Məhkəmə qərarları › İş №2-1(103)-2636/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2636/2023

25.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2636/2023 25.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlu və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “veteran vəsiqəsinin yenilənməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2423/2023 saylı, 30 mart 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1992-ci ildə könüllü olaraq birinci Qarabağ müharibəsinin iştirakçısı olduğunun nəzərə alınaraq veteran vəsiqəsinin yenilənməsi ilə bağlı qərar çıxarılmasını xahiş etmişdir İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, birinci Qarabağ müharibəsində könüllü olaraq 1992-ci ildə Şəmkir batalyonu N saylı hərbi hissədə olmuşdur. Bir neçə vaxt orada xidmətdə olduqdan sonra təxris olunmuşdur. Həmin zamanlar ona Müdafiə Nazirliyi tərəfindən veteran vəsiqəsi təqdim olunmuşdur. Sonradan müəyyən səbəblərə görə Dövlət tərəfindən verilən imtiyazları tələb etmək üçün getməmişdir. Yaxın zamanlarda aidiyyəti orqanlara müraciət etmişdir ki, yenidən ona verilən veteran vəsiqəsinin dublikatını versinlər. Həmin vəsiqədə yazılar silindiyinə görə oxunuş qaydaları pozulmuşdur. Müdafiə Nazirliyinə bir neçə dəfə ərizə ilə müraciət etsə də, ona veteran vəsiqəsinin dublikatı verilməmişdir. Buna görə də müharibə veteranları üçün nəzərdə tutulmuş bütün imtiyazlardan məhrum olunmuşdur. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2423/2023 saylı, 30 mart 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və iddiaçı xx.xx.1966-cı il təvəllüdlü İddiaçı 1992-ci ildə könüllü olaraq birinci Qarabağ müharibəsinin iştirakçısı olduğu üçün xx.xx.1998-ci il tarixli 21 №li protokolla verilmiş 023764 №li “Müharibə veteranı” vəsiqəsinin yenilənməsi (dublikatın verilməsi) vəzifəsi cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın mümkün sayılmamasını xahiş edilmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iddia tələbi mümkün sayılmamalıdır. İş materiallarında olan: - iddiaçıya məxsus AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1966-cı ildə ünvan 1 ünvanında qeydiyyatdadır. - НЗ seriyalı ******* №-li hərbi biletdə aparılmış qeydlərdən müəyyən olunur ki, xx.xx.1966cı il təvəllüldlü İddiaçı xx.xx.1984-cü ildə Kirov (hazırda Binəqədi) rayon hərbi kommisarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. - İddiaçı verilmiş M/V 023764 №li müharibə veteranı vəsiqəsinin surətindən müəyyən olunur ki, qeyd olunan vəsiqə ona müddətsiz verilmişdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nərimanov rayon İdarəsinin 2564 №-li xx.xx.2022-ci il tarixli cavab məktubunda xx.xx.1966-cı il təvəllüdlü İddiaçı barəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov rayon idarəsində heç bir məlumat olmadığı bildirilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş **********9 saylı 06 yanvar 2023-cü il tarixli məktubda Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Sosial ödənişlər altsisteminə əsasən İddiaçı hər hansı növ sosial müavinət alması barədə məlumat aşkar edilmədiyi bildirilmişdir. - İddiaçının hazırki tələblə bağlı müraciətinə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidməti Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş R/2252 №-li, xx.xx.2022- ci il tarixli cavab məktubunda bildirilmişdir ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli qərarına əsasən veteran adı və müvafiq vəsiqələr vətəndaşların hansı qoşun növündə xidmət keçməsindən asılı olaraq tələb olunan sənədlər əsasında (nizami hissə üzrə əmrdən çıxarışlar və ya arxiv arayışları mütləqdir) Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Sərhəd, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətləri nəzdində yaradılmış komissiyaların rəyinə əsasən verilir. Onun 1992-ci ildə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin tərkibində xidmət keçməsini nəzərə alaraq, dublikat “müharibə veteranı" vəsiqəsinin verilməsi məsələsinə baxılması üçün mövcud sənədlərlə Müdafiə Nazirliyinin aparatı nəzdində fəaliyyət göstərən "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya müraciət etməsi məqsədəuyğundur. Hazırkı iş qzrə birinci instansiya məhkəməsi hesab etmişdir ki, “qanunvericiliyin qeyd olunan tələblərinə uyğun olaraq cavabdeh inzibati orqan (onun müvafiq idarəsi) tərəfindən xx.xx.1998-ci il tarixli 21 №li protokolla iddiaçıya 023764 №li “Müharibə veteranı” vəsiqəsi təqdim olunmuşdur. Məhkəmə hesab edir ki, həmin vəsiqənin iddiaçıdan geri alınması barədə hər hansı inzibati akt qəbul olunmadığından (buna dair məhkəməyə hər hansı sübut təqdim olunmamışdır) qeyd olunan vəsiqə etibarlıdır və iddiaçı vəsiqənin yenilənməsini (dublikatının verilməsi) tələb etməkdə haqlı olmuşdur.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, hazırkı iş üzrə iddiaçı ona verilmiş 023764 №li “Müharibə veteranı” vəsiqəsinin yenilənməsi ilə bağlı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia tələbi irəli sürsə də, hazırkı cavabdeh tərəfindən iddiaçıya “Müharibə veteranı” vəsiqəsinin verilməsi iş materialları ilə müəyyən edilmir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia ərizəsində də birinci Qarabağ müharibəsində könüllü olaraq 1992-ci ildə Şəmkir batalyonu N saylı hərbi hissədə olunduğunu, bir neçə vaxt orada xidmətdə olduqdan sonra tərxis olunduğunu və həmin zamanlar ona Müdafiə Nazirliyi tərəfindən veteran vəsiqəsi təqdim olunduğunu bildirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994- cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyivə hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin halhazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Göründüyü kimi cavabdeh inzibati orqanın hazırkı iddia tələbinə cavab verməli olması qanunvericiliklə və iş materialları ilə müəyyən edilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddia tələbi ona cavab verməli olan cavabdehə qarşı irəli sürülmədiyindən və cavabdeh tərəfindən iddiaçının qanunvericiliklə müəyyən edilmiş hər hansı hüququ pozulmadığından iddia tələbi mümkün hesab edilə bilməz. Yuxarıda qeyd edilən hal hazırkı işin birinci instansiya icraatı zamanı nəzərə alınmamış, məhkəmə tərəfindən iddia tələbi mümkün sayılaraq, maddi və prosessual normaların pozulması şəraitində qanunsuz və əsassız olaraq qərar qəbul edilmiş iddiaçının iddia tələbi təmin edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-in 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2423/2023 saylı, 30 mart 2023-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “veteran vəsiqəsinin yenilənməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar