Məhkəmə qərarları › İş №2-1(103)-2633/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2633/2025

06.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2633/2025 06.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə qarşı “Elm və Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli, F-544 saylı, xx.xx.2023-cü il tarixli, 3-29/3-2- 509F/2023 saylı əmrlərinin, xx.xx.2024-cü il tarixli, 3-29/3-2-411F/2024 saylı əmrin və ona əlavə edilmiş 7 saylı əlavənin 23-cü bəndinin ləğv edilməsi, tədris dili xarici dil olan ümumi təhsil müəssisələrinin bütün siniflərində Azərbaycan dili fənni istisna olmaqla bütün fənlərin yalnız tədrisin aparıldığı dildə tədris edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4477/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə qarşı “tam orta məktəblərin rus bölməsinin 5-ci siniflərində, Azərbaycan tarixi fənninin rus dilində tədris edilməsi və həmin şagirdlərin rus dilində Azərbaycan tarixi dərsliyi ilə təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qərardadı ilə Bakı şəhəri Nizami rayonu 214 saylı tam orta məktəbi məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “Elm və Təhsil Nazirliyinin 3-29/3-2-411F/2024 saylı, xx.xx.2024-cü il tarixli əmrinə 7 saylı əlavənin 23-cü bəndinin ləğv edilməsi və tədris dili digər dillərdə aparılan ümumi təhsil müəssisələrinin 5-ci sinif şagirdlərinin təhsil aldıqları dildə Azərbaycan tarixi dərsliyi ilə təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”ni xahiş etmişdir. Məhkəmənin 24 yanvar 2025-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair iddiaçının ərizəsinin məhkəmə icraatına qəbul edilməsi qərara alınmışdır. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbinin “Elm və Təhsil Nazirliyinin 3-29/3-2-411F/2024 saylı, xx.xx.2024-cü il tarixli əmrinə 7 saylı əlavənin 23-cü bəndinin ləğv edilməsi, tədrisi digər (xarici) dillərdə aparılan ümumi təhsil müəssisələrinin bütün siniflərində Azərbaycan dili istisna olmaqla, bütün fənlərin tədrisin aparıldığı dildə tədris edilməsi və tədris digər (xarici) dillərdə aparılan bütün ümumitəhsil müəssisələrində təhsil alan şagirdlərin Azərbaycan dili istisna olmaqla, bütün fənlərin təhsil aldığı dildə kitablarla təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 31 yanvar 2025-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsinin məhkəmə icraatına qəbul edilməsi qərara alınmışdır. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin “Elm və Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli, F-544 saylı, xx.xx.2023-cü il tarixli, 3-29/3-2-509F/2023 saylı əmrlərinin, xx.xx.2024-cü il tarixli, 3- 29/3-2-411F/2024 saylı əmrinin və ona əlavə edilmiş 7 saylı əlavənin 23-cü bəndinin ləğv edilməsi, tədris dili xarici dil olan ümumitəhsil müəssisələrinin bütün siniflərində Azərbaycan dili fənni istisna olmaqla bütün fənlərin yalnız tədrisin aparıldığı dildə tədris edilməsi və ümumi təhsil müəssisələrinin tədris dili xarici dil olan bütün siniflərinin tədris dilində olan kitablarla təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” kimi qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qərardadı ilə iddiaçının ərizəsinin məhkəmə icraatına qəbul edilməsi qərara alınmışdır. İddiаçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, iddiaçının qızı Kərimli Minayə xx.xx.2014cü ildə Bakı şəhərində anadan olmuşdur, ana dili Azərbaycan türkcəsidir. 3 yaşından etibarən məktəbəqədər təhsilini rus dilində almışdır, 214 saylı məktəbin rus bölməsinə qəbul edilmişdir, Təhsil Nazirliyi tərəfindən təşkil edilmiş rus dili müsahibəsindən uğurla keçmişdir. Bu il 5-ci sinifə keçmişdir. Həmişə əla qiymətlər almış, 5-ci sinifə qədər əlaçı olmuşdur, “4” qiymətini nadir hallarda almışdır. Ana dilini bilsə də, heç vaxt ana dilində ədəbiyyat oxumamışdır. Bu ilin dərs ili başlayarkən ona məlum olmuşdur ki, Azərbaycan tarixi fənni 5-ci sinifin rus bölməsində Azərbaycan türkcəsində tədris olunacaqdır. İddiaçı və digər valideynlər dərhal buna etiraz edərək məktub direktoruna, onun müavinlərinə bildirmişlər ki, bu həm Konstitusiyaya, həm də “Təhsil haqqında” qanuna ziddir. İddiaçıya bildirildi ki, bu təhsil nazirinin göstərişidir. İddiaçı həmin əmrin ona verilməsini xahiş etsə də, ona belə bir əmrin olmadığı bildirildi, təhsil proqramına daxil edildiyi bildirildi. Lakin bu halı təsdiq edən heç bir sənəd verilmədi. Bu hal dövlət dilinin öyrənilməsi üçün uğurlu qayda deyildir. Əgər ana dili Azərbaycan türkcəsi olan şagirdlər bu fənni lazımınca öyrənə yə ya mənimsəyə bilmirsə, ana dili rus dili olan şagirdlər üçün daha çətin olacaqdır. Həmişə “5” alan iddiaçının qızı Azərbaycan tarixi fənnindən “4” almağa belə çətinlik çəkir. Rus və Azərbaycan türkcəsində dövlət yer, toponim adlar, termilər tamamilə fərqlidir. Belə çıxır ki, həmişə əla qiymətlər alan şagirdlər Azərbaycan tarixi fənnindən “2”, “3”, ən yaxşı halda “4” ala biləcəklər. Şagirdlərlə bərabər valideynlər də əziyyət çəkirlər. Mövzular tamamilə fərqlidir. İddiaçının qızı mənəvi və psixoloji əziyyət çəkir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, qanunuvericiliyin tələbinə uyğun olaraq, Elm və Təhsil Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3-29/3-2-411F/ 2024 saylı əmri ilə “Ümumi təhsil müəssisələrinin 2024-2025-ci il tədris ili üçün tədris planları təsdiq edilmişdir. “Tədris planlarına dair Qeyd”lərin 23-cü bəndində qeyd edilir ki, tədris dilindən asılı olmayaraq, ümumi təhsil müəssisələrinin bütün 5-ci siniflərində “Azərbaycan tarixi” fənni dövlət dilində -Azərbaycan dilində tədris olunur. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən, ümumitəhsil müəssisələrinin tədris planları ümumi təhsil proqramının tərkib hissəsi hesab edilir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan dilinin milli dövlətçiliyin başlıca rəmzlərindən biri kimi istifadəsi və tətbiqi imkanlarının genişləndirilməsi, digər dillərdə təhsil alanların dövlət dili kimi Azərbaycan dilinə, Azərbaycanın tarixinə, milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə olunmasını təmin etmək məqsədilə Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, 2022-2023-cü tədris ilində pilot qaydada 20 ümumi təhsil müəssisəsinin tədris digər dillərdə aparılan bölmələrinin V siniflərindən başlayaraq Azərbaycan tarixi fənni Azərbaycan dilində tədris olunub. Təhsil İnstitutu tərəfindən layihənin tətbiqi ilə bağlı təhsil müəssisələrinə müvafiq metodiki köməklik göstərilib. 2022-2023-cü tədris ilinin sonunda layihənin tətbiqinin nəticələri qeyd olunan qurum tərəfindən öyrənilib və 2023-2024-cü tədris ilində tədris digər dillərdə aparılan V siniflərdə Azərbaycan tarixi fənninin pilot qaydada dövlət dilində tədris edilən məktəblərin sayının ölkə üzrə 100-ə çatdırılması, 20 məktəbin V siniflərində başlanmış layihənin Vİ siniflərdə də davam etdirilməsi tövsiyə olunub və pilot layihə davam etdirilib. Layihənin nəticələri tədris ilinin sonunda təhlil edilərək azərbaycanlı ailələrindən olan şagirdlərin fənni Azərbaycan dilində mənimsəməsinin yaxşı olduğu, rus ailələrindən olan şagirdlərin (onların sayı hər sinifdə 2- 3 nəfərdir) fənni Azərbaycan dilində öyrənməkdə müəyyən çətinlik çəkdikləri, həmçinin dərsliyin mövzularının yenidən işlənməsinə, sadələşdirilməsinə ehtiyac olduğu vurğulanıb. Ümumilikdə fənnin tədrisində müəyyən çətinliklər (azlıq təşkil edir) olmasına baxmayaraq, layihənin nəticələri əsasən müsbət qiymətləndirilib. Təhlilin nəticələrində göstərilən qeydlər nəzərə alınmaqla sözügedən fənn üzrə yeni 5-ci siniflər üzrə “Azərbaycan tarixi” dərsliyi hazırlanıb və şagird sayının 105%-i həcmində çap olunaraq bütün dövlət ümumi təhsil müəssisələrinə təqdim edilib. Elm və Təhsil Nazirliyinin 14 iyun 2024-cü il tarixli əmrinə əsasən, cari tədris ilində tədris digər dillərdə aparılan V siniflərdə Azərbaycan tarixi fənni dövlət dilində - Azərbaycan dilində tədris olunmağa başlanılıb. Yuxarıda qeyd edilənlərin həyata keçirilməsində müxtəlif fənlərin fərqli dillərdə tədrisinə dair bir sıra ölkələrdə mövcud olan mütərəqqi təcrübə də nəzərə alınıb. Mütəxəssislər tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində ədəbiyyat fənni üzrə dərsliklərdə Azərbaycan ədəbiyyatı nümunələrinin də orijinalın dilində - dövlət dilində keçirilməsini təklif edir. Məsələ müzakirə mərhələsindədir. Qeyd edilməlidir ki, qəbul edilmiş qərarı inzibati orqanın diskresion səlahiyyətinə aid olmaqla, qanunvericiliklə müəyyən olunmuş hüdudlar daxilində qəbul edilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddianın rədd edilmə barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4477/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçının hazırda mübahisələndirdiyi inzibati aktlar cavabdeh tərəfindən qanunvericiliklə müəyyən olunmuş səlahiyyətlərin həyata keçirilməsi ilə bağlı qəbul edilmişdir. Hal-hazırda cavabdehin mübahisələndirilən əmrləri (o cümlədən icra edilmiş əmrləri) əlverişsiz, yəni qanunvericiliklə nəzərdə tutulmuş hüquqdan (təhsil hüququ, ana dilindən istifadə etmək hüququ) şəxsi məhrum edən və ya şəxsin hüquqlarını məhdudlaşdıran və ya üzərinə müəyyən vəzifələr qoyan inzibati akt deyildir. Bundan başqa əmrlərin inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt olması da müəyyən edilmir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq da qeyd edilmişdir ki, 1-ci instansiya məhkəməsinin qərarı qanunsuz və əsassız, qeyri-obyektiv və qərəzlidir. Qərar qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur, tərəflərin verdiyi izahatlar təhrif edilmişdir. Məhkəmənin cavabdehin etirazına münasibəti təəccüblüdür. Belə ki, qərarın 3-cü bəndində məhkəmə qeyd edir ki, Qərarlar qanunvericiliyin tələbinə uyğun olaraq verilmişdir, lakin heç bir qanunun adın çəkmir. cavabdehin etiraz ərizəsində heç bir hüquq normasına istinad edilməmişdir. Həmçinin cavabdehin qərarı təhsil haqqında qanuna ziddir. Eyni zamanda qanunsuz qərarların konstitusiyaya uyğunluğu barədə Konstitusiya məhkəməsinə sorğu verilməsinə dair vəsatəti də təmin edilməmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, mübahisələndirilən əmrlər hər biri müvafiq tədris illərinə aid olmaqla pilot layihə çərçivəsində qəbul edilmiş əmrlərdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş 3-cü şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etm\miş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. İlk öncə Məhkəmə kollegiyası qeyd edir ki, inzibati mühakimə icraatı qaydasında baxılan hər hansı bir iddia hüquqi cəhətdən yoxlanılmalı və iddianın mümkünlüyü və əsaslılığı məsələləri aydınlaşdırılmalıdır. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hazırki iddiası mübahisələndirmə haqqında iddiadır. Belə ki, hazırki iddia ilə iddiaçı Elm və Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli, F-544 saylı, xx.xx.2023-cü il tarixli, 3-29/3-2-509F/2023 saylı əmrlərinin, xx.xx.2024cü il tarixli, 3-29/3-2-411F/2024 saylı əmrinin və ona əlavə edilmiş 7 saylı əlavənin 23-cü bəndinin ləğv edilməsini, həmçinin bu tələblə bağlı olaraq tədris dili xarici dil olan ümumitəhsil müəssisələrinin bütün siniflərində Azərbaycan dili fənni istisna olmaqla bütün fənlərin yalnız tədrisin aparıldığı dildə tədris edilməsi və ümumi təhsil müəssisələrinin tədris dili xarici dil olan bütün siniflərinin tədris dilində olan kitablarla təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. İddiaçının hazırki tələbi orta ümumtəhsil məktəbinin 5-ci sinifində təhsil alan övladının təhsil aldığı dillə bağlıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı azyaşlı övladının təhsil aldığı dillə bağlı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmuş olsa belə iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, iddiaçı Elm və Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli, F-544 saylı, xx.xx.2023-cü il tarixli, 3-29/3-2-509F/2023 saylı əmrlərinin mübahisələndirilməsi ilə bağlı prosessual qanunvericilikdə qeyd edilən müddətə riayət etməmişdir. Qeyd edilən əmrlər xx.xx.2024-cü il tarixdə məhkəmədə iddia qaldırmaqla mübahisələndirilmiş, 30 günlük hətta İnzibati icraat haqqında Qanunun 73.1-ci maddəsinə istinad edilsə 6 aylıq müddəti ötürülmüşdür. İddiaçının tələbinin Elm və Təhsil Nazirliyinin 3-29/3-2-411F/2024 saylı əmrinin və ona əlavə edilmiş 7 saylı əlavənin 23-cü bəndinin ləğv edilməsi hissəsinə münasibətdə qeyd edilməlidir ki, tələbin bu hissəsi də mümkünsüz hesab edilməldir. Belə ki, iş üzrə aparılmış məhkəmə araşdırmalarından, tərəflərin məhkəmə iclasında verdikləri izahatlardan müəyyən olunur ki, sözügedən əmr və ona əlavə 2024-2025-ci tədris ilini əhatə etməklə “pilot” layihə çərçivəsində V sinifdə Azərbaycan tarixi fənninin dövlət dilində tədris edilməsi ilə bağlı olmuşdur. Göründüyü kimi, qeyd edilən əmr sadəcə müvafiq tədris ilini əhatə etməklə tədris planından ibarətdir ki, hazırda da qeyd edilən əmrin qüvvədə olma müddəti bitmişdir.Yəni mübahisələndirilən inzibati aktın hüquqi qüvvəsi tükənmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, aktın mübahisələndirilməsi üçün əsas həmin “mübahisə predmetinin” mövcud olmasıdır. Mübahisələndirmə haqqında iddianın predmeti qismində inzibati akt çıxış edir. İnzibati mübahisələrin həlli zamanı məhkəmənin funksiyası mövcud hüquqi münasibətlərin qiymətləndirilməsi və onların qanunauyğunluğunun təmin olunmasından ibarətdir. Hüquqi doktrinada qəbul edilmişdir ki, “mübahisə predmeti” yalnız hələ də qüvvədə olan və hüquqi nəticələr doğuran inzibati akt və ya hərəkətlər ola bilər. Mübahisələndirilən inzibati akt 2024-2025-ci il tədris illərini əhatə etdiyindən hüquqi qüvvəsini itirmişdir. Bu hal tərəflər arasında mövcud hüquqi ziddiyyətin faktiki və hüquqi əsasını aradan qaldırır, mübahisənin aktuallığını itirir və müdafiə ehtiyacını aradan aparır. Prosessual hüququn əsas prinsiplərindən biri “ictimai marağın və məhkəmə müdafiəsinin məqsədyönlülüyü”dür. Mövcud olmayan inzibati akt üzərində mübahisənin davam etdirilməsi nə hüquq pozuntusunu aradan qaldırır, nə də hüquqi müəyyənlik prinsipinə xidmət edir. Əksinə, bu hal məhkəmə resurslarının əsassız istifadəsinə gətirib çıxarar və tərəflərin prosessual bərabərliyinə zidd olar. Bu səbəbdən, mübahisə predmeti artıq mövcud olmadığından və iş üzrə qərar qəbul edilməsi real hüquqi nəticə doğurmayacağından iddia mümkünsüz hesab olunmalıdır. İddia tələbinin digər hissələrinə -“tədris dili xarici dil olan ümumitəhsil müəssisələrinin bütün siniflərində Azərbaycan dili fənni istisna olmaqla bütün fənlərin yalnız tədrisin aparıldığı dildə tədris edilməsi və ümumi təhsil müəssisələrinin tədris dili xarici dil olan bütün siniflərinin tədris dilində olan kitablarla təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsinə münasibətdə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bu tələbləri də məhz ən azından tələbin 1-ci hissəsi ilə bağlı olduğundan mümkün sayılmamalıdır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Beləliklə, Məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri nəzərə alaraq nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin olunaraq,Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4477/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4477/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar