Məhkəmə qərarları › İş №2-1(103)-2634/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2634/2025

14.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2634/2025 14.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Binəqədi qəsəbə Bələdiyyəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Bağırlı Mərziyyə Tofiq qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1995/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin mübahisələndirilməyən halları

1. xx.xx.2004-cü il tarixli, 1450 nömrəli qərara əsasən iddiaçıya Binəqədi Rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi Qəsəbə ərazisindən istifadəsində olan 35000 kv.metr torpaq sahəsini sahibkarlıq fəaliyyəti ilə bağlı iddiaçının alqı-satqı yolu ilə mülkiyyətinə ayrılması qərara alınmışdır. İddiaçı ilə cavabdeh arasında torpaqların alqı-satqısına dair akt tərtib edilmişdir.

2. xx.xx.2024-cü il tarixli, 08 saylı qərarla iddiaçının cəmi olaraq 18219 manat məbləğində Binəqədi qəsəbə bələdiyyəsinin büdcəsinə torpaq vergi borcunun ödənilməsinə məcbur edilməsi qərara alınmışdır.

3. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarla Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 08 saylı qərar əsasında icraata başlanmışdır.

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh Binəqədi qəsəbə Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2024-cü il tarixli, 08 nömrəli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.

5. İddiaçı bildirir ki, cavabdehin 30 noyabr 2004-cü il tarixli, 86 nömrəli iclas qərarı ilə iddiaçıya sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün həmin bələdiyyənin inzibati ərazisinin hüdudları daxilində istifadəyə yararsız ərizədən 35000 kv.metr torpaq sahəsi ayrılaraq satılmışdır. Torpağın dəyəri olan 140.000000 manat məbləğində pul vəsaiti noyabr 2005-ci il tarixli ödəniş qəbzi ilə cavabdehə ödənilmişdir.Cavabdeh Binəqədi qəsəbə bələdiyyəsinin sədrinin səlahiyyətlərini müvəqqəti icra edən Rəşad İsayev tərəfindən iddiaçı barəsində “Torpaq vergi borcunun ödənilməsi tələbinə dair” 01 iyul 2024-cü il tarixli qərar qəbul edilmişdir. İddiaçı qərarın mövcudluğundan Binəqədi rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Bəxtiyar İsmayılov tərəfindən həmin şöbəyə dəvət edildikdə, yəni 09 iyul 2024-cü il tarixdə xəbər tutmuşdur. Rəşad İsayevin imzası ilə olan sözügedən qərarın mətnindən isə belə məlum olur ki, həmin qərar Binəqədi qəsəbə bələdiyyəsinin iclas qərarı deyildir, hətta iclas qərarının icrasının təmin edilməsi məqsədi ilə bələdiyyə sədrinin səlahiyyətlərini icra edən şəxs (hazırkı halda Rəşad İsayev) tərəfindən verilmiş qərar da deyildir. Çünki, həmin qərardan Binəqədi qəsəbə bələdiyyəsinin hansı tarixli-nömrəli iclas qərarının icrası məqsədi ilə Rəşad İsayevin bu qərarı verdiyi məlum deyildir. 35000 kv.m torpaq sahəsi Binəqədi qəsəbə bələdiyyəsinin qərarı ilə iddiaçıya ayrılıb satılmış olsa da, iddiaçı indiyədək həmin qərarı bələdiyyədən ala bilməyib. Nə də Binəqədi qəsəbə bələdiyyəsi bu torpağın satılmasına dair iclas qərarının və alqı-satqı müqaviləsinin (aktının) indiyədək Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Elektron Kadastrı və Reyestri İnformasiya sisteminə yerləşdirilməsini təmin etməmişdir. Odur ki, həmin İnformasiya sistemində sözügedən 35000 kv.m torpaq sahəsinin iddiaçıya mənsubiyyəti barədə heç bir məlumat aşkar edilmir. Elə bu səbəbdən də mən sözügedən torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən rəsmi sənədi, reyestr çıxarışını 20 ildir ki, ala bilmir. 15 may 2024-cü il tarixdə isə “ASAN Xidmət” Mərkəzində Daşınmaz Əmlakın Dövlət reyestri xidmətinə etdiyi müraciətlərə cavab olaraq mənə bildirib ki, həmin torpaq sahəsinin iddiaçıya ayrılıb satılması barədə dşınmaz əmlakın elektron kadastrı və reyestri informasiya sisteminə heç bir məlumat yoxdur. Dəfələrlə Binəqədi qəsəbə bələdiyyəsinin rəhbərliyinə müraciət edərək qanunsuzluğun aradan qaldırılmasını xahiş etmişdir. Həmin torpaq iddiaçıya ayrılana qədər həmin torpaq sahəsində Laçın rayonundan olan 2 məcburi köçkün ailəsi məskunlaşmışdır. Onlar orada özlərinə təsərrüfat qurmuş, xeyli sayda malqara saxlamış, orada ev və yardımçı tikililər tikmişlər. Bu ailələr hazırda da həmin 35000 kv.m torpaq sahəsidə məskunlaşmaqda və ondan istifadə etməkdə davam edirlər. Bu fakt Binəqədi qəsəbə bələdiyyəsinə yaxşı məlumdur və bələdiyyənin rəhbərliyi bilir ki, həmin torpaq sahəsi məcburi köçkünlərin istifadəsində olduğuna görə iddiaçı bu torpaq sahəsindən 2004-cü ildən indiyədək 1 gün də olsun ki, istifadə etməyib. Odur ki, 2004-cü ildən indiyədək 20 il ərzində iddiaçıdan heç vaxt torpaq vergisi ödəməyim tələb edilməmişdir.

6. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçıya Binəqədi qəsəbə Bələdiyyəsinin 1450 nömrəli, xx.xx.2004-cü il tarixli Qərarı və sahibkarlıq fəaliyyəti məqsədi ilə torpaq sahəsinin ayrılmasına əsas olan eskiz-sxemi, alqı-satqı aktı, AİT 675819 nömrəli maliyyə qəbzi ilə ona ayrılmış 35000 kv.metr (3,5ha) torpaq sahəsində fəaliyyət göstərəcəyi və Binəqədi qəsəbə Bələdiyyəsinə torpaq sahəsinə görə vergi verəcəyi öhdəliyi olduğu ona bildirilmiş, əks halda ayrılmış torpaq sahəsi Binəqədi qəsəbə Bələdiyyəsinə geri təhvil verilməlidir. Keçən müddət ərzində qeyd olunan ərazidə heyvandarlıq və digər fəaliyyət növləri ilə məşğul olan borclu İddiaçı xəbərdarlıqlar edilsə də o, torpaq vergi borcunun ödənilməsindən bilərəkdən yayınmışdır.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1995/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, cavabdeh Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 08 nömrəli qərarı onun qəbul edildiyi vaxtdan 03 il əvvəlki dövrə aid İddiaçı hesablanmış vergi borcu istisna olmaqla, qalan hissədə ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi barədə qərar qəbul edilmişdir.

8. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

b) Apellyasiya şikayətinin dəlilləri

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözügedən 35000 kv.m torpaq sahəsi Binəqədi qəsəbə bələdiyyəsinin 30 noyabr 2004-cü il tarixli 86 nömrəli iclas qərarı ilə mənə ayrılıb satılmış olsa da, indiyədək həmin qərarı bələdiyyədən ala bilməmişdir. Nə də Binəqədi qəsəbə bələdiyyəsi bu torpağın iddiaçıya ayrılıb satılmasına dair iclas qərarının və alqı-satqı müqaviləsinin (aktının) indiyədək Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Elektron Kadastrı və Reyestri İnformasiya sisteminə yerləşdirilməsini təmin etməmişdir. Odur ki, həmin İnformasiya sistemində sözügedən 35.000 kv.m torpaq sahəsinin ona mənsubiyyəti barədə heç bir məlumat aşkar edilmir. Elə bu səbəbdən də iddiaçı sözügedən torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən rəsmi sənədi-reyestr çıxarışını 20 ildir ki, ala bilmir. Həmin səbəbdən həm də vergi ödəyicisi kimi Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 203-cü maddəsinə uyğun qaydada uçota dura bilməmişdir. Son 5 ildə 2 dəfə cəhd etmişdir ki, həmin torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən reyestr Çıxarışını əldə etsin. 22 oktyabr 2019-cu il tarixdə Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanına, 15 may 2024-cü il tarixdə isə “ASAN Xidmət” Mərkəzində Daşınmaz Əmlakın Dövlət reyestri xidmətinə etdiyi müraciətlərə cavab olaraq bildirilmişdir ki, sözügedən 35.000 kv.m. torpaq sahəsinin ona ayrılmışdır. Lakin, Binəqədi qəsəbə bələdiyyəsi tərəfindən 30 noyabr 2004-cü il tarixli qərarla mənə ayrılıb satılmış torpaq sahəsinə dair sənədlər Daşınmaz Əmlakın Elektron Kadastrı və Reyestri İnformasiya sisteminə yerləşdirilmədiyindən iddiaçı bu əsaslardan heç biri ilə, o cümlədən də alqı-satqı əsası ilə həmin torpaq sahəsinin mülkiyyətçisi hesab edilmir və buna görə də ondan heç bir vergi, o cümlədən də torpaq vergisi tələb edilə bilməz.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatları

11. Məhkəmədə iddiaçı iddia ərizəsinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanmasını məhkəmədən xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

12. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun:

2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 56.1. Kollegial inzibati orqanın iclası haqqında aşağıdakı məlumatları özündə əks etdirən protokol tərtib olunur: 56.1.1. kollegial inzibati orqanın adı barədə; 56.1.2. iclasın keçirildiyi vaxt və yer barədə; 56.1.3. iclasın sədri və üzvləri haqqında; 56.1.4. müzakirənin predmeti barədə; 56.1.5. qəbul edilmiş qərar barədə. 56.2. İclasın protokolu iclasın sədri və katibi tərəfindən imzalanır.

13. “Bələdiyyələtin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun: 8-1-ci maddəsinin tələblərinə əsasən yerli ödənişlər – «Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən bələdiyyələr tərəfindən müəyyənləşdirilən, habelə yerli rəy sorğularının nəticələri əsasında həyata keçirilən məqsədli layihələrin maliyyələşdirilməsi üçün hüquqi və fiziki şəxslərin ödədikləri könüllü birdəfəlik ödənişlərdir. Həmin Qanunun 16-cı maddəsinə əsasən Bələdiyyənin bütün iclasları protokollaşdırılır. Protokol iclasın sədri və katibi tərəfindən imzalanır və bələdiyyənin möhürü ilə təsdiqlənir. İclasın protokolunda onun nömrəsi (hər ilin əvvəlində nömrələr yenilənməlidir), iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsi göstərilməlidir. Protokol təsdiqlənənədək bələdiyyə üzvünün onun mətni ilə tanış olmaq və öz yazılı qeydlərini bildirmək hüququ vardır. Bələdiyyənin iclas protokolu müvafiq kitabda qeydiyyata alınır, həmin kitab üzrə verilən nömrə protokolun nömrəsi hesab olunur. Həmin Qanunun 43.3-cü maddəsinə əsasən yerli vergilər və ödənişlər ilə bağlı qərarlar bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə qəbul edilir

14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

15. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

16. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.1-ci maddələrinə əsasən)

18. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir.

19. Göründüyü kimi hazırki mübahisə üzrə iddiaçının tələbi Binəqədi qəsəbə bələdiyyəsi tərəfindən qəbul edilmiş “Torpaq vergi borcunun ödənilməsi tələbinə dair” 01 iyul 2024-cü il tarixli qərarın ləğv edilməsinə yönəlmişdir.

20. İşin apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Kənd Təsərrüfatı yanında Dövlət Baytarlıq Xidmətinin Bakı şəhəri Baytarlıq İdarəsi tərəfindən 26 may 2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Həsənov X3 Kənd Təsərrüfatı sistemindən qeydiyyatdan keçmədiyi üçün iri və ya xırdabuynuzlu heyvandarlıq təsərrüfatı ilə məşğul olması barədə Bakı şəhər heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarəsində heç bir məlumat yoxdur.

21. Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən 17 iyun 2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, iddiaçı Həsənov X4 qəsəbə Bələdiyyəsinin 1450 nömrəli, xx.xx.2004-cü il tarixli Qərarı və sahibkarlıq fəaliyyəti məqsədi ilə torpaq sahəsinin ayrılmasına əsas olan eskiz-sxemi, alqı-satqı aktı, AİT 675819 nömrəli maliyyə qəbzi ilə ona ayrılmış 35000 kv.metr (3,5 ha) torpaq sahəsində fəaliyyət göstərəcəyi və Binəqədi qəsəbə Bələdiyyəsinə torpaq sahəsinə görə vergi verəcəyi öhdəliyi olduğu ona bildirilmiş, əks halda ayrılmış torpaq sahəsi Binəqədi qəsəbə Bələdiyyəsinə geri təhvil verilməlidir. Keçən müddət ərzində qeyd olunan ərazidə heyvandarlıq və digər fəaliyyət növləri ilə məşğul olan borclu İddiaçı xəbərdarlıqlar edilsə də o, torpaq vergi borcunun ödənilməsindən bilərəkdən yayınmışdır.

22. Bakı Apellyasiya Məhkəməsi tərəfindən Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinə mübahisə predmeti olan qərarla bağlı tərtib edilmiş protokolun surətinin məhkəməyə təqdim edilməsi barədə 25 iyun 2025-ci il tarixli sorğuya cavabdehin nümayəndəsi şifahi formada bildirmişdir ki, qeyd olunan qərarın qəbul edilməsi ilə bağlı hər hansı bir icraat aparılmamışdır.

23. Kollegiya qeyd edir ki, hazırki iş üzrə cavabdeh orqan 01 iyul 2024-cü il tarixli inzibati aktı (qərarı) qəbul edərkən “İnzibati icraat haqqında” Qanunun 56-cı maddəsinin və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasinin Qanunun 16-cı və 43.3-cü maddələrinin tələblərinə əməl etməyərək, qərarı kollegial qaydada qəbul edilməmiş və kollegial inzibati orqanın iclası haqqında protokolu və həmin protokolda iclasın sədri və üzvləri haqqında məlumatın əks olunması və iclas protokolu iclasın katibi tərəfindən imzalandığına dair sübut məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, cavabdeh yazılı formada təsbit olunmuş inzibati aktı yazılı şəkildə əsaslandırılmamış, əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutları göstərməmişdir. Nəzərə almaq lazımdır ki, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

24. Qanunvericinin bu yanaşmasının məqsədi hüquqi dövlətdə qanuni qərar qəbul etməyə borclu olan inzibati orqan tərəfindən inzibati icraat üzrə yalnız hərtərəfli və obyektiv, düzgün qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparıldıqdan sonra, onun tərəfindən əsaslandırılmış qərarın qəbul olunmasını və bunun üzərindən qanunçuluq prinsipini, xüsusilə də mübahisə yarandığı təqdirdə məhkəmə tərəfindən həmin qərarın qanunauyğunluğunun inzibati icraat materialları əsasında səmərəli şəkildə yoxlanılmasını təmin etməkdən ibarətdir. Digər tərəfdən, həmin tələblərə və prosedurlara uyğun aparılmış icraat üzrə materiallar və həmin materiallar üzrə inzibati orqanın qəbul etdiyi əsaslandırılmış qərar, maraqlı şəxsin narazı qaldığı təqdirdə həmin qərarın mübahisələndirilməsi imkanlarının qiymətləndirilməsi və onun səmərəli hüquqi müdafiə imkanları ilə təchiz olunması məqsədlərinə xidmət edir.

25. Belə ki, “Bələdiyyələrin statusu haqqında” Qanunun 16-cı maddəsinin 6-cı bəndində göstərilmişdir ki, bələdiyyənin bütün iclasları protokollaşdırılır. Protokol iclasın sədri və katibi tərəfindən imzalanır və bələdiyyənin möhürü ilə təsdiqlənir. İclasın protokolunda onun nömrəsi (hər ilin əvvəlində nömrələr yenilənməlidir), iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsi göstərilməlidir. Protokol təsdiqlənənədək bələdiyyə üzvünün onun mətni ilə tanış olmaq və öz yazılı qeydlərini bildirmək hüququ vardır. Bələdiyyənin iclas protokolu müvafiq kitabda qeydiyyata alınır, həmin kitab üzrə verilən nömrə protokolun nömrəsi hesab olunur.

26. Belə olan halda kollegiya hesab edir ki, cavabdeh inzibati orqan iddiaçıdan torpaq vergisinin tutulması haqqında qərar qəbul etsə də, həmin qərar “İnzibati icraat haqqında” Qanunun tələblərini pozulmaqla qəbul edilmişdir.

27. Nəzərə alınmalıdır ki, qeyd olunan mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(102)-612/2022 saylı və məhkəmə təcrübəsi formalaşdıran xx.xx.2023-cü il tarixli 2-1(102)-1451/2023 saylı qərarlarında öz əksini tapmışdır.

28. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tələbində haqlıdır. Belə ki, iddiaçıdan 35000 kv.metr torpaq sahəsindən istifadəyə görə torpaq vergisinin tutulmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir.

29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur.

30. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, yuxarda qeyd olunan əsaslar birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsaslıdır. Hesab olunur ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlar hərtərəfli araşdırlmamış, onlara düzgün hüquqi qiymət verilməmiş, əsassız olaraq iddia qismən təmin edilmişdir.

31. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

32. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1995/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ləğv olunmalı, iddia təmin olunmalıdır.

33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1995/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ləğv olunsun. İddia təmin edilsin. Bakı şəhəri Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 08 nömrəli qərarı ləğv edilsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar