Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2640/2023 12.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «əvvəlki dövr üçün pensiyanın ödənilməsi tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2424/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı məhkəmədə öhdəliyin icrası haqqında iddia qaldıraraq, xx.xx.2021ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan pensiyasının ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM.m.34). İşin faktiki hallarına görə iddiaçı 2012-ci il tarixindən etibarən müddətsiz İİ qrup gözdən əlildir. Bir gözündəki görmə 0,03-dür. Sonuncu əlillik müddəti xx.xx.2021-ci il tarixində bitmiş, noyabr ayında o, Ak. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə müayinə üçün müraciət etmiş, xx.xx.2022-ci il tarixində ona tibbi rəy verilmiş və ona bildirilmişdir ki, bu məlumatlarını sistemə yerləşdirmək və pensiyasını bərpa etmək üçün qeydiyyatda olduğu 16 saylı Poliklinaya müraciət etsin. Oraya müraciət etdikdən sonra sənədləri qəbul edilmiş, nəticəsi barədə məlumat alarkən bir neçə dəfə ona bildirmişlər ki, sistem işləmir. O, 6 ay ərzində məlumatlarının sistemə daxil edilməli olduğunu demişdir. Sonda onun məlumatlarını xx.xx.2022-ci il tarixində sistemə yerləşdirmişlər, lakin bu zaman da onun görməsini 0,03 (yüzdə üç) yerinə 0,3 (onda üç) kimi yazmışlar. Rəqəmlə olan hissəsində səhv yazmışlar, sözlə isə düz yazılmışdır. Buna görə də, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi imtina yazmış və səhvin düzəldilməsini bildirmişdir. Ona görə də, ikinci dəfə onun məlumatları sistemə daxil edilmişdir. Lakin, bu dəfə də, səhv daxil edilmişdir. Buna görə yenidən imtina olunmuş və onun adı ümumiyyətlə sistemdən çıxarılmışdır. Nəticədə o, yenidən müayinə olunmuş və sənədlər hazırlamışdır. Yekunda onun əlilliyi xx.xx.2022-ci il tarixində təyin edilmişdir. Ortada ala bilmədiyi 7 ay yarımın pensiyası üçün cavabdeh Agentliyiə müraciət etmiş, lakin onlar xx.xx.2022-ci il tarixli cavab məktubu ilə təkrar əlilliyin müəyyən edilməsi zamanı 6 ay müddətin keçməsini göstərərək həmin müddət üçün pensiya ödənişindən imtina etmişdir. İddiaçı cavabdehin imtinasını qanunsuz və əsassız hesab edərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddia ərizəsinə dair etirazında iddianı qəbul etməmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbisosial ekspert komissiyaları haqqında” Əsasnaməyə istinadən, iddiaçının əlillik dərəcəsinin əlillik müddəti bitdiyi tarixdən sonra 6 ay ərzində müəyyən edilmədiyindən, həmin dövr üzrə pensiya ödənişinin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkünsüz olduğunu bildirərək, iddianın rədd olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2424/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə əlilliyə görə əmək pensiyasının ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, məhkəmə icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin hüquqi mahiyyətini araşdırmadan qeyd etmişdir ki, iddiaçıya müddətsiz əlillik dərəcəsi təyin edildiyindən, yenidən müddətsiz əlillik dərəcəsi almaq hüquqna malik olan şəxs hesab edilir, tibb müəssisəsi tərəfindən idiaçı barəsində göndərişin vaxtında və düzgün doldurulmaması onun təqsiri hesab edilə bilməz və bu hal onun sosial təminat hüququnun pozulmasına səbəb ola bilməz. Bu əsaslarla məhkəmə iddia tələbini əsassız olaraq təmin etmişdir. Çünki, «Əlilliyi olan şəxslərin hüquqları haqqında Qanuna görə əlillik müddəti bitdikdən sonra 6 ay ərzində onun əlillyi təkrar qiymətləndirildikdə əlilliyi olan şəxs hesab olunur. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, İddiaçı isə onunla razılaşmamış, iddia ərizəsinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlaılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddianın rədd olunması barədə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»: bənd 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. İş materiallarına əsasən müəyyən olunur ki, 2012-ci ildən ikinci dərəcəli gözdən əlildir. Sonuncu dəfə ona təyin edilmiş əlillik müddəti xx.xx.2021-ci il tarixdə bitmiş, lakin həmin anda onun müayinəsi ilə bağlı müvafiq tibbi sənədlərin mövcudluğu müəyyən olunmamış, 16 nömrəli Şəhər Poliklinikasının göndərişi əsasında xx.xx.2021-ci il tarixdə yalnız Ak. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində müayinədə və müalicədə olmuş və həmin Mərkəz tərəfindən tibbi rəy əsasında həmin Poliklinika tərəfindən 0085003AAEE6 nömrəli, xx.xx.2022-ci il tarixli 088 forma göndəriş tərtib olunaraq elektron informasiya sisteminə yerləşdirilmişdir. Həmin göndəriş əsasında iddiaçının əlillik vəziyyəti Tibbi sosial ekspert komissiyası tərəfindən xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş, lakin natamam doldurulması, əsas diaqnozun səthi və keyfiyyətsiz qeyd olunması, gözün görməsinin dəqiqləşdirilməsi səbəbi ilə əlillik təyinatından imtina olunmuşdur. Bundan sonra 16 nömrəli Şəhər Poliklinikası tərəfindən yenidən göndəriş tərtib olunaraq Tibbi sosial ekspert komissiyasına təqdim olunduqdan sonra, iddiaçının əlillik vəziyyyəti qiymətləndirilərək, ona xx.xx.2022-ci il tarixdə 3-cü dərəcə, müddətsiz əlillik təyin olunmuşdur. Qeyd olunanlar təhlil olunduqda müəyyən olunur ki, iddiaçının əvvəlki əlillik müddətinin bitdiyi xx.xx.2021-ci il tarixdən, onun Ak.Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində müayinəsindən sonra 16 nömrəli Şəhər Poliklinikası tərəfindən 0085003AAEE6 nömrəli, xx.xx.2022-ci il tarixli 088 forma göndəriş tərtib olunan ana qədər artıq 6 aydan çox (7 ay) müddət keçmişdir. Hətta bundan sonra da həmin göndəriş natamam doldurulduğundan iddiaçıya əlillik təyinatından imtina olunmuş, onun əlilliyi həmin poliklinikanın növbəti göndərişindən sonra yalnız TSEK tərəfindən xx.xx.2022-ci il tarixində qiymətləndirilərək əlillik dərəcəsi təyin olunmuşdur. Belə olan halda, əlilliyin bitdiyi xx.xx.20221-ci il tarixdən 8 aydan da çox müddət keçmiş olur. “Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 41-ci maddəsinə əsasən əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. “Əlilliyi olan şəxlsərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Qanunvericiliyin qeyd olunan tələbləri baxımından, iddiaçı xx.xx.2021-ci il tarixdə bitdiyi tarixdən 8 ay sonra xx.xx.2022-ci il tarixində təyin olunduğu halda, onan həmin müddət ərzində əlilliyi olan şəxs hesab olunması istisna olunur. Bu baxımdan cavabdeh tərəfindən həmin müddətə görə ona pensiya ödənişi aparılmasından imtina olunması qanuni və əsaslıdır. Lakin, iddiaçı mübahisələndirir ki, həmin müddətin keçməsi onun təqsiri üzündən deyil, məhz onun əlavə müəyinəyə göndərilməsi, göndərişin natamam doldurulması adı ilə TSEK tərəfindən ona əsassız imtina verilməsi və s. bu kimi səbəblərdən baş vermişdir. Bununla əlaqədar məhkəmə kollegiyası iddiaçıya izah edir ki, pensiya təyinedicisi olan hazırkı cavabdeh şəxslərin əlillik vəziyyətini qiymətlənirilməsində səlahiyyətili orqan olmadığından, onun bu qəbildən olan şikayətlərinə cavab verməli orqan hesab edilə bilməz. Bu baxımdan o, əlilliyinin təyin olunma müddətinin TSEK tərəfindən düzgün təyin edilmədiyindən narazıdırsa, əlilliyin təyin olunma tarixinin dəyişdirilməsi tələbinə dair müvafiq səlahiyyətli orqana qarşı iddia irələ sürə bilər. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin olunması işin hallarına və maddi hüquq normalarının tələblərinə uyğun olmamışdır. Bu baxımdan, məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2424/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ləğv olunmalı və iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 68, 69, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2424/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2640/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2640/2023
12.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver