Məhkəmə qərarları › İş №2-1(103)-2635/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2635/2025

22.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2635/2025 22.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi X3, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Naziliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2182/2025 nömrəli, 14 mart 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Naziliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 və Uçotun Təşkili Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun riskli vergi ödəyicisi siyahısından çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin 19 avqust 2021-ci il tarixli, **********050100 nömrəli qərarının ləğv edilməsi və iddiaçının riskli vergi ödəyicisi siyahısından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehin 19 avqust 2021-ci il tarixli, **********050100 nömrəli qərarı ilə riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. İddiaçı cavabdehin onun barəsində qəbul etdiyi 19 avqust 2021-ci il tarixli, **********050100 nömrəli qərarını qanunsuz və əsassız hesab edir. Qərarın qəbul edilməsi qanunla müəyyən edilmiş qaydada hüquqi pozuntuya səbəb olmuş, iddiaçının sahibkarlıq fəaliyyətinə ciddi şəkildə zərər vurmuşdur. Belə ki, iddiaçının əsas fəaliyyəti ticarət müəssisələri üçün mebellərin istehsalıdır. Cəmiyyətin fəaliyyət dövründə heç bir riskli vergi əməliyyatı olmamışdır. Cavabdeh qərarda müəyyən etmişdir ki, vergi ödəyicisi tərəfindən xx.xx.2020-xx.xx.2021-ci il tarixlərdə cəmi 187,4 min manat dəyərində təqdim edilmiş qaimə-fakturalar üzrə satışda “Ofis mebeli, yeni baş ofisin, MXDnın mebelləri və s.” qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə-faktura üzrə Cəmiyyətin alışında, idxalında qeyd edilən mal (iş, xidmət) müəyyən edilməmişdir. Cəmiyyətin fəaliyyət növünün “Ofis və ticarət müəssisələri üçün mebellərin istehsalı” fəaliyyətinin olduğunu və təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığını müəyyən edərək iddiaçının riskli vergi ödəyicisi hesab edərək qanunsuz qərar qəbul etmişdir. İddiaçı tərəfindən istehsal edilməsi məqsədi ilə alınan malların hər biri elektron qaimə-faktura əsasında düzgün təqdim edilmiş, elektron qaimə-fakturalar üzrə cəmiyyətin mal alışında və idxalında heç bir ziddiyyətli və qanunsuz təqdim etmə mövcud olmamışdır. Obyektin qeydiyyata alınma məsələsinə gəldikdə isə qeyd edilmişdir ki, obyektin sənədləri tam hazır olmadığından qeydiyyata alınma yubanmış, sonradan qanuni əsaslarla qeydiyyat məsələsi həllini taparaq müvafiq qaydada kod əldə olunmuşdur. Bakı İnzibati Məhkəməsinin (hakim Emin Abdullayev) 2-1(112)-2182/2025 nömrəli, 14 mart 2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. İddiaçı apellyasiya şikayətində əlavə olaraq qeyd edir ki, iddiaçının əsas fəaliyyət növü mebeli istehsalı sahəsidir. İşin hallarından görünür ki, vergi orqanı iddiaçı MMC-nin elektron qaimə-fakturalar təqdim etdyini, lakin elektron qaimə-faktura üzrə iddiaçının alışında, idxalında qeyd edilən malların müəyyən edilmədiyini, iddiaçının istehsal fəaliyyəti ilə məşğul olduğu, lakin təsərrüfat subyekti (obyektinin) qeydə alınmadığı əsas gətirərək iddiaçını Meyarların 2.1.1, 3.1.1 və 2.1.3-cü yarımbəndlərinə əsasən riskli vergi ödəyicisi siyahısına salmışdır. Hazırkı halda iddiaçının riskli vergi ödəyicisi siyahısında saxlanılması ilə bağlı cavabdehin mövqeyi ilə razılaşmır. Belə ki, Meyarların 3.1.1-ci bəndinin tələblərinə görə vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda göstərdiyi mal ilə aldığı və ya idxal etdiyi malların çeşidləri fərqli olduqda, başqa sözlə, vergi ödəyicisinin idxal etdiyi və ya aldığı malı deyil, həmin maldan fərqli çeşiddə mal satdığı (təqdim etdiyi) halda ödəyicinin apardığı əməliyyat riskli əməliyyat, özü isə riskli vergi ödəyicisi hesab olunur. Hazırkı işin hallarını qeyd edilən normanın tələbləri ilə müqayisəli təhlil etdikdə müəyyən olunur ki, iddiaçının istehsal etdiyi və e-qaimələrdə əlavə mebelləri adıyla satdığı mebellərin əldə edilməsini (satın alınması və yaxud idxalı) təsdiq edən sənədləri yoxdur. İddiaçı qeyd edilən mebel məhsullarının hazırlanması üçün zəruri olan mal-materialı e-qaiməsiz, vergi ödəyicisi olmayan şəxslərdən əldə etmişdir. Göründüyü kimi, iddiaçının təqdim etdiyi mala dair xərc sənədi olmadığı müəyyən olunmuş olsa da, bu hal onun aldığı ilə satdığı malın fərqli çeşdiddə olduğu qənaətinə gəlməyə əsas vermir. İddiaçının aldığı (idxal etdiyi) mal bəlli olmadığı halda həmin malın satış sənədlərindəki mal çeşidindən fərqli mal olduğunu müəyyən etmək mümkünsüzdür. Dolayısı ilə, qeyd edilən meyarların 3.1.1-ci yarımbəndində olan dispozisiya şərti iddiaçıya münasibətdə ödənilə bilməz. İddiaçı digər vergi ödəyicisi ilə malın təqdim edilməsi ilə bağlı müqavilələr, təhvil-təslim aktları, e-qaimə fakturaları təqdim etmiş, cavabdeh orqan sözügedən malların təqdim edildiyini inkar etməmişdir. Belə olan halda satış əməliyyatı baş tutmuş, əmtəəsiz əməliyyat olduğu sübuta yetirilmədiyi və ya iddia edilmədiyi halda malların e-qaimə fakturalarının birtərəfəli qaydada-iddiaçı tərəfindən ləğvinə zərurət yoxdur. Başqa sözlə, vergi ödəyicisinin müqavilə öhdəliklərini yerinə yetirərək təhvil verdiyi malların e-qaimə fakturalarının ləğv edilməsi (dolayısı ilə müvafiq əməliyyatın baş tutduğu qəbul edildiyi halda malın geri tələb edilməsi, ödənilmiş vəsaitin müvafiq hesaba qaytarılması və s.) şərti ilə vergi ödəyicisinin riskli vergi ödəyici siyahısından çıxarılmasına məcbur edilməsi qanuni və əsaslı hesab edilə bilməz. Digər tərəfdən hazırkı iş üzrə müəyyən olunur ki, iddiaçının təsərrüfat fəaliyyəti mebel istehsalı olmaqla həmin fəaliyyətin həyata keçirilməsi üçün ilkin olaraq müvafiq təsərrüfat obyekti qeydiyyatda olmadığı halda, vergi ödəyicisi hazırki yerləşən obyekti təsərrüfat subyekti (obyekti) olaraq qeydiyyata aldırmışdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X8 üzrə Baş İdarəsinin (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Naziliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 və Uçotun Təşkili Baş İdarəsi) “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” 19 avqust 2021-ci il tarixli **********050100 nömrəli qərardan görünür ki, vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (**********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, Cəmiyyət tərəfindən xx.xx.2020-xx.xx.2021-ci il tarixlərində cəmi 187,4 min manat dəyərində təqdim edilmiş qaimə-fakturalar üzrə satışda «Ofis mebeli, yeni baş ofisin, MXD-nin mebelləri və s.» qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə-faktura üzrə Cəmiyyətin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Cəmiyyətin fəaliyyət növü ofis və ticarət müəssisələri üçün mebellərin istehsalı kimi qeyd olunmuşdur. Lakin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 13.2.81. əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar. 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. İddiaçı barəsində qəbul edilmiş mübahisələndirilən inzibati aktın qəbul edildiyi dövrdə qüvvədə olmuş - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş «Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları»: 1.1. Bu Meyarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra - Vergi Məcəlləsi) 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edir. 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” 19 avqust 2021-ci il tarixli **********050100 nömrəli qərar ilə riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. İddiaçı hazırda həmin qərarı mübahisələndirir. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçının fəaliyyət növü ofis və ticarət müəssisələri üçün mebellərin istehsalı olmuş, iddiaçı ayrı-ayrı şəxslərə ofis mebellərinin hazırlanması kimi xidmətlər göstərmişdir. İddiaçının təqdim etdiyi mala dair xərc sənədi olmasa da, onun aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin olması, eləcə də aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halları müəyyən olunmamışdır. İddiaçı əvvəllər də fəaliyyət göstərdiyi özünə məxsus olan obyekti qeydiyyata aldırdığını bildirmiş, cavabdeh tərəf isə bunu təkzib edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Qeyd edilməlidir ki, vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz olması halının mötəbər sübutlarla təsdiqinin tapması zəruridir. Belə ki, malın satıcısının idxalında və e-qaimə üzrə alışında məhz həmin malların müəyyən edilməməsi, yəni vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz olması kimi qiymətləndirilməməlidir. Başqa sözlə, elektron qaimə-fakturanın əmtəəsiz əməliyyat hesab edilməsi üçün vergi orqanı tərəfindən aparılan inzibati icraat zamanı malların faktiki olaraq təqdim edilib-edilməməsi halı hərtərəfli araşdırılmalıdır. Bir sözlə, vergi orqanı tərəfindən vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması ilə bağlı bütün hallar əlavə araşdırma aparılmadan əmtəəsiz əməliyyat kimi əlavə vergi öhdəliklərinin yaradılmasına əsas olmamalıdır. Yuxarıda qeyd olunan qanunvericilik normalarında riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları göstərilmişdir. Hazırki işdə isə bu halların heç biri müəyyən olunmur. Cavabdeh tərəfindən mübahisələndirilən qərarda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş «Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları»nın 2.1.1, 2.1.3 və 3.1.1-ci bəndlərinə istinad edilsə də, cavabdeh həmin halların mövcud olması barədə sübutları məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, iddiaçı riskli vergi ödəyicisi hesab olunması üçün risk meyarlarına cavab verən şəxs hesab edilmir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının riskli vergi ödəyicisi olması ilə bağlı müvafiq inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi cavabdeh inzibati orqanın üzərində olduğundan onun riskli vergi ödəyicisi olması üçün müvafiq əsasları sübut etmək vəzifəsi də cavabdehin üzərinə düşür. Cavabdeh inzibati orqan inzibati icraat zamanı həmin əsasların mövcudluğunu tam sübuta yetirmədən iddiaçının riskli vergi ödəyicisi olması barədə müvafiq qərarı qəbul etmişdir. Cavabdeh vergi orqanı mübahisələndirilən inzibatı aktın qəbul edilməsinin hüquqi əsasını və mübahisələndirilən qərarın qanuniliyini də sübut edə bilməmişdir. Belə ki, cavabdeh inzibati orqan iddiaçının riskli əməliyyatlar aparan şəxs olmasını təsdiq edən dəlil və sübutları vergi qanunvericiliyinin və “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun şəkildə məhkəməyə təqdim edə bilməmişdir. Nəticədə cavabdeh inzibati orqan tərəfindən qanunvericilik normalarının və maddi hüquq normalarının ciddi şəkildə pozulması ilə müşayiət olunan əlverişsiz inzibati akt qəbul edilmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu: 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 45.1. İnzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərar qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Cavabdeh vergi orqanı tərəfindən mübahisələndirilən qərar qəbul edilərkən qanunvericiliyin müəyyən etdiyi tələblərə riayət edilməmiş, düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün hallar, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan hallar araşdırılmamışdır. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlməmişdir. İddia tələbi əsaslı hesab edilməli və təmin edilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən apellyasiya şikayəti təmin edilməli, qərar ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2182/2025 nömrəli, 14 mart 2025-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X8 üzrə Baş İdarəsinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” 19 avqust 2021-ci il tarixli **********050100 nömrəli qərarı ləğv edilsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar