Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2646/2021 04.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, üçüncü şəxslərin nümayəndələri X3 və X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti, "xxxx" MTK, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyi) ”sərəncamların ləğv edilməsi tələbinə dair” iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2180/2021 saylı 01.07.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəyəti başçısının 24 oktyabr 2014-cü il tarixli, 505 saylı və 22.12.2015-ci il tarixli, 550 saylı sərəncamlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə «…Bakı şəhər İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 27.03.2003-cü ildə verilmiş, ÖM seriyalı, 147706 saylı qeydiyyat vəsiqəsinə əsasən Nərimanov rayonu, Mayakovski küçəsi, 7 saylı evin 4-cü mənzili xüsusi mülkiyyət hüququ ilə iddiaçının adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir. Nərimanov rayon İcra Hakimiyyəti Başçısının 11 sentyabr 2006-cı il tarixli, 418 saylı sərəncamı ilə ona məxsus Mayakovski küçəsi, 7/3 və 7/4 saylı evlərin sökülüb, Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış eskiz layihəsinə uyğun tikilməsinə icazə verilmiş, qeyd olunan eskiz layihəsi və sərəncam əsasında tikinti işlərinə başlayıb, ümumi sahəsi təxminən 450 kv.m olan 3 mərtəbəli mansardlı fərdi yaşayış evi inşa etmişdir. Qonşuların mülkiyyətində onun kimi yaşayan fərdi yaşayış evləri mövcud olmasına baxmayaraq, yaşayış və qeyri-yaşayış mülkiyyətçilərinin əvvəlcədən razılığı olmadan, Bakı şəhər İcra Hakimiyyəti başçısının 24 oktyabr 2014-cü il tarixli, 505 saylı sərəncamı ilə ünvan 1 ünvanda mülkiyyətdə olan 0,14 ha və ona bitişik torpaq sahəsində (icarə əsasında) yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün həmin Kooperativə icazə verilmiş, sərəncamın 1.1-ci bəndinə əsasən ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsinin "xxxx" MTK tərəfindən həll edilməsi qərara alınmışdır. Bundan sonra, Bakı şəhər İcra Hakimiyyəti başçısının 22 dekabr 2015-ci il tarixli, 550 saylı sərəncamı ilə ünvan 1 ünvanda 18 mərtəbəli, 1 bloklu yaşayış binasının tikintisi üçün "xxxx" MTK-yə icazə verilmişdir.Qeyd olunan sərəncamların mövcudluğundan Nərimanov Rayon Məhkəməsi tərəfındən 09 sentyabr 2020-ci ildə məhkəmə iclasında olarkən məlumatlı olmuş və həmin sənədlərin surətlərini əldə etmişdir. İddiaçı hesab edir ki, hər iki sərəncam əsassız və qanunsuzdur. Belə ki, cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin, ümumiyyətlə, ərazi icra hakimiyyətlərinin 01.01.2001-ci ildən torpaq sahəsi ayırmaq səlahiyyəti olmamış, eləcə də, mülkiyyətlərindəki fərdi yaşayış evlərinin dövlət ehtiyacları üçün sökülməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən hər hansı qərar qəbul edilməmişdir. Onun fərdi yaşayış evinin mülkiyətçisi olaraq, Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş hüquqları pozulmuş, düz yaşayış evinə bitişik, təxminən, 1 metr aralı məsafədə tikinti işlərinin aparılmasına icazə verilmişdir…» Eyni zamanda, iddiaçı müvəqqəti xarakterli ərizə ilə məhkəməyə müraciət edərək, hazırkı iddia tələbi üzrə qəbul ediləcək, yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək, Bakı şəhər İcra Hakimiyəti Başçısının «Bakı şəhər İcra Hakimiyyətinin layihələndirmə ilə əlaqədar sərəncamını nəzərə alaraq "xxxx" MTK-ya tikintiyə icazə verilməsi haqqında» 22 dekabr 2015-ci il tarixli, 550 saylı sərəncamının icrasının dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, hal-hazırda hər iki sərəncamın qanuniliyi məhkəmə qaydasında mübahisələndirilməsinə baxmayaraq, "xxxx" MTK mübahisələndirilən sərəncam əsasında,tikinti işlərini davam etdirir. Halbuki, cavabdehin 24.10.2014-cü il tarixli 505 saylı sərəncamının 1.1-ci bəndinə əsasən ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsinin "xxxx" MTK tərəfindən həll edilməsi məsələsi öz həllini tapmadan, vətəndaşların köçürülməsi, onlara kompensasiyaların ödənilməsi və digər məsələlərin həll olunmasını gözləmədən, cavabdeh digər mübahisələndirilən 22.12.2015-ci il tarixli 550 sayl sərəncamla həmin ərazidə 18 mərtəbəli 1 bloklu yaşayış binasının tikintisi üçün "xxxx" MTK-ya icazə vermiş, tikinti ərazisindən cəmi 1 metr aralıda vətəndaşlar yaşadığı halda tikinti işlərini davam etdirir. Bu isə gələcəkdə fəlakətlərə səbəb ola bilər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2180/2021 saylı 01.07.2021-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsi təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “...qərardad əsassız və qanunsuzdur. Belə ki, Bakı şəhər icra Hakimiyyətinin 01.01.2001-ci ildən torpaq sahəsi ayırmaq səlahiyyəti olmayıb, eləcə də mülkiyyətindəki fərdi yaşayış evinin sökülməsi və evinin yerləşdiyi torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması barədə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən hər hansı qərar qəbul edilməmişdir. Hazırda da qeyd olunan sərəncamların qanuniliyi məhkəmə qaydasında mübahisələndirilmişdir. Mənzil Məcəlləsinin 35-ci maddəsinin mənasından görünür ki, yalnız bina sakinləri öz əmlakları üzərində müstəqil qərar qəbul edə bilər. Bu zaman nə Bakı şəhər İcra Hakimiyyəti onun evində məskunlaşmayıb, nə də onun bu qərarı qəbul edən vəzifəli şəxsləri onların binada özlərinə sığınacaq qurmamışlar. Onun mülkiyyətində olan evin yerləşdiyi torpaq sahəsinin sotu milyonlarla qiymətləndirilir. Bu torpağa tamah salan "xxxx" MTK ona çıxarışda göstərilən ölçüdə yaşayış sahəsi verməklə, onları ərazidən uzaqlaşdırmağa çalışır ki, öz biznes istəklərini hələki Bakı şəhər İcra Hakimiyyəti və məhkəmələr vasitəsilə həyata keçirə bilsin. Əgər həqiqətən də mülkiyyətçi olduğu yaşayış evi cavabdehin və digər təşkilatların gözündə istifadəyə yararsız idisə, niyə bu tikilidən 6-7 il əvvəl ona icazə verirdilər ki, yeni yaşayış binası tiksin, hansı ki, tikintisi zamanı bütün dövlət orqanları, o cümlədən, rayon icra hakimiyyəti ilə cavabdehin əməkdaşları hər dəfə tikinti ərazisinə baş çəkmiş və tikintiyə nəzarət etmişlər (İPM-in 40 və 41-ci maddələrinin müddalarına istinad olunur)…» Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyətinin nümayəndəsi H.Nuriyev və "xxxx" MTK-nın nümayəndəsi vəkil E.Məmmədov iddiaçının apellyasiya şikayətinə etiraz edərək tikinti normalarına uyğun olaraq MTK tərəfindən tikinti işlərinin aparıldığını və ekspert rəyi ilə də bütün bunların təsdiq olunduğunu qeyd edərək birinci instansiya məhkəməsinin qərardadını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı və cavabdeh, digər üçüncü şəxslər (nümayəndələri) məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi qərardadında iddiaçının ərizəsini rədd edərkən İPM-in 41 və 43-cü maddəlrinə və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 44-cü maddəsinin bəzi müddalarının şərh edilməsinə dair» 20.04.2015-ci il tarixli Qərarına istinadən qeyd etmişdir ki, «...müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin əsaslı sayılması üçün ilk növbədə işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlinməlidir. Lakin işin hallarının araşdırılması iddianın böyük ehtimalla uğurlu olacağı barədə hər-hansı qənaət formalaşmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, müvəqqəti xarakterli müdafiə tədbiri barədədə ərizə təmin edilməməlidir…» Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 40.1-ci malddəsinə əsasən maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə iddiaçının vəsatəti əsasında inzibati aktın icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə, həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. Məcəllənin qeyd olunan normalarının tələblərindən göründüyü kimi, müvəqqəti xarakterli tədbir qismində inzibati aktın icrasının dayandırılması barədə tədbirin görülməsi üçün ilk öncə, məhkəmə tərəfindən iddianın uğurluluq ehtimalı araşdırılmalıdır. İş materialları araşıdırılarkən isə aşağıda göstərilən hallar iddianın uğurluluq ehtimalını əhəmiyətli dərəcədə azaldır. Birincisi, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 505 saylı, 24.10.2014-cü il tarixli sərəncamın 1.1-ci bəndi ilə mübaisəli ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi və 2.1-ci bəndinə əsasən isə ərazinin və obyektin şəhərsalma əsaslandırılması sənədlərinin hazırlanmasının təmin etmək və həmin sənədlərin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmasının - tikintini aparmalı olan "xxxx" MTK-nın özünə tapşırılması; İkincisi, 22.12.2015-ci il tarixli, 550 saylı tikintiyə icazə sərəncamı qəbul edildikdən sonra, AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən yüksəkmərtəbəli binanın tikintisinin 30.12.2019-cu il tarixli 132 saylı icazənin verilməsi; Üçüncüsü, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3082/2020 nömrəli, 17.11.2020-ci il tarixli, məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi barədə qərardadına əsasən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinin mütəxəssisinin də cəlb olunduğu, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/3753 nömrəli, 30 aprel 2021-ci il tarixli məhkəmə tikinti-texniki ekspertizasının nəticələrinə görə, "xxxx" MTK tərəfindən inşa olunması nəzərdə tutulan mübahisəli hündürmərtəbəli yaşayış binası ilə İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi, 7 saylı evin 4 nömrəli fərdi yaşayış evi arasındakı məsafənin Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin tələblərinə uyğun olmasının müəyyən edilməsi; Beləliklə də, ən azından, sadalanan sübutlarla müəyyən edilən hallar iddiaçının hazırkı iddia tələbində haqlı olduğunu şübhə altına alaraq onun uğurlu gələcəyini ehtimal etməyə imkan vermir. Odur ki, qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadı ilə cavabdehin 22 dekabr 2015-ci il tarixli, 550 saylı sərəncamının icrasının dayandırılmasına dair iddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinin təmin olunmamasını işin hallarına və prosessual qanunvericiliyin tələblərinə uyğun nəticə kimi qiymətləndirir. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2180/2021 saylı 01.07.2021-ci il tarixli qərardadının qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti təmin edilmədən, həmin qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 87, 89, 90 və 94-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2180/2021 saylı 01.07.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2-1(103)-2646/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2646/2021
04.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver