Məhkəmə qərarları › İş №2-1(103)-2638/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2638/2022

02.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2638/2022 02.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil Əlisəddin oğlu, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxs X2) “torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-259/2022 saylı, 19 aprel 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Əzizbəyov rayon icra hakimiyyəti Başçısının 26 iyul 1994-cü il tarixli 646/1 saylı sərəncamı ilə Bakı şəhəri Buzovna qəsəbəsi 210 saylı sahədə fərdi mənzil tikintisi üçün ayrılmış 1200 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-259/2022 saylı, 19 aprel 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının 26 iyul 1994-cü il tarixli 646/1 saylı sərəncamı ilə Bakı şəhəri Buzovna qəsəbəsi 210 saylı sahədə fərdi mənzil tikintisi üçün ayrılmış 1200 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Apelyasiya şikayətinin dəlilləri, tərəflərin izahatları: Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparılan araşdırmalar zamanı müəyyən olmuşdur ki, müvafiq torpaq sahəsi bağlar massivində yerləşir və 43, 44 saylı bağ sahələrinin bir hissəsi ilə üst-üstə düşür. Qeyd olunan ərazidə yerləşən bağ sahələri, bağların bölgüsünə dair sxematik xəritəyə əsasən və sənəd üzrə sahə ölçüləri nəzərə alınmadan hasarlandığı üçün mövcud vəziyyətdə şəxs tərəfindən istifadə edilən torpaq sahəsi nömrə ardıcıllığına görə 43 və 44 saylı bağların yerinə uyğun gəlir. 1 saylı Bakı Ərazi İdarəsinin mövcud arxiv məlumatlarına əsasən 5 nömrəli BTK nəzdində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 0.12 hektar torpaq sahəsi olan 43 saylı bağ sahəsi order əsasında X4 ayrılmışdır. X3 vəfatından sonra sözügedən bağ sahəsi ailə üzvlərinin notarial qaydada təsdiq edilmiş razılıq ərizilərinə əsasən X5 və İstismarı Birliyinin 149 nömrəli protokolu ilə X1 adına keçirilmişdir. Lakin, X1 adına order arxiv qovluğunda aşkar olunmamışdır. Həmçinin bildiririk ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 44 saylı bağ sahəsinə dair sənəd İdarənin arxivində aşkar edilməmişdir. Apelyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Kollegiya iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Kollegiya işə çağırılan tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya Məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. İş materiallarında olan: - Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 646/1 nömrəli sərəncamından görünür ki, Buzovna qəsəbəsi, R.Axundov küçəsi, 48 nömrəli evdə yaşayan İddiaçı Buzovna qəsəbəsində 210 nömrəli sahədə fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. - DƏDRX-nin Bakı şəhər ərazi idarəsinin iddiaçıya ünvanladığı xx.xx.2014-cü il tarixli cavab məktubu ilə bildirilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən torpaq sahəsinə aid plan və ölçünün tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsinə dair ********** nömrəli, xx.xx.2014-cü il tarixli ərizəyə və əlavə edilmiş sənədlərə baxılmışdır. Yoxlama-ölçü işlərinin aparılması ilə əlaqədar mütəxəssislər ünvanda olarkən məlum olmuşdur ki, ayrılmış torpaq sahəsi fərdi yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulmayıb və sxematik xəritəyə əsasən torpaq sahəsi 43 saylı bağın ərazisində (bağlar massivində) yerləşir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. - DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsinin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli cavab məktubu ilə bildirilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 210 saylı sahədə yerləşən torpaq sahəsinə aid dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı ********** nömrəli, 24 09.2019-cu il tarixli poçt vasitəsi ilə daxil olmuş ərizəyə baxılmışdır. Ərizəyə əlavə olunmuş sənədlər surətdir. Ərizə ilə bağlı torpaq sahəsinə təkrar baxış keçirilmişdir, lakin Xəzər rayonu, Buzovna qəsəbəsi, 210 saylı sahədə yerləşən torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2014-cü ıl tarixdə, **********65 nömrəli məktubla cavab verilmiş və həmin cavab məktubunda qeyd olunan iradlar aradan qaldırılmamışdır Həmçinin təqdim edilmiş Əzizbəyov rayon İHB-ın 646/1 saylı, xx.xx.1994-cü il tarixli sərəncamda və yerləşmə cizgisində fiziki şəxsin ata adı düzgün qeyd edilməmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. - DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsinin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli cavab məktubu ilə bildirilmişdir ki, ünvan ünvanda yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2020-ci il tarixli ********** nömrəli ərizəyə baxılmışdır. Müraciətlə əlaqədar olaraq bildirilmişdir ki, göstərilən sahə sxematik xəritəyə əsasən 44 saylı bağın ərazisində yerləşdiyindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlərin əsillərinin (icarə müqaviləsi, order, üzvülük kitabçası və ya protokoldan çıxarış və icarədar dünyasını dəyişdiyi təqdirdə vərəsəlik işinin açılması ilə əlaqədar notariusdan məktubu ) təqdim edilməsi məqsədəmüvafiqdir. - DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Bakı şəhər, Xəzər rayonu, Buzovna bağ massivində yerləşən 44 saylı bağ sahəsinə dair sənəd İdarənin arxivində aşkar edilməmişdir. - DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsinin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli eyniməzmunlu məktublarında bildirilmişdir ki, qeyd olunan ərazidə yerləşən bağ sahələri, bağların bölgüsünə dair sxematik xəritəyə əsasən və sənəd üzrə sahə ölçüləri nəzərə alınmadan hasarlandığı üçün mövcud vəziyyətdə şəxs tərəfindən istifadə edilən torpaq sahəsi nömrə ardıcıllığına görə 43 və 44 saylı bağların yerinə uyğun gəlir. 5 nömrəli BTK nəzdində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 0.12 hektar torpaq sahəsi olan 43 saylı bağ sahəsi order əsasında X4 ayrılmışdır. X3 vəfatından sonra sözügedən bağ sahəsi ailə üzvlərinin notarial qaydada təsdiq edilmiş razılıq ərizilərinə əsasən X5 və İstismarı Birliyinin 149 nömrəli protokolu ilə X1 adına keçirilmişdir. Lakin, X1 adına order arxiv qovluğunda aşkar olunmamışdır. Həmçinin Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 44 saylı bağ sahəsinə dair sənəd İdarənin arxivində aşkar edilməmişdir. - DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsinin məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən torpaq sahəsi mişar daş hasar daxilindədir. Bir tərəf dalan, üç tərəf yoldur. Üzərində tikili mövcud deyil. Məktuba Xəzər (Əzizbəyov) rayon İcra Hakimiyyəti Başçısının 646/1 saylı, xx.xx.1994-cü il tarixli Sərəncamı ilə İddiaçı ayrılmış Xəzər (Əzizbəyov) rayonu, Buzovna qəsəbəsində 210 saylı sahədə yerləşən 08 yanvar 2014-cü il tarixdə X10 Kitabında 37095 saylı nömrə ilə uçota alınmış 1200 kv.m torpaq sahəsinin texniki parametrlərini (yerləşmə mövqeyi, ölçüsü, sahəsi və.s) əks etdirən A№489097 saylı, xx.xx.2014-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əlavə edilmişdir. - “X9 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilmiş 52 nömrəli xx.xx.2021-ci il tarixli mütəxəssis rəyinin nəticə hissəsindən görünür ki, Əzizbəyov (Xəzər) rayonu, Buzovna qəsəbəsində 210 saylı sahədə fərdi ev tikmək çün 1200 kv.m torpaq sahəsinin təyinatı yaşayış məntəqəsinin torpaqlarına aiddir, konfiqurasiyası naturaya uyğundur, koordinatları sənəd üzrə və faktiki naturada yerləşmə vəziyyətinə uyğundur, daş hasarla əhatəyə alınmışdır. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi ilə yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Hazırki inzibati mübahisə üzrə iddiaçının tələbi ona Bakı şəhəri Əzizbəyov rayon icra hakimiyyəti Başçısının 26 iyul 1994-cü il tarixli 646/1 saylı sərəncamı ilə Bakı şəhəri Buzovna qəsəbəsi 210 saylı sahədə fərdi mənzil tikintisi üçün ayrılmış 1200 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin qoyulmasından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Torpaq islahatı haqqında Qanun”:

9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

10. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qeyd edilən qanun normalarından da göründüyü kimi, qanunverici “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan sənədlərdən hər hansı birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət hesab edir. Hazırkı işin hallarından isə görünür ki, Bakı şəhər Əzizbəyov rayon icra hakimiyyəti Başçısının 26 iyul 1994-cü il tarixli 646/1 saylı sərəncamı ilə iddiaçıya Buzovna qəsəbəsində 210 saylı sahədə fərdi ev tikmək üçün 1200 kv m. torpaq sahəsi ayrılmış, torpaq sahəsinin tərtib edilmiş plan və ölçüsü 08 yanvar 2014-cü il tarixdə X10 Kitabında 37095 saylı nömrə ilə uçota alınmış və AN 489097 saylı şəhadətnamə verilmiş, həmin şəhadətnamə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən tərtib və təsdiq edilməklə torpaq sahəsinin planı, torpağın əsas döngə nöqtələri, koordinatları verilmiş, qonşu sərhədləri göstərilmiş, xx.xx.2013-cü il tarixdə iddiaçının müraciətinə əsasən Xəzər rayon İcra Hakimiyyəti Başçısının məktubu ilə torpaq sahəsinin cizgisi və xəritədən çıxarışı təsdiq edilmişdir. İddiaçı torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün sözügedən maddədə təsbit olunan əsaslardan biri kimi torpaq sahəsinin onun istifadəsinə verilməsinə dair Bakı şəhər Əzizbəyov rayon icra hakimiyyəti Başçısının 26 iyul 1994-cü il tarixli 646/1 saylı sərəncamını və həmin sərəncam əsasında əldə etdiyi digər hüuq müəyyənedici sənədləri (plan-ölçü, şəhadətnamə və s.) cavabdehə təqdim etmiş, lakin inzibati orqan inzibati icraat başlamaq əvəzinə heç bir araşdırma aparmadan ərizəni təmin etməmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Cavabdeh apelyasiya şikayətinin birinci dəlili kimi qeyd etmişdir ki, ərazidə yerləşən bağ sahələri, bağların bölgüsünə dair sxematik xəritəyə əsasən və sənəd üzrə sahə ölçüləri nəzərə alınmadan hasarlandığı üçün mövcud vəziyyətdə şəxs tərəfindən istifadə edilən torpaq sahəsi bağlar massivində yerləşir və 43, 44 saylı bağ sahələrinin bir hissəsi ilə üst-üstə düşür. Kollegiya cavabdeh inzibati orqanın dəlilini əsassız hesab edir və bildirir ki, cavabdehin istinad etdiyi, iş materiallarına əlavə edilmiş sözügedən sxematik xəritə bağ sahələrinin yerləşdiyi istiqamət, tutduğu yer və ölçüləri barədə müvafiq ərazilər üzrə inzibati orqanın müvafiq mütəxəssisi tərəfindən tərtib edilmiş və fərdi istifadə üçün nəzərədə tutulmuş xəritələrdir. Həmin xəritələr xüsusi qaydada deyil, yalnız mütəxəssis tərəfindən əl ilə hazırlanmaqla, qanunla müəyyən edilmiş səlahiyyət əsasında təsdiq edilmədiyindən mötəbər sübut qismində qiymətləndirilə bilməz. Digər tərəfdən, faktiki vəziyyətlə sxematik xəritə arasında uyğunsuzluqlar olsa belə, bu uyğunsuzluğun aradan qaldırılması cavabdehin səlahiyyətlərinə aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 oktyabr tarixli, 171 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin 1.2-ci bəndinə əsasən, mərzçəkmə işləri Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Torpaq islahatı haqqında”, “X10ı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”yə, “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”na, “Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”yə, bu Qaydalara və digər normativ hüquqi aktlara müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən, torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda; torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda, fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda yerdə mərz nişanları və torpaq sahələrinə aid olan tanınma nişanları itirildikdə mərzçəkmə işləri aparılır. Digər tərəfdən, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.23 və 3.0.29-cu bəndlərinə əsasən, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifələrindədir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Göründüyü kimi, iddiaçının istifadəsindəki torpağın dövlət qeydiyyatına alınmasının yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək və sərhədlərini mərzçəkmə qaydasında müəyyən etmək cavabdehin vəzifəsidir. Cavabdehin şikayətinin digər dəlili isə ondan ibarət olmuşdur ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 0.12 hektar torpaq sahəsi olan 43 saylı bağ sahəsi order əsasında X4 ayrılmışdır. İş materiallarından müəyyən olunur ki, X3 vəfatından sonra sözügedən bağ sahəsi ailə üzvlərinin notarial qaydada təsdiq edilmiş razılıq ərizilərinə əsasən X5 və İstismarı Birliyinin 149 nömrəli protokolu ilə X1 adına keçirilmişdir. Lakin, iş materiallarından, həmçinin cavabdehin apelyasiya şikayətindən də aydın olur ki, X1 adına order arxiv qovluğunda aşkar olunmamış, həmçinin, 44 saylı bağ sahəsinə dair hər hansı sənəd də İdarənin arxivində aşkar edilməmişdir. AR İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Kollegiya qeyd edir ki, cavabdeh orqan iddiaçının müraciətinə verilən imtina cavabını yuxarıda qeyd edilən uyğunsuzluqla əsaslandırsa da, həmin uyğunsuzluğun faktiki mövcudluğunu sübut edən hər hansı dəlili məhkəməyə təqdim etməmişdir. Həmçinin iş materiallarında olan, məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının 646/1 saylı, xx.xx.1994-cü il tarixli Sərəncamı ilə iddiaçıya ayrılmış Xəzər (Əzizbəyov) rayonu, Buzovna qəsəbəsində 210 saylı sahədə yerləşən 1200 kv.m torpaq sahəsinin yaşayış məntəqələri təyinatlı torpaq olduğu, həmin torpaq sahəsinin texniki parametrlərinin (yerləşmə mövqeyi, ölçüsü, sahəsi və.s) A№489097 saylı, xx.xx.2014-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə uyğun olduğu, 5 nömrəli BTK nəzdində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 0,12 hektar torpaq sahəsi olan 43 və 44 saylı bağ sahələrinin faktiki yerini və koordinatlarını dəqiqliklə naturada müəyyən etmək mümkün olmadığından həmin bağ sahələrinin iddiaçıya ayrılmış torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsinin mümkün olmadıgı, eyni zamanda baxış zamanı təqdim olunmuş iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin 1200 kv.m təşkil etməklə mişar daşı ilə hasarlanaraq faktiki vəziyyətdə hər hansı üst-üstə düşmə halının mövcud olmadığı müəyyən edilmişdir. İşin sadalanan hallarını nəzərə alaraq cavabdehin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, T Bakı şəhər Əzizbəyov rayon icra hakimiyyəti Başçısının 26 iyul 1994-cü il tarixli 646/1 saylı sərəncamını iİddiaçı torpaq sahəsinə dair hüquqlarının qeydiyyata alınmasına qanuni əsasdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırki mübahisə üzrə işin yuxarıda sadalanan hallarından göründüyü kimi, İddiaçı Bakı şəhəri Buzovna qəsəbəsi 210 saylı sahədə fərdi mənzil tikintisi üçün ayrılmış 1200 kv.m torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatına alınmasına əsas olan sənəd mövcud olduğu halda cavabdeh əsassız bəhanələr gətirərək torpaq sahəsinə dair rəsmiləşdirmə işləri aparılmasından imtina etmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Yuxarıda sadalananlara əsasən, kollegiya qeyd edir ki, iddiaçının müraciətinin təmin edilməsindən cavabdehin imtinası qanunsuz və əsassızdır, iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Apelyasiya şikayətinin dəlilləri isə əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər; 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. AR İPM-in 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apelyasiya şikayətini əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-259/2022 saylı, 19 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar