Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2632/2023 04.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinə yeni çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X2 ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçı ASC-nin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri- yaşayış sahəsinə yeni çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5606/2021 saylı 25 iyun 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 04 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* nömrəli çıxarışına əsasən Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, b.31 (Yeni qaydalarla: Yasamal rayonu, İnşaatçılar prospekti 83) ünvanında yerləşən 1155.7 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı ASC-nin xüsusi mülkiyyətindədir. Daşınmaz əmlakın dövlət reyestrində 172 nömrəli reyestr kitabının 16178 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin qeyriyaşayış sahəsinə texniki pasport tərtib edilmişdir. İddiaçı Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, b.31 ünvanında yerləşən 1155.7 kv.m olan qeyri yaşayış sahəsinə yeni çıxarışın və texniki pasportun verilməsi üçün cavabdehə müraciət etmiş, lakin sonuncu tərəfindən tələbin təmin edilməsindən imtina edilmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********32 saylı 24 dekabr 2020-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, qeyri-yaşayış sahəsinə dair texniki inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssisinə şərait yaradılmamışdır. Aparılmış dəyişikliklərlə bağlı qeyri-yaşayış sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mininədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin idarəyə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli bildirişi daxil olmuş, lakin qanuni qüvvəyə minmiş yekun məhkəmə qərarı daxil olmamışdır. Həmin imtina məktubundan narazı qalan İddiaçı ASC cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “xüsusi mülkiyyət hüququ əsasında İddiaçı ASC-yə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 31 ünvanda yerləşən 16 mərtəbəli yaşayış binasının İddiaçı ASC-yə məxsus zirzəmi, İ mərtəbə və İİ mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsində Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş idarəsi tərəfindən 18/04-444 saylı xx.xx.2009-cu il tarixli razılaşdırılmış layihə əsasında binanın fasadında aparılmış yenidənqurma işləri nəticəsində edilmiş dəyişikliklərin daşınmaz əmlakın dövlət reyestrinə daxil edilib, qeyd edilən qeyri-yaşayış sahəsinə dair yeni çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2016-cı il tarixli seriya RX ******* saylı reyestrdən çıxarışa əsasən (daşınmaz əmlakın r/n **********66-05301- 083004, qeydiyyat nömrəsi **********) Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr., b. 31, yeni qaydalarla: Yasamal rayonu, İnşaatçılar pr., 83 ünvanında yerləşən qeyri-yaşayış sahəsi mülkiyyət hüququ əsasında İddiaçı ASC-yə məxsusdur. 2010-cu ildə qeyri-yaşayış sahəsinin ümumi sahəsinin dəyişməsi ilə nəticələnən qeyd edilən binanın fasadında Bakı şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə yenidənqurma işləri aparılmışdır. Həmin dəyişikliyin hansı əsasla keçirildiyini müəyyən etmək məqsədilə 2010-cu ildən etibarən müxtəlif strukturlara müraciət edilmişdir. Belə ki, yenidənqurma işlərini aparan podrat şirkəti olan "xxxx" MMCnin AZ/440 saylı xx.xx.2013-cü il tarixli məktubuna əsasən, Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 18/04-444 saylı xx.xx.2009- cu il tarixli razılaşdırılmış layihə əsasında "xxxx" MMC tərəfindən İddiaçı ASC-yə məxsus Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr. 31 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının fasadında yenidənqurma işləri aparılmışdır. Yerinə yetirilən işlər əsnasında binanın 1-ci və 2-ci mərtəbələrində İddiaçı ÄSC-yə məxsus qeyri-yaşayış obyektinin ölçülərində tam şəkildə həmin layihəyə uyğun olaraq bəzi dəyişikliklər edilmişdir. "xxxx" MMC-nin bu məktubu ilə sözügedən layihənin zirzəmi, İ mərtəbə və İİ mərtəbəyə aid planları qoşma olunması qeyd edilsə də, faktiki olaraq iddiaçıya göndərilməmişdir. Qeyd edilən yaşayış binasında aparılmış yenidənqurma işlərinin layihəsinin zirzəmi, İ mərtəbə və İİ mərtəbəyə aid planlarını əldə etmək məqsədilə dəfələrlə Bakı şəhər İcra Hakimiyyətinə, AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Memarlıq və Şəhərsalma Baş İdarəsinə, eləcə də AR Milli Arxiv İdarəsinə müraciət edilsə də, həmin layihə sənədlərini əldə etmək mümkün olmamışdır. Belə ki, AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2020-ci il tarixli 03/03-39 saylı və xx.xx.2020-ci il tarixli 03/03-564 saylı cavab məktubları ilə bildirilmişdir ki, yuxarıda qeyd edilən ünvanda İddiaçı ASC-yə dair sənədlər Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin arxivində yoxdur. Bakı şəhər İcra Hakimiyyətinin 7-2360/17 saylı 24 avqust 2020-ci il tarixli cavab məktubu ilə bildirilmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilən razılaşdırılmış layihələr və s. bu kimi sənədlər Bakı şəhər İcra Hakimiyyətinin arxivində saxlanılmır. AR Milli Arxiv İdarəsinin AR Dövlət Arxivinin Bakı filialının 561 saylı xx.xx.2020-ci il tarixli cavab məktubunda qeyd edilir ki, Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. xx.xx.2020-ci il tarixli müraciətlə cavabdeh təşkilatdan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr. 31 ünvanda yerləşən 16 mərtəbəli yaşayış binasının İddiaçı ASC-yə məxsus zirzəmi, İ mərtəbə və İİ mərtəbəsində yerləşən qeyriyaşayış sahəsində Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 18/04-444 saylı xx.xx.2009-cu il tarixli razılaşdırılmış layihə əsasında binanın fasadında aparılmış yenidənqurma işləri nəticəsində edilmiş dəyişikliklərin daşınmaz əmlakın dövlət reyestrinə daxil edilib qeyd edilən qeyri-yaşayış sahəsinə dair yeni çıxarış və texniki pasport verilməsi xahiş edilmişdir. Cavabdeh təşkilat **********32 saylı xx.xx.2020-ci il tarixli məktubu ilə qeyd edilən qeyri-yaşayış sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edib ona görə ki, sözügedən ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair texniki inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssisinə şərait yaradılmamışdır və qeyd edilən ünvanda aparılmış dəyişikliklərlə bağlı hüquqmüəyyənedici sənədlər təqdim edilməyib. Lakin sözügedən qeyri-yaşayış sahəsinə dair texniki inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssisinə şərait yaradılmaması səbəbi əsassızdır, ona görə ki, cavabdeh təşkilatın heç bir mütəxəssisi bu məsələ ilə əlaqədar əlaqə saxlamamış və ya qeyri-yaşayış sahəsinə gəlməmişdir. Aparılmış dəyişikliklərlə bağlı hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsinə səbəb isə yuxarıda sadalanan mərhələlər üzrə müvafiq qurumlara çoxsaylı müraciətlərin nəticəsizliyi olmuşdur. Lakin bu hal adı çəkilən dəyişikliklərin daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməməsi üçün əsas deyildir. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, qeyd olunan ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair texniki inventarlaşdırma işlərinin aparılması üçün İdarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Aparılmış dəyişikliklərlə bağlı qeyri-yaşayış sahəsinə dair “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5606/2021 saylı 25 iyun 2021-ci il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr. 31 ünvanda yerləşən 16 mərtəbəli yaşayış binasının İddiaçı ASC-yə məxsus zirzəmi, İ mərtəbə və İİ mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi İİ məsuliyyət səviyyəli binalara aid olduğundan, tikilinin yenidən qurulmasına icazə barədə qərar qəbul etmək, istismara icazə sənədini vermək və tikilinin layihəsini razılaşdırmaq yalnız Bakı şəhəri İcra Hakimiyyətinin səlahiyyətində olmuşdur. İddiaçı iddia ərizəsində Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 18/04-444 saylı xx.xx.2009cu il tarixli layihə sənədinə istinad etsə də, həmin layihəni və digər hüquqmüəyyənedici sənədləri məhkəməyə təqdim etməmişdir. Həmçinin məhkəmə araşdırması zamanı həmin sənədlər aşkar edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv olunması və iddianın təmin olunması xahiş edilmişdir. Apellyasiya şikayəti və ona əlavənin dəlilləri: Apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə onunla əsaslandırılmışdır ki, mübahisələndirilən qərarın əsaslandırmasında qeyd olunmuşdu ki, tikilinin yenidən qurulmasına icazə barədə qərar qəbul etmək, istismara icazə sənədini vermək və tikilinin layihəsini razılaşdırmaq yalnız Bakı şəhəri İcra Hakimiyyətinin səlahiyyətində olmuşdur. Qeyd edilən qeyri-yaşayış sahəsindəki yenidənqurma işləri iddiaçının təşəbbüsü ilə aparılmamış, onların təşəbbüskarı olan Bakı şəhəri İcra Hakimiyyəti iddiaçının həmin işlərin aparılması üçün əsas olmuş sənədlərin ona təqdim edilməsinə dair müraciətinə 7- 2360/17 saylı 24 avqust 2020-ci il tarixli cavab məktubu ilə iddiaçıya bildirmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilən razılaşdırılmış layihələr və s. bu kimi sənədlər Bakı şəhər İcra Hakimiyyətinin arxivində saxlanılmır. İddiaçı, təşəbbüskarı olmadığı yenidənqurma işlərinə dair hüquqmüəyyənedici sənədlərin əldə edilməsi üçün bütün səylərini göstərmişdir, lakin həmin sənədlər nə həmin işlərin təşəbbüskarı olmuş Bakı şəhəri İcra Hakimiyyətində, nə Dövlət Şəhərsalma və Arxitektura Komitəsində, nə də ki AR Milli Arxiv İdarəsində mövcud deyil. Belə olan halda iddiaçı mülkiyyətində olan əmlakın sənədlərini əmlakın faktiki vəziyyətinə uyğun şəklə gətirmək üçün başqa nə etməlidir? O da qeyd edilməlidir ki, birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh idarənin mütəxəssisi iddiaçının nümayəndəsi ilə əlaqə saxlayıb sözügedən qeyri-yaşayış sahəsinə baxış keçirmək zərurətinin olduğunu bildirmişdir. İddiaçı tərəfindən dərhal həmin mütəxəssisə qeyri-yaşayış sahəsinə baxış keçirmək imkan yaradılmış, mütəxəssis müvafiq ölçü işlərini aparmış, lakin cavabdeh idarədən Məhkəməyə və ya iddiaçıya həmin ölçü işlərinin nəticəsi barədə heç bir məlumat verilməmişdir. Məhkəmə işin faktiki hallarına düzgün qiymət verməmiş, maddi hüquq normalarının şərh edilməsinə formal yanaşmış və nəticədə iddiaçının hüquqlarını və qanuni mənafelərini pozan qanunsuz və əsassız qərar qəbul etmişdir. Bu səbəbdən həmin qərar ləğv edilməli və iddianın tam təmin edilməsinə dair yeni qərar qəbul edilməlidir. Məhkəmə çəkişməsindən öncə və məhkəmə çəkişməsi zamanı müxtəlif orqanlara müraciət etməyimizə baxmayaraq İddiaçı ASC-yə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr 31 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının İddiaçı ASCyə məxsus zirzəmi, 1 mərtəbə və 2-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsində aparılmış abadlaşdırma işlərinin aparılmasına əsas olmuş sənədlərin o cümlədən Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 18/04-444 saylı xx.xx.2009-cu il tarixli razılaşdırılmış layihəsinin əldə edilməsi və aparılmış abadlaşdırma işləri ilə bağlı artmış sahəmizə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almağımız mümkün olmamışdır. Bundan başqa məhkəmə isə öz qərarında Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə istinad edərək, həmin məcəllənin, 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir, 3.0.9-cu maddəsinə əsasən, tikinti fəaliyyəti-tikinti obyektlərinin tikintisi (inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası) və ya sökülməsi məqsədi ilə həyata keçirilən fəaliyyətdir, 74.1-ci maddəsinə əsasən, bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. 79 və 79.1.7-ci maddələrinə əsasən, mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində fasadının mövcud qabaritləri dəyişdirilmədən təmir edilən tikinti obyektlərinin tikintisinə icazə tələb olunmadığını vurğulayır. Həmçinin məhkəmə qeyd edilən normalardan göründüyü kimi, tikinti obyektinin yenidən qurulması (hazırkı iş üzrə fasadın yenidən qurulması) tikinti obyektlərinin tikintisi anlayışı ilə əhatə olunur və iddiada da qeyd edildiyi kimi, sözügedən obyektin (fasadının) yenidən qurulması tikinti obyektinin sahəsinin dəyişməsinə (artmasına) səbəb olduğundan iddiaçının müraciətinə qiymət verilərkən tikintisinə icazə tələb olunan obyektlərə dair qanunvericiliyin tələbləri nəzərdən keçirilməli olduğunu bildirmişdir. Bununla əlaqədar olaraq İddiaçı ASC cavabdehlər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinə, Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyətinə, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə 5 (beş) iş günü müddətində Cəmiyyətin mülkiyyəti yerləşən Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 31 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının fasadında aparılmış yenidənqurma işlərinin sökülməsi, binanın və müvafiq olaraq əmlakımızın əvvəlki vəziyyətə gətirilməsi barədə qərar çıxarılması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsində İddiaçı ASC-nin iddia tələbi araşdırılarkən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən məhkəmənin sorğusuna əsasən Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 18/04-444 saylı xx.xx.2009-cu il tarixli razılaşdırılmış layihə məhkəməyə təqdim edilmişdir. Bundan başqa Bakı inzibati Məhkəməsinin 28 iyun 2022-ci il tarixli 2-1(112)-3788/2022 saylı qərarı ilə təmin edilməməsinə əsas kimi cavabdeh orqanlar tərəfindən aparılan yenidənqurma işlərinin qanunvericiliyin tələblərinə uyğun olaraq aparıldığı müəyyən edildiyi bildirilmişdir. Bakı İnzibati Məhkəməsinin 28 iyun 2022-ci il tarixli 2-1(112)-3788/2022 saylı qərarı xx.xx.2022-ci il tarixdə qüvvəyə minmişdir. Məhkəmənin isə aparılmış abadlaşdırma işlərinin layihəsinin təsdiq edilməsinin 2009-cu ildə təsadüf etməsi və abadlaşdırma işlərin 2010-cu ildə olmasına baxmayaraq sonradan qüvvəyə minmiş Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə istinad edərək cavabdehin imtinasının əsaslı olmasını sübut etməyə çalışması mülkiyyətçi kimi bizim hüquqlarımızın pozulması ilə nəticələnmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VİL-ci hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Halbuki, hazırkı apellyasiya şikayətinə əlavə etdiyimiz Bakı İnzibati Məhkəməsinin 28 iyun 2022-ci il tarixli 2-1(112)-378812022 saylı qərarına əsasən aparılmış abadlaşdırma işlərinin qanunvericiliyin tələblərinə uyğun olaraq aparıldığı bundan başqa aparılmış abadlaşdırma işlərinin layihəsinin təsdiq edildiyi və aparılmış abadlaşdırma işlərinin layihəsinin 2009-cu ildə təsdiq edildiyi, abadlaşdırma işlərinin 2010-cu ildə aparıldığı müəyyən edilir. Bundan başqa məhkəmə xx.xx.2021-ci il tarixli qərarında qeyd edir ki, iş materiallarından göründüyü kimi, iddiaçı iddia ərizəsində Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 18/04-444 saylı xx.xx.2009-cu il tarixli layihə sənədinə istinad etsə də, həmin layihəni və digər hüquqmüəyyənedici sənədləri məhkəməyə təqdim etmədiyi və məhkəmə araşdırması zamanı həmin sənədlərin aşkar edilmədiyi qənaətinə gəlmiş və tələbimizin əsassız olması və mülkiyyətçi kimi hüquqlarımızın inzibati orqan tərəfindən pozulmamasını sübut etməyə çalışmışdır. Belə olan halda artıq hesab edirlər ki, məhkəmənin istinad etdiyi iş materiallarında həmin dövr mövcud olmayan layihə və digər sübut edən faktlar artıq məhkəməyə təqdim edilmişdir, onda həmin sübutlara yenidən qiymət verilməli və iş ətraflı araşdırılmalıdır. Apellyasiya və Kassasiya instansiya məhkəmələrinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-287/2022 saylı 22 sentyabr 2022-ci il tarixli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5606/2021 saylı 25 iyun 2021-ci il tarixli qərarının ləğv edilərək, iddiaçıya məxsus olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr. 31 ünvanda yerləşən 16 mərtəbəli yaşayış binasının İddiaçı ASC-yə məxsus zirzəmi, İ mərtəbə və İİ mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsində Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş idarəsi tərəfindən 18/04-444 saylı xx.xx.2009-cu il tarixli razılaşdırılmış layihə əsasında binanın fasadında aparılmış yenidənqurma işləri nəticəsində edilmiş dəyişikliklərin daşınmaz əmlakın dövlət reyestrinə daxil edilib, qeyd edilən qeyri-yaşayış sahəsinə dair yeni çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmuşdur. Məhkəmə hesab etmişdir ki, apellyasiya baxışı zamanı iddiaçı tərəfindən təqdim edilmiş və xx.xx.2022-ci il tarixdə qanuni qüvvəsini almış Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3788/2022 saylı qərarı ilə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 31 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının fasadında aparılmış yenidənqurma işlərinin qanunvericilikdə nəzərdə tutulan tələblərə uyğun aparıldığı müəyyən edilmişdir. Bundan başqa Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, b.31 ünvanında yerləşən 1155.7 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı ASC-nin xüsusi mülkiyyətindədir. Daşınmaz əmlakın dövlət reyestrində 172 nömrəli reyestr kitabının 16178 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin qeyri-yaşayış sahəsinə texniki pasport tərtib edilmişdir. İddiaçının öz tələbinin əsası kimi istinad etdiyi qeyri-yaşayış sahəsinin eskiz layihəsi müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-439/2023 saylı 29 mart 2023-cü il tarixli qərarı ilə kassasiya şikayətlərinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-287/2022 saylı 22 sentyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Tərəflərin izahatları: xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə tərəflər lazımi qaydada məlumatlandırılmalarına baxmayaq nümayəndəsinin iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı ASC-nin və cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın sonuncu imtina məktubunun tarixi xx.xx.2020-ci il tarixdir. Həmin imtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınması iş materialları ilə müəyyən olunmur. İddiaçı isə iddia ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı ASC-nin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi “xüsusi mülkiyyət hüququ əsasında İddiaçı ASC-yə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 31 ünvanda yerləşən 16 mərtəbəli yaşayış binasının İddiaçı ASC-yə məxsus zirzəmi, İ mərtəbə və İİ mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsində Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş idarəsi tərəfindən 18/04-444 saylı xx.xx.2009-cu il tarixli razılaşdırılmış layihə əsasında binanın fasadında aparılmış yenidənqurma işləri nəticəsində edilmiş dəyişikliklərin daşınmaz əmlakın dövlət reyestrinə daxil edilib, qeyd edilən qeyri-yaşayış sahəsinə dair yeni çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədədir. Bununla bağlı o, inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən “hüququmüəyyənedici sənədlərin təqdim edilməməsi” əsası ilə tələbin təmin olunmasından imtina edilmişdir. Qeyd olunan imtina ilə razılaşmayan iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. İşə apellyasiya qaydasında baxmış məhkəmə iddianın təmin edilməsi qənaətinə gəlsə də, kasssasiya instansiyası məhkəməsinin mövqeyi fərqli olmişdur. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir. Həmin Məcəllənin 3.0.9-cu maddəsinə əsasən tikinti fəaliyyəti – tikinti obyektlərinin tikintisi (inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası) və ya sökülməsi məqsədi ilə həyata keçirilən fəaliyyətdir. Həmin Məcəllənin 74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Həmin Məcəllənin 79 və 79.1.7-ci maddələrinə əsasən mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində fasadının mövcud qabaritləri dəyişdirilmədən təmir edilən tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur. Qanunvericiliyin istinad edilən normalarından göründüyü kimi, tikinti obyektinin yenidən qurulması (hazırkı iş üzrə fasadın yenidən qurulması) tikinti obyektlərinin tikintisi anlayışı ilə əhatə olunur və iddiada da qeyd edildiyi kimi, sözügedən obyektin (fasadının) yenidən qurulması tikinti obyektinin sahəsinin dəyişməsinə (artmasına) səbəb olduğundan iddiaçının müraciətinə qiymət verilərkən tikintisinə icazə tələb olunan obyektlərə dair qanunvericiliyin tələbləri nəzərdən keçirilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Həmin Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Göründüyü kimi, qüvvədə olan qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini, hüquqların qeydə alınması üçün təqdim edilən sənədlərə dair tələbləri və hüquqların dövlət qeydiyyatından imtina üçün səbəbləri konkret müəyyən edir. Qanunun müvafiq olaraq 8.0.9.2-ci maddəsində çoxmənzilli binalara, qeyri-yaşayış binalarına dair hüququn dövlət qeydiyyatına alınması üçün tələb olunan sənədlər göstərilmişdir. Qanunverici çoxmənzilli binalara, qeyri-yaşayış binalarına münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı ilə şərtləndirmişdir. Həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanının 6-cı bəndinə görə yerli icra hakimiyyəti orqanları müvafiq inzibati ərazi vahidi ərazisində bu Fərman qüvvəyə mindiyi günədək aparılmış abadlaşdırma tədbirləri çərçivəsində yerinə yetirilmiş tikinti işləri nəticəsində fiziki və hüquqi şəxslərin mülkiyyətində olan daşınmaz əmlak obyektlərinin sahəsində və digər göstəricilərində baş vermiş dəyişikliklər barədə məlumatların daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməsini təmin etmək məqsədilə həmin tikinti işləri ilə bağlı tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsinin və istismara qəbul aktının surətlərinin mülkiyyətçilərin müraciət etdiyi 7 iş günü ərzində onlara təqdim olunmasını təmin etsinlər. Hazırki işdə isə sözügedən dəyişikliklərlə bağlı istismara qəbul akının tərtib olunmadığı və tələb olunan sənədlərin iddiaçı tərəfindən təqdim edilmədiyi müəyyən olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Məhkəmə kollegiyası hesab edir ki, hazırki işdə iddiaçı tərəfindən adına rəsmiləşdirilməsini tələb etdiyi qeyri-yaşayış sahəsinin yerləşdiyi yaşayış binasının müvafiq dəyişikliklərlə bağlı istismara qəbul aktı təqdim olunmadığından onun tələbinin təmin olunmasından cavabdehin etdiyi imtina qanuna zidd olmamış, iddiaçının hüquqlarının pozulmasına səbəb olmadığı üçün bu hal cavabdeh inzibati orqanın üzərinə iddiaçının tələb etdiyi inzibati aktın qəbul edilməsi barədə öhdəliyin qoyulmasını istisna edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Hazırki işdə iddiaçı onun arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyi üçün bu hal onun iddiasının təmin olunmasını qeyri-mümkün edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddianın təmin edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, iddiaçının apellyasiya şikayəti isə təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5606/2021 saylı 25 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-2632/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2632/2023
04.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver