Məhkəmə qərarları › İş №2-1(103)-2642/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2642/2024

28.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2642/2024 28.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və X2 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi X4, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə qarşı “pul məbləğinin penya ilə birlikdə geri qaytarılmasına dair rəyin verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3470/2024 nömrəli, 15 fevral 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizədə göstərilən 48276,36 manat artıq ödəmə məbləğinin və ərizənin təqdim edildiyi gündən ödəmə günü də daxil olmaqla, dövr üzrə hər gecikdirilmiş günə 0,1% penya ilə birlikdə geri qaytarılmasına dair rəyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” xx.xx.2023-cü il tarixdə ərizə ilə Bakı Baş Gömrük İdarəsinə müraciət etmişdir. Vergi Məcəlləsinin 87-ci maddəsinə əsasən ərizədə artıq ödəmə məbləği olan 48276,36 manat 45 gün ərzində iddiaçıya geri qaytarılmalı olsa da, lakin bu günədək həmin məbləğ ona geri qaytarılmamışdır. Odur ki, həmin məbləğ və ərizənin təqdim edildiyi gündən ödəmə günü də daxil olmaqla, dövrü üzrə hər gecikdirilmiş günə 0,1% penya ilə birlikdə (Azərbaycan Respublikası Vergi Məcəlləsinin 59.3. maddəsinə və Nazirlər Kabinetinin 48 saylı Qərarına əsasən) iddiaçıya geri qaytarılmalıdır. Bu barədə iddiaçının Dövlət Gömrük Komitəsinə ünvanladığı şikayətə verilmiş cavab məktubunda rəyin təqdim edilməli olduğu göstərilir, lakin rəyin təqdim olunması üçün heç bir tədbir görülmür. Ona görə də cavabdehin üzərinə bu barədə rəyin aidiyyəti maliyyə orqanına təqdim edilməsi öhdəliyi qoyulmalıdır. Bakı İnzibati Məhkəməsinin (hakim Aygün Abdullayeva) 2-1(112)-3470/2024 nömrəli, 15 fevral 2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı xx.xx.2023-cü il tarixli “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizəsində göstərilən 48276,36 manat artıq ödəmə məbləğinin və ərizənin təqdim edildiyi gündən ödəmə günü də daxil olmaqla, hər gecikdirilmiş gün üçün həmin məbləğin 0,1%-i məbləğində penya ilə birlikdə geri qaytarılmasına dair rəyin verilməsi öhdəliyi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı MMC Bakı Baş Gömrük İdarəsinə qarşı iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü il tarixli “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizədə göstərilən 48276,36 manat artıq ödəmə məbləğinin və ərizənin təqdim edildiyi gündən ödəmə günü də daxil olmaqla, dövrü üzrə hər gecikdirilmiş günə 0,1 % peniya ilə birlikdə iddiaçıya geri qaytarılması üçün rəyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsi xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbini təmin etmişdir. Cavabdeh Bakı Baş Gömrük İdarəsi həmin qərar ilə razı deyil, qərar maddi və prosessual hüquq normaları pozulmaqla qəbul olunduğu üçün ləğv olunmalıdır. Belə ki, artıq ödənilmiş vergilərin və rüsumların qaytarılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 saylı Qərarı ilə təsdiq olunmuş “Gömrük ödənişlərinin qaytarılması Qaydaları” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli Qərarı ilə təsdiq olunmuş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nın müvafiq müddəaları ilə tənzimlənir. “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nın 2.1-ci bəndinə əsasən vergi ödəyicisi ondan düzgün tutulmamış və ya artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını və ya digər vergilərin, faizlərin maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (Vergi Məcəlləsinin 38.3.3-cü və 38.3.4-cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 (beş) il müddətində tələb etmək hüququna malikdir. İddiaçı MMC tərəfindən gömrük orqanına təqdim edilən **********6178 sorğu nömrəli gömrük bəyannaməsi üzrə yaranmış gömrük borcunun 2018-ci ildə ödənildiyi və həmin müddətdən artıq 5 ildən artıq müddət keçdiyi müəyyən olunmuşdur. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 saylı Qərarı ilə təsdiq olunmuş “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nın 2.1-ci bəndində göstərilir ki, gömrük borcu üzrə ödənilmiş gömrük rüsumu aşağıdakı hallarda qaytarılır: mallar qüsurlu olduqda; gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə; “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda. İddiaçının ərizəsində və məhkəmə qərarında bu hallardan hansının baş verdiyi əsaslandırılmamışdır. Eyni zamanda, həmin Qaydaların 8.1-ci bəndində göstərilir ki, bu Qaydaların 8.2-ci bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, gömrük ödənişlərinin qaytarılması gömrük orqanları tərəfindən faizlərin ödənilməsinə səbəb olmur. 8.2-ci bənddə isə “gömrük ödənişlərinin qaytarılması barədə qərar verildikdən sonra 3 (üç) ay müddətində ödəniş edilmədikdə və bu gecikmə gömrük və ya maliyyə orqanlarının (onun vəzifəli şəxslərinin) hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verdikdə, gömrük orqanları tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi uçot dərəcəsi ilə faizlər hesablanır və ümumi borc məbləği şəxsə bu Qaydalara əsasən ödənilir. Faizlər üç aylıq müddət başa çatdığı tarixdən gömrük rüsumlarının, gömrük yığımlarının və haqqın qaytarıldığı tarixədək olan müddət üzrə hesablanır” müddəası öz əksini tapmışdır. Göründüyü kimi, məhkəmə qərarının nəticə hissəsində göstərilmiş “qaytarılmanın gecikdirilməsinə görə ödəyicinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz olaraq əlavə olaraq ödənilməsi barədə rəyin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 saylı Qərarı ilə təsdiq olunmuş “Gömrük ödənişlərinin qaytarılması Qaydaları” ilə ziddiyyət təşkil edir. Məhkəmə qərarı işin faktiki hallarına və qanunvericiliyin tələblərinə uyğun gəlmir, birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: 1.0.17-ci maddəsinə əsasən gömrük ödənişləri - bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda gömrük orqanları tərəfindən alınan gömrük rüsumları, vergilər, gömrük yığımları, dövlət rüsumu və haqqdır. 1.0.20-ci maddəsinə əsasən gömrük rüsumları - malların gömrük ərazisinə gətirilməsi və bu ərazidən aparılması zamanı gömrük orqanları tərəfindən alınan gömrük ödənişlərinin bir növüdür. 1.0.56-cı maddəsinə əsasən vergilər - malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi ilə əlaqədar alınması gömrük orqanlarına həvalə olunmuş əlavə dəyər vergisi, yol vergisi və aksizlərdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 59.3-cü maddəsinə əsasən müəyyən edilmiş vergi məbləğindən artıq ödənilmiş məbləğ və ya düzgün tutulmayan vergi məbləği ödənildikdə, bu Məcəllə ilə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz ödənilir. 87.1-ci maddəsinə əsasən bu Məcəllənin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda, artıq ödənilmiş məbləğlər: 87.1.1. digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir; 87.1.2. vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir. 87.3-cü maddəsinə əsasən bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. 87.4-cü maddəsinə əsasən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nın: 1.2-ci bəndinə əsasən gömrük orqanları tərəfindən alınan vergilərin qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş "Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları" ilə müəyyən olunmuş qaydada həyata keçirilir. 1.4-cü bəndinə əsasən gömrük orqanları tərəfindən alınan gömrük rüsumlarının, gömrük yığımlarının və haqqın qaytarılması bu Qaydalara əsasən həyata keçirilir. 2.1-ci bəndinə əsasən gömrük borcu üzrə ödənilmiş gömrük rüsumu aşağıdakı hallarda qaytarılır: 2.1.1. mallar qüsurlu olduqda; 2.1.2. gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə; 2.1.3. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli 313 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nın: 1.1-ci bəndinə əsasən bu Qaydalar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra – Vergi Məcəlləsi) 87.4-cü və 87.5-ci maddələrinə, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-1.2-ci maddəsinə, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 7-1-ci maddəsinə, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-24.1-ci maddəsinə əsasən hazırlanmışdır və vergi ödəyicisindən və ya sığortaedəndən, habelə sığortalıdan düzgün tutulmamış və ya onun tərəfindən artıq ödənilmiş, rekvizitlərin səhv göstərilməsi və (və ya) ödəniş əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının, eyni zamanda Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisinin (bundan sonra – büdcəyə artıq ödəmələr) məbləğlərinin qaytarılması qaydalarını müəyyən edir. 1.2.1-ci bəndinə əsasən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar – tutulması gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş yol vergisinə, ƏDV və aksizlərə münasibətdə gömrük orqanları, digər vergilərə, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta, icbari tibbi sığorta üzrə sığorta haqlarına, hesablanmış faizlərə tətbiq edilmiş maliyyə sanksiyalarına münasibətdə vergi orqanları. 2.1-ci bəndinə əsasən vergi ödəyicisi ondan düzgün tutulmamış və ya artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) ödəniş əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını və ya digər vergilərin, faizlərin maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (Vergi Məcəlləsinin 38.3.3-cü və 38.3.4-cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 (beş) il müddətində tələb etmək hüququna malikdir. 3.1-ci bəndinə əsasən vergi ödəyicisi Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə (2 nömrəli əlavə) ilə vergi orqanına, sığortaedən artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına, sığortalı isə artıq ödənilmiş icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına müraciət etməlidir. 3.2-ci bəndinə əsasən büdcəyə artıq ödəmələrin qaytarılması üçün ərizə vergi ödəyicisinin sığortaedənin və ya sığortalının qeydiyyatda olduğu vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara təqdim olunmalıdır. 4.1-ci bəndinə əsasən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar Vergi Məcəlləsinin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) ödəniş əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: 4.1.1. vergi ödəyicisinin büdcəyə artıq ödəmələrini digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsinə yönəldirlər; 4.1.2. vergi ödəyicisinin razılığı ilə büdcəyə artıq ödəmələri sonrakı öhdəliklər üzrə ödəmələrə yönəldirlər; 4.1.3. Bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı və ya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemində yaradılmış “Vahid elektron lövhə” bölməsi vasitəsilə tərtib edilmiş elektron (tutulması gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş vergilər üzrə təqdim edilmiş ərizələr istisna olmaqla) ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər; 4.1.3-1. Rekvizitlərin səhv göstərilməsi və (və ya) ödəniş əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə məbləğlərin vergi ödəyicisinin borcu olmadığı halda 20 gün ərzində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş qaydada rəy tərtib edirlər; 4.1.4 Gömrük orqanları avtonəqliyyat vasitəsinin sərhəd buraxılış məntəqəsində ləngimədən hərəkətini təmin etmək məqsədilə artıq alınmış yol vergilərinin nağd formada qaytarılmasını təmin edirlər. 4.9-cu bəndinə əsasən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar vergi ödəyicisinin və ya sığortaedənin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə 4 (dörd) nüsxədə rəy tərtib edirlər. 6.1-ci bəndinə əsasən vergi ödəyicisi, sığortaedən və ya sığortalı tərəfindən büdcəyə artıq ödəmələrin qaytarılması barədə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək (Vergi Məcəlləsinin 199.12ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisi istisna olmaqla) gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə, sığortaedənə və ya sığortalıya müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilir. Bu faizlərin ödənilməsi büdcə gəlirlərinin azaldılmasına aid edilir. 6.2-ci bəndinə əsasən vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının artıq ödənilmiş məbləğlərinin qaytarılmasına dair vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verdiyi müddətdən 45 və ya bu Qaydaların 4.1.3-1-ci yarımbəndinin və 4.8-ci bəndinin birinci cümləsi ilə müəyyən edilən halda 20 gün, 4.8-ci bəndinin ikinci cümləsi ilə müəyyən edilən halda isə 4 (dörd) ay müddətində məbləğ qaytarılarsa, vergi ödəyicisinə, sığortaedənə və ya sığortalıya faiz ödənilmir. İşin faktiki hallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-52/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarına əsasən "xxxx" MMC-nin idxal etdiyi **********6178 saylı gömrük bəyannaməsinin «31. Malları təsviri» bölümündə olan «Döşəmə, divar üçün və su udma əmsalı 0,5 kütlə%-dən çox olan, lakin 10 kütlə%-dən çox olmayan digər lövhəciklər» adlı malların təsvirinin «33. Malın kodu» bölümündə olan ********** saylı alt yarımmövqe koduna düzəliş verilərək, sənədlərdə (ixracatçı şirkət tərəfindən təqdim edilən infoys və ixracağçı ölkənin təqdim etdiyi mənşə sertifikatı) göstərilən qanunvericiliyə uyğun olan «malların təsviri» və doğru olan alt yarımmövqe koduna dəyişdirilərək rəsmiləşdirilməsi öhdəliyi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin üzərinə qoyulmuşdur, bununla əlaqədar xx.xx.2023-cü ildə icra vərəqəsi verilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə ilə cavabdeh orqana müraciət edərək, məhkəmə qərarı əsasında verilmiş icra vərəqəsi üzrə xx.xx.2023-cü il tarixinə yaranmış 48276,36 manat artıq ödəmənin qaytarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının artıq ödəmə məbləğinin qaytarılması ilə bağlı cavabdehə müraciət etdiyi xx.xx.2023-cü il tarixdə onun həqiqətən də qanuni qüvvəsini almış məhkəmə qərarı ilə mübahisə edilən məbləğdə (48276,36 manat) artıq ödəməsi mövcud olmuşdur. İddiaçının həmin tarixə artıq ödəməsinin olması işin mübahisəsiz halıdır. Belə ki, iddiaçının cavabdehə müraciət etdiyi tarixdə artıq ödəməsinin olduğu cavabdeh tərəfindən mübahisələndirilmir. Həmin məbləğin artıq ödəmə kimi təsbit edilməsi qanuni qüvvəsini almış məhkəmə qərarının icrası zamanı, xx.xx.2023-cü il tarixdə yaranmışdır və iddiaçı artıq ödəmə məbləğinin yarandığı gündən bir gün sonra dərhal ona həmin artıq ödənilmənin geri qaytarılması ilə bağlı müraciət ünvanlamışdır. Göründüyü kimi, iddiaçının artıq ödəməsi xx.xx.2023-cü il tarixdə məhkəmə qərarının icrası nəticəsində müəyyən edildiyindən və o, həmin artıq ödəmənin qaytarılması ilə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada xx.xx.2023-cü il tarixdə müraciət etdiyindən və beləliklə, o, həmin vəsait üzrə 5 illik müddəti ötürmədiyindən qeyd edilən artıq ödəniş ona geri qaytarılmalıdır. Eyni zamanda, yuxarıda sadalanan qanunvericilik normalarının tələblərinə uyğun olaraq iddiaçı son olaraq xx.xx.2023-cü il tarixdə ərizə ilə cavabdeh inzibati orqana müraciət etdiyindən və müraciət etdiyi tarixdən sonra 45 gün müddətində artıq ödənilmiş vergi məbləğinin qaytarılması cavabdeh tərəfindən təmin edilmədiyindən, iddiaçı gecikdirilmiş hər gün üçün 48276,36 manat məbləğin 0,1% məbləğində faiz məbləğini tələb etməkdə haqlıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3470/2024 nömrəli, 15 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar