Məhkəmə qərarları › İş №2-1(103)-2637/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2637/2022

23.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2637/2022 23.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı1 MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-311/2022 saylı, 10 mart 2022ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı1 MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2020-ci il tarixli **********845500 saylı və xx.xx.2020-ci il tarixli, **********846200 saylı qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-311/2022 saylı, 10 mart 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı1 MMC barəsində tərtib edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********845500 nömrəli və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********846200 nömrəli qərarları ləğv edilmişdir. Apelyasiya şikayətinin dəlilləri, tərəflərin izahatları: Qərardan narazı qalan cavabdeh inzibati orqan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı vergi ödəyicisi tərəfindən təqdim edilmiş müvafiq vergi bəyannamələri üzrə bəyan edilmiş dövriyyə məbləği Baş idarə tərəfindən araşdırılmış və cəmiyyət tərəfindən bəyan edilən dövriyyənin araşdırma ilə müəyyən edilən dövriyyədən az olduğu, mənfəət vergisi və ƏDV bəyannamələri üzrə vergi məbləğinin büdcədən yayındırıldığı müəyyən edilmişdir. Mübahisələndirilən xx.xx.2020-ci il tarixli **********846200 saylı inzibati akt xx.xx.2020-ci il tarixində vergi ödəyicisinə elektron qaydada göndərilmişdir. İddiaçı tərəfindən mübahisələndirilən inzibati akt xx.xx.2020-ci il tarixində oxunmasına baxmayaraq, qanunvericiliklə müəyyən edilmiş müddət ötürülməklə mübahisələndirilmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında cavabdeh tərəf apelyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iddiaçı tərəf apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya Məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********845500 nömrəli qərarından görünür ki, vergi ödəyicisi ”Səhhət-M” MMC, VÖEN **********, təqdim edilmiş bəyannamə, hesabat üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi və ya sığorta haqqı 29.014,26 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 37.603,86 manat təşkil edir, kameral yoxlama nəticəsində 8.589,60 manat əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği hesablanmışdır. Bəyannamə və hesabat növü – mənfəət vergisi, bəyannamə və hesabat dövrü – 2019-cu il. - İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********846200 nömrəli qərarından görünür ki, vergi ödəyicisi ”Səhhət-M” MMC, VÖEN **********, təqdim edilmiş bəyannamə, hesabat üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi və ya sığorta haqqı 10.955,12 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 57.338,06 manat təşkil edir, kameral yoxlama nəticəsində 46.382,94 manat əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği hesablanmışdır. Bəyannamə və hesabat növü – əlavə dəyər vergisi, bəyannamə və hesabat dövrü – may 2020-ci il. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 noyabr 2021-ci il tarixli 9/7379 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqi hissəsində göstərilənlərə və iş materiallarına əsasən müəssisə tərəfindən aparılmış əməliyyatlara görə vergi orqanı tərəfindən 22 iyul 2020-ci il tarixli, **********845500 saylı və 22 iyul 2020ci il tarixli, **********846200 saylı qərarlarla müvafiq olaraq əlavə hesablanmış 8.589,60 manat məbləğində mənfəət vergisinin və 46.382,94 manat məbləğində ƏDV-nin hesablanmasının düzgünlüyü müəyyən olunmur. Həmçinin qeyd edilir ki, İddiaçı1 MMCnin 22 iyul 2020-ci il tarixli, **********845500 saylı və 22 iyul 2020-ci il tarixli, **********846200 saylı qərarlarla aparılan hesablamaların əhatə etdiyi dövrlər üzrə bəyan etdiyi vergi məbləğləri ilə təqdim edilmiş iş materiallarında olan sənədlər arasında fərq müəyyən olunmur. Aparılmış tədqiqatın dəyəri 145 manat təşkil edir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşin faktiki hallarından görünür ki, cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən aparılmış kameral yoxlama nəticəsində iddiaçı ”Səhhət-M” MMC-yə 2019-cu il bəyannamə və hesabat dövrü üzrə 8.589,60 manat əlavə vergi məbləği hesablanmışdır, bununla əlaqədar olaraq cavabdeh tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********845500 nömrəli qərar qəbul edilmişdir. Eyni zamanda cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən aparılmış kameral yoxlama nəticəsində iddiaçı ”Səhhət-M” MMC-yə 2020-ci ilin may ayı bəyannamə və hesabat dövrü üzrə 46.382,94 manat əlavə vergi məbləği hesablanmışdır, bununla əlaqədar olaraq cavabdeh tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********846200 nömrəli qərar qəbul edilmişdir. Hazırda iddiaçı MMC vergi orqanının xx.xx.2020-ci il tarixli **********845500 saylı və xx.xx.2020-ci il tarixli, **********846200 saylı qərarların ləğv edilməsini xahiş edir. AR Konstitusiyasının 73-cü maddəsinin ikinci bəndinə əsasən, heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur; Həmin Məcəllənin 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludurlar; Apelyasiya şikayətinin məzmunundan göründüyü kimi, cavabdeh orqan inzibati aktda mübahisəli məbləğin hesablanmasına dair mövqeyini onunla əsaslandırır ki, araşdırma aparılaraq, cəmiyyət tərəfindən bəyan edilən dövriyyənin araşdırma ilə müəyyən edilən dövriyyədən az olduğu, mənfəət vergisi və ƏDV bəyannamələri üzrə vergi məbləğinin büdcədən yayındırıldığı müəyyən edilmişdir. AR İPM-nin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Belə olan halda vergi orqanının dövlət büdcəsinə ödənilməli olan vergi borcunun məbləğini məhz hansı sübutlara əsasən hesablamasını təsdiq edən sübutları cavabdeh vergi orqanı təqdim etməlidir. İş materialları və apelyasiya şikayətinin məzmunundan, həmçinin tərəflərin izahatlarından da aydın olmuşdur ki, cavabdeh orqan iddiaçı MMC barəsində mübahisələndirilən vergi qərarlarına uyğun vergi məbləğlərini müəyyən edərkən, müvafiq araşdırmalarına əsaslandırmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.-1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. Sadalananlardan da göründüyü kimi, vergi orqanı tərəfindən vergilərin hesablanması zamanı mütləq şəkildə mənbəyi bəlli olan rəsmi məlumatlara və ya sənədlərə əsaslanılmalıdır. İşə materiallarından isə inzibati orqanın iddiaçı MMC tərəfindən vergidən yayınma hallarına yol verilməsi nəticəsinə gələrkən və müvafiq vergi məbləğlərini hesablayarkən qanunla nəzərdə tutulmuş hər hansı tədbiri görməsi (xronometraj keçirilməsi və s.) müəyyən edilməmiş, cavabdeh tərəfin nümayəndəsi isə izahatında digər oxşar MMC-lərin maliyyə dövriyyəsi göstəricilərinə əsaslanılaraq araşdırma aparıldığını bildirmişdir. Digər tərəfdən, işdən aydın olur ki, mübahisələndirilən vergi qərarları qəbul edilərkən "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli rəyə əsaslanılmışdır. AR Vergi Məcəlləsinin 14.1-ci maddəsinə əsasən aşağıdakı hallarda bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması həyata keçirilə bilər: 14.3.1. Barter (mal mübadiləsi), idxal-ixrac əməliyyatları aparıldıqda; 14.3.2. təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə; 14.3.3. 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi, bu Məcəllənin 14.6.1-ci maddəsinin tələbləri, o cümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş təbii itki normaları daxilində zayolmadan əmələgələn itkilər nəzərə alınmaqla, bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən topdansatış ticarət fəaliyyəti sahəsində 10 faizdən, tikinti və istehsal fəaliyyəti sahəsində 20 faizdən, digər fəaliyyət sahələrində 30 faizdən çox (aşağı və yuxarı) fərqləndikdə; 14.3.4. müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda; Sadalananlardan göründüyü kimi, vergilərin hesablanması zamanı bazar qiymətinin tətbiq olunma halları konkret olaraq qanunvericilikdə göstərilmişdir ki, həmin halın yaranması ilə bağlı iş materiallarında hər hansı bir sənəd və ya məlumat öz əksini tapmamışdır. Digər tərəfdən cavabdeh orqan tərəfindən qeyd edilən vergi borcunun hesablanması əsasına dair hər hansı mötəbər sübut da məhkəməyə təqdim edilməmiş, apelyasiya şikayətinə əlavə edilməmişdir. Eyni zamanda, iş üzrə 9/7379 saylı ekspert rəyinə əsasən iddiaçı tərəfindən aparılmış əməliyyatlara görə vergi orqanı tərəfindən 22 iyul 2020-ci il tarixli, **********845500 saylı və 22 iyul 2020-ci il tarixli, **********846200 saylı qərarlarla müvafiq olaraq əlavə hesablanmış 8.589,60 manat məbləğində mənfəət vergisinin və 46.382,94 manat məbləğində əlavə dəyər vergisinin hesablanmasının düzgünlüyü müəyyən olunmamış, həmçinin iddiaçının 22 iyul 2020-ci il tarixli, **********845500 saylı və 22 iyul 2020-ci il tarixli, **********846200 saylı qərarlarla aparılan hesablamaların əhatə etdiyi dövrlər üzrə bəyan etdiyi vergi məbləğləri ilə təqdim edilmiş iş materiallarında olan sənədlər arasında fərq müəyyən olunmamışdır. Göründüyü kimi, mübahisələndirilən qərarlara əsasən mənfəət vergisinin və əlavə dəyər vergisinin düzgün hesablanmadığı müəyyən edilmiş, iddiaçının həmin qərarlarla aparılan hesablamaların əhatə etdiyi dövrlər üzrə bəyan etdiyi vergi məbləğləri ilə təqdim edilmiş iş materiallarında olan sənədlər arasında fərq müəyyən olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən ekspert rəyi düzgün olaraq mötəbər sübut qismində qəbul edilmişdir. Cavabdeh vergi orqanı isə apelyasiya şikayətində həmin rəylə razılaşmadığını qeyd etsə də, onun mötəbərliyini şübhə altına alan hər hansı sübut təqdim etməmişdir. AR Vergi Məcəlləsinin 53.3-cü maddəsinə müvafiq olaraq vergi ödəyicisi vergi qanunericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir, vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi dəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan aldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqın-da” xx.xx.2003-cü il tarixli 5 saylı Qərarı ilə məhkəmələrə izah olunmuşdur ki, Vergi Məcəlləsinin 3.11 -ci maddəsinə əsasən vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydın olmayan, vergi orqanı tərəfindən aydınlaşdırılması mümkün olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. Hazırki mübahisə üzrə vergi orqanı tərəfindən iddiaçı MMC tərəfdən vergidən yayınma hallarına həqiqətən yol verilmiş olması faktı öz təsdiqini tapmır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 61.1-ci maddəsinə əsasən, yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.4-cü maddəsinə müvafiq olaraq inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olumuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Həmin Qanunun 67.1-ci maddəsinə görə, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə uyğun olaraq qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsəsən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Qeyd edilən qanunvericilik normalarının tələblərindən də aydın göründüyü kimi, rəsmi və mötəbər hesab edilə bilən məlumatlar əsasında qəbul edilməmiş və lazımi qaydada əsaslandırılmamış inzibati akt qanunsuz əlverişsiz akt kimi qiymətləndirilir. AR Vergi Məcəlləsinin 49.5-ci maddəsinə əsasən, vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Son olaraq apelyasiya şikayətində cavabdeh tərəf xx.xx.2020-ci il tarixli **********846200 saylı inzibati akt xx.xx.2020-ci il tarixli aktın mübahisələndirilməsi üçün müddətin buraxılmış olmasını bildirmiş, mövqeyini müvafiq qərarın iddiçıya xx.xx.2020-ci il tarixində elektron qaydada təqdim edilməsi ilə əsaslandırmışdır. Kollegiya bildirir ki, cavabdeh orqanın bu münasibətdə birinci instansiya məhkəməsi haqlı olaraq vurğulamışdır ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddia ərizəsinin tələb hissəsində texniki yanlışlıq nəticəsində cavabdehin xx.xx.2020-ci il tarixli **********845500 saylı və xx.xx.2020-ci il tarixli, **********198717 saylı qərarlarının ləğv edilməsini göstərmişdir. Belə ki, iddia ərizəsinin məzmunundan və iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixli **********845500 saylı və xx.xx.2020-ci il tarixli, **********846200 saylı qərarları mübahisələndirir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, qeyd edilən texniki yalnışlığı aradan qaldırmışdır. Ona görə də bu, texniki yanlışlıq hesab edilməli və həmin texniki yanlışlığın aradan qaldırılması və bununla əlaqədar iddia tələbinin dəqiqləşdirilməsi həmin qərarların mübahisələndirilməsi üçün iddiaçı tərəfindən müddətin ötürülməsi kimi qiymətləndirilməməlidir. Beləliklə, yuxarıda sadalananlarla məcmu halda qiymət verən məhkəmə kollegiyası hesab edir ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Departamentinin Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020ci il tarixli **********845500 nömrəli və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********846200 nömrəli qərarları əsassız olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-311/2022 saylı, 10 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar