Məhkəmə qərarları › İş №2-1(103)-264/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-264/2024

01.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-264/2024 01.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mənzil növbəsinə götürülmə və mənzil kirayəsi haqqının ödənilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4172/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Bakı şəhəri Nizami RİH-ə qarşı öhdəlyin icrası haqqında iddia (İPM m.34.1.) ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ailə üzvləri (özü, arvadı, 2 oğlu) ilə birlikdə hərbi qulluqçu kimi mənzil uçotuna götürülməsi və ona mənzil kirayəsi xərclərinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia aşağıdakılarla əsaslandırılımışdır: İddiaçının cavabdehə məhkəməyə qədər qeyd olunan tələbi ilə əlaqədar müraciəti sonuncu tərəfindən ona ünvanlanmış 3 noyabr 2022-ci il tarixli A-141-068 saylı cavab məktubunda imtina olunaraq bildirilmişdir ki, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən ehtiyata buraxıldığına görə “Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə nəzərdə tutulan imtiyazlar ona münasibətdə 12-ci maddəsinə istinadən həmin qanunda ona şamil edilə bilməz. İddiaçı həmin imtina ilə razılaşmayaraq bildirir ki, 15 avqust 1998-ci il tarixdən 26 sentyabr 2022-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmişdir. «Hərbi qulluqçuların statusu haqqında» Qanununun 12-ci maddəsinin 2-ci bəndinə əsasən onun öz arzusu ilə hərbi xidmətdən ehtiyata buraxılması hərbi qulluqçu kimi mənzil növbəsinə götürülməsindən imtina üçün əsas ola bilməz. Cavabdeh mənzil növbəsinə götürməkdən imtina edərkən onun 15 ildən artıq, yəni 24 il 1 ay 11 gün xidmət etməsini və Vətən müharibəsində iştirak etməklə “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmasını nəzərə almamış və əsassız imtina etmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsində nəzərdə tutulan bütün sənədlər İcra Hakimiyyətinə təqdim edilməsinə baxmayaraq nəzərə alınmamış və qanunvericiliyin bu tələbi də pozulmuşdur. Cavabdehin istinad etdiyi dəlillər «Hərbi qulluqçuların statusu haqqında» Qanununa, həm də Mənzil Məcəlləsinə zidd olduğundan onun (iddiaçının) hərbi qulluqçu kimi mənzil növbəsinə götürülməsindən imtina üçün əsas götürülə bilməz. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4172/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələbələrinə uyğun venilmişdir, apellyasiya icraatı mümkündür. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı ilə Azərbaycan Respublikasının Konstitusiyasının 9, 148-149, Normativ-hüquqi aktlar haqqında” Konstitusiya Qanunun 2.6-2.7, “Hərbi qulluqçuların statusu haqqında» Qanunun 12.2-ci maddələrinə, AR Nazirlər Kabinetinin “Ehtiyata və istefaya buraxılmış vətəndaşları bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə xx.xx.2012-ci il174 nömrəli Qərarının 1-ci bəndinin müddəalarına istinadən razılaşmamış, hesab etmişdir ki, iddia tələbində haqlıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı iddiasının dəllilərinə uyğun olaraq pensiya təminatı hüququnun yaranmasına və Konstitusiya Məhkəməsinin Qərardadına istinad edərək apellyasiya şikayətini müdafiə etmiş, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi V.Əliyev apellyasiya şikayəti ilə razılaşmamış etirazın əsaslarına uğun izahat verərək birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin olunmadan, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvəddə saxlanılmalıdır. İddiaçının cavabdehə qarşı tələbindən göründüyü kimi, öhdəliyin icrası haqqında iddia vasitəsilə “mənzil növbəsinə götürülmə və mənzil kirayəsi haqqının ödənilməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmiş, birinci instansiya məhkəməsi tərəfindən onun iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi bu nəticəyə gələrkən qeyd etmişdir ki, “İddiaçı hərbi xidmətdən ehtiyata yaşa, xəstəliyə, ailə vəziyyətinə, 5 təqvim ili xidmət etməklə ştatların ixtisarına görə deyil, “öz arzusu ilə” buraxılmışdır.” Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşır. “Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsinin 2-ci bəndinə (5-ci hisəsinə) Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. İddiaçı iddia ərizəsində qeyd olunan tələbinin qanuni əsası kimi «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının qanunun 12-ci maddəsinin qeyd edilən 2ci hissəsinə əsaslandıraraq iddia edir ki, o, Azərbaycan Respublikasının Silahlı qüvvələrində 15 ildən çox zabit kimi, həqiqi xidmət keçərək mayor rütbəsində “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “J” bəndinə əsasən öz arzusu ilə etiyata buraxılmış, Qanunun qeyd olunan 12.2-ci maddəsində təsbit olunan güzəşti əldə etmişdir. İddiaçının qeyd olunan dəlilləri aşağıdakılarla təkzib olunur. Birincisi, «Hərbi qulluqçuların statusu haqqında» Qanunun 12-ci maddəsinin qeyd edilən 2-ci hissəsinin məzmunundan göründüyü kimi, ümumi şəkildə Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş və yaşayış sahəsi olmayan ehtiyata buraxılmış hərbi qulluqçuların həmin hüquqa malik olduqları təsbit olunsa da, məhz, hansı əsaslarla ehtiyata buraxılan hərbi qulluqçulara münasibətdə həmin güzəştin şamil olunduğu göstərilmir. Qanunverici tərəfindən həmin əsaslara, yəni, ehtiyata buraxılan hərbi qulluqçuların həmin hüquqa malik olduqlarına - 12-ci maddənin: 2-ci hissəsinin 3-cü abzasında və 7-ci hissəsində aydınlıq gətirilərək bir-bir sadalanır. Belə ki, «Hərbi qulluqçuların statusu haqqında» 12-ci maddənin 2-ci hissəsinin: - 3-cü abzasının birinci cümləsinə əsasən: “Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər.” -4-cü abzasının birinci cümləsinə əsasən isə ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər.” Eyni zamanda, 12-ci maddənin 7-ci hissəsinə əsasən: -“Yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilirlər). Qeyd olunanlar onu deməyə əsas verir ki, «Hərbi qulluqçuların statusu haqqında» Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin 1-ci abzası ümumi norma, həmin hissənin 3 və 4-cü abzasıları, habelə, maddənin 7-ci hissəsi xüsusi normalardır. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 10.4-cü maddəsinin tələbi isə nəzərədə tutur ki, eyni normativ hüquqi aktda ümumi və xüsusi normalar arasında ziddiyyət mövcud olduqda xüsusi norma tətbiq edilir. Konstitusiya Qanunun qeyd olunan tələbi baxımından, hazırkı mübahisənin qanuni əsasını «Hərbi qulluqçuların statusu haqqında» Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin 1-ci abzası deyil, 12-ci maddənin 2-ci hissəsinin 3-4-cü abzaslarında və 7-ci hisəssəndə təsbit olunan xüsusi normaları təşkil edir. Belə olan halda, öz arzusu ilə Azərbaycan Respublikası Silahlı Quüvvələrdən ehtiyata buraxılmış iddiaçının iddia tələbində istinad etdiyi sosial güzəştlərdən yararlanmaq hüququna malik deyildir. Qeyd olunmalıdır ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin 9cü abzası da məhz nəzərdə tutur ki: - “Yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) ilə təmin edilirlər. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün torpaqla "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində göstərilmiş qaydada təmin edirlər.” Eləcə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust 2012-ci il tarixli, 174 nömrəli “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” qərarın 1 -ci hissəsi ilə “Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay kompensasiya ödənilməsini qaydası müəyyən edilmişdir. Digər bir tərəfdən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsinin 2 və 7-ci hissələrinin, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust 2012-ci il tarixli, 174 nömrəli Qərarının və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 41-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 18 iyul 2022-ci il tarixli qərardadında qeyd aşağıdakıları qeyd etmişdir: -“Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsinin 2-ci hissəsinə görə ehtiyata və istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərədə tutulmuş qaydada yaşayış sahəsi və ya torpaq sahəsi almaq hüququnu təsbit edərkən, məhz hərbi qulluqçuların onlardan asılı olmayan səbəblərdən ehtiyata buraxılmasını şərtləndirilən hallarda bu sosial təminatdan yararlanmasını nəzərdə tutmuşdur. ... ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı və s. ilə təmin edilməsi yalnız hərbi qulluqçunun iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılması halları ilə şərtləndirilmişdir. Odur ki, öz arzusu və ya yol vermiş olduğu qanunazidd hərəkətlər (xidməti uyğunsuzluq, Azərbaycan Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edilmə və s.) səbəbdən həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarında hərbi qulluqçuların yaşayış sahəsi və s. ilə təmin olunması qanunvericilikdə nəzərdə tutulmamışdır və tamamilə fərqli əsaslardan irəli gələn nəticələrin fərqli qaydada tənzimlənməsi, dövlət və ictimai əhəmiyyətli bir xidmətdən ikinci qrupa aid əsaslardan dolayı ehtiyata buraxılmış hərbi qulluqçulara bu hüquqların tanınmaması bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilə bilməz.” Beləliklə də, qeyd olunanlardan göründüyü kimi, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən ehtiyata buraxılmış iddiaçı Z.Allahverdiyevin “mənzil növbəsinə götürülməsi və kirayə haqqının ödənilməsi tələbinə dair “ iddiasının təmin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin işə əlavə olunmuş xx.xx.2022-ci il tarixli elektron arayışından da görünür ki, İddiaçı, xx.xx.1998-xx.xx.2022-ci il tarixlərdə həqiqi hərbi xidmət keşmiş, öz arzusu ilə ehtiyata buraxılmışdır (i.v.12)). Beləliklə də, cavabdeh Bakı şəhəri Nizami RİH tərəfindən iddiaçıynın və onun ailə üzvlərinin mənzil növbəsinə götürülməsi və kirayə haqqının ödənilməsi barədə ərizəsinin təmin edilməsindən imtina olunması qanuni və əsaslıdır. Qanuni və əsaslı imtina isə onun hüquqlarının pozuntusu kimi qiymətləndirilə bilməz. İPM-in 73.1-ci maddəsinin tələbinən isə görünür ki, məhkəmə o halda, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarını pozmuş olsun. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, qeyd olunanlar nəzərə alınmaqla, iddianın rədd edilməsi barədə işin hallarına və qanunvericiliyin tələblərinə uyğun qərar qəbul edilmişdir. Ona görə də, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin həmin qərarın qanunsuz olduğunu və maddi hüquq normalarının pozulması ilə qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmırır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4172/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-nin 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4172/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar