Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2636/2025 08.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X16 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X6 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs X19) “yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli, 2-1(112)-14786/2024 nömrəli qərarından üçüncü şəxs X19 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X8 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə X19 məhkəmə icraatına zəruri olaraq üçüncü şəxs qismində cəlb edilmişdir. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, iddiaçı tərəfindən cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə müraciət edilərək, ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Mir Cəlal küçəsi, ev 40 ünvanında yerləşən 55 saylı mənzildən X8 qeydiyyatdan çıxarılması xahiş edilmişdir. Lakin, cavabdeh heç bir araşdırma aparmadan xx.xx.2024-cü il tarixli, 51/2-M-33708/11/24 saylı məktubla əsassız imtina vermiş və bildirmişdir ki, yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilir. Cavabdeh imtina edərkən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə istinad etmiş və qeyd etmişdir ki, "qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması üçün yeni yaşayış yerinə qeydiyyata düşməsi barədə məlumat, istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qüvvəyə minmiş qərarı və s. sənədlər tələb olunur". Buna münasibətdə bildirir ki, cavabdeh istinad etdiyi qanunun müvafiq maddəsini düzgün tətbiq etməmişdir. Belə ki, ilkin olaraq cavabdeh həmin maddənin məzmunu dəyişdirmiş və bununla da məsələyə düzgün qiymət verməmişdir. Həmin qanunun istinad olunan bəndinə nəzər yetirilsə məlum olur ki, yalnız yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi tələb olunur. Lakin, mənzilindən qeydiyyatdan çıxarılmasını istədiyi şəxs onun keçmiş gəlinidir. Belə ki, oğlu ilə Günel Zeynalova (Məmmədova) arasında xx.xx.2012-ci il tarixində bağlanmış nikah Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-2485/2022 saylı qətnaməsi ilə pozulmuşdur və həmin müddətdən Günel Zeynalova onun mənzilində nə yaşayır, nə də ki həmin mənzilə istifadə hüququ vardır. Belə ki, qohumluq münasibətləri 2009-cu ildən sonra yarandığından hazırki halda Azərbaycan Respublikasının 2009-cu il 30 iyun tarixli 845-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi tədbiq edilməlidir. Həmin Məcəllənin 30.5-ci maddəsinə əsasən "Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30-cu maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir." Zeynalova (Məmmədova) Günel Qulu qızı onun keçmiş ailə üzvüdür, onunla arasında mənzildən istifadəyə dair hər hansı bir razılaşma və yaxud məhkəmə aktı mövcud deyil. Bu səbəbdən də Mənzil Məcəlləsinin 30.5-ci maddəsinə əsasən onun mənzilindən istifadə hüququna müvafiq qanunvericilik əsas götürülməklə 2022-ci ildən (boşanma vaxtından) xitam verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilən xx.xx.2024-cii il tarixli ******* saylı "yaşayış yeri üzrə qeydiyyat haqqında" arayışdan göründüyü kimi, X19 onun mənzilində sadəcə formal olaraq qeydiyyatdadır. Əlavə olaraq, Günel Zeynalovanın ona məxsus mənzildə yaşamaması qonşular tərəfindən verilmiş və notarial qaydada təsdiq edilmiş ərizə ilə və Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Nəsimi Rayonu Mənzil-Kommunal Təsərrüfat birliyi 77 saylı Mənzil-Kommunal İstismarı sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 724 saylı arayışla da öz təsdiqmi tapır. Hazırda inzibati orqan öhdəliyi icra etmədiyindən o, mülkiyyətindən sərbəst şəkildə istifadə edə bilmir və bu hüququ qanunsuz və əsassız olaraq məhdudlaşır. Bakı İnzibati Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli, 2-1(112)-14786/2024 nömrəli qərarı ilə (hakim E.Abdullayev) iddianın təmin edilməsi, X8 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Üçüncü şəxs X19 apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli, 2-1(112)-14786/2024 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərar çıxararkən işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, faktlara düzgün hüquqi qiymət verməmiş, nəticədə qeyri-qanuni qərar qəbul etmişdir. Məhkəmə işə baxarkən üçüncü şəxs kimi onun iştirakını təmin etməmiş, onun iddia tələbinə qarşı tərəfin münasibətini dinləməmişdir. O, məhkəmə prosesində iştirak etmək, Konstitusiya ilə ona bir vətəndaş kimi məxsus olan müdafiə hüququnu pozmuşdur. O, məhkəmə qərarından 2025-ci ilin aprel ayının 06-da xəbər tutmuş və bundan sonra məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.2025 il tarixdə qərarın surətini alıb. Məhkəmə qərar qəbul edərkən ancaq və ancaq iddiaçının məhkəmədə verdiyi formal, işin faktiki hallarını özündə əks etdirməyən yalan ifadələrə əsaslanaraq qərar qəbul etmişdir. İddiaçı iddia tələbini birinci növbədə onunla əsaslandırır ki, o, uzun müddətdir ki, mübahisəsi olunan mənzildə yaşamır. Ona görə də məhkəmə prosesində onun iştirakını təmin etmək mümkün olmamışdır. İş materiallarından görünür ki, çağırış vərəqi tərəfindən alınmamışdır. İddiaçı iddia tələbini onun mübahisəli mənzilində deyil, başqa bir ünvanda yaşamağı ilə əsaslandırırsa nəyə görə ona çağırş vərəqi mübahisəsi olunan ünvana göndərilir. Buradan aydın görünür ki, məhkəmə işə baxarkən onun iştirakının təmin olunması üçün kifayət qədər araşdırma aparmamış və nəticədə o, Konstitusion hüququ olan müdafiə hüququndan məhrum olub. İşin bu halı isə məhkəmə qətnaməsinin ləğv olunması üçün əsaslardan biridir. G.Zeynalova iddiaçının oğlu X20 ilə xx.xx.2012 il tarixdə nikaha daxil olub və birgə nikahdan iki uşağı anadan olmuşdur. X1 mübahisəli mənzildə anadan olmuşdur. 2014-cü ilə qədər qayınanası Cəmilə Məmmədovanın mülkiyyətində olan Masazır qəsəbəsində yerləşən evdə yaşayıblar. 2014-cü ildə qayınatası və qayınanası onlara bildirdilər ki, mübahisəsi olunan ev 1997 ildə alınarkən oğlanları və onun ailəsi üçün nəzərdə tutulduğundan öz evlərinə, yəni mübahisəli evə köçməli və orada yaşamalıdırlar. Elə ona görə də onlara oraya köçəndən sonra iddiaçı qanunvericiliyin tələblərinə müvafiq olaraq onu mübahisəli yaşayış sahəsinə qeydiyyata salmışdır. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qətnaməsinə əsasən onunla iddiaçının oğlu X20 ilə onun arasında rəsmiləşdirilmiş nikaha xitam verilmişdir. Onların arasında nikah pozulduqdan sonra keçmiş əri ilə onun arasında tez-tez mübahisə və münaqişələr baş verdiyindən o, məcbur olub 2024-cü iln yay aylarında müvəqqəti valideynlərinin yanına gedib. O, valideynlərinin yanına daimi yaşamaq üçün deyil, müvəqqəti yaşamaq üçün gedib. Hal-hazırda ona və uşaqlarına məxsus nə varsa hamısı mübahisəli mənzildə yerləşir. Bu fakt özü-özlüyündə təsdiq edir ki, o, valideynlərinin yanına daimi yaşamaq üçün deyil, müvəqqəti yaşamaq üçün gedib. Məhkənə qərar çıxararkən bu faktı hərtərəfli araşdırmamış və düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə qərar çıxararkən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddüalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020 il tarixli Qərarına əsaslanır və göstərir ki, qeyd olunan qərarda göstərilir ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Məhkəmə Plenumun qeyd olunan göstərişinə düzgün hüquqi qiymət verməmişdir. Qeyd olunan Plenumun göstərişindən belə qənaətə gəlinir ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün birinci növbədə şəxsin yaşayış yerindən çıxarılması və ya istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olmadan onun yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması yolverilməzdir. Göründüyü kimi, məhkəmə qərar qəbul edərkən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarına düzgün hüquqi mövqedən yanaşmamış və qeyri-qanuni qərar çıxarmışdır. Tərəflərin iştirakı: İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, onu əsassız hesab etdiyini bildirmiş və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh tərəf isə məhkəməyə məktubla müraciət edərək işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, işin materiallarını tədqiq edib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş: - Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 51/2-M-33708/11/24 nömrəli məktubunda bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərinə əsasən, müraciətdə göstərilən şəxsin (şəxslərin) ünvan 3 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qeydiyyatdan çıxarılma barədə qətnaməsi əsasında həyata keçirilir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ******* nömrəli xx.xx.2024-cü il tarixli Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışına əsasən X5 (xx.xx.2014-cü il təvəllüdlü), X4 (xx.xx.2012-ci il təvəllüdlü), X22 (xx.xx.2013-cü il təvəllüdlü), X21 (xx.xx.2014-cü il təvəllüdlü), X23 (xx.xx.1989-cu il təvəllüdlü), X12 (xx.xx.1987-ci il təvəllüdlü), X19 (xx.xx.1993-cü il təvəllüdlü), X13 (xx.xx.1964-cü il təvəllüdlü) ünvan 4 ünvanında qeydiyyatdadır. -Bakı şəhəri İcra Haimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş MH seriyalı, 053732 nömrəli, 17 aprel 1997-ci il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, 4 mkr, Mir Cəlal küçəsindəki 40 nömrəli yaşayış evinin 55 nömrəli mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir. -Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyi 77 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 17 sentyabr 2024-cü il tarixli, 724 nömrəli arayışda qeyd edilir ki, X19 ünvan 4 ünvanında nikahları pozulduqdan sonra yaşamır. -ünvan 4 ünvanında qeydiyyatda olan X26, ünvan 4 ünvanında qeydiyyatda olan X27, ünvan 6 ünvanında qeydiyyatda olan X9 tərəfindən imzalanmış notarial ərizədə qeyd edilir ki, X3 Elnur Nadir oğlu ilə nikahları pozulduqdan sonra ünvan 4 ünvanında yaşamır. Hazırkı iş üzrə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, hazırkı mübahisədə iddiaçının hüquqi marağı mülkiyyət hüququ qeydiyyata alınmış evində qeydiyyatda olan üçüncü şəxsin qeydiyyatdan çıxarılmasına nail olmaqdan ibarətdir. Yuxarıda qeyd olunduğu kimi üçüncü şəxs mənzildə faktiki yaşamır. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında qeyd etmişdir ki, ünvan 1 MH seriyalı 053732 nömrəli qeydiyyat vəsiqəsinə əsasən xx.xx.1997-ci ildən iddiaçının mülkiyyətindədir. Üçüncü şəxs isə mənzildə qeydiyyatda qalmış, onun həmin mənzil üzərində istifadə hüququ dövlət qeydiyyatına alınmamışdır. Üçüncü şəxs iddiaçının keçmiş gəlinidir və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçının oğlu X20 ilə üçüncü şəxs arasında xx.xx.2012-ci il tarixli nikah pozulmuşdur. Nikahları ləğv edildikdən sonra üçüncü şəxs həmin mənzildə yaşamır. Üçüncü şəxs həmin mənzildə formal olaraq qeydiyyatda qalmışdır. Bu isə bir mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulmasına və onun üçün əlavə öhdəliklərin yaranmasına səbəb olur. Cavabdeh isə üçüncü şəxsin mənzildən qeydiyyatdan çıxarılmasından əsassız olaraq imtina etmişdir. Bu səbəbdən iddia təmin edilməli, üçüncü şəxsin ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Apelyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisədə iddiaçının hüquqi marağı mülkiyyət hüququ əsasında ona məxsus olan yaşayış evində qeydiyyatda olan üçüncü şəxsin qeydiyyatdan çıxarılmasına nail olmaqdan ibarətdir. Belə ki, mübahisə ilə bağlı işin hallarından görünür ki, daşınmaz əmlak üzərində iddiaçının mülkiyyət hüququ 17 aprel 1997-ci il tarixdən yaranmışdır. Bundan əlavə, işin materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2485/2022 saylı, 17 avqust 2022-ci il tarixli qətnaməsinə əsasən X24 ilə X17 arasında 28 dekabr 2012-ci il tarixdə bağlanmış və Bakı şəhəri Sabunçu rayonu Qeydiyyat Şöbəsi tərəfindən həmin tarixdən nikahın bağlanması haqqında akt qeydləri kitabında 1746 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, tərəflərin birgə nikahından anadan olmuş 14 mart 2013-cü il təvəllüdlü X22 və 24 oktyabr 2014-cü il təvəllüdlü X21 anaları X10 yanında saxlanılmış, uşaqlarının yetkinlik yaşına çatana qədər saxlanılması üçün X11 hər ay qazancının 1/3 hissəsi miqdarında alimentin tutularaq X14 verilməsi qət edildi. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, 355/24 nömrəli məktubunda qeyd edilir ki, qətnamə 24 sentyabr 2022-ci il tarixində qanuni qüvvəsini almış və aliment tələbi ilə bağlı 25 avqust 2022-ci il tarixdə icraya yönəldilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 21 noyabr 2024-cü il tarixli, 3-21-3-30/2-46670/2024 nömrəli məktubda qeyd edilir ki, X2 ünvanda istifadə hüquqlarının dövlət reyestrində qeydə alınması ilə bağlı məlumat aşkar edilməmişdir. Qeyd olunmalıdır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer anlayışları şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi, icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli Qərarında mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneçilik yaratmamasına istiqamətlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun ““Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (Konstitusiya Məhkəməsi Plenumunun “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair” 2020-ci il 27 avqust tarixli Qərarı). Konstitusiyanın mülkiyyət hüququnu nəzərdə tutan normalarını inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirmişdir. Belə ki, Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxsin iddiaçıya məxsus mənzil üzərində hər hansı əmlak hüququna malik olmadığı və yaşamadığı halda qeyd edilən ünvanda qeydiyyatda qalması iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırıldığından iddiaçı üçüncü şəxsin sözügedən mənzildən qeydiyyatdan çıxarılmasının cavabdehə həvalə edilməsini tələb etməklə haqlı olmuşdur. Həmçinin qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmasına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni (faktiki) yaşayış yeri üzrə qeydiyyata alına bilər. Məhkəmə kollegiyası hesab edir ki, sözügedən mənzil iddiaçının xüsusi mülkiyyətində olduğundan, üçüncü şəxsin qeydiyyatdan çıxarılması barədə iddiaçının müraciətindən imtina etməsinə dair cavabdehin hərəkəti “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə qanunauyğun olmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan birinci instansiya məhkəməsi cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası üçüncü şəxsin apellyasiya şikayətində göstərdikləri dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Üçüncü şəxs X19 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli, 2-1(112)-14786/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(103)-2636/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2636/2025
08.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver