Məhkəmə qərarları › İş №2-1(103)-2636/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2636/2022

19.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2636/2022 19.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati iş Açar söz: qeydiyyatdan çıxarma X2 Baxışovanın sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vidadi Məmməd oğlu Məmmədovdan ibarət tərkibdə, Nigar Vahid qızı Həşimlinin katibliyi ilə, İddiaçı, üçüncü şəxs X1 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6862/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından üçüncü şəxs X3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1.İşdəki MH seriyalı ******* saylı “Daşınmaz əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında” Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil üzərində İddiaçı mülkiyyət hüququ xx.xx.2006-cı il tarixdə qeydə alınmışdır. 2.Azərbaycan Respublikası DİN tərəfindən verilmiş arayışdan görünür ki, qeyd edilən mənzildə iddiaçıdan başqa X4 və X3 yaşayış yeri üzrə qeydiyyatdadırlar. 3.İddiaçı oğlu X1 qeydiyyatdan çıxarılması üçün Nəsimi rayon Polis İdarəsinə müraciət etmiş, Nəsimi rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə qeydiyyatdan çıxarılması xahiş olunan şəxslərin qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamə olmadığından ərizə təmin edilməmişdir. 4.Nəsimi rayonu MKTB-nin 59 saylı MKİS-nin xx.xx.2022-ci il tarixli arayışında qeyd olunur ki, X3 ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatda olsa da yaşamır. 5.Bakı İnzibati Məhkəməsinin sorğusu əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil iddiaçıya xx.xx.1994-cü il tarixli order əsasında verilmiş, Nəsimi rayonu MKTB-nin 59 saylı MKİS-nin xx.xx.1999-cu il tarixli arayışından görünür ki, iddiaçı və cavabdeh X3 iddiaçının ailə üzvü kimi xx.xx.1995ci il tarixdən həmin mənzilə qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsində icraat 6.İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən X1 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. 7.İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan mənzildə üçüncü şəxs yaşamır. Oğlunun mənzildə qeydiyyatda qalması onun mülkiyyətçi kimi maraqlarına toxunur. Belə ki, mülkiyyətçi kimi oğlunun qeydiyyatda qalması mənzilə sərəncam hüququnu məhdudlaşdırır.

8. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iş üzrə X3 üçüncü şəxs qismində inzibati məhkəmə qismində cəlb edilməsi (zəruri cəlbetmə) qərara alınmışdır. 9.Üçüncü şəxsin etirazı onunla əsaslandırılmışdır ki, doğulandan anasına məxsus mənzildə yaşamışdır. Həmin mənzilə istifadə hüququ vardır. Mənzildə ona aid əşyalar vardır. Lakin son bir müddət anasının ona və ailəsinə qarşı pis münasibəti ilə əlaqədar məcbur qalıb qohumlarının evində qalır. 10.Bakı İnzibati Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2-1(112)-6862/2022 saylı qərarı ilə (hakim Orxan Hənəsov) iddia tələbi təmin edilmişdir. 11.Məhkəmə iş üzrə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 5-ci hissəsində qeyd edilmişdir ki, şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Şəxsin yaşayış sahəsinə istifadə hüququnun olub- olmaması hər nə qədər xüsusi hüquq sahəsinin predmeti kimi mülki icraat qaydasında araşdırılmalı məsələ kimi görünsə də qanunvericilikdə nəzərdə tutulmuş şərtlər daxilində publik hüquq münasibətləri çərçivəsində, eləcə də hazırkı iş üzrə olduğu kimi yaşayış yeri üzrə qeydiyyatdan çıxarma barədə iddia tələbinə dair işə baxılan zaman şəxsin yaşayış sahəsinə istifadə hüququnun olub-olmadığının müəyyən edilməsini istisna etmir.

Apellyasiya şikayətinin dəlilləri: 12.Qərardan narazı qalan üçüncü şəxs apellyasiya şikayəti verərək qərarı ləğv edib iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. 13.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən ünvan 1 ünvanında doğulandan yaşamışdır və həmin mənzilə istifadə hüququ vardır. Bakı İnzibati Məhkəməsi araşdırma zamanı ancaq bir tərəfi, iddiaçı – İddiaçı dinləmişdir. Üçüncü şəxs və onun vəkili – Vəkil dinləməkdən vaz keçmişdir. Ümumiyyətlə məhkəmə prosesi 5 dəqiqə çəkmişdir. Məhkəmə öz qərarında Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə və Konstitusiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarına istinad edərək üçüncü şəxslə iddiaçı arasında yaşayış sahəsinin istifadəsində yaranmış əsasın hal-hazırda mövcud olmaması səbəbindən, üçüncü şəxsin həmin mənzildən istifadə hüququnu itirilmiş hesab etmiş və bunun əsasında qeydiyyatdan çıxarılmasına dair qərar qəbul etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

14.Məhkəmə iclaslarında iştirak edən üçüncü şəxs nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. 15.Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. 16.Nəsimi rayon Polis İdarəsi məhkəməyə məktubla müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir.

Əsaslandırma hissəsi:

17. Tətbiq edilən hüquq

“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.

Apellyasiya məhkəməsinin mövqeyi 18.Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. 19.Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilərək iddia rədd edilməlidir. 20.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair qərarında qeyd edilmişdir ki, “mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti nəticəsində xitam verilə bilər.” Yaşayış sahəsindən istifadə hüququ olan şəxslərə münasibətdə isə qeyd edilmişdir ki, “bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir.” 21.İşin mübahisəsiz hallarından görünür ki, iddiaçının malkiyyətində olan mənzildən qeydiyyatdan çıxarmaq istədiyi oğlu xx.xx.1995-ci il tarixdən iddiaçı ilə birlikdə həmin mənzilə ailə üzvü kimi qeydiyyata alınmış, doğulduğu vaxtdan ailə quranadək qeyd edilən mənzildə yaşamış, ailə qurduqdan sonra iddiaçı ilə münasibətləri pisləşdiyindən həmin mənzildən çıxmağa və qohumlarının evində yaşamağa məcbur olmuşdur. Üçüncü şəxsin mülkiyyətində yaşayış sahəsi olması barədə iş materiallarında hər hansı sübut mövcud deyil.

22. Belə olan halda məhkəmə hesab edir ki, üçüncü şəxs X3 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsində nəzərdə tutulmuş qaydada iddiaçının razılıq ərizəsi əsasında mənzilə qeydə alınmış şəxslər kateqoriyasına aid olmadığından, mənzilə istifadə hüququ xx.xx.2000-ci ilədək yarandığından, üçüncü şəxsin yaşadığı və qeydiyyatda olduğu mənzilə istifadə hüququnun itirilib-itirilmədiyinə hüquqi qiymət vermək inzibati məhkəmənin səlahiyyətinə aid olmadığından, o cümlədən üçüncü şəxsin istifadə hüququna xitam verilməsi barədə məhkəmə qətnaməsi təqdim edilmədiyindən iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair qərarında ifadə edilmiş hüquqi mövqeyə və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tələblərinə zidd olmuşdur. 23.Buna görə də məhkəmə hesab edir ki, mübahisələndirilən qərar ləğv edilərək iş üzrə iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir.

Nəticə hissəsi:

24.Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya

qərara aldı:

Üçüncü şəxs X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2-1(112)-6862/2022 saylı qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddia rədd edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar