Məhkəmə qərarları › İş №2-1(103)-264/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-264/2023

09.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-264/2023 09.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X3 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6921/2022 saylı, 23 iyun 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13 il 3 ay güzəştli şərtlərlə işlədiyini nəzərə alaraq əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 55 yaşının tamam olduğu xx.xx.2020-ci tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1983-cü il tarixdə “Sənayeqalantereya” istehsalat Birliyində dəzgahda toxucu (xırda mallar) şagirdi kimi işə qəbul olunmuş, xx.xx.1984-cü il tarixdə dəzgahda toxucu vəzifəsinə 3-cü dərəcəli işçi, xx.xx.1984-cü il tarixdə dəzgahda toxucu (iri mallar) sexinə işçi, xx.xx.1984-cü il tarixdə dəzgahda toxucu (iri mallar) sexinə 3-cü dərəcəli işçi, xx.xx.1985-ci il tarixdə toxucu, xx.xx.1989-cü il tarixdə həmin fabrikin nəzdində parça qalantereya fabrikində toxucu işləmiş, xx.xx.1989-cu il tarixdə parça qalantereya fabrikinin adı dəyişdirilərək "xxxx" kimi qeydə alınmış və həmin idarədə 3-cü dərəcəli işçi kimi işini davam etdirmişdir. xx.xx.1992ci il tarixdə "xxxx" kimi qeydiyyata alınmış idarənin adı dəyişdirilərək “Kismət” kimi qeydiyyata alınmışdır. xx.xx.1992-ci il tarixdə “Kismət” idarəsində 4-cü dərəcəli işçi vəzifəsinə keçirilmiş, xx.xx.1997-ci il tarixdə öz arzusu ilə işdən azad olunmuşdur. Cavabdehə güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün müraciət etsə də, cavabin imtina məktubu ilə bildirmişdir ki, güzəştli iş stajı 10 ildən az (7 il 2 ay 16 gün) təşkil edir, arxiv arayışından da, göründüyü kimi 1991-ci il sentyabr ayından Azərbaycan Kommunist Partiyasının fəaliyyəti dayandırıldıqdan sonra sənədlər aidiyyəti üzrə arxivə təhvil verilmədiyindən əmək fəaliyyətinin davamı barədə məlumat vermək qeyrimümkündür. İddiaçıya aid sənədlər arxivə verilmədiyi üçün hazırda güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququndan məhrum olmuşdur. Lakin iddiaçı öz işlədiyi sahədə yenə də işləmişdir. Odur ki, xx.xx.1983-cü il tarixdən xx.xx.1997-ci il tarixə kimi öz peşə fəaliyyəti ilə məşğul olduğundan iddiaçının güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün 13 il 3 ay stajı vardır. Cavabdeh iddiaya etirazda göstərmişdir ki, iddiaçı qanunla tələb edilən 20 il ümumi sosial sığorta stajına malik deyildir. Belə ki, xx.xx.1983 - xx.xx.1985 və xx.xx.1985 xx.xx.1992-ci illər ərzində iddiaçının işlədiyi dövr onun ümumi sosial sığorta stajına daxil edilməlidir. İddiaçının sözügedən illər ərzində ümumilikdə 07 il 08 ay 25 gün sosial sığorta stajı vardır. Həmçinin, AR Prezidentinin İşlər İdarəsi X4 xx.xx.2020-ci il tarixli 161 №-li arayışında qeyd edilmişdir ki, xx.xx.1991-ci il tarixdən AR Kommunist Partiyasının fəaliyyəti dayandırıldıqdan sonra sənədlər arxivə təhvil verilməmişdir və həmin illərin sosial sığorta stajına daxil edilməsi qanunaziddir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 26-cı bəndinin “yüngül sənayesi”nin 1-ci hissəsində “toxuculuq” peşəsi nəzərdə tutulmuşdur. İşin mübahisələndirilən ikinci halı ilə bağlı qeyd edilməlidir ki, göründüyü kimi iddiaçının güzəştli sosial sığorta stajını 07 il 02 ay 16 gün təşkil edir. İddiaçı 1983 - 1991-ci illər ərzində işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yasa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulan vəzifəyə aid olduğunu iddia etsə də, 175 №li Qaydalarda nəzərdə tutulan arayışı təqdim etməmişdir. Belə olan halda sözügedən illərin güzəştli sosial sığorta stajına daxil edilməsi qanunamüvafiq deyildir. İşin mübahisələndirilən üçüncü halı ilə bağlı qeyd edilməlidir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən asadı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə hazırda 53040,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı bu günə cəmi 6289,59 manat təşkil edir. Qeyd edilən qanunvericilik normalarının tələbləri və isin faktiki halları nəzərə alınaraq qeyd edilməlidir ki, iddiaçının “Əmək pensiyaları haqqında” AR Qanunun 9.1-ci maddəsinin tələblərinə müvafiq olaraq güzəştli şərtlərlə yasa görə əmək pensiyası hüququ yarandığı tarixdə qanunla ona əmək pensiyası təyin edilməsi üçün tələb edilən 25 il ümumi, 12 il 06 ay güzəştli sosial sığorta stajına və fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalına malik olmadığından iddia tələbi təmin edilməməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6921/2022 saylı, 23 iyun 2022-ci il tarixli qərarı ilə (hakim M.Qarayeva) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, işəgötürənin güzəştli arayışı iddiaçı tərəfindən təqdim edilmədiyindən, əmək kitabçasında olan qeydlərin yoxlanılması isə müəssisələrin VÖEN-ni barədə məlumat olmadığından mümkün olmadıgından, qanunvericiliklə tələb olunan 10 il güzəştli iş stajından azdır. Həmin illərin həm də iddiaçının ümumi sosial sığorta stajına daxil edilməklə də ümumilikdə 07 il 08 ay 25 gün sosial sığorta stajı toplanır ki, bu da qanunvericiliklə tələb olunan 20 il ümumi iş stajından azdır. Güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olması üçün 4 şərtdən biri – kapital tələbi ödənilmədiyindən məhkəmə iddiaçının güzəştli və ümumi stajının toplaması istiqamətində əlavə araşdırma aparılmasını prosessual qənaət prinsipinə əsaslanaraq zəruri saymır. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə tərəfindən iş stajı düzgün hesablanmamışdır. Belə ki, əmək kitabçasına əsasən xx.xx.1983-cü il tarixdən xx.xx.1997-ci il tarixə kimi peşə fəaliyyəti ilə məşğul olduğundan onun güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün 13 il 3 ay stajı vardır. Məhkəmə tərəfindən arxiv materiallarının aşkar edilməsi üçün müvafiq yerlərə sorğular verilməmişdir. Onun iş stajı az hesablandığı üçün pensiya kapitalı az hesablanmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişi göndərilsə də, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işdən müəyyən olunur ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan iddiaçının ümumi və güzəştli iş stajına malik olmadığı və yetərli pensiya kapitalının olmadığını əsas gətirməklə müraciətinin təmin edilməsindən imtina etmişdir. Hazırkı iş üzrə iddiaçı cavabdehin imtinasını əsassız hesab edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini mübahisələndirir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı subyektiv hüquqa malikdir, cavabdeh iddiaya cavab verməli orqandır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” 17 fevral 2022-ci il tarixli, **********7 nömrəli imtina məktubu almışdır. İddia mümkün idda olsa da, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə Kollegiyası ilk öncə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. -13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə yeni redaksiyada verilmiş 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. - 7-ci maddəyə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. xx.xx.2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: - 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; - 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. Əmək kitabçası; 3.2.2. Əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; - 4.1.9. Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; - 4.1.10. Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; - 4.1.11. 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir; Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Sadalanan qanunvericilik normalarının təhlilindən göründüyü kimi, Qanunun 9.8-ci maddəsinin tətbiqinə əsasən hazırkı iddia tələbi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1) iddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; 2) iddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması (xx.xx.2006-cı il tarixədək); 3) iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda göstərilməsi. Qanunun 13 may 2022-ci il tarixədək qüvvədə olmuş 9.1-ci maddəsinin tələblərinə əsasən isə: 1) iddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; 2) iddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; 3) iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda göstərilməsi. 4) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İddiaçının müəyyən olunmuş yaş həddinə çatması işin mübahisəsiz halıdır. İddiaçı xx.xx.1965-ci il təvəllüdlü olmaqla 50 yaşı xx.xx.2015-ci il tarixdə, 55 yaşı xx.xx.2020-ci il tarixdə tamamlamışdır. İşin mübahisəli halı iddiaçının ümumi iş stajının 20 ildən, xüsusi iş stajının isə 10 ildən az olması, həmçinin, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi ilə bağlıdır. İş materiallarında olan: - İddiaçıya məxsus xx.xx.1983-cü il tarixdə açılmış ИТ № ******* saylı əmək kitabçası və onun tərcüməsindən görünür ki, iddiaçı xx.xx.1983-cü il tarixdə “Sənayeqalantereya” İstehsalat Birliyində dəzgahda toxucu (xırda mallar) şagirdi (xx.xx.1988-ci il tarixli 283 saylı əmr) qəbul edilmiş, xx.xx.1984-cü il tarixdən dəzgahda 3- cü dərəcəli toxucu vəzifəsində (30.12.83-cü il tarixli 109-k saylı əmr), xx.xx.1984-cü il tarixdən toxucu sexində toxucu şagirdi (12.04.84-cü il tarixli 28/k saylı əmr) vəzifəsində, xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək 3-cü dərəcəli toxucu (18.07.84-cü il tarixli 57-k saylı təqdimat), xx.xx.1985-ci il tarixdən toxucu (26.09.85-ci il tarixli 256 saylı əmr), xx.xx.1989-cü il tarixdən sex icarəyə verildiyi üçün Şərq KMB-nə köçürülüb (03.02.89-cu il tarixli 17k saylı əmr), xx.xx.1989-cu il tarixdə Şərq KMB adı dəyişdirilərək "xxxx" kimi qeydə alınmış (20.06.89), xx.xx.1992-ci il tarixdən adı "xxxx" KM-nə dəyişdirilib (31.03.92-ci il tarixli 34 saylı əmr), xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək "xxxx" KM 4-cü dərəcəli işçi vəzifələrində işləmişdir. - Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 161 saylı xx.xx.2020-ci il tarixli arxiv arayışından görünür ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində saxlanılan partiya-uçot sənədlərinə əsasən müəyyən edilmişdir ki, X1 aşağıdakı vəzifələrdə işləmişdir: 10.1983 - 01.1984 Bakı şəhəri, Kirov (indiki Binəqədi) rayonu: "Sənayeqalantereya” İstehsalat Birliyində dəzgahda toxucu (xırda mallar) şagirdi, 01.19xx-xx.1984 “Sənayeqalantereya” İstehsalat Birliyində toxucu; 04.19xx-xx.1984 “Sənayeqalantereya” İstehsalat Birliyində dəzgahda toxucu (iri mallar) şagirdi, 07.19xx-xx.1989 “Sənayeqalantereya" İstehsalat Birliyində toxucu, 01.19xxxx.1989 Parça qalentereya fabrikində toxucu, 05.1989 – 09.1991 Parça qalantereya fabrikinin “Şərq" kooperativində toxucu. QEYD: 1991-ci ilin sentyabr ayından - Azərbaycanda Kommunist Partiyasının fəaliyyəti dayandırıldıqdan sonra sənədlər (aidiyyəti üzrə) arxivə təhvil verilmədiyi üçün G.Q.Nəcəfovanın əmək fəaliyyətinin davamı barədə məlumat vermək qeyri mümkündür və bununla əlaqədar yuxarıda son tarix 09.1991-ci il göstərilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli **********65 saylı məktubu ilə bildirilmişdir ki, "xxxx" və “Kismət” firması barədə Əmlak Məsələləri Dövlət Xidmətinin arxivində hər hansı məlumat aşkar edilməmişdir. - Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2022-ci il tarixli **********848900 saylı məktubu ilə bildirilmişdir ki, "xxxx" Müəssisəsi xx.xx.1999-cu ildə 23349 nömrə ilə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır, hüquqi ünvanı ünvan 1ı məlumat aşkar edilməmiş, idarədə olan reyestrdə "Qismət” Firması adlı bir neçə kommersiya qurumu aşkar edilmişdir. Hazırki işin apellyasiya araşdırması zamanı məhkəmənin müvafiq sorğularına əsasən təqdim olunmuş: - Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli **********249600 saylı məktubu ilə bildirilmişdir ki, dövlət reyestrində "Sənayeqalantereya” İstehsalat Birliyi adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx.xx.2022-ci il tarixli 4/2455 saylı məktubu ilə bildirilmişdir ki, “Sənayeqalantereya” İstehsalat Birliyinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. - Bakı şəhəri Binəqədi Rayonu İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli 03/09-xxxx/2632 saylı məktubu ilə bildirilmişdir ki, “Sənayeqalantereya” İstehsalat Birliyinin hansı tarixdə qeydiyyatdan keçməsi və fəaliyyət istiqaməti ilə bağlı hər hansı məlumatın aşkar olunması mümkün olmamışdır. İşin məhkəmələr tərəfindən araşdırılmış hallarından göründüyü kimi, iddiaçı qanunla tələb edilən 20 il ümumi iş stajına malik deyildir. İddiaçıya məxsus əmək kitabçasındakı bütün dövrlər nəzərə alınsa belə iddiaçının ümumilikdə 12 il 8 ay 28 gün iş stajı mövcuddur. Belə olan halda yuxarıda sadalanan qanunvericilik normalarının heç biri üzrə iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Bununla belə işin məhkəmələr tərəfindən araşdırılmış hallarından göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 26-cı bəndinin “yüngül sənayesi”nin 1-ci hissəsində “toxuculuq” peşəsi nəzərdə tutulmuşdur. İddiaçının xx.xx.1983 - xx.xx.1985 və xx.xx.1985 - xx.xx.1992-ci illər ərzində toxucu peşəsində işlədiyi dövr onun güzəştli iş stajına daxil edilməklə ümumilikdə cavabdehin də qəbul etdiyi kimi 07 il 08 ay 25 gün stajı toplanır (AR Prezidentinin İşlər İdarəsi X4 xx.xx.2020-ci il tarixli 161 №-li arayışına əsasən), lakin qalan illərin güzəştli sosial sığorta stajına daxil edilməsi üçün işəgötürənin güzəştli arayışı iddiaçı tərəfindən təqdim edilmədiyindən, əmək kitabçasında olan qeydlərin yoxlanılması isə müəssisələrin VÖEN-ni barədə məlumat olmadıgından mümkün olmadıgından, qanunvericiliklə tələb olunan 10 il güzəştli iş stajından azdır. Həmçinin, cavabdeh tərəfindən təqdim edilən məlumata əsasən iddiaçının qanunvericilikdə nəzərdə tutulmuş qaydada fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalı 53.040,00 manat təşkil etməli olduğu halda, onun qeydə alınmış pensiya kapitalı 6289,59 manat təşkil etdiyindən, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində göstərilən şərtlər ödənilməmişdir. Beləliklə, Məhkəmə kollegiyası qeyd edir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan şərtlərdən biri olan ümumi iş stajı kifayət etmədiyindən, digər şərtlər üzrə geniş araşdırmanın aparılmasını prosessual qənaət prinsipinə əsaslanaraq zəruri hesab edilmir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. - 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6921/2022 saylı, 23 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar