertenziya İİ mərhələ. Dizin sınığı, sağ diz qapağının bitişmiş sınığı” xəstəlikləri qeyd edilmişdir. Qeyd edilmiş travma və onun ağırlaşmaları Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq əlilliyin təyininə əsas vermir. Buna görə də əlillik təyinatı aparmaq mümkün olmamış və ətraflı müayinələrin və dinamik müşahidələrin aparılması üçün əsaslı olaraq əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. İddiaçı əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişləri əsasında xx.xx.2019-cu, xx.xx.2020-ci, xx.xx.2020-ci il tarixlərdə qiymətləndirilmiş və hər bir halda göndərişdə qeyd edilən məlumatlar əsasında əlillik təyinatı aparmaq mümkün olmamışdır. Belə ki, hər üç göndərişdə qeyd olunan əsas diaqnoz və onun ağırlaşmaları, eləcə də yanaşı xəstəliklər əlilliyin təyininə əsas vermir, travmadan sonra ətrafın funksional vəziyyəti müayinələrlə əsaslandırılmır. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1-ci bəndinə əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır; 2.2-ci bəndinə əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür; 2.3-cü bəndinə əsasən, göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir; 2.4-cü bəndinə əsasən, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər; 2.5-ci bəndinə əsasən, TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır; 3.7-ci bəndinə əsasən, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir; 4.9-cu bəndinə əsasən, bu qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Qaydanın əlavəsində Agentliyinin Tibbi-sosial ekspert komissiyası tərəfindən əlilliyin təyinatından imtina edildikdə və ya əlillik təyinatı ləğv edildikdə səbəbləri göstərilməklə qəbul edilməsi zəruri olan qərarın forması da müəyyən edilmişdir. Qeyd olunan maddi hüquq normalarından müəyyən olunur ki, qanunverici əlilliyin təyinatının müvafiq sənədlər əsasında qiymətləndirilməsi və nəticəsinin inzibati akt olan qərarla rəsmiləşdirilməsini müəyyən etmiş, araşdırma zamanı şəxsin iştirakı ilə müayinə aparılması zərurəti yaranırsa, TSERAS vasitəsilə şəxsin əyani müayinəyə cəlb edilməsi və müayinənin nəticələrinin qərarla rəsmiləşdirilməsi və bu barədə məlumat dərhal gücləndirilmiş elektron imza ilə təsdiq edərək, şəxsə bildirilərək TSERAS-a daxil edilir. İş materiallarından görünür ki, iddiaçıya əlillik dərəcəsinin təyin olunmasından imtinanın səbəbi kimi aşağıdakılar qeyd olunmuşdur: “Əlavə müalicəyə ehtiyacın olması. Xəstənin əlavə stasionar müayinəyə və müalicəyə ehtiyacı var. Son 1 il ərzində aparılmış stasionar müayinə və müalicələrin müddəti azdır”. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PAB PHŞ-nın T 28/2022 nömrəli rəyinə əsasən İddiaçı adına tərtib edilmiş 0050003AACY6 nömrəli göndərişə (Forma 88) əsasən “sağ diz oynağının açıcı-bükücü kontrakturası, açma – 170 dərəcə, bükmə - 90 dərəcə, oynaqda daimi ağrı sindromu, sağ diz oynağının osteofikatı, diz oynağının sinoviti, diz oynağının miniskiti, insulindən asılı olmayan şəkərli diabet, İİ tip, orta forma” diaqnozuna uyğun xəstəliklər aşkar olunur. Bu diaqnoza uyğun xəstəlik və qüsurlar, xəstəliyinin əyani müayinəsinin nəticələrinə əsasən əlilliyə əsas verən patofunksional dəyişikliklər aşkar olunmadığına görə əlillik təyini üçün əsas vermir. Göründüyü kimi, iddiaçıya əlillik dərəcəsinin verilməsi üçün əsas olan hal mövcud deyildir. Belə olan halda isə cavabdehin imtinası qanuni olmuşdur. Bu baxımdan kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq ekspert rəyinə istinad edərək iddianın təmin olunmaması nəticəsinə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarının mübahisələndirilən hissəsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-262/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar