Məhkəmə qərarları › İş №2-1(103)-2638/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2638/2023

04.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2638/2023 04.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” bаrədə iddiа tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6440/2023 saylı, 25 aprel 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi (cəmi 30 faiz) həcmində əlavə haqq, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət haqqı, məzuniyyət vaxtı iki aylıq əmək haqqı məbləğində müavinat, müalicə olunmaq üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmaqla əmək pensiyası məbləğinin hesablanması, habelə pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla (10 ilə qədər - 55 faiz, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında) hakim vəzifəsindəki fəaliyyətinin son 24 ay, yəni 21 noyabr 2020 - 21 noyabr 2022-ci illər ərzindəki əmək haqqının orta aylıq məbləğinin 75 faizi miqdarında əlavənin hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinin tələblərinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə ilə müraciət edərək, ona yəni, xx.xx.1957-ci il təvəllüdlü İddiaçı xx.xx.2022-ci il tarixdən hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi (cəmi 30 faiz) həcmində əlavə haqq, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət haqqı, məzuniyyət vaxtı iki aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunmaq üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmaqla əmək pensiyası məbləğinin hesablanması, habelə pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla (10 ilə qədər - 55 faiz, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında) hakim vəzifəsindəki fəaliyyətinin son 24 ayı, yəni 21 noyabr 2020 - 21 noyabr 2022-ci illər ərzindəki əmək haqqının orta aylıq məbləğinin 75 faizi miqdarında əlavənin hesablanması vəzifəsinin cavabdeh - Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1985-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. 1974-cü ilin oktyabr ayının 01-dən 1976-cı ilin oktyabr ayının 28-nə qədər “Bakı Asbostsement və Keramika Məmulatları” Kombinatında köməkçi fəhlə vəzifəsində işləmişdir. 15 noyabr 1976-cı ildən 07 dekabr 1978-ci ilə qədər ordu sıralarında xidmət etmişdir. 1979-cu ilin yanvar ayının 01-dən 1983-cü ilin yanvar ayının 14-nə kimi “Azərelektroterm” İB-də çilingər vəzifəsində işləmişdir. 1983-cü ilin yanvar ayının 14-dən 1984-cü ilin mart ayının 26-na kimi Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində məhkəmə katibi, 1984-cü ilin mart ayının 26-dan 1988-ci ilin iyun ayının 14-nə kimi həmin məhkəmədə dəftərxana müdiri vəzifəsində işləmişdir. 1988-ci ilin iyun ayının 15-dən 2002-ci ili aprel ayının 11-nə kimi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində məhkəmə icraçısı, 2002-ci ili aprel ayının 11-dən 2008-ci ilin avqust ayının 08-nə kimi Bakı şəhəri Nərmanov Rayon Məhkəməsinin məhkəmə icraçısı vəzifəzində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 06 avqust 2008-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi vəzifəsinə təyin edilmiş və 07 avqust 2013cü il tarixədək həmin məhkəmədə hakim işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 07 avqust 2013-cü il tarixli Sərəncamı ilə Lənkəran Rayon Məhkəməsinin hakimi vəzifəsinə təyin edilmiş və 21 noyabr 2022-ci il tarixədək həmin məhkəmədə hakim işləmişdir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasının 21 noyabr 2022ci il tarixli Qərarı ilə hakim vəzifəsində olmanın son yaş həddinə çatdığına görə hakimlik fəaliyyətinə xitam verilmişdir. 2022-ci ilin dekabr ayında müvafiq sənədləri təqdim etməklə cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7.1-20.7.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə əlavə haqq, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı iki aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunmaq üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı, o cümlədən ödənilmiş məzuniyyət haqqı və əmək haqqına ödənilmiş digər əlavələr nəzərə alınmaqla ona əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Cavabdeh 3-17-1/2-1-675612023 №li, 16 yanvar 2023-cü il tarixli məktubla ona hakim kimi əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Cavabdehin məktubunda imtinanın əsası kimi “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 20.7.1, 20.7.2-ci maddələrinə əsasən hakim kimi əmək pensiyası hakim vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edildiyi, hakim kimi iş stajının 15 ildən az (xx.xx.2008 -xx.xx.2022-ci il tarixləri arasındakı dövr), 14 il 03 ay 15 gün olduğundan ona hakim kimi əmək pensiyasının hesablanmasının qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi göstərilmişdir. Cavabdeh ona hakim kimi pensiya təyin edilməsindən imtina etməkdə haqlı olmamışdır, cavabdehin imtinası onun Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndi və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 87.1-ci maddəsinin tələbləri ilə qorunan hüquqlarının pozulması ilə nəticələnmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6440/2023 saylı, 25 aprel 2023-cü il tarixli qərarı ilə (hakim N.Abıyev) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(112)-6440/2023 nömrəli qərarının ləğv edilib, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdeh Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə mərkəzi filialına müraciət edərək xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7.1-20.7.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə əlavə haqq, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı iki aylıq əməkhaqqı məbləğində müavinət, müalicə olunmaq üçün iki aylıq əməkhaqqı məbləğində pul təminatı, o cümlədən ödənilmiş məzuniyyət haqqı və əmək haqqına ödənilmiş digər əlavələr nəzərə alınmaqla hakim kimi əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin Filial tərəfindən xx.xx.2023-cü il tarixli 3-17-1/2-İ-6756/2023 nömrəli məktubda təqdim edilmiş sənədlərə əsasən, hakim kimi əmək stajının 15 ildən az (14 il 3 ay 15 gün (xx.xx.2008-xx.xx.2022)) olduğu bildirilmiş, bu səbəbdən müraciəti müsbət həll etmək mümkün olmamışdır. İş materiallarından görünür ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasının xx.xx.2022-ci il tarixli Qərarı ilə xx.xx.1957-ci il təvəllüdlü İddiaçı hakim vəzifəsində olmanın son yaş həddinə çatdığına görə hakimlik fəaliyyətinə xitam verilmişdir. Onun ümumilikdə hakim kimi sosial sığorta stajı (14 il 3 ay 15 gün (xx.xx.2008-xx.xx.2022) təşkil etmişdir. İddiaçı yaşa görə əmək pensiyası almaq hüququ xx.xx.2022-ci il tarixdə yaranmışdır. Belə ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun xx.xx.2017-ci il tarixədək (qanunun həmin redaksiyasına əsasən əmək pensiyasına əlavələr hakim vəzifəsindəki 5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əmək haqqının 45 faizi miqdarında təyin edilir), yəni hakim vəzifəsinə təyin edildiyi dövrdə qüvvədə olmuş qanunvericiliyə istinad edərək ona pensiya təyin edilməli olduğunu iddia etsə də, yaşa görə əmək pensiyası almaq hüququ xx.xx.2022-ci il tarixdə yarandığından əvvəlki dövrdə qüvvədə olmuş qanunvericiliyə istinad edilməsi qanunamüvafiq hesab edilməməlidir. Bu səbəbdən İddiaçı hakim kimi əmək pensiyasını təyin etmək mümkün olmamışdır. Lakin birinci instansiya məhkəməsi işə baxarkən hüququn yarandığı tarixdə qüvvədə olan qanunvericiliyin normasını əsas götürməmiş, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Nəticə etibarilə həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirmədən əsassız olaraq iddianı təmin etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçıya məxsus AA ******* seriyalı şəxsiyyət vəsiqəsi və şəxsiyyət vəsiqəsi barədə məlumatdan müəyyən olunur ki, iddiaçı xx.xx.1957-ci ildə Füzuli rayonunda doğulmuşdur. İddiaçı məxsus 10 oktyabr 1974-cü ildə doldurulmuş əmək ktabçasının notarial qaydada təsdiq (tərcümə - təsdiq) olunmuş surətindən müəyyən olunur ki, İddiaçı əmək fəaliyyəti dövrü xx.xx.1974-cü ildən xx.xx.2022-ci ilədək olan dövrü əhatə edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş 8/1166 saylı, xx.xx.2022-ci il tarixli arayışdan müəyyən olunur ki, İsayev X2 Rayon Məhkəməsində hakim vəzifəsində işləmiş və onun son 2 illik əmək haqqısı 2021-ci il (12 ay)-2022-ci il (11 ay) illər üzrə cəmi - əsas vəzifə maaşı 33300,28 manat, hakimlik stajına görə 9990,08 manat, xüsusi ödəniş 33300,28 manat, təmsilçiliyə görə əlavə ödəniş 8325,07 manat, müavinət 15520,40 manat, müalicə üçün pul 15520,40 manat, məzuniyyət 5802,60 manat, kompensasiya 6923,08 manat, cəmi 128682,19 manat təşkil edir. Həmçinin, birinci instansiya məhkəməsinin sorğusuna əsasən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təqdim olunmuş 3-16-8/2-308/2023 saylı xx.xx.2023-cü il tarixli arayışdan müəyyən olunur ki, Suraxanı Rayon Məhkəməsinin sabiq hakimi Mütəllim Allahverdi oğlunun xx.xx.2008-ci il tarixdən - xx.xx.2014-cü illər ərzində əmək haqqının məbləği 67940,64 manat (altmış yeddi min doqquz yüz qırx manat 64 qəpik) təşkil etmişdir. - 3-16-8/2-308/2023 saylı xx.xx.2023-cü il tarixli arayışdan müəyyən olunur ki, İsayev X2 Rayon Məhkəməsində hakim vəzifəsində işləmiş və onun xx.xx.2013cü il tarixdən xx.xx.2022-ci il tarixədək əmək haqqı məbləği 330146,61 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialının 3-17-1/3-1-35862/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubunun surətindən müəyyən olunur ki, X1 Sisteminin “Pensiya” Alt Sistemindən əldə edilmiş məlumatlara əsasən İddiaçı (FİN xxxxxxx) xx.xx.2022-ci il tarixdən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının hazırki iddia tələbi ilə bağlı müraciətinə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 3-17-1/2-İ-6756/2023 saylı xx.xx.2023-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 21 dekabr 2022-ci il tarixində daxil olmuş ərizəsinə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7.1, 20.7.2-ci maddələrinə əsasən hakim kimi yaşa görə əmək pensiyası hakim vəzifəsində 15 il və daha yuxarı iş stajı olan şəxsə münasibətdə təyin edilir. Mərkəzi Filiala təqdim olunmuş sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun hakim kimi iş stajı 15 ildən az (14 il 3 ay 15 gün (xx.xx.2008-xx.xx.2022-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Bu səbəbdən də ona hakim kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 20.1.4-cü maddəsinin xx.xx.2017-ci il tarixdən sonra qüvvədə olan redaksiyasına görə, əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş sabiq hakimlərə qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Həmin Qanunun 20.7-ci maddəsinin xx.xx.2017-ci il tarixdən sonra qüvvədə olan redaksiyasına görə, həmin qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.7.1-ci maddəsinə görə, 15 il hakim işləmiş sabiq hakimlərə hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında əlavə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanunun 20.1.4-ci maddəsinin xx.xx.2017-ci il tarixədək güvvədə olmuş redaksiyasına görə, əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək əlilliyi müəyyən edilmiş sabiq hakimlərə qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Həmin Qanunun 20.7-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına görə, 5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla, 10 ildən 15 ilə qədər hakim işləmiş sabiq hakimlərə hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla əlavə hesablanır. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, hazırkı mübahisəyə Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İ hissəsində hakimlərin müstəqilliyi ilə bağlı nəzərdə tutulmuş təminatlar kontekstində baxılmalıdır. Həmin maddədə hakimlərin müstəqilliyinin və ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri təsbit edilmiş, hakimlərin müstəqilliyi ilə bağlı konstitusion təminatlar nəzərdə tutulmuşdur. Belə yanaşma məhkəmə hakimiyyətinin və həmin hakimiyyəti təmsil edən hakimlərin xüsusi statusundan qaynaqlanır. Qeyd etmək lazımdır ki, hakimlərin müstəqilliyinin, bir tərəfdən ədalət mühakiməsinin həyata keçirilməsinin, digər tərəfdən isə həm də dövlət tərəfindən hakimlərə tanınan konstitusiya təminatı olduğu nəzərə alınmalı, hakimlərin sosial müdafiəsi onların müstəqilliyinin ayrılmaz tərkib hissəsi kimi qiymətləndirilməlidir. Nəzərə alınmalıdır ki, hakimlərin maddi və sosial təminatı həm də Konstitusiyada təsbit olunmuş məhkəmə hakimiyyətinin müstəqilliyi baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “O.Gərəkməzlinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati - İqtisadi Kollegiyasının 13 mart 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 25 fevral 2014-cü il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə də, “hakimlərin sosial müdafiəsi onların müstəqilliyinin ayrılmaz mühüm elementi kimi çıxış edir. Hakimlərin statusunun konstitusiya-hüquq xüsusiyyətləri, onların fəaliyyətinin növü və xarakteri nəzərə alınaraq, sabiq hakimin sosial təminatı fəaliyyətdə olan hakimin müstəqilliyinin təminatı hesab olunur. Belə ki, belə tənzimləmə gələcəkdə onların maddi təminatının zəmanəti kimi çıxış edir”. “Hakimlərin Statusuna dair” Avropa Xartiyasının 6.4-cü maddəsinə əsasən müəyyən olunmuş müddət çərçivəsində öz hakimlik vəzifəsini yerinə yetirib, pensiya yaşına çatmış hakimlərə onların axırıncı iş yerlərində hakim kimi aldıqları vəzifə maaşlarına mümkün olduğu miqdarda yaxın olan məbləğdə pensiya təyin olunmasına təminat verilməlidir. Nəzərə alınmalıdır ki, milli hüquqda və beynəlxalq-hüquqi aktlarda hakimlərin sosial müdafiəsi, o cümlədən pensiya təminatı ilə bağlı nəzərdə tutulmuş normalar onların müstəqilliyinin və qərəzsizliyinin qorunması, gələcəkdə onların layiqli və uyğun maddi təminatının zəmanətə alınması məqsədlərinə xidmət edir. Belə ki, hakim hələ işlədiyi dövrdə gələcəkdə sosial müdafiəsinin daha üstün təminatlar əsasında həyata keçiriləcəyinə əmin olmalıdır. Hazırkı mübahisəyə münasibətdə “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin müddəaları da məhz bu prizmadan, yəni Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsində,127-ci maddəsinin İ və İİ hissələrində, 128-ci maddəsinin İ və İİ hissələrində, habelə beynəlxalq hüquqi aktlarda hakimlərin hüquqi statusu və onların müstəqilliyi ilə bağlı nəzərdə tutulmuş təminatlar baxımından təfsir olunmalıdır. Nəzərə almaq lazımdır ki, yuxarıda qeyd olunan konstitusion-hüquqi dəyərlər şəxsin hakim vəzifəsində işlədiyi dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını nəzərdə tutan qanunvericilik müddəalarının tətbiqini şərtləndirir və zəruri edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü və “Əmək pensiyaları haqqında” Qanunun Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair” 18 iyul 2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, hakimlərin səlahiyyət müddətində mövcud olmuş və tədricən dəyişdirilmiş hakimlər üçün daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 149-cı maddəsinin Vİİ hissəsinin müddəaları nəzərə alınmaqla mövcud qanunvericiliyin dəyişdirilməsindən asılı olmayaraq qüvvəsini saxlamalıdır. Nəzərə almaq lazımdır ki, şəxsin hakim vəzifəsində işlədiyi dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəalarının tətbiqi pensiya qanunvericiliyində sonradan həyata keçiriləcək dəyişikliklərin hakimlərin sosial müdafiəsinə, o cümlədən pensiya təminatına neqativ təsirini Azərbaycan Respublikası Konstitusiyasının 149-cı maddəsinə əsasən neytrallaşdırmaq və bunun üzərindən hakimlərin hüquqi təhlükəsizliyini təmin etmək məqsədlərinə xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Rüspublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, şəxsin əmək pesiyasının hesablanması və ya yenidən hesablanması zamanı həmin şəxsin “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq pensiya təyin ediləndən əvvəl) əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) aldığı və “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta haqqı ödədiyi vəsaitlər nəzərə alınır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.2008-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hakim işləmiş, hakim stajı 14 il 3 ay 15 gün təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliyin qüvvəyə mindiyi xx.xx.2017-ci il tarixdə iddiaçının hakim kimi (9 ilə yaxın) stajı (sonradan) ona pensiya təyini üçün imkan verirdi. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 106-cı maddəsinə əsasən hakimlərin aşağıdakı məbləğdə aylıq vəzifə maaşları müəyyən edilir və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir. Hakimlik stajının hər 5 ilinə görə, həmçinin elmi dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir. Hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçilərinin prokurorluq orqanlarındakı xidmətinin hər 5 ilinə görə eyni həcmdə əlavə haqq verilir. Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı verilir (12 iyul 2019-cu il tarixə olan redaksiyada). Həmin Qanunun 107-ci maddəsinə əsasən hakimlərə məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqı və iki aylıq əmək haqqı məbləğində müavinət verilir (xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş 08 iyul 2022-ci il tarixədək olan redaksiyasında). Həmin Qanunun 109-cu maddəsinə görə hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilir (xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş 08 iyul 2022-ci il tarixədək olan redaksiyasında). Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçı xx.xx.2022-ci il tarixədək hakim vəzifəsində işlədiyi üçün “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 106, 107 və 109-cu maddələrində qeyd olunan əlavələr ona ödənilmişdir. Qanunvericiliyin qeyd olunan tələblərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əmək pensiyasının yenidən hesablanmasından və əmək pensiyasına əlavənin hesablanmasından cavabdehin imtinası qanunazidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, yuxarıda qeyd edilənlər və eləcə də “qazanılmış hüquq” (qanuni gözlənti və hüquqi müəyyənlik prinsipləri) konsepsiyası nəzərə alınaraq “Əmək pensiyaları haqqında” Qanunun Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci ilədək qüvvədə olmuş normalarının tətbiq edilməli olduğu və iddiaçıya təyin olunmuş yaşa görə əmək pensiyasının onun işlədiyi dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən yenidən hesablanmalı olduğu barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti iddiaçıya verilən imtina ilə eyni məzmunda əsaslandırılmışdır. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, həmin dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6440/2023 saylı, 25 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar