Məhkəmə qərarları › İş №2-1(103)-2631/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2631/2025

19.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2631/2025 19.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə) iş üzrə QƏRARDADİ (Açar sözlər: “iddianın mümkünlük şərti”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X3 (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə) “bələdiyyə mülkiyyətində olan torpaq sahəsinə dair icarə müqaviləsinin müddətinin uzadılması” iddia tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4566/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 57 saylı binanın yaxınlığında 340,0 kv. metr torpaq sahəsinin icarəyə verilməsi haqqında İddiaçı ilə bağlanmış xx.xx.2006-cı il tarixli müqavilənin eyni müddətə və eyni şərtlərlə (icarə haqqının məbləği artırıla bilər) uzadılması barədə qərarın qəbul edilməsi vəzifəsinin Bakı şəhəri Nizami Bələdiyyəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 57 saylı binanın yaxınlığında yerləşən ümumi sahəsi 340 kv. metr olan torpaq sahəsi 15 il müddətinə onun icarəsinə verilmişdi. Bununla bağlı onunla Bakı şəhəri Nizami Bələdiyyəsi arasında 15 dekabr 2006-cı il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlanmış, daha sonra həmin müqavilə eyni müddətə uzadılmışdır. O, qanunla nəzərdə tutulmuş qaydada icarədə olan torpaq sahəsinə görə vaxtlı-vaxtında icarə haqqını ödəmiş və müqavilə üzrə üzərimə düşən vəzifələri yerinə yetirmişdir. N.Süleymanlı və F.Hüseynov onun icarəsində olan torpaq sahəsinə dair Bakı şəhəri Nizami Bələdiyyəsinin saxta 27 oktyabr 2006-cı il tarixli, 35 nömrəli qərarını hazırlamış, daha sonra torpaq alqı-satqısına dair tarixsiz saxta akt hazırlayaraq, bu sənədlər əsasında sözügedən torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ əldə etmişlər. Həmin qərar və akt cavabdeh F.Hüseynovun adına saxta yolla hazırlanaraq DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş, həmin qərar və akt əsasında icarəsində olan torpaq sahəsini əhatə edən F.Hüseynovun adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX ******* nömrəli çıxarış verilmişdir. Bundan sonra N.Süleymanlının oğlu etibarnamə əsasında F.Hüseynovla Bakı şəhəri 52 saylı notariat kontorunda həmin torpaq sahəsinin alqısatqısına dair 21 noyabr 2016-cı il tarixli AN–İ seriyalı ******* nömrəli müqavilə bağlamış, bu müqavilə əsasında N.Süleymanlının icarəsində olan torpaq sahəsi üzərində mülkiyyət hüququ yaranmış və ona bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX ******* nömrəli çıxarış verilmişdir. Onun şikayəti əsasında Bakı şəhəri Nizami rayon Polis İdarəsinin istintaq şöbəsində araşdırma aparılmış və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10 dekabr 2018-ci il tarixli, 29481 nömrəli və 29 yanvar 2019-cu il tarixli, 939 nömrəli ekspert rəyləri ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Nizami Bələdiyyəsinin 27 oktyabr 2006-cı il tarixli qərarındaki imza birbaşa əllə icra olunmamış, hər hansı eyni növ sənəddən texniki qurğu vasitəsilə kompyuterə köçürülmüş və qrafik proqram təminatından istifadə etməklə axınlı printerdə çap edilmişdir. İcarədə olan torpaq sahəsi saxta bələdiyyə aktı əsasında qanunsuz olaraq ələ keçirildiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-94/2021 saylı qətnaməsi ilə Bakı şəhəri, Nizami rayonu E.Süleymanov küçəsi, 57 saylı binanın yaxınlığında 500,0 kv. metr torpaq sahəsinin ayrılmasına dair Bakı şəhəri Nizami Bələdiyyəsinin 27 oktyabr 2006-cı il tarixli qərarı, həmin bələdiyyə tərəfindən X6 500,0 kv.metr torpaq sahəsi satılmasına dair tarixsiz aktı və cavabdehlərin adına həmin torpaq sahəsinə dair verilmiş mülkiyyət hüquqları barədə müvafiq sənədlər ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 260/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-94/2021 saylı qətnaməsi Bakı şəhəri Nizami Bələdiyyəsinin 27 oktyabr 2006-cı il tarixli qərarının, həmin bələdiyyə tərəfindən X6 torpaq sahəsinin ayrılmasına dair tarixsiz aktın və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması hissəsində ləğv edilmiş və həmin iddia tələblərinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığına görə həmin hissədə iş üzrə icraata xitam verilmiş, ona izah olunmuşdur ki, həmin tələblə bağlı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edə bilər.

3. Cavabdeh Bakı şəhəri Cavabdeh iddia tələbinə dair yazılı mülahizəsi məhkəməyə təqdim olunmamışdır.

4. Üçüncü şəxs X2 iddia tələbinə dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının iddiasının dəlilləri onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi 57 saylı binanın yaxınlığında yerləşən ümumi sahəsi 340 kv.m olan torpaq sahəsi 15 il müddətinə iddiaçının icarəsinə verilmişdir. Bununla bağlı İddiaçı və cavabdeh Nizami Bələdiyyəsi arasında xx.xx.2006-cı il tarixdə torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlanmış, daha sonra həmin müqavilə eyni müddətə uzadılmışdır. İddiaçı həmin müqavilə üzrə üzərinə düşən vəzifələri yerinə yetirmişdik. Hesab edirik ki, İddiaçı iddiasının dəliləri əsassızdır, iddianın təmin edilməsi üçün hüqui əsas yoxdur. Belə ki, işdə olan sənədlərdən görünür ki, İddiaçı və Nizami Bələdiyyəsi arasında nömrəsi qeyd olunmayan xx.xx.2006-cı il tarixli icarə müqaviləsi bağlanmışdır. Müqavilə şərtlərinə görə, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi 57 saylı binanın yaxınlığında yerləşən ümumi sahəsi 340 kv.m torpaq sahəsi İddiaçı istifadəsinə verilmişdir. Torpaq sahəsi ticarət və iaşə xidməti məqsədi ilə icarəyə verilmişdir. Müqavilənin qüvvədə olma müddəti 15 il müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinin mənasına görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Azərbaycan Respublikasının Qanunun 19-cu maddəsinə görə, daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Ərizənin və müraciətin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (maddə 19.1.). Torpaq sahəsi və ya yerin təki sahəsi icarəyə (istifadəyə) verildikdə qeydiyyat üçün təqdim edilən müqaviləyə torpaq sahəsinin və yerin təki sahəsinin planı əlavə edilir (maddə 19.2.). Binanın, qurğunun, evin, binada və ya evdə yerləşən mənzillərin, otaqların icarəsi haqqında müqavilə üzrə hüquq dövlət qeydiyyatına verildikdə, yerləşməsi və ölçüləri göstərilməklə icarəyə verilən sahələrin planı təqdim olunur. Daşınmaz əmlakın icarəsi (istifadəsi) haqqında müqavilə icarəyə (istifadəyə) verənin hüququnun məhdudlaşdırılması kimi qeydiyyata alınır (maddə 19.3.). Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-сг maddəsinin 1-ci bəndinə görə, Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Həmin Məcəllənin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Bu maddi hüquq normalarının mənasından göründüyü kimi, daşınmaz əmlakdan istifadə hüquq dövlət qeydiyyatına alınmalı olan hüquqdur. Bildiririk ki, sözügedən torpaq sahəsi ilə bağlı tərəflər arasında artıq uzun müddətdir ki, məhkəmə mübahisələri gedir. Belə ki, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nizami rayon, E.Süleymanov küçəsi, 57 saylı binanın yaxınlığında 500 kv.m torpaq sahəsinin ayrılmasına dair Nizami Bələdiyyəsinin 27 oktyabr 2006-cı il tarixli, 35 №-li qərarının, həmin Bələdiyyə tərəfindən X6 500 kv.m torpaq sahəsinin satılmasına dair aktın və cavabdehlərin adına həmin torpaq sahəsinə dair verilmiş mülkiyyət hüquqları barədə müvafiq sənədlərin etibarsızlığının tanınması barədə qərar qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. İddia əsasında başlanmış inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddiası mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı həmin iddianı irəli sürmək üçün subyektiv hüququ yoxdur. Cavabdehin Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından verdiyi şikayətə baxmış Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, iş üzrə qəbul etdiyi 2-1(103)- 4080/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayəti təmin etməmiş, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadını dəyişdirmədən saxlamışdır. Həmin işə məhkəmədə baxılması zamanı məhkəmə sorğularına verilmiş cavablardan, habelə iddiasçı tərəfin nümayəndəsinin verdiyi izahatlarda təsdiq olunur ki, İddiaçı və Nizami Bələdiyyəsi arasında bağlandığı bildirilən “Torpaq icarəsi müqaviləsi” daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. İddiaçı və cavabdeh Nizami Bələdiyyəsi arasında bağlandığı iddia edilən müqavilə qanunvericiliyin tələblərinə uyğun qeydə alınmadığı üçün özü-özlüyündə etibarsız müqavilə olmuşdur. Belə olan halda İddiaçı xx.xx.2006-cı il tarixli etibarsız müqaviləyə əsaslanaraq həmin müqavilənin müddətimin uzadılması barədə Nizami Bələdiyyəsinirn üzərinə qərar qəbul etmək vəzifəsinin qoyulmasını məhkəmə qaydasında tələb etmək əsassızdır. Bildiririk ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Həmin Qanunun 9.6-cı maddəsinə əsasən bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Həmin Qanunun 11-ci maddəsinə görə, bələdiyyə torpaqları ümumi istifadəyə, habelə daimi və ya müvəqqəti istifadəyə verilir. Torpaqların istifadəyə verilməsi qaydaları və şərtləri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir. “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydalarının” 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının (özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri istisna olmaqla) torpaq müsabiqələri və ya hərracları vasitəsilə mülkiyyət və ya icarəyə verilməsi müvafiq rayon (şəhər) icra hakimiyyəti orqanlarının qərarı ilə həyata keçirilir. Bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan torpaqlarının torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə mülkiyyət və ya icarəyə verilməsi mülkiyyətçilərin qərarı ilə həyata keçirilir. Müsabiqə və ya hərrac təşkilatçılar tərəfindən tələb və təklifdən asılı olaraq keçirilə bilər. Müsabiqə və hərracı təşkilatçının təyin etdiyi və tərkibi 5 nəfərdən az olmayan müsabiqə və hərrac komissiyası aparır. Müsabiqə və hərrac komissiyası üzvlərinin üzdə ikisinin qəbul etdiyi qərar səlahiyyətli hesab edilir. Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri istisna olmaqla, digər torpaq sahələrinin müsabiqələr və hərraclar vasitəsilə mülkiyyət və ya icarəyə verilməsi qaydasını tənzimləyən sənədlərin (ərizə, hərrac iştirakçılarının biletləri, protokol, hərrac və ya müsabiqə qalibinə verilən şəhadətnamə və s.) nümunələri Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hazırlanır və təsdiq olunur. Qaydaların 14-cü maddəsinə görə, hərraca çıxarılan torpaq sahəsinə dair mülkiyyət və ya icarə hüquqlarına (bundan sonra - hərrac predmetinə) daha çox alqı-satqı qiyməti və ya icarə haqqı (bundan sonra - qiymət) verən fiziki və ya hüquqi şəxs hərracın qalibi hesab olunur. Qaydaların 18-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində saxlanılan torpaqlar müsabiqə və ya hərrac vasitəsilə mülkiyyət və ya icarəyə verildikdə müsabiqə və ya hərracın qalibinə müsabiqə və ya hərrac komissiyası tərəfindən müvafiq şəhadətnamə verilir. Bu şəhadətnamə əsasında hərrac və ya müsabiqədə qalib gəlmiş hüquqi və ya fiziki şəxslə bələdiyyə torpaqlarına, münasibətdə müvafiq bələdiyyə, dövlət torpaqlarına münasibətdə isə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X1 Təşkili üzrə Dövlət Agentliyi arasında 20 gündən gec olmayaraq mülki və torpaq qanunvericiliyinə uyğun olaraq müvafiq müqavilə bağlanır. Qeyd olunan maddi hüquq normalarının mənasından da göründüyü kimi, bələdiyə torpaqlarının icarəyə verilməsi yalnız və yalnız hərrac vasitəsi ilə həyata keçirilir. Hazırda iddiaçı həmin səlahiyyətləri məhkəmənin üzərinə qoymaq istəyir ki, bu da qanunaziddir. Digər tərəfdən onu da qeyd edirik ki, iddiaçının icarə müqaviləsi bağlamaq istədiyi torpaq sahəsi üzərində artıq Nahirə Süleymanovanın mülkiyyət hüququ xx.xx.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Bu barədə Nahirə Süleymanovanın adına çıxarış verilmişdir. Daşınmaz əmlakın dövlət reyestrində Nahirə Süleymanovanın xeyrinə aparılmış qeyd və həmin qeyd əsasında onun adına verilmiş çıxarış hal-hazırda da qüvvədədir. Göründüyü kimi, İddiaçı məhkəmə qaydasında müddətinin uzadılimasına çalışdığı icarə müqaviləsinin predmeti, daşınmaz əmakın dövlət reyestrində dövlət qeydiyyatına alınmış mülkiyyət hüququ əsasında Nahirə Süleymanovaya məxsusdur, həmin torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. İddiaçı bu barədə məlumatlı olduğu halda, artıq 3-cü şəxsin hüququ ilə yüklü olunmuş əmlaka icarə hüququnun tanınmasına çalışır ki, bu da hüquqdan sui-istifadə etmək, habelə məhkəməni aldatmaqdır. Bundan başqa, İddiaçı və cavabdeh Nizami Bələdiyyəsi arasında xx.xx.2006cı il tarixdə bağlandığı bildirilən müqavilədə, müqavilənin qüvvədə olma müddəti 15 il müəyyən edilmişdir. Müqavilədə, həmin müddətinin bitməsindən sonra, onun uzadılması şərtləri barədə müddəa yoxdur. Göstərilənlərə əsasən İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı icarə müqaviləsinin müddətinin uzadılması tələbi barədə” iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur

5. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4566/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.

6. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, Hazırk iş üzrə iddiaçının hüquqi marağı və məqsədi Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 57 saylı binanın yaxınlığında 340,0 kv. metr torpaq sahəsinin icarəyə verilməsi haqqında İddiaçı ilə bağlanmış xx.xx.2006-cı il tarixli müqavilənin eyni müddətə və eyni şərtlərlə (icarə haqqının məbləği artırıla bilər) uzadılması barədə qərarın qəbul edilməsinə nail olmaqdan ibarətdir. Qeyd olunmalıdır ki, bələdiyyə orqanlarının inzibati orqan qismində publik xarakterlik münasibətlərdə iştirakı mümkün olsa da, bələdiyyələrin tərəf olduğu hər münasibətin publiklik xarakteri daşıması istisna edilməlidir. Hazırkı işin faktiki hallarından da göründüyü kimi hazırkı mübahisə mahiyyət etibarı ilə icarə müqaviləsindən yaranmış icarə hüquq münasibətlərinin növbəti müddət və şərtlərlə davam etdirilməsi ilə əlaqədardır. Hazırkı mübahisə üzrə də iddiaçı və bələdiyyə orqanı bərabərhüquqlu subyekt qismində icarə hüquq münasibətlərinin, eləcə də icarə müqaviləsinin tərəfləridir, mübahisə də növbəti müddət və şərtlərlə yazılı icarə müqaviləsinin bağlanılıb-bağlanılmaması ilə, yəni adıçəkilən əqddən irəli gələn mübahisədir. Həmin mübahisənin həlli isə inzibati yox, mülki icraat qaydasında işə baxan məhkəmənin səlahiyyətində olan məsələdir.

7. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 4566/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ

b) Apellyasiya şikayətinin dəlilləri

8. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə oxşarlıq təşkil edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

c) Prosses iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq iddiaçı və cavabdeh iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

11. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarı:

1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır.

12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.

13. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın.

14. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər.

12. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 saylı Qərarı

13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 2.1. məhz inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 24.3. Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. Maddə 32.1. mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 38.3. İnzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavab) şikayətçiyə təqdim edilənədək dayandırılır. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. İnzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. İnzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

14. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır.

16. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

18. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

19. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

20. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

21. Əlavə olaraq, məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətini araşdıraraq qeyd edir ki, yuxarıda istinad olunan normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.

22. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.

23. Qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.

24. Məhkəmə kollegiyası bildirir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi, iddia müddətlərinə riayət edilib-edilməməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehin qəbul etdiyi qərarın inzibati akt olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur.

25. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər.

26. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır.

27. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq.

28. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Hər bir inzibati iddianın mümkün sayılması üçün:

1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı;

2. iddia bilavasitə tələbə cavab verməli olan subyektə yönəldilməli;

3. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2, 35.1).

29. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”.

30. Hazırki işdə iddiaçının hüquqi marağı və məqsədi Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 57 saylı binanın yaxınlığında 340,0 kv. metr torpaq sahəsinin icarəyə verilməsi haqqında İddiaçı ilə bağlanmış xx.xx.2006-cı il tarixli müqavilənin eyni müddətə və eyni şərtlərlə (icarə haqqının məbləği artırıla bilər) uzadılması barədə qərarın qəbul edilməsinə nail olmaqdan ibarətdir.

31. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 saylı Qərarının 2-ci bəndinə əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1-ci bəndinə görə xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir..

32. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında qeyd edilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.”

33. Qeyd edilən müddəaların mənasından belə anlaşılır ki, inzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İnzibati iddialar üzrə iddianın mühüm mümkün şərtlərindən biri qaldırılmış iddiaya münasibətdə iddiaçının hüquqi marağının müəyyən olunmasıdır.

34. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarının 4.1, 4.2, 5.1, 5.2 və 5.3-cü bəndlərində qeyd edilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq, məhkəmələr bu meyar üzrə iddianın mümkünlüyünün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilməsi istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır.

35. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, hazırkı mübahisə üzrə də iddiaçı və bələdiyyə orqanı bərabərhüquqlu subyekt qismində icarə hüquq münasibətlərinin, eləcə də icarə müqaviləsinin tərəfləridir, mübahisə də növbəti müddət və şərtlərlə yazılı icarə müqaviləsinin bağlanılıb-bağlanılmaması ilə, yəni adıçəkilən əqddən irəli gələn mübahisədir. Həmin mübahisənin həlli isə inzibati yox, mülki icraat qaydasında işə baxan məhkəmənin səlahiyyətində olan məsələdir. 36.Ali Məhkəmənin digər bir 2-1(102)-272/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında da inzibati orqana qarşı icarə müqaviləsinin yenidən bağlanması barədə iddiaya dair məhkəmə hesab etmişdir ki, İddiaçı ilə cavabdeh arasında əvvəllər müqavilə münasibətləri mövcud olmuş və bu münasibət xeyli müddət davam etmişdir. İddiaçı hazırkı iddiasında icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Mübahisəyə baxan məhkəmələr hesab etmişlər ki, iddiaçının tələbi mülki hüquqi müqavilənin (icarə müqaviləsinin) bağlanması ilə əlaqədar olduğundan, mübahisəyə xüsusi hüquq sahəsi sayılan mülki qanunvericiliyinin tələbləri tətbiq edilməklə baxılmalıdır. Mülki Məcəllənin normaları ümumi qayda olaraq yalnız mülki xarakterli münasibətləri, yəni tərəflərin iradələrinin bərabərliyinə əsaslanan mülki hüquq münasibətlərini tənzimləyən qaydalardır və ümumi (publik) hüquq sahəsində yaranan münasibətlərə tətbiqi mümkün deyildir. Hazırkı iddianın qaldırılması üçün inzibatiprosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən, iddia mümkünsüz sayılmalıdır.Odur ki, icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddianı mümkün saymamaqla məhkəmə haqlı olmuşdur.

37. Göründüyü kimi inzibati hüquq münasibətlərindən yaranmış mübahisə mövcud deyildir.

38. Odur ki, cavabdeh tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirmədiyi öz təsdiqini tapmamışdır.

39. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması, cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmaması ehtimalının mövcud olması və cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə iddianın mümkünlük şərtləri həmin istiqamətdən də yoxlamalıdır. 40.Hazırkı iddia tələbi əvvəlki icarə münasibətlərinə dair müqavilə müddətinin uzadılması ilə bağlı qeyd edilsə də, iddiaçının faktiki olaraq torpağa dair onunla cavabdeh arasında yeni icra münasibətlərinin yaranmasını arzu edir. Belə ki, tərəflər arasında icarə müqaviləsi 15 dekabr 2005-cı il tarixində 15 il müddətinə bağlanılmış və müqavilə şərtlərinə əsasən “icarəçi” İddiaçı icarəyə götürülmüş torpaq sahəsini müqavilənin müddəti başa çatdıqdan sonra qaytarmalı olmuşudur. 15 dekbar 2021-ci il tarixində müqavilənin müddətinin bitməsinə baxmayaraq müqavilə müddəti uzadılmamış və tərəflər arasında olan müvafiq münasibətlərə xitam verilmişdir.

41. Göründüyü kimi, iddiaçı birbaşa olmasa da, dolayısıyla iddiaçı ilə cavabdeh inzibati orqanın arasında yeni münasibətlərin yaranmasını tələb edir. Bununla bağlı isə, Kollegiya qeyd edir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən bələdiyyə mülkiyyətində olan torpaq sahəsi hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi hərracın (müsabiqənin) keçirilməsi ilə mümkündür. İddiaçının isə qeyd edilən tələb üzrə əvvəlcədən müraciətinin olması iş materialları ilə təsdiq edilmir.

42. Əlavə olaraq Kollegiya qeyd edir ki, iş materiallarına əsasən icarə müqaviləsinin bağlanılmasının (uzadılmasının) tələb olunduğu torpaq sahəsinin digər fiziki şəxs olan X4 adına mülkiyyət hüququ (**********45 nömrəli reyestr qeydi) qeydə alınmışdır. Belə olan halda isə, qeyd edilən torpaq sahəsi üzərində mülkiyyət hüququna dair dövlət reyestrində müvafiq qeyd qüvvədə ola-ola həmin torpaq sahəsinə dair digər şəxslərin tələb (icarə və s.) hüququ istisna edilir. Qeyd edilən hüquqi vəziyyət də, hazırkı iddia tələbinin faktiki və hüquqi cəhətdən mümkünsüzlüyünə əsas yaradır. 43.Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən əsaslardan məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4566/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası,

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4566/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardaddan, Kassasiya şikayəti məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar