Məhkəmə qərarları › İş №2-1(103)-2642/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2642/2021

21.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2642/2021 21.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi-vəkili X4 və cavabdehin nümayəndəsi-vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “Daxili İşlər Nazirliyinin Nərimanov RPİ PPXB-nin polis nəfəri vəzifəsindən çıxarılması barədə əmrin ləğv edilməsi və iddiaçının Daxili İşlər Nazirliyinin Nərimanov RPİ PPXB-nin polis nəfəri vəzifəsinə bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə öhdəlik qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1666/2021 saylı 26.08.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Daxili İşlər Nazirliyinin Nərimanov RPİ PPXB-nin polis nəfəri vəzifəsindən çıxarılması barədə əmrin ləğv edilməsi və iddiaçının Daxili İşlər Nazirliyinin Nərimanov RPİ PPXB-nin polis nəfəri vəzifəsinə bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, Nərimanov RPİ PPXB-nin polis nəfəri vəzifəsində işləmiş, Daxili İşlər Nazirliyinin 06.03.2020-ci il tarixli əmri ilə tutduğu vəzifədən azad edilmişdir. Əmrdə göstərilmişdir ki, “Nərimanov RPİ PPXB-nin polis nəfəri İddiaçı 03.02.2020-ci il tarixdə DİN-in Tibb İdarəsinə bilavasitə tabe olan 2 nömrəli Poliklinikada “ekspress-test” üsulu ilə tibbi müayinədən keçirilərək sidik nümunəsinin tərkibində morfin və barbituratlar qrupuna aid olan narkotik maddə aşkar olunaraq bu barədə 1 nömrəli akt tərtib edilmişdir. Polis serjantı İddiaçı həmin tarixdə Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT birliyində dərinləşdirilmiş tibbi müayinədən keçirilmiş, məhkəmə-kimyəvi tədqiqat nəticəsində götürülmüş qan və sidik nümunələrinin tərkibində barbitur turşusu törəmələrinə aid olan Fenobarbital və tiryək qrupu alkoloidlərinə aid olan Kodein adlı alkoloid aşkar edilərək bu barədə 11.02.2020-ci il tarixli 470/k nömrəli ekspert aktı tərtib edilmişdir...”. O, 2017-ci ilin yanvar ayından Daxili İşlər orqanlarına işə qəbul olunmuş, ikinci təhsil almaq üçün həmin ildə Polis Akademiyasının qiyabi şöbəsinə daxil olmuş və hazırda 4-cü kurs tələbəsidir. İddiaçı 06.03.2020-ci il tarixədək Bakı şəhəri Nərimanov RPİ-nin PPXB-də polis serjantı rütbəsində qüsursuz xidmət etdiyinə görə vəzifədə irəli çəkilməyi üçün 03.02.2020-ci il tarixdə zabit rütbəsi almaq üçün verilmiş təqdimata əsasən DİN-nin müvafiq göndərişi ilə DİN-in Tibb İdarəsinin 2 nömrəli poliklinikasında tibbi müayinədən keçmişdir. 03.02.2020-ci il tarixdə DİN-nin Tibb İdarəsinin 2 N-li poliklinkasında müayinə olunarkən, məhkəmə-kimyəvi ekspertizadan keçərkən, eləcə də, araşdırma zamanı Daxili Təhqiqatlar İdarəsində tam səmimi izahat verərək, heç vaxt narkotik vasitə qəbul etmədiyini, yalnız 02.02.2020-ci il tarixdə baş ağrısı ilə əlaqədar evdən ona verilmiş “Pentalqin-H” dərmanı qəbul etdiyini göstərmişdir. Həmin dərmanının tərkibində olan komponentlərin insan bədənində qısa müddətdə qalması, narkotik vasitə istifadəçilərinin bədənində isə narkotik vasitənin uzun müddət qalmasının aydınlaşdırılması üçün iddiaçının təkrar tibbi müayinədən keçirilməsinə dair xahişləri təmin edilməmiş, izahatında göstərdiyi xüsusatlardan başqa hal aşkar edilməmiş, iş üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi üçün valideyinləri və əlaqədar şəxslərin izahatları alınmamış, 470/K nömrəli ekspert aktının nəticələri (Fenobarbital və Kodein adlı alkoloidlər Pentalqin və sair dərman preparatların tərkibinə daxildir və tibdə geniş istifadə olunması göstərilsə də nəzərə alınmayaraq) təhrif edilərək araşdırma zamanı heç bir əsas olmadan, qanuna zidd olaraq qanunsuz dövriyyədə olan narkotik vasitə istifadə etməyi barədə saxta rəy tərtib edilmişdir ki, nəticədə bu da DİN-nin 06.03.2020-ci il tarixli əmri ilə Daxili işlər orqanlarından və Polis Akademiyasından qanunsuz olaraq xaric olunmasına səbəb olmuşdur. Bundan sonra qanunvericiliyə uyğun olaraq 14.05.2020-ci il tarixli ərizəsi əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X2 barəsində narkotik və psixotrop maddələrin təyin edilməsinə dair məhkəmə-kimyəvi ekspertizası təyin edilərək 31.05.2020-ci il tarixli 1503/К nömrəli akt alınmışdır. 11.02.2020-ci il tarixli 470/K nömrəli ekspert aktının nəticə hissəsində ”Pentalqin-H” dərmanın tərkibində olan komponentlərin iddiaçının sidik və qan nümunələrində aşkar olunmuş fenobarbital və kodeinlə eynilik təşkil etməsi, 31.05.2020-ci il tarixli 1503/К nömrəli aktının nəticə hissəsində ondan götürülmüş qanda və sidikdə fenobarbital və kodein alkoloidlərinin, habelə hər hansı psixotrop maddələr və narkotik vasitələrin aşkar edilməməsi, 02.02.2020-ci il tarixdə müayinədən öncə qəbul etdiyi, izahatında göstərdiyi və 470/K N-li ekspert aktı ilə müəyyən edildiyi kimi müalicə təyinatlı tibdə geniş istifadə olunan “Pentalqin-H” dərman preparatının olması tam təsdiq olunmuşdur. Qeyd etməlidir ki, işdən çıxarılma barədə əmr hələ də iddiaçıya rəsmi qaydada təqdim edilməmişdir. İddiaçı həmçinin ərizə ilə məhkəməyə müraciət edərək buraxılmış prosessual müddətinin bərpa edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1666/2021 saylı 26.08.2021-ci il tarixli qərardadı ilə buraxılmış iddia müddətinin bərpa edilməsi barədə ərizəsi təmin edilməmiş və iddia mümkün sayılmamışdır. (hakim: M.Qarayeva) Həmin qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, buraxılmış müddətin bərpa edilməsi və iddianın mümkün hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə qərardadı ilə məhkəmə müdafiəsi hüququndan məhrum edilmişdir. O, başqa əsasla işdən çıxarılsaydı gələcəkdə müəyyən karyera qurmaq olardı. Təəssüf ki, o, məhz narkotik maddə qəbul etmə əsası ilə işdən çıxarılmışdr. Əslində isə iddia ərizəsinə əlavə edilmiş sənədlərdən də görünür ki, o, qətiyyən narkotik maddə qəbul etməmişdir. Onun heç bir günahı olmadığı halda bütün gələcək karyerası məhv edilmişdir. Müddətlə bağlı məsələ həll edilərkən müddətin axımının başlandığı və müddətin axımının dayandığı vaxt müəyyənləşdirilməlidir. Etirazda müddətin axımının başlandığı və qurtardığı ana qiymət verilməmişdir. Məhkəməyə müraciət edilən andan müddətinin axımı dayandırılır. O, 09.09.2020-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Həmin tarixdə müddətin axımı dayandırılmışdır. Bu işin şəksiz sübut edilmiş halıdır. Müddətin axımının başlanması ilə bağlı bildirir ki, əmrin ləğv edilməsi və işə bərpa edilmə barədə iddialarda müddətin axımı şəxsə əmr təqdim edildiyi vaxtdan hesablanmalıdır. Lakin, təəssüf ki, cavabdeh qurum əmrin surətini ona vaxtında təqdim etməmişdir. O, işdən çıxarılma haqqında əmri almaq üçün cavabdeh quruma sorğu verməyə məcbur olmuşdur. Sorğunun cavabı olaraq Azərbaycan Respublikası Bakı şəhər Baş Polis İdarəsi tərəfindən verilmiş 26.09.2020-ci il tarixli 045- 26385/H-4220 saylı məktubda göstərilir ki, “vətəndaş İddiaçı daxili işlər orqanlarında xidmətdən xaric edilməsi ilə bağlı əmrin surətinin təqdim edilməsi barədə müraciəti aidiyyəti üzrə baxılması üçün sizə göndərilir”. Habelə, Nərimanov rayon Polis İdarəsi tərəfindən verilmiş 05.10.2020-ci il tarixli 078-26385/2L saylı məktubda göstərilir ki, “Bakı şəhəri BRİ-nin 26.09.2020-ci il tarixli 045-26385/H-4220 saylı məktubu ilə daxil olmuş, DİN-in rəhbərliyinə ünvanladığınız 07.09.2020-ci il tarixli ərizənizə cavab olaraq, daxili işlər orqanlarında xidmətdən xaric olmağınız barədə Nərimanov RPİ-nin 10.03.2020-ci il tarixli Ə21ş/h-078-20 saylı şəxsi heyət üzrə əmrindən çıxarış Sizə təqdim olunur”. Qeyd edilən məktublardan belə başa düşülür ki, mübahisələndirilən əmr 05.10.2020-ci il tarixədək ona təqdim edilməmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etirazda göstərilir ki, “qeyd olunan əmr (DİN-in 06.03-2020-ci il tarixli Ə247-001-20 nömrəli əmri) 10.03-2020-ci il tarixdə Nərimanov RPİ-nin şəxsi heyətinə elan edilərək həmin tarixdə arayışla RPİ-nin dəftərxanasında işə alınmışdır”. Etirazda 10.03.2020-ci il tarixli əmrin ona elan edildiyi vaxt kimi qiymətləndirilir. Lakin, onun işə çıxdığı sonuncu gün 07.03.2021-ci ildir. Əmrin ona elan edilməsi tam yalan informasiyadır. O, 07.03.2021-ci il tarixdə işdən çıxdığı halda necə ola bilər ki, 10.03.2020-ci il tarixdə işə çıxa bilər? Xüsusilə qeyd etməyi vacib bilir ki, əmrin ona şəxsən elan edilməsi barədə heç bir quruma hər hansı bir yazılı qeyd (qəbz) verməmişdir. Ona görə də cavabdeh əmrin ona elan edilməsini sübut edə bilməz. Müddətin axımının başlanması məhz əmrin elan edildiyi vaxt kimi qiymətləndirilməlidir. Əslində söhbət əmrin elan edilməsindən yox, məhz əmrin ona təqdim edilməsindən getməlidir. Digər tərəfdən əmrin Nərimanov RPİ-nin şəxsi heyətinə elan edilməsi hələ o anlama gəlmir ki, həmin əmr məhz ona elan edilmişdir. Bildirir ki, işin xüsusilə vacibliyini nəzərə alaraq əmr ona vaxtında təqdim edilməli idi. Çünki qeyd edilən əmrlə onun bütün karyerası, bütün həyatı məhv olmuşdur. Belə bir ciddi məsələyə qeyriciddi münasibət bildirilməsini əsassız hesab edir. Habelə, əmrin şifahi elan edilməsi pozulmuş hüququnun bərpa edilməsi ilə bağlı məhkəməyə müraciət etmək imkanı verə bilməz. Çünki, əmr ona təqdim edildiyi təqdirdə əmrdə göstərilənlərin düzgün olmamasını iddia ərizəsində əsaslandıra bilərdi. Əks təqdirdə həmin əmri mübahisələndirmək mümkün deyil. Nəhayət, pozulmuş hüquqlarının bərpa edilməsi məqsədilə o, dəfələrlə əmrin surətinin ona təqdim edilməsini cavabdeh qurumdan xahiş etmişdir. Digər tərəfdən məhkəməyə təqdim etdiyi ərizənin surətindən də görünür ki, atası və o, dəfələrlə X7 cənab Vilayət Eyvazova və digər vəzifəli şəxslərə ərizə ilə müraciət edərək onun işə bərpa edilməyini xahiş etmişdir. Həmin ərizələrin cavabları ona çatdıqdan sonra o, 30 günlük iddia vermə müddətini itirməmişdir. Habelə, iş materiallarından da görünür ki, o, təkrar ekspertiza keçirilməsi barədə dəfələrlə cavabdeh quruma müraciət etmişdir. Nəhayət, təkrar ekspertiza keçirilmiş və məlum olmuşdur ki, onun qan və sidik nümunələrində heç bir narkotik maddə aşkar edilməmişdir. Həmin ekspert rəyi alındıqdan sonra onun işdən qanunsuz çıxarıldığı təsdiq edilmişdir. O ki qaldı əmək kitabçasının ona təqdim edilməsi bununla bağlı bildirməlidir ki, o, nə qədər ki, əmrin ləğv edilməsinin məhkəmədən xahiş etmişdir, əmrin ona təqdim edilməsi zəruri idi. Göründüyü kimi müddət onun təqsiri olmadan buraxılmışdır. Ona görə də buraxılmış müddət bərpa edilməlidir. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili X4 apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi-vəkili X3 apelyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq iş üzrə tərəflərin izahatlarını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı Daxili İşlər Nazirliyinin Nərimanov RPİ PPXB-nin polis nəfəri vəzifəsindən çıxarılması barədə əmrin ləğv edilməsi və iddiaçının Daxili İşlər Nazirliyinin Nərimanov RPİ PPXB-nin polis nəfəri vəzifəsinə bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə öhdəlik qoyulmasını, eyni zamanda müddətin bərpası barədə məhkəməyə ərizə təqdim edərək ötürülmüş müddətin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi ötürülmüş müddətin bərpa edilməsi barədə ərizəni təmin etməmiş, eyni zamanda iddianı mümkün saymayaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsi yalnız “təqdim olunma” ifadəsindən deyil, həm də “elan olunma” ifadəsindən istifadə edir. Buna görə “elan olunma” eynilə “təqdim olunma”ya bərabər hüquqi nəticələr doğurur. “Elan olunma” isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə iddia verilməsi axımının başlanması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Göründüyü kimi inzibati aktdan şikayət müddəti həmin aktın təqdim, eləcə də elan olunmasından sonra, şikayət instansiyası tərəfindən şikayətə dair qəbul olunan inzibati aktın isə təqdim olunduğu vaxtdan 30 gün müddətinə qaldırıla bilər. İş materiallarından məlum olur ki, iddiaçı mübahisələndirdiyi inzibati aktın qəbul olunmasından 7 ay müddət keçəndən sonra məhkəməyə müraciət etmiş, müddətin üzrlü səbəblərdən buraxılmasına səbəb olmuş hallar məhkəmə araşdırması zamanı sübuta yetməmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı əmr ona elan olunmaqla və təhvil-təslim sənədlərinə imza etməklə tanış olduğundan, mübahisələndirilən qərar üzrə qanunvericiliklə müəyyən edilmiş şikayət vermə müddəti həmin vaxtdan başlayır və iddiaçı həmin müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. İddiaçının ərizəsində göstərilən hallar isə buraxılmış müddətin bərpa edilməsi üçün əsas ola bilməz. Ona görə də qanunvericiliklə müəyyən edilmiş müddətin iddiaçının təqsiri olmadan buraxılması halları, həmçinin müddətə əməl olunmasına mane olan hallar mövcud olmadığından prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməməli və mübahisələndirilən qərardan şikayət vermə müddəti ötürüldüyündən iddia mümkün hesab edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 saylı 10 aprel 2015-ci il tarixli, Qərarına əsasən, ...mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd); ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd); məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd); İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd). İddiaçının hazırkı iddiası İnzibati Prosessual Məcəllənin 2.2.1 və 32.1-ci maddələrində nəzərdə tutulmuş mübahisələndirmə haqqında iddia növünə aiddir. Belə ki, iddiaçı onun hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın-polis nəfəri vəzifəsindən çıxarılması barədə əmrin ləğv edilməsi və işlədiyi vəzifəsinə bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə öhdəlik qoyulmasını xahiş edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İş materiallarından müəyyən olunur ki, “Nərimanov RPİ əməkdaşlarının intizam məsuliyyətinə cəlb olunması barədə” Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 06.03.2020-ci il tarixli Ə247-001-20 nömrəli əmrinə əsasən iddiaçı “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarından xidmətdən xaric edilmişdir. Respublikasının Daxili İşlər Nazirliyi Nərimanov Rayon Polis İdarəsinin 25.05.2021-ci il tarixli məktubundan görünür ki, Nərimanov RPİ-nin Post-patrul xidməti bölüyünün sabiq polis nəfəri İddiaçı barədə 07.03.2020-ci il tarixdə DİN-in 06.03.2021-ci il tarixli Ə247-001- 20 nömrəli əmri Nərimanov RPİ-yə daxil olmuş və İdarənin 10.03.2020-ci il tarixli Ə21ş/h- 078-21 nömrəli əmri ilə 06.03.2020-ci il tarixdən DİO-da xidmətdən xaric edilmişdir. İddiaçı 09.03.2020-ci il tarixdə RPİ-nin Kadrlar qrupuna dəvət edilərək DİN-in müvafiq əmri ona elan edilmiş və 10.03.2020-ci il tarixdə isə keçirilmiş RPİ-nin əməliyyat müşavirəsində (14 №-li protokol) şəxsi heyətə elan olunmuşdur. DİO-da xidmətdən xaric olunması ilə əlaqədar digər sənədlər 11-16 mart 2020-ci il tarixdə İddiaçı təqdim edilmiş və müvafiq qeydiyyatlar aparılmışdir. Məktuba əlavə edilmiş 13.03.2020-ci il tarixli təhvil-təslim vərəqəsindən görünür ki, iddiaçı Nərimanov RPİ-nin 10.03.2020-ci il tarixli Ə21ş/h-078-21 nömrəli əmri əsasında təhvil-təslim işlərinə imza etmiş, ona aid olan 173885 nömrəli əmək kitabçasını 13.03.2020-ci il tarixdə Nərimanov RPİ-nin Kadrlar qrupundan təhvil almış, 13.03.2020-ci il tarixdə qəbzi imzalamaqla SX seriyalı № ******* saylı hərbi biletini almış və 7 gün müddətində Nərimanov Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinə getməyinin zəruriliyi ona izah olunmuşdur. İş materiallarından isə görünür ki, iddia ərizəsi məhkəməyə 09.09.2020-ci il tarixdə, yəni mübahisələndirilən əmrin ona elan edildiyi vaxtdan 6 ay sonra daxil olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin qanunun 62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 73.1-ci və 73.2-ci maddələrinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 78.1-ci maddəsinə əsasən Qanunda başqa müddət nəzərdə tutulmamışdırsa, şikayət instansiyası daxil olduğu gündən 1 ay müddətində inzibati şikayətə baxmağa və mahiyyəti üzrə qərar qəbul etməyə borcludur. Həmin Qanunun 78.2-ci maddəsinə əsasən şikayət instansiyası tərəfindən bu Qanunun 78.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində qərar qəbul edilmədikdə və ya şikayət instansiyası tərəfindən qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2015-ci il tarixli qərarına müvafiq olaraq mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-nin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-nin 38.1-ci maddəsi) əməl olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinə əsasən Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin müddətin bərpa edilməməsi, eləcədə iddianın mümkün sayılmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərarın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 80, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1666/2021 saylı 26.08.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar