Məhkəmə qərarları › İş №2-1(103)-2632/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2632/2021

21.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2632/2021 21.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbə Bələdiyyəsinə qarşı “torpağın alğı-satqı yolu ilə mülkiyyətinə verilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7376/2021 saylı 27.07.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbə Bələdiyyəsinə qarşı ünvan 1 ünvanında yerləşən, 33 il ailəsi ilə birgə yaşadığı və 22 il qeydiyyatda olduğu 250 kv.m evinin uzun müddət sahiblik etdiyi və istifadəsində olmuş 15 sot torpaq sahəsinin alğı-satqı yolu ilə mülkiyyətinə verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşin faktiki hallarına əsasən iddiaçı Z.Nəjəfova mərhum əri X1 ilə birlikdə yaşadıqları - ünvan 2 ünvanındakı evə 1987-ci ildən məhkəmə qərarı ilə qeydiyyata alınmışlar. Həmçinin onların uşaqlarının da həmin ünvana qeydiyyata düşməsi ilə bağlı qanuni qüvvəsini almış məhkəmə qətnaməsi var. Onlar 33 il həmin evdə yaşayır və 22 il qeydiyyatdadırlar. Özləri tərəfindən inşa edilən həmin evin yerləşdiyi 15 sot torpağın alqısatqı ya da bağışlama (pay vermə) əsasında özəlləşdirilmək məqsədilə müvafiq sənədlərin alınması üçün köməklik göstərilməsini cavabdeh bələdiyyədən xahiş etmiş, lakin sonuncu iddiaçıya ünvanladığı 16.11.2020-ci il tarixli və məktubu ilə ona imtina cavabı vermişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7376/2021 saylı 27.07.2021-ci il tarixli qərardadı ilə iddia mümükün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddianın tamamilə təmin olunması barədə yeni qətnamə və ya qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış, eyni zamanda, qeyd emişdir ki, məhkəmə praktikasında eyni predmetli iş vardır. Belə ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-4247/2017 saylı 21.12.2017-ci il tarixli eyni məzmunlu qərarı ilə Xırdalan Bələdiyəsi 2 ədəd torpaq sahəsini 2017-ci ildə satıb. Qanun hər kəs üçün eynidir. Demək belə bir şey mümkündür. Odur ki, yaşayış minimumu təmin etmək üçün yaşayış sahəsi ilə təmin olması üçün iddia tələbinin təmin olunmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasınının vaxtı və yeri, habelə, məhkəmə iclasına gəlməkləri təqdirdə onların iştirakı olmadan işə baxılacağı barədə xəbərdar edilmiş iddiaçı və cavabdeh məhkəməyə gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 62.3-cü maddəsinin tələbini nəzərə alan məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının iddia tələbindən göründüyü kimi, məcburetmə haqqında iddia vasitəsilə faktiki sahiblik etdiyi, ünvan 1 ünvanında yerləşən 15 sot torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətinə verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini tələb edir. İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin sözügedən normasının mənası baxımından, inzibati icraat qaydasında qaldırılan istənilən iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən və prosessual qanunvericiliyin tələblərinə uyğun qaydalar, o cümlədən iddia müddəti çərçivəsində, qanunla cavabdehliyi müəyyən edilən inzibati orqana qarşı verilməli və müvafiq sübutlar əlavə edilməklə qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalıdır ki, məhkəmə icraatı mümkün sayıla bilsin. Əks təqdirdə, məhkəmə İPM-in 35.3-cü maddəsinin tələbinə müvafiq olaraq iddianın mümkün sayılmaması barədə qərardad çıxarır. Lakin konkret halda, iddiaçının tələbinin məhkəmə icraatının mümkün sayılması üçün faktiki şərtlərin mövcudluğu müəyyən edilmir. Birincisi ona görə ki, məhkəməyə qədər cavabdeh bələdiyyənin İddiaçı ünvanlanmış 19.07.2020-ci il tarixli ilkin müraciətinə 05.08.2020-ci il tarixində, sonradan isə 29.10.2020-ci il tarixli ikinci müraciətinə 16.11.2020-ci il tarixində imtina cavabı verildiyi halda, iddiaçı məcburetmə haqqında iddia ərizəsi ilə məhkəməyə 10.06.2021-ci il tarixində, yəni 6 aydan xeyli sonra müraciət etmişdir. Halbuki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 33.2-ci maddəsinin tələbinə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Qanunun 73.2-ci maddəsinin tələbinə görə isə inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Göründüyü kimi, iddiaçı tərəfindən hazırkı iddianın qaldırılması üçün qanunla müəyyən edilən prosessual müddət ötürülmüşdür. Bundan əlavə «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Qanunun qeyd olunan tələbindən göründüyü kimi, bələdiyyələr tərəfindən torpaq sahəsinin ayrılması barədə o halda qərar qəbul edilə bilər ki, həmin torpaq saəhsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanlarının rəy alınsın. Lakin «Bakı şəhərində mühəndis-kommunikasiya təminatlı obyektlərinin normal fəaliyyətinin təmin olunması ilə bağlı tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 30.12.2016-cı il tarixli 1184 nömrəli Fərmanı ilə Bakı şəhərində bir sıra mühəndis-kommunikasiya təminatı obyektlərinin normal fəaliyyətinin təmin olunması məqsədi ilə qərara alınmışdır:

1. Yerli icra hakimiyyəti orqanları tərəfindən Bakı şəhərinin ərazisində Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 7-ci bəndinə uyğun olaraq bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin ayrılması ilə bağlı bələdiyyənin qərarı qəbul edilənədək torpaq sahəsinin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma, ərazi planlaşdırılması sənədlərinə uyğunluğu baxımından rəy verilməsi 2017-ci il yanvarın 1-dən etibarən müvəqqəti dayandırılsın. Göründüyü kimi, müvafiq icra hakimiyyəti orqanları tərəfindən bələdiyyə torpaqlarının ayrılması ilə bağlı 01.01.2017-ci il tarixindən rəy verilmsəi dayandırıldığı təqdirdə, konkret halda, cavabdeh M.Ə.Rəsulzadə qəsəbə Bələdiyyəsi, «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində nəzərdə tutulan qaydada, iddiaçının tələbi üzrə mübahisəli ünvanda yerləşən 15 sot torpaq sahəsini ona alqı-satqı yolu ilə vermək səlahiyyətinə malik deyil. Bütün bu qeyd olunanlar isə iddiaçının hazırkı iddia tələbinin məhkəmə icraatının mümkünlüyünü istisna edir. Belə olan halda da, İPM-in 35.1-ci maddəsinin tələbi baxımından, həmin iddia tələbi əsaslandırılmış iddia tələbi kimi qəbul edilə bilməz. Beləliklə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadı ilə iddianın mümkün sayılmamasını düzgün nəticə kimi qiymətləndirir. Ona görə də iddiaçının apellyasiya şikayətinin, hazırkı mübahisəyə aiddiyətı olmayan, işdə iştirak etməyən üçüncü şəxsələr dairəsinə münasibətdə qəbul edilmiş məhkəmə qərarlarına istinadən, dolayısı ilə birinci instansiya məhkəməsinin birinci instansiya məhkəməsinin qərardadının əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır. Məhkəmə kollegiyası iddiaçının qeyd olunan dəlillərinə münasibətdə həmçinin onu da qeyd edir ki, məhkəmə praktikası Sumqayıt İnzibati Məhkəməsində baxılan işlər üzrə deyil, Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən, həmin məhkəmədə baxılmış işlərə üzrə formalaşır. Odur ki, göstərilənlərə əsasən məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati-Məhkəməsinin 2-1(112)- 7376/2021 saylı 27.07.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA A L D İ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7376/2021 saylı 27.07.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Cahangir Yusifov

Hakimlər Həmid Həmidov Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar