Məhkəmə qərarları › İş №2-1(103)-2641/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2641/2024

03.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2641/2024 03.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs X14) iş üzrə QƏRARİ (Açar sözlər: “qeydiyyatdan çıxarılma”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Kamran Hüseyn oğlu Əkbərovdan və Səadət Rəşid qızı Səlimovadan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3129/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri X5 İK-nın 088223 saylı orderindən görünür ki, Bakı şəhəri, 4-cü mkr., 1410- ci keçid, 3231-ci məhəllə, 29 saylı evin 2 otaqdan ibarət 34 saylı mənzili X12 icarəsinə verilmişdir. X4, X18 və X9 adı qeyd edilmişdir.

2. İşdə olan 65 nömrəli mənzil kommunal istismar sahəsinin xx.xx.1999-cu il tarixli arayışından görünür ki, 34 saylı mənzildə X21 xx.xx.1970-ci ildən, X2 xx.xx.1997-ci il tarixdən, X15 xx.xx.1982-ci il tarixdən, X10 isə xx.xx.1982-ci ildən qeydiyyatda olmuşdur.

3. İşdən görünür ki, ünvan 1 ünvanında yerləşən 34 saylı mənzil X10, X15 və X1 razılı ərizələri əsasında xx.xx.1999-cu il tarixdə X12 adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyatdan keçmiş və bu barədə Bakı şəhəri Tİ və MHQİ tərəfindən ona 30/158556 qeydə alma nömrəli qeydiyyat vəsiqəsi verilmişdir.

4. İşdə olan xx.xx.2012-ci il tarixli Bağışlama müqaviləsindən görünür ki, X21 onun mülkiyətində olan 34 saylı mənzili qızı X6 bağışlamışdır.

5. İş materiallarında olan RX seriyalı ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 29a ünvanında yerləşən 34 saylı mənzilə X3 mülkiyyət hüququ xx.xx.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

6. AN-İ №0346353 nömrəli, xx.xx.2013-cü il tarixli mənzilin alqı-satqı müqaviləsindən görünür ki, satıcı X3 qanuni nümayəndəsi X13 Azərbaycan Respublikası Əmlak Məqalələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş, 01/18221 nömrəli arayışına əsasən yaşayış sahəsi 33.4 kv.m, ümumi sahəsi 45.2 kv.m, yardımçı sahəsi 11.8 kv.m olan və ünvan 2 ünvanında yerləşən 2 otaqlı mənzili alıcı X11 mülkiyyətinə vermişdir.

7. 11 iyul 2014-cü il tarixli **********75914/İP nömrəli alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, satıcı X19 34 saylı mənzili alıcı-ipoteka qoyan İddiaçı satmışdır.

8. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanına dair İddiaçı mülkiyyət hüququ xx.xx.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

9. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli arayışına əsasən X14 ünvan 3 ünvanında qeydiyyatdadır.

10. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, üçüncü şəxsin sözügedən ünvanda istifadə hüquqlarının dövlət reyestrində qeydə alınması ilə bağlı məlumat aşkar edilməmişdir.

11. Bakı şəhər İcra Hakimiyyəti Nəsimi rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin 65 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli 431 nömrəli arayışından görünür ki, İddiaçı ünvan 4 ünvanında yaşayır. Vətəndaş xx.xx.2014-cü il tarixdə (Ç 0447681) mənzili almış və qeyd olunan ünvanda öz ailəsi ilə yaşayır.

12. İddiaçı hazırda 34 saylı mənzilin yeni mülkiyətçisi kimi evində yaşamayan və hüququnun olmadığını idia etdiyi üçüncü şəxs D.Rza Zadənin həmin ünvandan qeydiyyatdan çıxarılmasını xahiş edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı cavabdeh Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinə (bundan sonra cavabdeh) ərizə ilə müraciət edərək, xüsusi mülkiyyətində olan ünvan 1, mənzil 34 ünvanından X7 qeydiyyatdan çıxarılmasını xahiş etmişdir.

14. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla bu tələbi təmin etməkdən imtina etmiş və bildirmişdir ki, Azərbaycan Respublikasının "Yaşayış yeri və olduğu yer uzrə qeydiyyat haqqında Qanunun 9-cu maddəsinin tələblərinə əsasən, müraciətdə göstərilən şəxsin Nəsimi rayonu, Cavadxan (ünvan 6 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qeydiyyatdan çıxarılma barədə qərarı əsasında həyata keçirilir. İddiaçının məhkəmə orqanlarına müraciət etmək hüququnun olduğu izah edilmişdir.

15. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X7 ünvan 1, mənzil 34 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X14 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

17. İddia tələbi bununla əsaslandırılmışdır ki, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 29A, mənzil 34 iddiaçının mülkiyyətindədədir. İddiaçı X7 ünvan 1, mənzil 34 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması məqsədi ilə Nəsimi Rayon Polis İdarəsinə müraciət etmişdir.

18. Sonuncu xx.xx.2023-cü il tarixli məktubla «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanuna istinad edərək imtina vermişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, evə dair bütün lazım olan sənədləri cavabdehə təqdim edilmişdir.

19. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir.

20. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3129/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.

21. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli 2(103)- 7337/2014 nömrəli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 511/2014 saylı iş üzrə 13 oktyabr 2014-cü il tarixli qərardadı ləğv edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 mart 2012-ci il tarixli qiyabi qətnaməsi əsasında verilmiş icra vərəqəsinin ləğv edilməsi və icranın nəticələrinin aradan qaldırılması barədə X7 ərizəsi qismən təmin olunmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 mart 2012-ci il tarixli qiyabi qətnaməsinin icrasından geri dönüş edilmiş, ərizə qalan hissədə təmin olunmamış, bu qərardad, X7 Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Cavadxan küçəsi 29a saylı evin 34 saylı mənzilinə pasport qeydiyyatına alınması üçün əsasdır.

22. Göründüyü kimi, Fuad Rzayevin üçüncü şəxsin 34 saylı mənzilindən istifadə hüququnun itirilməsi ilə bağlı iddiası rədd edilmişdir.

23. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, üçüncü şəxsin hazırda mübahisəli mənzilə dair istifadə hüququnun mövcudluğu, o cümlədən mənzildə yaşamaması ilə bağlı həmin hüquqların qüvvədə olub olmaması mülki məhkəmə icraatının predmeti olduğundan hazırkı icraat üzrə həmin məsələlərin qiymətləndirilməsi, buna uyğun olaraq hazırkı iddianın həll olunması inzibati mühakimə icraatının predmetini təşkil etmir. Çünki üçüncü şəxsin 54 saylı mənzilə hüquqlarının olmaması ilə bağlı hazırkı iddianın faktiki əsasını mülki mübahisə təşkil edir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

24. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3129/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

25. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmışdır.

d)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

e) Proses iştirakçılarının izahatları

27. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

28. Məhkəmə Kollegiyasının iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh və 3-cü şəxs (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmişdir.Məhkəmə Kollegiyası işə baxılmasını İPM-in 62.3-cü maddəsinə əsasən mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

29. Azərbaycan Respublikasının Konstitusiyasının: 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

30. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir.

31. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, “yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. Müraciətedənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir.Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur”.

33. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

34. Qərardan iddiaçının apellyasiya şikayətində birinci instansiya məhkəməsinin aktı bütövlükdə mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin qərarı tam hissədə yoxlanılır.

35. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən)

37. Həmçinin, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

38. Məhkəmə kollegiyası daha sonra işin faktiki hallarına tətbiq edilən hüquq normalarına (Bu qərarın-31-32-cı bəndləri) əsaslanaraq qeyd edir ki, aşağıdakı səbəblərə əsasən apellyasiya şikayəti əsassızdır, odur ki, təmin edilməməlidir.

39. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəyə maddi hüquq normaları düzgün tətbiq edilmiş, iddia tələbi əsaslı olaraq təmin edilmişdir.

40. Belə ki, Kollegiya qeyd edir ki, işin hallarından müəyyən olunur ki, mübahisəli mənzil üçüncü şəxs və onun ailə üzvlərinin istifadəsinə xx.xx.2009-cu il tarixədək verilmiş, həmin vaxt mənzil dövlət mənzil fonduna aid olmuş, daha sonra isə üçüncü şəxsin razılığı ilə atası Fuad Rzayevin adına özəlləşdirilmişdir.Üçüncü şəxsin bu razılığı yuxarıda istinad olunanlar nəzərə alınmaqla onun mübahisəli mənzilə hüququnun xitam olmasına səbəb olmamışdır.

41. Həmçinin işdə olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014cü il tarixli 2(103)-7337/2014 nömrəli qərardadından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 mart 2012-ci il tarixli qiyabi qətnaməsi ilə X12 X8 qarşı irəli sürdüyü iddia tələbinin təmin olunaraq, sonuncunun Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Cavadxan küçəsi 29 a saylı evin 34 saylı mənzilindən istifadə hüququnun itirilməsi və onun həmin mənzildən qeydiyyatdan çıxarılması qət olunmuşdur. Sonradan həmin qiyabi qətnamə X7 ərizəsi əsasında əğv olunaraq onun “mənzilə istifadə hüququnun tanınması, və mənzilə köçürülmə” tələbinə dair qarşılıqlı iddiası da icraata götürülməklə işə mahiyyəti üzrə yenidən baxılmış və birinci instansiya məhkəməsinin 11 sentyabr 2012-ci il tarixli qətnaməsi ilə nər iki iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 10 dekabr 2012-ci il tarixli qətnaməsi ilə qüvvəsində saxlanılmışdır.

42. Bundan sonra birinci instansiya məhkəməsinə müraciət edən X14, 01 mart 2012-ci il tarixli qiyabi qətnamənin ləğv olunmasına qədər icraya yönəldildiyini və icra olunaraq Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Cavadxan küçəsi 29 a sayh evin 34 saylı mənzilindən pasport qeydiyyatından çıxarıldığını bildirmiş, buna görə də həmin qətnamənin icrasında dönüşün həyata keçirilərək onun əsasında verilmiş icra vərəqəsinin ləğv edilməsini və icranın nəticələrinin aradan qaldırılmasını xahiş etmişdir.

43. Birinci instansiya məhkəməsinin 04 dekabr 2013-cü il tarixli qərardadı ilə ərizənin təmin edilməyərək geri qaytarılması qərara alınmış, məhkəmə bu zaman, xx.xx.2012-ci il tarixli qiyabi qətnamənin ləğv edilmiş olunduğuna və sonradan iddianın rədd edildiyinə əsaslanmışdır.

44. Bakı Apellyasiya Məhkəməsinin 26 avqust 2014-cü il tarixli qərardadı ilə X7 şikayəti qismən təmin edilərək xx.xx.2013-cü il tarixli qərardad ləğv edilmiş və ərizəyə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmışdır.Birinci instansiya məhkəməsinin 13 oktyabr 2014-cü il tarixli qərardadı ilə X7 ərizəsi yenə də təmin olunmamış, qərardaddan verilmiş şikayət isə xx.xx.2014-cü il tarixli qərardadla təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya məhkəməsinə göndərilmişdir. 45 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli 2(103)- 7337/2014 nömrəli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 511/2014 saylı iş üzrə 13 oktyabr 2014-cü il tarixli qərardadı ləğv edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 mart 2012-ci il tarixli qiyabi qətnaməsi əsasında verilmiş icra vərəqəsinin ləğv edilməsi və icranın nəticələrinin aradan qaldırılması barədə X7 ərizəsi qismən təmin olunmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 mart 2012-ci il tarixli qiyabi qətnaməsinin icrasından geri dönüş edilmiş, ərizə qalan hissədə təmin olunmamış, bu qərardad, X7 Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Cavadxan küçəsi 29a saylı evin 34 saylı mənzilinə pasport qeydiyyatına alınması üçün əsasdır.

46. Göründüyü kimi, Fuad Rzayevin üçüncü şəxsin 34 saylı mənzilindən istifadə hüququnun itirilməsi ilə bağlı iddiası rədd edilmişdir.

47. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, üçüncü şəxsin hazırda mübahisəli mənzilə dair istifadə hüququnun mövcudluğu, o cümlədən mənzildə yaşamaması ilə bağlı həmin hüquqların qüvvədə olub olmaması mülki məhkəmə icraatının predmeti olduğundan hazırkı icraat üzrə həmin məsələlərin qiymətləndirilməsi, buna uyğun olaraq hazırkı iddianın həll olunması inzibati mühakimə icraatının predmetini təşkil etmir. Çünki üçüncü şəxsin 54 saylı mənzilə hüquqlarının olmaması ilə bağlı hazırkı iddianın faktiki əsasını mülki mübahisə təşkil edir.

48. Məhkəmə Kollegiyası razılaşır ki, belə olan halda aydındır ki, bu halların müəyyən edilməsi həmçinin inzibati orqanın da səlahiyyəti olmamış, buna görə də cavabdehin imtinası əsaslı olmaqla, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır.

49. Məhkəmə Kollegiyası iddia tələbinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu olduğunu, həmin dəlillərə isə yuxarıda hüquqi qiymət verildiyini qeyd etməklə, odur ki, prosessual qənaət prinsipindən çıxış edərək cavabdehin apellyasiya şikayətinə münasibətdə bir daha qeyd edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğvinə əsas təşkil etmir.

50. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

51. Göründüyü kimi, birinci instansiya məhkəməsində işə baxılarkən yuxarıda qeyd olunan məsələlər araşdırılmış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirərək iddia rədd edilmişdir.

52. Buna görə də məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə bağlı gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni, ədalətli və işin faktiki halları baxımdan əsaslıdır.

53. Beləliklə, apellyasiya şikayətinin dəlilləri əsassızdır və odur ki, təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3129/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3129/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar