Məhkəmə qərarları › İş №2-1(103)-264/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-264/2025

22.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-264/2025 22.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mənzil növbəliliyinə götürülmə” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5079/2024 nömrəli, 20 may 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Cavabdeh 19 dekabr 2023-cü il tarixli imtinasının qanunsuz hesab edilməsi, yaşayış sahəsinə ehtiyacı olan qismində onun və həyat yoldaşının İİİ qrup Müharibə əlillərinin güzəştli mənzil növbəsinə götürülməsi barədə Bakı şəhəri Cavabdeh üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1985-ci il tarixində Biləsuvar rayonunda anadan olmuşdur. 2007-ci il tarixdə Azərbaycan Kooperasiya universitetini bitirmişdir. 2007-ci il tarixdə Müdafiə Nazirliyinin Silahlı X6 Mərkəzinin Ehtiyyat zabit hazırlığı kursunun “Motaatıcı tağım komandiri” ixtisası üzrə və leytenant rütbəsi ilə bitirərək N saylı hərbi hissənin sərəncamına verilmişdir. 2007-2009- cu il tarixlərində N saylı hərbi hissələrdə tağım komandiri vəzifəsində işləmişdir. 2009-cu ildə “Hərbi ximətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə əsasən xidmət müddəti başa çatdığına görə ordu sıralarından ehtiyata buraxılmışdır. 2020-ci il sentyabr 27-də Vətən uğrunda könüllü olaraq döyüş əməliyyatlarına yollanmış, Füzuli, Cəbrayıl və Xocavənd rayonları istiqamətində döyüş yolu keçmiş, Xocavənd istiqamətində yaralanmış və İİİ dərəcəli əlil olmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq səmcamlarına əsasən “Hərbi xidmətlərə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları və Azərbaycan Respublikasının Baş Nazirinin Sərəncamına əsasən “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. O, həyat yoldaşı ilə birlikdə ünvan 1 ünvanında qeydiyyatda olduqlarından İİİ qrup müharibə əlillərin güzəştli mənzil növbəsinə götürülməsi və mənzillə təmin olunmaları üçün Cavabdehnə müraciət etmişdir. Rayon İcra Hakimiyyətinə mənzil növbəsinə götürülmək üçün tələb olunan müvafiq sənədləri təqdim etdikdən sonra Cavabdeh 19 dekabr 2023-cü il tarixli məktubu ilə 2 nəfər ailə tərkibi ilə yaşayış yeri üzrə İİİ qrup müharibə əlillərin güzəştli mənzil uçotuna götürülməsindən imtina edilmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Aygün Əhədova) 2-1(112)-5079/2024 nömrəli, 20 may 2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin 20 may 2024-cü il tarixli qərarı ilə İddiaçı Cavabdehnə qarşı mənzil növbəliliyinə götürülmə tələbinə dair iddia tələbi təmin edilməmişdir. Məhkəmə öz qərarını “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 27 avqust 2009-cu il tarixli 153 nömrəli Fərmanının 1.3.7-ci yarımbəndinə əsasən həmin Məcəllənin 51.7-ci maddəsində nəzərdə tutulmuş vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydasının Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən edilməsinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həvalə edilməsi, lakin hazırkı tarixədək müvafiq qaydaların müəyyən edilməməsi, Azərbaycan SSR Nazirlər Sovetinin 14 oktyabr 1983-cü il tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçota götürülməsi və yaşayış sahələrinin bölüşdürülməsi haqqında Nümunəvi Qaydalar”ın 30 iyun 2009-cu il tarixli Qanunla ləğv edilməməsi və hazırda qüvvədə olması, iddiaçının Bakı şəhərində faktiki daimi yaşaması ilə bağlı sübutları məhkəməyə təqdim etməməsi, iddiaçının ailə üzvü (arvadı) olan X2 adına birgə mülkiyyətdə fərdi yaşayış evinin tikintisinə icazə verən Biləsuvar rayonu, Yuxarı Cürəli kəndində yerləşən 0.19 ha yaşayış məntəqələrinin torpaq sahəsinin qeydə alınmasının müəyyən olunması, hazırkı halda iddiaçı özünün həqiqətən də sosial müdafiəyə, həyat şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs olmasını sübuta yetirə bilməməsi ilə əsaslandırmışdır. Bakı İnzibati Məhkəməsi hüququn tətbiqində və təfsirində səhvə yol verdiyindən, hazırki iş üzrə düzgün olmayan qərar qəbul etmiş və qanunvericilikdə nəzərdə tutulan normaları düzgün tətbiq etməmişdir. İddiaçı xx.xx.1985-ci il tarixində Biləsuvar rayonunda anadan olmuş, 2007-ci il tarixdə Azərbaycan Kooperasiya universitetini bitirmişdir. 2007-ci il tarixdə Müdafiə Nazirliyinin Silahlı X6 Mərkəzinin Ehtiyyat zabit hazırlığı kursunun “Motoatıcı tağım komandiri” ixtisası üzrə və leytenant rütbəsi ilə bitirərək N saylı hərbi hissənin sərəncamına verilmişdir. 2007-2009- cu il tarixlərində N saylı hərbi hissələrdə tağım komandiri vəzifəsində işləmişdir. 2009-cu ildə “Hərbi ximətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə əsasən xidmət müddəti başa çatdığına görə ordu sıralarından ehtiyata buraxılmışdır. İddiaçı 2020-ci ildə vətən uğrunda müdafiəsi üçün könüllü olaraq döyüş əməliyyatlarına yollanmış, Füzuli, Cəbrayıl və Xocavənd rayonları istiqamətində döyüş yolu keçmiş, Xocavənd istiqamətində yaralanmış və İİİ dərəcəli əlil olmuşdur. Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə “Hərbi xidmətlərə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları və Azərbaycan Respublikasının Baş Nazirinin Sərəncamına əsasən “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. O, həyat yoldaşı ilə birlikdə ünvan 1 ünvanında qeydiyyatda olduğundan və yaşadığından İİİ qrup müharibə əlillərin güzəştli mənzil növbəsinə götürülməsi və mənzillə təmin olunmaları üçün Cavabdehnə müraciət etmişdir. Rayon İcra Hakimiyyətinə mənzil növbəsinə götürülmək üçün tələb olunan müvafiq sənədləri təqdim etdikdən sonra Cavabdeh 19 dekabr 2023-cü il tarixli məktubu ilə 2 nəfər ailə tərkibi ilə yaşayış yeri üzrə İİİ qrup müharibə əlillərin güzəştli mənzil uçotuna götürülməsindən imtina edilmişdir. Bundan sonra İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri Cavabdeh 19 dekabr 2023-cü il tarixli imtinasının qanunsuz hesab edilməsi, yaşayış sahəsinə ehtiyacı olan qismində onun və həyat yoldaşının İİİ qrup Müharibə əlillərinin güzəştli mənzil növbəsinə götürülməsi barədə Bakı şəhəri Cavabdeh üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Beləliklə, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 27 avqust 2009-cu il tarixli 153 nömrəli Fərmanının 1.3.7-ci yarımbəndinə əsasən həmin Məcəllənin 51.7-ci maddəsində nəzərdə tutulmuş vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydasının Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən edilməsinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həvalə edilməsi, lakin hazırkı tarixədək müvafiq qaydaların müəyyən edilməməsi əmək qabiliyyəti olmayan, yaşayış sahəsinə və daimi müayinə və müalicələrə ehtiyacı olan iddiaçının təqsiri hesab edilə bilməz. Məhkəmə hazırkı tarixədək müvafiq qaydaların müəyyən edilməməsinə görə hazırki iddia tələbi üzrə ağırlaşdırıcı norma olan Azərbaycan SSR Nazirlər Sovetinin 14 oktyabr 1983-cü il tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçota götürülməsi və yaşayış sahələrinin bölüşdürülməsi haqqında Nümunəvi Qaydalar” ın 30 iyun 2009-cu il tarixli Qanunla ləğv edilməməsi və hazırda qüvvədə olması qənaətinə gələrək həmin qanunu tətbiq etməkdə haqlı olmamışdır. Həmin qanunu qəbul edən rejim mövcud olanda iddiaçının yaşadığı və vətəndaşı olduğu Respublika işğal edilməmiş, müharibə baş verməmiş və iddiaçının sağlamlığı da pozulmamışdır. İddia tələbinin əsaslılığını təsdiq edən yuxarıda sadalanan digər qanunvericilik aktları mövcuddur. İddiaçının Bakı şəhərində faktiki daimi yaşaması ilə bağlı sübutları məhkəməyə təqdim etməməsi qənaətinə gəlməkdə məhkəmə haqlı olmamışdır. Belə ki, iddiaçı əlilliklə bağlı, əmək qabiliyyətsiz olmasını, arvadının Bakıda işlədiyini təsdiq edən sənədləri məhkəməyə təqdim etmiş, digər orqanlardan zəruri olan sorğulara cavablar toplanmışdır. İddiaçının ailə üzvü (arvadı) olan X2 adına ümumibirgə mülkiyyətdə fərdi yaşayış evinin tikintisinə icazə verən Biləsuvar rayonu, Yuxarı Cürəli kəndində yerləşən 0.19 ha (ümumi birgə mülkiyyətdə) yaşayış məntəqələrinin torpaq sahəsinin qeydə alınmasının müəyyən olunması ilə bağlı qeyd edilir ki, 330 manat təqaüd alan iddiaçı və onun Bakı şəhərində işləyən 745,50 manat əməkhaqqı alan arvadı daimi müayinə və müalicədə olan iddiaçı ilə birgə həmin birgə mülkiyyətdə olan (hansı ki, həmin torpaq sahəsində artıq digər mülkiyyətçilər yaşayır və istifadə edirlər) torpaq sahəsində mənzil inşa etmək gücündə deyillər. O zaman iddiaçının arvadı işdən çıxmalı və yenidən Biləsuvar rayonuna getməlidir. Belə olan halda da iddiçının 330 manat təqaüdü onların ehtiyac meyarlarını belə ödəməyəcək. Hazırkı halda iddiaçının özünün həqiqətən də sosial müdafiəyə, həyat şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs olmasını sübuta yetirə bilməməsi qənaətinə gələn məhkəmə tərəfindən bu yanaşma absurd yanaşma olmuşdur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından da məlumdur ki, iddiaçı bir nəfər ailə üzvü ilə birlikdə qardaşına məxsus olan (hansı ki, həmin şəxs özü mənzili ipoteka ilə əldə etmişdir) yaşayır. Onun arvadı Bakı şəhərində işləyir, özü isə əmək qabiliyyətsizdir. Hazırkı qərarda istinad olunan iddiaçının arvadına məxsus olan torpaq sahəsi Biləsuvarda yerləşməklə digər şəxslərlə ümumi birgə mülkiyyətdə olmaqla payı cüzi olmuş, iddiaçının və onun arvadının əldə etdikləri əməkhaqqı və təqaüdlə həmin torpaq sahəsində mənzil inşa etmək və iş yeri Bakıda olduğu halda, Biləsuvara köçüb yaşamaq ağlabatan deyil. Məhkəmənin istinad etdiyi torpaq sahəsi torpaq islahatları aparılarkən onun adına ayırılmış olsa da, nənə və baba yurdu olmuş və həmin torpaq sahəsində onun qohumları yaşayaraq istifadə edirlər. İddiaçının və onun arvadının həmin torpaq sahəsini tələb etmək, işdən çıxıb daimi müalicə və müayinələrə ehtiyacı olan iddiaçı ilə birlikdə heç bir vəsait olmadan mübahisəli torpaq sahəsində gələcəkdə mənzil inşa etməkləri onların yaşayış sahələrinə olan ehtiyacını aradan qaldırmır. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd olunan məsələləri araşdırmamış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirmədən əsassız olaraq iddianı rədd etmişdir. Məhkəmə qanunvericilik normalarının tələbləri və işin faktiki hallarını kifayət qədər araşdırmamış, gələcəkdə ortaya çıxa biləcək ziddiyətli məqamlarla bağlı məsələyə toxunmamışdır. Buna görə də qeyd olunanları nəzərə alaraq məhkəmə qərarı faktiki cəhətdən əsassız, hüquqi baxımdan qanunsuz olduğundan ləğv edilməli və iddia tələbi təmin olunmalıdır. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir və bu barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Bakı şəhəri Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilir: Sizin Cavabdehnə ünvanladığınız müraciətinizə baxılmışdır. Mövcud mənzil qanunvericiliyinə əsasən Siz son beş il ərzində yaşayış yeriniz üzrə Yasamal rayonu ərazisində qeydiyyatda olmadığınızdan xahişinizin yerinə yetirilməsi mümkün deyildir. Müvafiq qanunvericiliyə əsasən göstərilən tarixdən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülə bilərsiniz. İş materiallarında olan Bİləsuvar rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü ildə verilmiş AZ-İİ seriyalı 573802 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X3 xx.xx.2023-cü ildə nikahlarını bağlamışlar, nikaha daxil olduqdan sonra ərə Mənsimli, arvada Bayramlı soyadı verilmişdir. İş materiallarında olan ƏƏSMN Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütbvülüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar üçüncü dərəcə əlildir (orqanizmin funksiyalarının pozulması faizi 35%, müddət xx.xx.2025-ci ilədək). İş materiallarında olan DİN-in Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2003-cü il tarixdən - xx.xx.2020-ci il tarixədək ünvan 4 ünvanında, xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ünvan 5 ünvanında, xx.xx.2023-cü il tarixdən hazıradək isə ünvan 6 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X2 adına Biləsuvar rayonu, Yuxarı Cürəli kəndində 0.19 ha yaşayış məntəqələrinin torpaq sahəsi (ümumibirgə mülkiyyətdə) qeydiyyata alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilir: X2 adına ümumi birgə payda Biləsuvar rayonu, Yuxarı Cürəli kəndində 0.9266 ha və 2.5678 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydiyatdan keçmişdir və hazırda mülkiyyətindədir. X1 adına ümumi birgə payda 0.19 ha yaşayış məntəqələrinin torpaq sahəsinə aid JN-117A nömrəli 2002-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. İddiaçı adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 50.1-ci maddəsinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa); 50.2-ci maddəsinə əsasən vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. 51.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. 53.1-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 51.4-cü maddəsinin üçüncü və dördüncü cümlələrinin tələbləri nəzərə alınmaqla); 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun: 27.0-ci maddəsinə əsasən dövlət əlilliyi olan şəxslərin və onların ailələrinin qidalanma, geyim və yaşayış yeri daxil edilməklə layiqli həyat səviyyəsinin, həyat şəraitinin yaxşılaşdırılmasının təmin və təşviq edilməsi üçün aşağıdakı tədbirləri həyata keçirir: 27.0.1. əlilliyi olan şəxslərin əlilliklə bağlı ehtiyaclarının ödənilməsi üçün köməklik göstərir; 27.0.2. əlilliyi olan şəxslərin sosial müdafiə və yoxsulluğun azaldılması üzrə dövlət proqramlarından istifadə etmək imkanlarını təmin edir; 31.1-ci maddəsinə əsasən əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Azərbaycan SSR Nazirlər Sovetinin 14 oktyabr 1983-cü il tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları”nın: 1-ci bəndinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürmək, növbə müəyyən etmək və yaşayış sahələri vermək məsələlərinə dair komissiyanın təklifləri müvafiq yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən müzakirə və təsdiq edilir. 2-ci bəndinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlar - mənzil-tikinti kooperativlərinin üzvləri, şəxsi mülkiyyətində yaşayış evi olan vətəndaşlar və bu evlərdə yaşayan başqa vətəndaşlar ümumi əsaslarla uçota götürülür və yaşayış sahələri ilə təmin edilirlər. 4-cü bəndinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçotuna həmin yaşayış məntəqəsində müddəti rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Sovetləri tərəfindən müəyyən edilən vaxt ərzində daimi yaşayan şəxslər götürülürlər. 6-cı bəndinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar, bir qayda olaraq, yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsində uçota götürülürlər. Bakı Şəhər Xalq Deputatları Soveti 4-cü sessiyasının 8 aprel 1988-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın: 7-ci bəndində Bakı şəhərində daimi yaşayan mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların kateqoriyaları sadalanmışdır. 8-ci bəndinə görə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətəndaşlar yaşayış yerində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna bu şərtlə götürülürlər ki, azı son beş il ərzində Bakı şəhərində yaşamış olsunlar və daimi pasport qeydiyyatında olsunlar. Yaşayışın müddəti Bakı şəhərində pasport qeydiyyatının olması ilə müəyyən edilir. Bakı şəhərinə bu qaydalar qəbul edildikdən sonra gələn vətəndaşlar Bakı şəhərində pasport qeydiyyatının təsdiq etdiyi kimi yeddi il yaşadıqdan sonra mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna götürülürlər. İşin faktiki hallarından görünür ki, İddiaçı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” xx.xx.2023-cü il tarixindən 2 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. İddiaçı onun üçüncü dərəcə müharibə əlili kimi ailə tərkibi (özü və arvadı) ilə birlikdə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində mənzil növbəsinə götürülməsi üçün cavabdehə müraciət etsə də, cavabdeh orqan iddiaçının son beş il ərzində yaşayış yeri üzrə Yasamal rayonu ərazisində qeydiyyatda olmaması əsası ilə onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan sənədlərə əsasən iddiaçı xx.xx.2023-cü il tarixədək Biləsuvar rayonunda yaşayış yeri üzrə qeydiyyatda olmuş, xx.xx.2023-cü il tarixdən isə ünvan 6 ünvanında qeydiyyatdadır. İddiaçı xx.xx.2023-cü il tarixdə Bakı şəhərində qeyd olunun ünvana qeydiyyata alındıqdan sonra cavabdehə hazırki tələblə müraciət etmiş, cavabdeh isə xx.xx.2023-cü ildə müraciətin təmin edilməsindən imtina edərək bu barədə iddiaçıya məktub göndərmişdir. Göründüyü kimi, iddiaçının Bakı şəhərində faktiki daimi yaşaması ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı yalnız xx.xx.2023-cü il tarixdən Bakı şəhərində qeyd olunun ünvana pasport qeydiyyatına alınmışdır. Bundan başqa, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, iddiaçının arvadı X2 adına ümumi birgə payda Biləsuvar rayonu, Yuxarı Cürəli kəndində 0.19 ha yaşayış məntəqələrinin torpaq sahəsinə aid JN-117A nömrəli 2002-ci il tarixli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün əsas meyar onun yaşayış sahəsi ilə təmin olunmamasıdır. Bu zaman təkcə vətəndaşın yox, onun ailə üzvlərinin də mülkiyyətində olan əmlakın sahəsi nəzərə alınır. Sadalanan qanunvericilik normalarının tələblərinə əsasən hazırda iddiaçının ailə üzvü olan arvadının adına fərdi yaşayış evinin tikintisinə icazə verən həyətyanı torpaq sahəsinin qeydə alınmasının müəyyən olunması da iddiaçının hazırda yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmasına əsas vermir. Eyni zamanda qeyd olunmalıdır ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubla qeyd olunan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və xx.xx.2024-cü il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətləri məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdən görünür ki, X5 (iddiaçının arvadı) qeyd olunan şəhadətnamə ilə onun mülkiyyətinə verilmiş yaşayış məntəqələrinin torpaq sahəsini hazırki iş Bakı Apellyasiya Məhkəməsinin icraatında olarkən xx.xx.2024-cü il tarixdə başqa şəxsə bağışlamışdır. Bu isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 52-ci maddəsinin tələblərinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə yaşayış sahəsinə ehtiyacı olan hesab edilmə ilə nəticələnə biləcək hərəkət hesab edilir və həmin hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülə bilərlər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının yaşayış sahəsinə ehtiyacı olan şəxs hesab edildiyini təsdiq edən hallar müəyyən olunmamışdır. Bu səbəbdən də məhkəmə kollegiyası hesab ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5079/2024 nömrəli, 20 may 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar