Məhkəmə qərarları › İş №2-1(103)-2644/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2644/2024

09.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2644/2024 09.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Səmədovun sədrliyi və məruzəsi ilə, X5 və Xəyalə Adil qızı Cəmilovadan ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi və daimi yaşamaq üçün icazənin müddətinin uzadılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-2580/2024 nömrəli, 22 fevral 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli ******* nömrəli qərarının ləğv edilməsi, sonuncunun üzərinə İran İslam Respublikasının vətəndaşı İddiaçı Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin müddətinin uzadılması öhdəliyinin qoyulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, 27 iyul 2023-cü il tarixdə Dövlət Miqrasiya Xidmətinə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin müddətinin uzadılmasını xahiş etmişdir. Müraciətini onunla əsaslandırmışdır ki, onun Azərbaycan Respublikası ərazisində daşınmaz əmlakı mövcuddur, faktiki nikahdan azyaşlı övladı var, uzun illərdir ki, vergi orqanlarında qeydiyyatda olmaqla Azərbaycan Respublikası ərazisində sahibkarlıq fəaliyyəti ilə məşul olur və bu səbəbdən də daimi yaşamaq üçün verilmiş icazənin müddətinin uzadılmasını xahiş etmişdir. Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli, ******* nömrəli qərarına əsasən İran İslam Respublikası vətəndaşı İddiaçı xx.xx.2023-cü il tarixli müraciəti təmin edilməmiş, B97427600 nömrəli pasporta malik olan İddiaçı Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün verilmiş icazəsi ləğv edilmiş, İddiaçı 10 gün ərzində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxmaq öhdəliyi qoyulmuş və öhdəliyin icrasına nəzarət Miqrasiya nəzarəti baş idarəsinə həvalə edilmiş, Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün verilmiş 26076 nömrəli icazə vəsiqəsinin qüvvədən düşməsi məqsədilə bu barədə müvafiq məlumatlar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinə göndərilmişdir. Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli, ******* nömrəli qərarında Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 55-ci maddəsinə istinad olunmuşdur. İddiaçı hesab edir ki, qərar tamamilə əsassız və qanunsuz olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 55-ci maddəsində konkret olaraq şəxsə Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilməməsi (müddəti uzadılmır) və ya verilmiş icazənin ləğv edilməsi halları göstərilmiş olsa da, Dövlət Miqrasiya Xidməti xx.xx.2023-cü il tarixli ******* nömrəli qərarının yalnız Miqrasiya Məcəlləsinin 55-ci maddəsini göstərməklə kifayətlənmiş, həmin maddədə nəzərdə tutulmuş hansı hala görə icazəsinin ləğv edilməsini göstərməmiş və ümumiyyətlə qərar əsaslandırılmamışdır. Belə olan halda hesab etmək olar ki, İddiaçı maddədə nəzərdə tutulmuş 14 halın hər birisini törətmişdir ki, bu da, tamamilə absurd və əsassızdır. Ona görə də, hesab edirlər ki, Xidmətin xx.xx.2023-cü il tarixli ******* nömrəli qərarı əsassızdır, heç bir əsaslandırma yoxdur. Qeyri-rəsmi nikahdan 27 sentyabr 2021-ci il təvəllüdlü övladı X3 vardır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 2013-cü il tarixdə verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, 2-ci Sülh döngəsi, ev 22 A, 31 nömrəli 68 kv.m-dən ibarət mənzil onun mülkiyyətindədir. Bundan başqa, Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhər Vergilər Departamenti tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş ********** nömrəli VÖEN-ə əsasən Bakı şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı daimi yaşamaq üçün icazənin verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə DMX-yə müraciət etmiş, həmin müraciət əsasında araşdırılma aparılmış və şəxsə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 55-ci maddəsinə əsasən DYİ müddətinin uzadılmasından imtina edilməsi haqqında xx.xx.2023cü il tarixli ******* nömrəli qərar qəbul edilmişdir. Bununla yanaşı, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 54.5-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilməsi ilə bağlı müraciətinə baxılarkən, iddiaçının Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyinin müvafiq icra hakimiyyəti orqanlarının mütəxəssislərindən ibarət komissiya tərəfindən yoxlanılmış və komissiya tərəfindən mənfi rəy verilmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2580/2024 nömrəli, 22 fevral 2024-cü il tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatında tərəflərin iştirakı: Tərəflər məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını məhkəmədən tələb edə bilər. İş materiallarında olan: -xx.xx.1972-ci il təvəllüdlü X9 DYİ seriyalı ******* nömrəli pasporta əsasən İran İslam Respublikasının vətəndaşıdır. -4 saylı Bakı “Asan xidmət” Mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İ seriyalı 422653 nömrləi “Atalığın müəyyən edilməsi haqqında şəhadətnamə”yə əsasən X9 Alı xx.xx.2021-ci ildə doğulmuş X1 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 556 nömrə ilə qeyd edilmişdir. - İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyindən fiziki şəxsin sahibkarlıq uçotu haqqında ********** qeydiyyat nömrəsi (VÖEN) əldə etmişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə Esmaeil X4 adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi xx.xx.2013-cü il qeydiyyat tarixi ilə qeydiyyatdan keçmişdir. - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin “Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin müddətinin uzadılmasından imtina olunması haqqında” ******* nömrəli 08 sentyabr 2023-cü il tarixli qərarına əsasən 30 oktyabr 1972-ci il təvəllüdlü İran İslam Respublikası vətəndaşı B97427600 nömrəli pasporta malik olan İddiaçı Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin müddətinin uzadılmasına dair 27 iyul 2023-cü il tarilxi 304472/m nömrəli müraciətinə baxaraq müəyyən edilmişdir ki, İddiaçı 27 iyul 2023-cü il tarixli müraciətində Azərbaycan Respublikasında daşınmaz əmlakının olması ilə əlaqədar Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün verilmiş icazənin müddətinin uzadılmasını xahiş etmişdir. Təqdim olunmuş sənədlərə əsasən aparılmış icraat nəticəsində şəxsin müraciətinə imtina edilməsi üçün hüquqi əsasların mövcud olduğu müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının 2005-ci il 21 oktyabr tarixli 1036- İİQ nömrəli Qanununun 59-cu və Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 55-ci maddələrini rəhbər tutaraq, İran İslam Respublikası vətəndaşı İddiaçı 27 iyul 2023-cü il tarixli müraciəti təmin edilməmiş, İran İslam Respublikası vətəndaşı B97427600 nömrəli pasporta malik olan İddiaçı Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün verilmiş icazəsi ləğv edilmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin: 43.1. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddəti aşağıdakı hallarda uzadılmır, əvvəl verilmiş müvəqqəti olma müddətinin uzadılması haqqında qərar isə ləğv edilir: 43.1.1. onların Azərbaycan Respublikasında müvəqqəti olması Azərbaycan Respublikasının milli təhlükəsizliyinə zərər vura biləcəyi hallarda; 43.1.2. onların Azərbaycan Respublikasında müvəqqəti olması ictimai asayişə zərər vura biləcəyi hallarda; 43.1.3. onlar Azərbaycan Respublikasında müvəqqəti olma müddətini uzatmaq məqsədi ilə saxta sənədlər və ya yalan məlumatlar təqdim etdikdə; 43.1.4. onların şəxsiyyətini təsdiq edən sənədləri olmadıqda; 43.1.5. onların Azərbaycan Respublikasının ərazisinə girişinə qadağa qoyulduqda; 43.1.6. onların Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma müddətini uzatmaq üçün əsas olmuş hal aradan qalxdıqda; 43.1.7. onların Azərbaycan Respublikasında olması arzuolunmaz hesab edildikdə. Hazırkı işin hallarından göründüyü kimi, iddiaçı cavabdehin 08 sentyabr 2023- cü il tarixli Azərbaycan Respublikası ərazisində daimi yaşamaq üçün icazənin müddətinin uzadılmasından imtina olunması haqqında qərarını mübahisələndirir. Həmin qərarla cavabdeh tərəfindən iddiaçı İran İslam Respublikası vətəndaşı İddiaçı 27 iyul 2032-cü il tarixli müraciəti təmin edilməmiş, İran İslam Respublikası vətəndaşı B97427600 nömrəli pasporta malik olan İddiaçı Azərbaycan Respubliksaının ərazisində daimi yaşamaq üçün verilmiş icazəsi ləğv edilmişdir. Həmin qərar onunla əsaslandırılmışdır ki, aparılmış icraat nəticəsində Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 55-ci maddəsinə əsasən şəxsin daimi yaşamaq üçün müddətinin uzadılması haqqında qərarın ləğv edilməsi üçün hüquqi əsas yaranmışdır. Məhkəmə təqdim edilmiş etiraz ərizəsində əlavə olaraq Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 54.5-ci maddəsinin tələblərinə müvafiq olaraq iddiaçının Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyinin müvafiq icra hakimiyyəti orqanlarının mütəxəssislərindən ibarət komissiya tərəfindən yoxlanılması və komissiya tərəfindən mənfi rəy verildiyi bildirilmişdir. Bununla bağlı inzibati icraat materiallarının təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 43.1-ci maddəsində müvəqqəti olma müddətinin uzadılması haqqında qərarın ləğvi üçün əsaslar göstərilmişdir. İnzibati Prosessual Məcəllənin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericilik normalarının müddəalarının tələbləri baxımından ölkə ərazisində daimi yaşamaq üçün icazənin müddətinin uzadılması və ya onun uzadılmasından imtina barədə qərarlardan birinin qəbul edilməsi cavabdehin diskresion səlahiyyətlərinə aid məsələdir. İddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi zamanı diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmuş, diskresion hüquq həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilmiş, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilərək qanunçuluq prinsipinə əməl olunmuşdur. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunmamasını mahiyyəti üzrə işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Azərbaycan Respublikası İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir (maddə 68.1). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır (maddə 68.2). Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və qanuni qərarın ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-2580/2024 nömrəli, 22 fevral 2024cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 85 və 90-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2580/2024 nömrəli, 22 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Elvin Əliyev Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar