Məhkəmə qərarları › İş №2-1(103)-2633/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2633/2023

07.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2633/2023 07.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi və qaçqın statusunun verilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5242/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ι. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İQ-42/4 saylı xx.xx.2022-ci il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında qərarın ləğv edilməsi; cavabdeh Dövlət Miqrasiya Xidmətinin üzərinə onun yəni Pakistan İslam Respublikasının vətəndaşı İddiaçı xx.xx.2022-ci il tarixli vəsatətini təmin edərək, ona qaçqın statusu verilməsi öhdəliyinin qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı xx.xx.1972-ci il tarixdə Pakistan İslam Respublikasının Sind vilayətinin Karaçi şəhərində doğulmuşdur, milliyətcə özünü urdudilli mohacer hesab edir, dini etiqadına görə müsəlman (sünni) olduğunu, Karaçi şəhərində orta təhsil daha sonra Karaçi Universitetində biznes ixtisası üzrə bakalavr və magistr təhsili almışdır, biznesmen olduğu Karaçi (Pakistan), Nyu Braunfuels (Texas ştatı. ABŞ), Dubay (BƏƏ) və Bakı şəhərində 1992-2020-ci illər ərzində müxtəlif biznes sahələrində sahibkar kimi fəaliyyət göstərmişdir, Azərbaycana xx.xx.2019-cu il tarixdə ailəsi ilə birlikdə gəlmişdir, burada müvəqqəti yaşamaq üçün icazə ilə yaşamış, sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Pandemiya səbəbindən Bakıda biznesi zəifləmiş və ölkəsində üzləşdiyi çətinliklər səbəbindən Pakistana qayıda bilməmişdir. Ata-anası vəfat etmişdir, iki qardaşı Pakistanda yaşayır, Sabin Rizwan adlı Pakistan vətəndaşı ilə evilidir, bu nikahdan bir qız və bir oğlan övladı doğulmuşdur, hazırda ailə üzvləri onunla birlikdə Bakıda yaşayır. Ölkəsinə qayıda bilməməsinin və qaçqın statusu üçün müraciət etməsi səbəbi haqqında danışarkən onun qaynının evliliyindən sonra Pakistanda qaynı arvadının qohumları tərəfindən təhdidlə üzləşmişdir, xx.xx.2019-cu il tarixdə bu şəxslər tərəfindən silahlı hücuma məruz qalaraq döyülmüşdür. Onu təhdid edən şəxslər ailə üzvlərini qaçırmaq istəmişdir. Bu hadisədən sonra iki gün xəstəxanada müalicə almışdır, sağaldıqdan sonra xx.xx.2019-cu ildə ailəsi ilə birlikdə Azərbaycana gəlmişdir. Təhdidlərə məruz qalmasının səbəbi gəlinlərinin evdən külli miqdarda oğurluq etdiyi və qaynından boşanmaq üçün müraciət etməsidir. Lakin onun arvadı bu evliliyin pozulmaması üçün gəlinlərini bağışlamışdır. Gənc ailənin nikahının pozulmasının tərəfdarı olmamışdır. Lakin gəlin tərəfinin boşanmada təkid etdiyi o və ailə üzvləri boşanmağa razı olmadıqları üçün təhdidə məruz qalmışdırlar. Bu səbəbdən o, polisə şikayət etmişdir. Bu şikayətdən qarşı tərəf xəbər tutmuşdur, buna görə onu və ailəsini yenidən təhdid etmişdirlər. Cavabdeh iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının müraciət əsasında araşdırılma aparılmış və şəxsə qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında xx.xx.2022-ci il tarixli İQ- 42/7 nömrəli qərar qəbul edilmişdir. DMX sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. "Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsində, o cümlədən 1951 -ci il Konvensiyasının 1-ci maddəsinin A hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş 5 amil üzrə (Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi, milli, dini, müəyyən sosial qrupa mənsubluğu və siyasi əqidəsinə) təqib olunmamışdır. Vəsatətində ailələrarası mübahisələrinin olması səbəbindən Azərbaycan Respublikasına gəldiyini bildirmişdir. Ölkənin daha stabil bölgələrinə getmə imkanı mövcuddur. Eyni zamanda, şəxsin DMX-yə təqdim etdiyi xx.xx.2022-ci il tarixli vəsatətindən görünür ki, baş verən hallar ailə-məişət zəminində olan münaqişələrdir, İddiaçı Pakistan İslam Respublikası, yəni dövlət tərəfindən yuxarıda sadalanan 5 əsasa görə təqib olunması müəyyən edilməmişdir. Beləliklə, şəxsin barəsində tərtib edilmiş qərar qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5242/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi hüquq normalarını pozmuş və ciddi posessual pozuntulara yol vermişdir. Belə ki, iddiaçının dəlilləri mötəbərliyin daxili və xarici amillərinin tələbatlarını ödəyir. Buna görə də onun izahatları inandırıcılıq keyfiyyətinə malikdir, biri-birilə ziddiyyət təşkil etmir. İddiaçının izahatları ona verilən suallar çərçivəsində olub. İzahatlar müfəssəl və spesifikdir. Ona görə də mötəbərlik tələbini ödəyir. O, Pakistana qayıdacağı təqdirdə arvad qohumları tərfindən onu və ailə üzvlərini təhdid gözləyir. İddiaçının izahatları cavabdeh tərəfindən mötəbərlik prezumpsiyasına uyğun qiymətləndirilməyib və qəbul etdiyi qərar “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinə uyğun əsaslandırılmayıb. Belə ki, əsaslandırma zamanı işin hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar göstərilməyib. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini iddianın dəlillərinə uyğun müdafiə etdiyini bildirərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş cavabdeh (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin («İPM») 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. ΙΙ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İşin hallarından göründüyü kimi, iddiaçı ona qaçqın statusu verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin sonuncu onun şikayətinə imtina qərarı ilə cavab vermiş, narazı qalan iddiaçı arzuladığı inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə məcburetmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi tərəfindən onun iddia tələbi rədd olunmuşdur. İddia ərizəsi və apellyasiya şikayətinin dəlilləri, işdə olan sənədlər əsasında təhlil edildikdə, iddiaçıya Azərbaycan Respublikasında qaçqın statusunun verilməsini zəruri edən faktiki şərtlər müəyyən edilmir. Belə ki, «Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən «Qaçqın» - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Həmin Qanunun 10-cu maddəsinin 2-ci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş, «Qaçqın» statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının preambulasına əsasən bu Qayda Azərbaycan Respublikasının Konstitusiyasına, «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına, 1967-ci il Protokoluna, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli 148 nömrəli Fərmanına, habelə, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında «Qaçqın» statusunun verilməsi haqqında vəsatətə baxılması qaydasını müəyyən edir. Həmin «Qayda»nın 1-ci bəndinin 3-cü abzasına əsasən «Qaçqın» statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində «Qaçqın» statusu verilmə xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir. Həmin «Qayda»nın 7-9-cu bəndlrinə əsasən : «Qaçqın» statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. Müsahibə zamanı şəxs «Qaçqın» statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisində dayanma səbəbləri, həmin dövlətlərdə ona «Qaçqın» statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. «Qaçqın» statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya «Qaçqın» statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq «Qaçqın» statusu verməkdən imtina edilir.” Cavabdehin iş materiallarına əlavə edilmiş imtina qərarından, iddiaçı ilə aparılmış müsahibənin nəticələrinə əsasən müəyyən olunur ki, cavabdeh tərəfindən qanunvericiliyin sadlalanan tələbləri qaydasında iddiaçının qaçqın statusu verilməsi ilə bağlı vəsatəti ətraflı araşdırılaraq qiymətləndirilmə aparılmış, nəticələrinə dair əsaslandırılmış qərar qəbul edilməklə, onun vəsatəti təmin edilməmiş, qaçqın statusu verilməsindən imtina olunmuşdur. İşə əlavə olunmuş cavabdehə müraciəti üzrə iddiaçının doldurduğu ərizə-anket, vəsatəti və bununla bağlı cavabdehin onunla aparılan müsahibənin nəticələrinə dair İQ- 42/4 saylı xx.xx.2022-ci qərarının qarşılıqlı təhlili ilə müəyyən olunur ki, cavabdehin imtina qərarı inzibati icraat haqqında hüquq normalarına uyğun qəbul edilmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinə əsasən 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Cavabdeh tərəfindən aparılmış inzibati araşdırma aşağıdakılardan ibarət olmuşdur: “İşə əlavə olunmuş ərizə-anket, vəsatəti və bununla bağlı cavabdehin onunla aparılan müsahibənin nəticələrinə dair İQ-42/4 saylı xx.xx.2022-ci qərarından aydın olur ki, cavabdeh tərəfindən iddiaçının xx.xx.2022-ci il tarixli vəsatəti qeydiyyata alınaraq onun adına 91-2022 saylı şəxsi şəxsi iş açılmış, təqdim etdiyi sənədlər (surətləri) işinə əlavə edilmiş və onunla müsahibə keçirilmişdir. İddiaçı müsahibə zamanı bildirmişdir ki, Karaçi şəhərində doğulmuş, özünü milliyyətcə urdudilli mühacir hesabedir. Dini etiqadına görə müsəlmandır (sünni). Karaçi universitetində biznes ixtisası üzrə bakalavr və magistr təhsili almış, 1992-2020-ci illərdə ABŞ-ın Texas ştatında, BƏƏ-nin Dübay şəhərində biznes sahələrində fəaliyyət göstərmişdir. Azərbaycana xx.xx.2019-cu il tarixdə ailəsii ilə birlikdə gəlmiş, müvəqqəti icazə ilə yaşaymış, sahiBkarlıqla məşğul olmuş, pandemiya üzündən biznesi zəifləmiş, ölkəsində üzləşdiyi problemlərə görə vətənə qayıda bilməmişdir. Ölkəsinə qayıda bilməməsinin səbəbi qayını arvadının qohumları tərəfindən təhdidə və xx.xx.2019-cu il tarixdə silahlı hücuma məruz qalması, döyülməsi, həmin şəxslərin ailə üzvlərini qaçırmaq istədikləri olmuşdur. Həmin hadisədən sonra, iki gün xəstəxanada müalicə alımş,sağaldıqdan sonra Azərbaycan cəlmişdir. X3 isə müsahibə zamanı təhdid olunmalarının səbəbinin qardaşı arvadının qohumları tərəfindən şantaj yolu ilə onlardan pul tələb etmələri olmuşdur. İnzibati araşdırma zamanı aparılmış təhlillərə əsasən müsahibələrdə qeyd edilənlərin bir qismi öz təsdiqini tapsa da, təqdim edilən sənədlərə əsasən ərizçinin Azərbaycana ailəsi ilə birlikdə gəldikdən sonra, öz ölkəsində təhdid olunduğunu iddia etməsinə baxmayaraq, Pakistana getmiş və yenidən oradan Azərbaycana qayıtdığı məlum olmuş, bundan əlavə, ərizəçi Azərbaycan gəlməzdən əvvəl ölkəsində köçüb yaşamaq üçün alternativ yaşayış yerlərini də aramamışdır. Bundan əlavə, onun öz ölkəsində heç bir sosial qrupa qoşulmadığı və dövlət tərəfindən təqib də olunduğu müəyyən olunmamışdır. Beləliklə, cavabdeh tərəfindən ərizəçinin qeyd etdiyi halların inandırıcılığı qiymətləndirilərkən onunsöylədiyi faktlarda əsaslı ziddiyyətli məqamlar və uyğunsuzluqlar aşkar edilmiş, ölkəsinə qayıdacağı təqdirdə onu əsaslı təqib qorxusunun tam əsaslılığı sübuta yetirilməmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən hərtərəfli araşdırma aparılmaqla, iddiaçının Pakistan Respublikasında təqibə və təsirə məruz qaldığını əsaslandıran dəlilləri həqiəqətə uyğun olduğu təkzib olunmuş, istinad etdiyi halların doğruluğuna tam aydınlıq gətirə bilmədyi, mötəbərliyi açıq şübhə doğuran və ziddiyyətli faktlar müəyyən edilmiş, başqa sözlə, ona qaçqın statusunun verilməsi ilə bağlı öz ölkəsində əsaslı təqib qorxusunun mövcudluğu sübuta yetirilməmişdir ki, bütün bunlar da ona qaçqın statusu verilməsi imkanını istisna edir. Odur ki, qeyd olunanlar baxımından, iddiaçının “Qaçqın” statusu verilməsi haqqında vəsatəti - Komissiya tərəfindən “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində "qaçqın"a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3-cü və 7-ci bəndləri əsasında onun və ailə üzvlərinin öz ölkəsində təqib qorxusuna uyğun gəldiyi əsaslandırılmış hesab olunmamış, mübahisələndirilən qərarla ona qaçqın statusu verilməsindən imtina olunmuşdur (Komissiyanın 12 saylı protokolu).” Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdehin qərarı ilə iddiaçıya qaçqın stausu verilməsindən imtina olunması qanuni və əsaslıdır. Qanuni və əsaslı imtina isə iddiaçının hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, məhkəmə, o halda inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarını pozmuş olsun. Beləliklə də, birinci instansiya məhkəməsi tərəfindən iddianın rədd olunması, işin hallarına, maddi və prosessual hüquq normalarına uyğundur. Ona görə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin, birinci instansiya məhkəməsinin qərarının əsaslandırılmadığını, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5242/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər. Göstərilənlərə əsasən və İPM-in 14, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Qəraraaldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5242/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlansın. Qərardan rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasın Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar