Məhkəmə qərarları › İş №2-1(103)-2635/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2635/2023

20.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2635/2023 20.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1057/2023 nömrəli 30 mart 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun “Nadiroğlu” kiçik müəssisəsində işlədiyi və universitetdə təhsil aldığı müddətlərin yenidən hesablanaraq əmək stajına əlavə edilməsinin təmin edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən ona yəni, İddiaçı 52 yaşının tamam olduğu xx.xx.2020-ci tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Nəriman Abıyev) 2-1(112)-1057/2023 nömrəli 30 mart 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 52 yaşdan, yəni xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və pensiya hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1057/2023 nömrəli 30 mart 2023-cü il tarixli qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı 03 mart 2022-ci il tarixdə cavabdeh DSMF-nin Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin Filial tərəfindən 06 aprel 2022-ci il tarixli **********6 nömrəli məktubda təqdim edilmiş sənədlərə əsasən ümumi iş stajının 20 ildən az təşkil etməsi səbəbindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasının mümkün hesab edilmədiyi bildirilmişdir. Hüquqi şəxsin dövlət qeydiyyatına alınması hələ onun fəaliyyət göstərməsi demək deyil. Hüquqi şəxsin fəaliyyət göstərməsi üçün dövlət vergi orqanları tərəfindən vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilməlidir. İş materiallarına əsasən, İddiaçı məxsus 24 avqust 1993-cü il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək “Nadiroğlu” kiçik müəssisəsində işləməsinə dair qeyd mövcuddur. Sözügedən müəssisədə işlədiyi dövrün dəqiqləşdirilməsi məqsədilə Nazirliyin “X1 Sistemi”nin “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırılma aparılaraq həmin müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlərin əmək pensiyası təyin edilərkən sığorta stajına daxil edilməsi nəzərdə tutulmadığından (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) qeyd olunan dövrlər ümumi sosial sığorta stajına daxil edilməmişdir. Digər tərəfdən işin hallarını tam və dəqiq araşdırmaq və İddiaçı işlədiyini iddia etdiyi müəssisənin mövcudluğunu, iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək sözügedən müəssisədə işləməsi faktını dəqiqləşdirmək üçün müvafiq qurumlara – «Nadiroğlu» kiçik müəssisəsində işə qəbul və işdən azad edilmə əmrləri, məzuniyyətə çıxma və məzuniyyətdən qayıtma əmrləri, əməkhaqqı cədvəlləri və digər zəruri məlumatların təqdim edilməsi ilə bağlı Milli Arxiv İdarəsinə, müəssisənin hansı dövrdə fəaliyyət göstərməsi, vergi uçotunda olması barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müvafiq sorğular ünvanlanmışdır. İş materiallarına əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən təqdim edilmiş 02 iyun 2021-ci il tarixli **********878400 nömrəli məktubda “Nadiroğlu” kiçik müəssisəsi adlı kommersiya qurumunun aşkar edilmədiyi qeyd edilmişdir. Digər tərəfdən iddiaçıya məxsus əmək kitabçasında xx.xx.1992-ci il tarixdə “Nadiroğlu” kiçik müəssisəsində sazlayıcı fəhlə vəzifəsinə qəbul olunması barədə qeyd olsa da, həmin müəssisədə işdən azad olunmasına dair hər hansı bir qeyd mövcud olmamış, yalnız tarixlər qeyd edilmişdir. Həmin müəssidə işləməsinə dair hər hansı əmr aşkar edilməmişdir. Bu səbəbdən həmin dövrləri ümumi sosial sığorta stajına daxil etmək mümkün olmadığından ümumi iş stajı 20 ildən az təşkil etmiş və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmamışdır. Lakin birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Nəticə etibarilə həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirmədən əsassız olaraq iddianı təmin etmişdir. Bakı İnzibati Məhkəməsinin 30 mart 2023-cü il tarixli 2-1(112)-1057/2023 nömrəli qərarı faktiki cəhətdən əsassız, hüquqi baxımdan qanunsuz olduğundan ləğv edilməli və İddiaçı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası təmin olunmamalıdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AA seriyalı, ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1968-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan NZ seriyalı, ******* №-li hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1987-cı ildən xx.xx.1989-cu ilədək həqiqi hərbi xidmətdə olmuşdur. İş materiallarında olan FV-1 seriyalı 090345 nömrəli diplomun surətindən görünr ki, İddiaçı 1985-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olmuş və 1992-ci ildə həmin İnstitutda Hidromeliorasiya işlərinin mexanikləşdirilməsi ixtisası üzrə tam kursu bitirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Memarlıq və İnşaat Universitetinin xx.xx.1992-ci il tarixli, “203u/p” saylı əmrindən xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, məzun İddiaçı xx.xx.1985-ci il, 285u/p saylı əmrlə Azərbaycan Mühəndis İnşaat İnstitutunun “Hidromeliorasiya” fakültəsinin əyani şöbəsinə qəbul olmuşdur (qr.345a1). xx.xx.1987-ci il, 251u/p saylı əmrlə həqiqi hərbi xidmətə getmiş, xx.xx.1989-cu il, 226u/p saylı əmrlə həqiqi hərbi xidmətdən sonra Azərbaycan Mühəndis İnşaat İnstitutunun “Hidromeliorasiya” fakültəsinin əyani şöbəsinə bərpa olmuşdur (qr.347a1). xx.xx.1992-ci il, 203u/p saylı əmrlə “Hidromeliorasiya” fakültəsinin əyani şöbəsinin “Hidromeliorasiya işlərinin mexanikləşdirilməsi” ixtisası üzrə tam kursu bitirmiş və Dövlət İmtahan Komissiyasının qərarına əsasən ona “mühəndismexanik” ixtisası verilmişdir. Diplom: FV-İ № 090345, qeydiyyat № 678. Qeyd: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 aprel 2000-ci il tarixli 693 saylı qərarına əsasən Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun adı dəyişdirilib, Azərbaycan Memarlıq və İnşaat Universiteti olub. İş materiallarında olan Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış 06 aprel 2022-ci il tarixli **********8 №li imtina məktubunda qeyd olunur: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşiarın pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “a" bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alman iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Mərkəzi Filiala təqdim etdiyiniz 24 avqust 1993-cü il tarixli İT-İ ******* nömrəli əmək kitabçanızda Sizin xx.xx.1992-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində “Nadiroğlu” kiçik müəssisəsində işlədiyiniz qeyd olunmuşdur. Adıçəkilən müəssisədə işlədiyiniz dövrün dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırılma aparılaraq həmin müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən sığorta stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Qanunun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd olunan dövrü Sizin ümumi stajınıza daxil etmək mümkün deyil. Bu səbəbdən də həmin dövrü ümumi iş stajınıza daxil etmək mümkün olmadığından Sizin ümumi iş stajınız 20 ildən az (19 il 11 ay 14 gün (xx.xx.1985-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1994-cü il və xx.xx.1994-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İB “28 May Neft və Qazçıxarma İdarəsi”nin xx.xx.2022-ci il tarixli, 01-01ink/28 saylı “İş stajı haqqında arayışı”nda qeyd olunmuşdur ki, “28 May” NQÇİ-nin arxivində saxlanılan sənədlərə əsasən xx.xx.1968-ci il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1994-cü ildən xx.xx.2002-cı ilədək (əmr № 89/k.) 8 №-li X11 5-ci dərəcəli Neft qaz çıxarma operatoru peşəsinə işə qəbul edilmişdir (əmr №306/k, xx.xx.1994-cü il). xx.xx.2002-ci ildə (əmr № 89/k, xx.xx.2002-ci il) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən başqa işəgötürənlə əmək müqaviləsinin bağlanması ilə əlaqədar bağlanmış əmək müqaviləsi ləğv edilmiş və işdən azad olunmuşdur. İş materiallarında olan SOCAR “Azneft” İstehsalat Birliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsinin 8 №-li X10 xx.xx.1994-cü il tarixdən xx.xx.2002-ci il tarixədək 5-ci dərəcəli Neft qaz çıxarma operatoru peşəsində işləmişdir. İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.2002-ci il tarixədək (07 il 09 ay 04 gün) işlədiyi Neft qaz çıxarma operatoru peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq etdiyi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nın 10cu “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin 10.2-ci “Neft-qaz və qaz kondensatının hasilatı” yarımbölməsində (a) “Fəhlələr” bəndində 11000000a - 15824 kodu ilə qeyd edilmiş “neft və qaz hasilatı üzrə operator” peşəsi ilə eynilik təşkil edir. İş materiallarında olan Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********9 №-li məktubda göstərilmişdir ki, vətəndaş İddiaçı 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 16200,39 manat, 2006-cı ildən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan 387315,76 manat olmaqla cəmi pensiya kapitalı 403516,15 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Bununla əlaqədar olaraq İddiaçı 1 yanvar 2006-cı il tarixinədək olan 19 il 11 ay 3 gün iş stajı pensiya kapitalına çevrilməklə hesablanmış və Azərbaycan Respublikası Prezidentinin müvafiq illər üzrə sərəncamlarına əsasən indeksləşdirilərək 16200,39 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsin həmin tarixdən sonrakı işlədiyi dövr üzrə fərdi hesabında 387315,76 manat pensiya kapitalı qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli, **********588600 №-li məktubda göstərilmişdir ki, arxiv məlumatlarına əsasən X9 və X6 təsisçiliyi ilə “Nadiroğlu” kiçik müəssisəsi Qəbələ rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixdə 108 nömrəli sərəncamı ilə dövlət qeydiyyatına alınmışdır. Qeyd olunan məktubla Qəbələ rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixdə 108 nömrəli “Nadiroğlu” kiçik müəssisəsinin nizamnaməsinin qeydə alınması haqqında sərəncamı və digər təsis sənədləri məhkəməyə təqdim olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi Rayon İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, xx.xx.1968-ci il təvəllüdlü İddiaçı xx.xx.1987-ci il tarixdə Yasamal RHK tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılaraq 04.1989-cu il tarixə kimi SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. xx.xx.1993-cü il tarixində Binəqədi RHK tərəfindən səfərbərliklə əlaqədar olaraq hərbi xidmətə çağırılmışdır. xx.xx.1994-cü il tarixində Nizami RHK-nın hərbi həkim komissiyası tərəfindən xəstəliklər cədvəlinin 82-ci maddəsinin “a” bəndinə əsasən dinc dövrü hərbi xidmətə yararsız, müharibə dövrü məhdud yararlı sayılmışdır. İş materiallarında olan BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə Regional nümayəndəliyi tərəfindən İddiaçı təqdim edilmiş Şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı güzəştli şərtlə yaşa görə pensiya hüququ verən Hasilat üzrə texnik (Neft və qaz hasilatı üzrə operator) vəzifəsində (iş yeri Çıraq Platforması) xx.xx.2002-ci ildən xx.xx.2012-ci ilədək işləmişdir, xx.xx.2015-ci ildən bu günə qədər işləyir. xx.xx.2003-xx.xx.2006 Hasilat üzrə texnik (indiki Hasilat üzrə texnik (Neft və qaz hasilatı üzrə operator) uyğundur), xx.xx.2006-xx.xx.2007 Nəzarət otağının texniki (indiki Hasilat üzrə texnik (Neft və qaz hasilatı üzrə operator) uyğundur), xx.xx.2007-xx.xx.2010 Hasilat üzrə supervayzer (indiki Hasilat üzrə qrupun rəhbəri (Neft, qaz və qaz kondensatı hasilatı üzrə sexin operativ istehsalat xidmətləri üzrə rəis müavini) uyğundur), xx.xx.2010-xx.xx.2012 Əməliyyatlar üzrə qrup rəhbəri (indiki Hasilat üzrə qrupun rəhbəri (Neft, qaz və qaz kondensatı hasilatı üzrə sexin operativ istehsalat xidmətləri üzrə rəis müavini) uyğundur), xx.xx.2012xx.xx.2012 Dəniz əməliyyatları üzrə mühəndis (Sahə mühəndisi (Neft, qaz və qaz kondensatı hasilatı üzrə sexin operativ istehsalat xidmətləri üzrə rəis müavini) uyğundur), xx.xx.2015-xx.xx.2018 Hasilat üzrə supervayzer (supervayzer (indiki Hasilat üzrə qrupun rəhbəri (Neft, qaz və qaz kondensatı hasilatı üzrə sexin operativ istehsalat xidmətləri üzrə rəis müavini) uyğundur), xx.xx.2018-xx.xx.2021 Hasilat üzrə qrupun rəhbəri (indiki Hasilat üzrə qrupun rəhbəri (Neft, qaz və qaz kondensatı hasilatı üzrə sexin operativ istehsalat xidmətləri üzrə rəis müavini) uyğundur), xx.xx.2021- bu günə qədər - Hasilat üzrə qrupun rəhbəri (Neft, qaz və qaz kondensatı hasilatı üzrə sexin operativ istehsalat xidmətləri üzrə rəis müavini) uyğundur) işləmişdir, işlədiyi vəzifə üzrə sosial sığorta (və ya iş) stajı 16 il 2 ay 26 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 1100000a-15824 vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir. İş materiallarında olan İddiaçı məxsus İT-İ seriyalı ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilədək “Nadiroğlu” kiçik müəssisəsində sazlayıcı-fəhlə peşəsində işləmişdir, xx.xx.1992-ci ildə “Bakıbaştikinti” inşaat konstruksiyaları zavodunda 3-cü aşırım dəzgah sexinə 5-ci dərəcəli sazlayıcı qəbul edilmişdir, xx.xx.1993-cü ildə həmin sexdə sex ustası vəzifəsinə keçirilmişdir, xx.xx.1993-cü ildə müvəqqəti olaraq sex rəisi vəzifəsinə təyin edilmişdir, xx.xx.1994-cü ildə işdən azad edilmişdir, xx.xx.1994-cü ildə “28 May Neft və Qazçıxarma İdarəsi”nin 8 №-li X10 5-ci dərəcəli neft qaz çıxarma operatoru vəzifəsinə qəbul edilmiş, xx.xx.2002-ci ildə əmək müqaviləsinə xitam verilmişdir, xx.xx.2002-ci ildə “BiPi Eksploreyşn (Kaspian Si)” LTD-də Texniki inkişaf şöbəsinə əməliyyatlar üzrə texnik (təcrübə keçən) vəzifəsinə qəbul edilmişdir, xx.xx.2006-cı ildə Çiraq Platformasında nəzarət otağının texniki vəzifəsinə təyin edilmişdir, xx.xx.2003-cü ildə Çıraq Platformasında hasilat üzrə texnik vəzifəsinə keçirilmişdir, xx.xx.2007-ci ildə həmin Platformada hasilat üzrə supervayzer vəzifəsinə təyin edilmişdir, xx.xx.2010-cu ildə həmin Platrormada əməliyyatlar üzrə qrup rəhbəri vəzifəsinə təyin edilmişdir, xx.xx.2012-ci ildə X4 dəmir əməliyyatları üzrə mühəndis vəzifəsinə təyin edilmişdir, xx.xx.2012-ci ildə işdən azad olunmuşdur, xx.xx.2012-ci ildə "xxxx" MMC-də 1 saylı SDÖ-yə özül rəisi vəzifəsinə təyin edilmişdir, xx.xx.2013-cü ildə X5 Xidmətinin rəisi vəzifəsinə keçirilmişdir, xx.xx.2014cü ildə yeni idarəetmə strukturuna və ştat cədvəlinə əsasən şöbə Nəqliyyat və X5 Xidməti adlandırılmışdır, xx.xx.2015-ci ildə işdən azad olunmuşdur, xx.xx.2015-ci ildə “BİPİ Eksploreyşn (Kaspian Si)” LTD-də hasilat üzrə supervayzer vəzifəsinə qəbul edilmişdir, xx.xx.2018-ci ildə Dəniz əməliyyatları departamentində Hasilat üzrə qrupun rəhbəri vəzifəsinə keçirilmişdir, xx.xx.2021-ci ildə vəzifəsinin adı Hasilat departamenti, Hasilat üzrə Qrupun rəhbəri (neft, qaz və qaz kondensatı hasilatı üzrə sexin operativ istehsalat xidmətləri üzrə rəis müavini) kimi dəyişdirilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (xx.xx.2022-ci ilədək olan redaksiyası). Həmin Qanunun 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir (xx.xx.2022-ci ilədək olan redaksiyası). «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Məhkəmə kollegiyası qeyd edir ki, təhsil müddətinin əmək stajına daxil edilməsi məsələsi həmin təhsil alınan vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənməlidir. xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiya hüququna malikdiklər. xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən, ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və ya yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya 52 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun xx.xx.2006-cı il tarixədək 20 ildən çox ümumi iş stajı olmalı və bundan 10 ildən çoxunu Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nda nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1985-ci ildə Azərbaycan Mühəndis İnşaat İnstitutunun “Hidromeliorasiya” fakültəsinin əyani şöbəsinə qəbul olunmuş, xx.xx.1987-cı ildən xx.xx.1989-cu ilədək həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1989-cu ildə həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra həmin fakültənin əyani şöbəsinə bərpa edilmiş, xx.xx.1992-ci ildə institutu bitirmiş və ona diplom verilmişdir. İddiaçının təhsil və hərbi xidmət müddəti onun ümumi stajına daxil edilməlidir. O qeyd edilməlidir ki, iddiaçının 19 il 11 ay 14 gün ümumi staja malik olması cavabdeh tərəfindən mübahisələndirilmir, lakin iddiaçının “Nadiroğlu” kiçik müəssisəsində (xx.xx.1992-xx.xx.1992) işlədiyi dövr üzrə əmək stajı cavabdeh tərəfindən mübahisələndirilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iş stajı iddiaçıya məxsus əmək kitabçası ilə təsdiqlənir, öz növbəsində nəzərə almaq lazımdır ki, əmək kitabçasında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Eyni zamanda, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, arxiv məlumatlarına əsasən X9 və X6 təsisçiliyi ilə “Nadiroğlu” kiçik müəssisəsi Qəbələ rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixdə 108 nömrəli sərəncamı ilə dövlət qeydiyyatına alınmışdır. İddiaçının əmək kitabçasındakı qeyddən isə görünür ki, iddiaçı “Nadiroğlu” kiçik müəssisəsində xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilədək işləmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, həmin dövrlər də iddiaçının ümumi stajına daxil edilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, təhsil və hərbi xidmət dövrü nəzərə alınmaqla xx.xx.2006-cı ilədək iddiaçının ümumi stajı 20 ildən çoxdur (xx.xx.1985xx.xx.1987, xx.xx.1987-xx.xx.1989, xx.xx.1989-xx.xx.1992, xx.xx.1992-xx.xx.1992, xx.xx.1992-xx.xx.1994, xx.xx.1994-xx.xx.2002, xx.xx.2002-xx.xx.2006 – cəmi 20 il 02 ay 23 gün). Güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı cavabdeh tərəfindən mübahisələndirilməsə də, bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xx.xx.1994-cü ildən xx.xx.2002-ci ilədək və xx.xx.2002-ci ildən xx.xx.2006-cı ilədək işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı»nda nəzərdə tutulmuşdur: X Bölmə - Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı; 2. Neft-qaz və qaz kondensatının hasilatı; a) fəhlələr; kod 1100000a—15824 neft və qaz hasilatı üzrə operatorlar. Göründüyü kimi, iddiaçının işlədiyi sahə və vəzifələr qeyd olunan Siyahıya uyğundur və xx.xx.2006-cı il tarixədək iddiaçının güzəştli iş stajı 10 ildən çoxdur (cəmi 11 il 02 ay 20 gün). İddiaçı tərəfindən təqdim edilmiş ona güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışında da iddiaçının işlədiyi həmin sahə və vəzifələrin qeyd olunan Siyahıda göstərilən sahə və vəzifələrə uyğun olduğu təsdiq edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan dövr güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş stajına hesablanmalıdır. Beləliklə, iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 20 ildən artıq ümumi əmək stajı olduğuna və onun 10 ildən artıq müddətini güzəştli şərtlərlə pensiya hüququ verən sahə və vəzifələrdə işlədiyinə görə onun 52 yaşından (xx.xx.2020-cu ildən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ilk dəfə hazırki tələblə cavabdeh inzibati orqana 04 mart 2022-ci il tarixində müraciət etmişdir. Bu səbəbdən də iddiaçıya ödəniləcək pensiya onun pensiya hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən hesablanaraq ödənilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Qeyd olunan Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1057/2023 nömrəli 30 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar