Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2644/2021 06.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4 qızının, İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3435/2021 saylı, 29 iyul 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək stajını, zərərli və ağır şəraitli işlərdə çalışdığı illəri nəzərə alaraq ona 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməklə yaranmış fərqin bir dəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1963-cü ildə anadan olmuş, hazırda 57 yaşı tamam olmuş, 07.06.1978-ci il tarixində əmək fəaliyyətinə başlamış, hazırda da "xxxx" Neft Qazçıxarma İdarəsinin Mexaniki Təmir Qrupunda elektirik qaynaqçısı vəzifəsində çalışır. Ona görə də cavabdehə ərizə ilə müraciət edərək 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Cavabdehin müraciətinə vermiş olduğu cavab məktubunda “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyalarının sənədlərinin rəsmləşdirilməsi üçün məhkəməyə müraciət etməyi məsləhət görülmüş və 57 yaşdan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. İddiaçı göstərilən işlərdə çalışmışdır: 07.06.1978 - 08.07.1980-cı illərdə Salyan rayon Pambıqkənd kənd X1 fəhlə və malabaxan, 01.09.1980 - 20.07.1981-ci illərdə Əli- Bayramlı şəhər 28 nömrəli Texniki Peşə məktəbində əl ilə elektrik qaynaqçısı sənəti üzrə təhsil almış, 05.08.1981-ci ildə “Şirvanneft” neft qazçıxarma idarəsində elektirik qaynaqçısı vəzifəsində, 20.10.1981 - 02.04.1984-cü illərdə həqiqi hərbi xidmətdə olmuş, 02.04.1984-12.07.1985-ci illərdə “Azneft” Quraşdırma İdarəsində qaynaqçısı, 12.08.1985- 30.09.1985-ci il tarixində Rusiya Federasiyasının Tümen vilayətində Neft avadanlıqları İdarəsində qaynaqçısı vəzifəsində, 25.10.1985-23.02.1987-ci il tarixində Rusiya Federasiyasının Tümen vilayətində Neftçıxartma İdarəsində qaynaqçısı, 23.02.1987- 31.07.1992-ci il tarixində Rusiya Federasiyasının Tümen vilayətində Neft avadanlıqları İdarəsində qaynaqçısı, 11.09.1992 - 01.12.1994-cü illərdə “Salyanneft” neft qazçıxarma idarəsinin əhaliyə məişət xidməti sahəsində elektirik qaynaqçısı, 01.12.1994 - 01.01.2001- ci illərdə “Salyanneft” neft qazçıxarma idarəsinin 2 nömrəli neft və qaz çıxarma sexinin quraşdırıcılar briqadasında elektirik qaynaqçısı, 01.01.2001-ci ildən hal-hazıra kimi “Salyan Oyl 1” neft qazçıxarma idarəsinin mexanik təmir qrupunda elektirik qaynaqçısı. Cavabdeh imtina məktubunda iddiaçının təhsil aldığı və hərbi xidmətdə olduğu illəri, o cümlədən zərərli və ağır şəraitli işlərdə çalışdığı illəri tam olaraq nəzərə almamış və əsassız olaraq 57 yaşdan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək əmək stajını, zərərli və ağır şəraitli işlərdə çalışdığı illəri nəzərə alaraq ona 57 yaşdan, yəni 17.07.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3435/2021 saylı, 29 iyul 2021-ci il tarixli qərarı ilə (hakim M.Qarayeva) iddia təmin edilmiş, İddiaçı 57 yaşının tamam olduğu 17.07.2020ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Cavabdeh inzibati orqan həmin qərardan apellyasiya şikayəti verərək iddiaçının Mərkəzi filiala təqdim etdiyi sənədlərdən göründüyü kimi onun 2006-cı il 01 yanvar tarixinədək ümumi iş stajının 25 ildən az (24 il 1 ay 06 gün) təşkil etdiyini əsas gətirərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin nümayəndəsinin iştirakları olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarında olan: - Salyan RPŞ tərəfindən verilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, İddiaçı xx.xx.1963-cü il tarixdə Salyan rayonu Qaraçala qəsəbəsində doğulmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin 10 noyabr 2020-ci il tarixli **********7 saylı məktubla iddiaçıya bildirilmişdir ki, “ərizənizə və ona əlavə olunmuş sənədlərə baxaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Bundan başqa həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993- cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Təqdim etdiyiniz sənədlərdən göründüyü kimi sizin ümumi iş stajınız 1 yanvar 2006-cı il tarixinədək 25 ildən az (24 il 1 ay 6 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır” - İddiaçıya məxsus 22 iyul 1981-ci il tarixli 13437-50 saylı attestatdan görünür ki, o, 01.09.1980 - 20.07.1981-ci illərdə Əli-Bayramlı şəhər 28 nömrəli Texniki Peşə məktəbində təhsil müddəti 1 il olan əl ilə elektrik qaynaqçısı peşəsi üzrə təhsil almışdır. - Azərbaycan Respublikası X3 filialının 04.08.2020-ci il tarixli 295 saylı məktubundan görünür ki, X3 filialında mühafizə olunan Salyan rayon Pambıqkənd kənd İstehsalat Təcrübə stansiyasının arxiv sənədlərində, o cümlədən, 1978-1980-ci illərə aid şəxsi heyət üzrə əmrlərində İddiaçı fəhlə işləməsi aşağıdakı kimidir: 07.06.1978-ci il tarixdə (Əmr №41 § 1) təsərrüfata mövsümü fəhlə, 18.06.1979-cu il tarixdə (əmr № 34 §1) mövsümü fəhlə, 08.07.1980-ci il tarixdə (əmr № 63 § 2) heyvandarlıq fermasına müvəqqəti malabaxan təyin edilmişdir. - “Salyan Oil” LTD şirkətinin 20.08.2020-ci il tarixli HR-20-042 saylı arayışından görünür ki, iddiaçı həqiqətən Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq olunmuş 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarının X bölməsinin İİ yarımbölməsinə əsasən işləmişdir ki, bu da aşağıda göstərilən vəzifələrdə işləməklə ona güzəştli dövlət təqaüdü almaq hüququ verir. 1. 11.09.1992 - 01.12.1994 – cü il tarixlərdə “Salyanneft” neft-qaz çıxarma idarəsinin əhaliyə məişət xidməti sahəsində elektrik qaynaqçısı vəzifəsində işləmişdir. 2. 01.12.1994 - 01.01.2001 – ci il tarixə qədər “Salyanneft” neft-qaz çıxarma idarəsinin 2 nömrəli neft və qaz çıxarma sexinin quraşdırıcılar briqadasında elektrik qaynaqçısı vəzifəsində işləmişdir. 3. 01.01.2001-10.08.2020 – ci il tarixlərdə "xxxx" neft-qaz çıxarma idarəsinin mexaniki təmir qrupunda elektrik qaynaqçısı işləmişdir. Bu da 27 il 11 ay təşkil edir. -İddiaçıya məxsus 26.10.1981-ci il tarixdə doldurulmuş HЗ seriyalı ******* saylı hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 28.10.1981-ci il tarixdən 20.12.1983-cü il tarixə qədər Ordu sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. - Salyan rayonu İcra Hakimiyyəti Başçısının Qaraçala qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş 809 saylı 10.08.2020-ci il tarixli arayışdan görünür ki, iddiaçı Bəşirbəyli kəndində yaşayır - İddiaçıya məxsus ИТ № ******* saylı 21.09.1981-ci il tarixli əmək kitabçasının təsdiqlənmiş surətindən və sığortaolunanın ümumi iş (sosial sığorta) stajı barədə məlumatdan görünür ki, iddiaçı 05.08.1981-ci il tarixdən (Əmr № 108/a 04.08.1981-ci il) 20.10.1981-ci il tarixə qədər (Əmr № 153/k 19.10.1981-ci il) “Şirvanneft” neft qazçıxarma idarəsində elektrik qaynaqçısı vəzifəsində, 28.10.1981-ci il tarixdən 14.12.1983-cü il tarixə qədər həqiqi hərbi xidmətdə olmuşdur, 02.04.1984-cü il (Əmr № 43-k 02.04.1984-cü il) tarixdən 12.07.1985-ci il tarixə qədər (Əmr № 103/k 15.07.1985-ci il) “Azneft” Birliyinin Əli- Bayramlı Vışkaquraşdırma İdarəsində qaynaqçı vəzifəsində, 12.08.1985-ci il tarixdən (Əmr № 146k 12.08.1985-ci il) 30.09.1985-ci il tarixə qədər (Əmr №167k 30.09.1985-ci il) Rusiya Federasiyasının “BaşTümenNeftQaz” İstehsalat Birliyinin “NoyabrskNeftQaz” Vışkaquraşdırma İdarəsində əl ilə elektrik qaynaqçısı vəzifəsində, 25.10.1985-ci il tarixdən (Əmr № 134-k 24.10.1985-ci il) 23.02.1987-ci il tarixə qədər (Əmr №65 23.02.1987) həmin İdarənin metalquraşdırma sexində elektrik qaynaqçı vəzifəsində, 23.02.1987-ci il tarixdən (Əmr № 65 23.02.1987) 29.04.1991-ci il tarixə qədər (Əmr № 102-k 25.04.1991) həmin idərədə vışkaquraşdırma qaynaqçısı vəzifəsində, 06.05.1991-ci il tarixdən (Əmr № 84k05.05.1991) 26.02.1992-ci il tarixə qədər (Əmr № 40-k 26.02.1992) Muravlenko şəhərində nasos kompresor sexində elektrik qaynaqçısı vəzifəsində, 02.03.1992-ci il tarixdən (Əmr № 38k 02.03.1992) 31.07.1992-ci il tarixə qədər (Əmr № 102k 31.07.1992) “Kapital” KM-də elektrik qaynaqçısı vəzifəsində, 11.09.1992-ci il tarixdən (Əmr № 71k 10.09.1992-ci il) 01.12.1994-cü il tarixə qədər “Salyanneft” Neft Qazçıxarma İdarəsinin əhaliyə məişət xidməti sahəsində elektrik qaynaqçısı vəzifəsində, 01.12.1994-cü il tarixdən (əmr № 84/k 02.12.1995-ci il) 01.01.2001-ci il tarixə qədər “Salyanneft” Neft Qazçıxarma İdarəsinin 2 nömrəli neft və qaz çıxarma sexinin quraşdırıcılar briqadasında elektrik qaynaqçısı vəzifəsində işləmiş, 03.01.2001-ci il tarixdən hal-hazıra kimi isə "xxxx" LTD Şirkətinin mexanik təmir qrupunda elektirik qaynaqçısı vəzifəsində işləyir. - “Salyan Oil” LTD şirkətinin 19.03.2021-ci il tarixli HR-21-015 saylı arayışından görünür ki, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq olunmuş 21 iyun 1993-cü il tarixli 320 saylı “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricələrin Siyahısı” barədə Qərarının “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nın 23200000 XXXİİİ “Ümumi peşələr” bölməsinin 23200000 — 19906 əl ilə qaynaq aparan elektrik qaynaqçıları bəndinə əsasən işləmişdir ki, bu da aşağıda göstərilən vəzifələrdə işləməklə ona güzəştli dövlət təqaüdü almaq hüququ verir: 11.09.1992-ci il tarixdən 01.12.1994-cü il tarixə qədər “Salyanneft” neft qaz çıxarma idarəsinin əhaliyə məişət xidməti sahəsində elektrik qaynaqçısı, 01.12.1994-ci il tarixdən 01.01.2001-ci il tarixə qədər “Salyanneft” neft qaz çıxarma idarəsinin 2 nömrəli neft və qaz çıxarma sexinin quraşdırıcılar briqadasında elektrik qaynaqçısı, 01.01.2001-ci il tarixdən 01.01.2006-cı il tarixə qədər "xxxx" Ltd şirkətinin mexaniki təmir qrupunda elektrik qaynaqçısı vəzifələrində işləmişdir. Bu da 13 il 3 ay 19 gün təşkil edir. Birinci instansiya məhkəməsi cavabdehin imtinasını qanuni və əsaslı hesab etməyərək iddia tələbinin təmin edilməli olması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab etmiş və öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olmuşdur. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13- cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin «e» bəndinə əsasən qanunda nəzərdə tutulmuş başqa şərtlərə əməl eməklə ictimai faydalı əməklə məşğul olan ali məktəblərdə və orta ixtisas peşə məktəblərində, kadrlar hazırlayan kurslarda təhsil alanlar, aspirantlar, klinika ordinatorları, doktorantların əmək pensiyası almaq hüququ vardır. Həmin Qanunun 67-ci maddəsinin İİİ hissəsinin «ğ» bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi, hazırkı qanunvericiliklə təhsil müddəti iş stajı hesab olunmasa da, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyə əsasən onun təhsil aldığı müddət iş stajına daxil edilməlidir. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır:
1. İddiaçının 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması;
2. İddiaçının 01.01.2006-cı ilə qədər azı 12 il 06 ay güzəştli iş stajının mövcud olması. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ümumi və güzəştli iş stajı mövcud olmuşdur. Cavabdehin imtina məktubundan göründüyü kimi inzibati orqan iddiaçının 01 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az olduğu üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Lakin iş materiallarına əsasən müəyyən edilir ki, iddiaçı 01.09.1980 - 20.07.1981-ci illərdə (10 ay 20 gün) Əli-Bayramlı şəhər 28 nömrəli Texniki Peşə məktəbində peşə təhsili almış, 28.10.1981-ci il tarixdən 20.12.1983-cü il tarixə qədər (2 il 1 ay 23 gün) hərbi xidmətdə olmuş, iddiaçının əmək kitabçasına əsasən isə 21 il 8 ay 4 gün işləmişdir. Beləliklə, bu sənədlərə əsasən iddiaçının, ümumilikdə, 10 ay 20 gün + 2 il 1 ay 23 gün + 21 il 8 ay 4 gün = 24 il 8 ay 17 gün iş stajı mövcuddur. Eyni zamanda Salyan rayon Pambıqkənd kənd İstehsalat Təcrübə stansiyasının arxiv sənədlərindən çıxarışdan görünür ki, iddiaçı 07.06.1978-ci il tarixdə (Əmr №41 § 1) təsərrüfata mövsümü fəhlə, 18.06.1979-cu il tarixdə (əmr №34 §1) mövsümü fəhlə, 08.07.1980-ci il tarixdə (əmr № 63 § 2) heyvandarlıq fermasına müvəqqəti malabaxan təyin edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının kolxozda işlədiyi müddət faktiki olaraq (hər mövsümün 3 ay götürülməklə) 90 adam günü faktiki işlədiyi illər üzrə adam günü norması illik 150 adam günü müəyyən edilməklə, 90 gün faktiki işlədiyi müddəti 150 adam günü normasına böldükdə iddiaçının 1978-1980-ci illər üzrə 1 il 6 ay sığorta stajı yaranmış olur. Beləliklə, iddiaçının Salyan rayon Pambıqkənd kənd İstehsalat Təcrübə stansiyasında işlədiyi 1 il 6 ay sığorta stajı onun ümumi stajına əlavə edildikdə iddiaçının ümumilikdə, 25 il 8 ay 17 gün stajı var (24 il 8 ay 17 gün + 1 il 6 ay = 25 il 8 ay 17 gün). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Göründüyü kimi iddiaçının 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən artıq olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçının iş stajı ona məxsus əmək kitabçasında və arxiv məlumatlarında əksini tapmışdır və göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Bundan başqa nəzərə alınmalıdır ki, əmək qanunvericiliyinin yuxarıda sadalanan normaları mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq bütün qurumlarda işləmiş sığortaolunanlara əmək pensiyası hesablanarkən onun işlədiyi və əmək kitabçasında öz əksini tapmış hər hansı işin müddətini də nəzərdə tutur. Beləliklə, iddiaçıya pensiya hüququ yarandığı 20.12.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli olması barədə birinci instansiya məhkəməsi qanunu və əsaslı nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı onu da qeyd edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur. Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur, imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3435/2021 saylı, 29 iyul 2021ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.