Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2646/2022 15.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-2101/2021 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Psixoloji Pedoqoji (Defektoloji) X6 tərəfindən 1994-cü il tarixdə və Azərbaycan Respublikası Gəncə şəhəri X4 Xidməti Kolleci tərəfindən 2000-ci il tarixdə ona verilmiş diplomların nümunəvi sənəd hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-2101/2021 saylı qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2021-ci il tarixli 2- 1(103)-2373/2021 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-2101/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı həmin qərardan kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-515/2022 saylı qərarı ilə kassasiya şikayəti təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2471/2021 saylı, 24 noyabr 2021-ci il tarixli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Həmin qərarda göstərilmişdir ki, işin hallarından (cavabdehə müraciətindən, iddia tələbinin dəlillərindən və s.) hazırkı iş üzrə iddiaçının qeyd olunan tələblə məhkəməyə müraciət etməkdəki hüquqi marağının onun müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə buraxılmaması, yəni təhsil haqqında sənədlərdən irəli gələn hüquqların realizəsi ilə bağlı olması müəyyən olunur. Məhkəmə kollegiyası iddiaçının hüquqi marağına uyğun, yəni çatmaq istədiyi hüquqi nəticəyə uyğun iddia qaldırmadığı qənaətindədir. Belə ki, işin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçı 1995-ci ildən məktəbdə müəllimlik fəaliyyəti ilə məşğuldur, müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə buraxılmamış və əsas kimi diplomunun dövlət nümunəli sənəd olmaması göstərilmişdir. Göründüyü kimi iddiaçının iddia tələbi əslində müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə buraxılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına yönəlməli, həmin iddia tələbinin məhkəmə tərəfindən qiymətləndirilməsi çərçivəsində isə onun təhsil haqqında sənədlərinin hazırkı halda müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə buraxılmasına yol verib-vermədiyi araşdırılmalı idi. Nəzərə alınmalıdır ki, iddiaçının hüquqi marağı baxımından aparılan qiymətləndirmə onu tələb edir ki, məhkəmə tərəfindən xidməti vəzifəsinə uyğun olaraq tərəflərin bu barədə bildirməsindən asılı olmayaraq şəxsin arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən və əlverişli iddia növlərindən istifadə edib-etmədiyi yoxlanılsın. İddia qaldırmış şəxs özünün məqsədinə başqa predmetli iddia qaldırmaqla daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, bu halda məhkəmə tərəfindən ona İPM-in 13cü maddəsinə uyğun olaraq iddia tələbini dəqiqləşdirməkdə yardım edilməlidir. Lakin işə baxan aşağı instansiya məhkəmələri öz xidməti vəzifələrinə uyğun olaraq iddiaçıya onun hüquqi marağına uyğun iddia qaldırmaqda yardım etməmişlər. İddiaçının diaqnostik imtahana buraxılmaması ilə bağlı cavabdehin imtina dəlillərinə qiymət verərkən, məhkəmələr işin hallarını ətraflı araşdırmalı, iddiaçının Təhsil Nazirliyinin tabeliyində olan təhsil müəssisəsində (məktəbdə) uzun illərdir diplom üzrə aldığı ixtisasa uyğun işləməsini, həmin müddət ərzində ona hər hansı etiraz edilməməsini və ya irad bildirilməməsini, iddiaçının uzunmüddətli əmək müqaviləsi münasibətlərində olmasını, bunlardan irəli gələn iddiaçının qanuni (legitim) gözləntisinin (yəni, müəllimlik fəaliyyətinin qanuni olması, təhsil haqqında olan sənədlərinin ona verdiyi hüquqlardan istifadə etməsi ilə bağlı gözləntisinin) yaranmasını, başqa sözlə, inzibati orqanın hərəkətlərinə olan etimad hüququnu (“İnzibati icraat haqqında” Qanunun 2.0.8-ci və 13-cü maddələri) və təhsil haqqında sənədlərin mötəbər olmasına dair onda yaranmış inamı nəzərə almalı, o cümlədən, iddiaçının Gəncə şəhəri X4 Xidməti Kolleci tərəfindən verilmiş diplomun təqdim edilməməsi ilə bağlı cavabdehin dəlillərini hərtərəfli araşdırmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə etdi, cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi hallar ondan ibarətdir ki, o, 1992-ci ildə Azərbaycan Psixoloji Pedaqoji (Defektoloji) X2 daxil olmuş, ibtidai sinif müəllimi defektoloq ixtisası üzrə kolleci bitirmiş, xx.xx.1994-cü il tarixli diploma əsasən ona ümumtəhsil məktəblərində ibtidai sinif müəllimi – defektoloq ixtisası verilmişdir. xx.xx.1995ci il tarixdən xx.xx.1997-ci il tarixədək Böyük Əmili kənd orta məktəbində sinif müəlliməsi, xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Qəbələ rayonu, Böyük Əmili kənd “Nemət” kəndli (fermer) təsərrüfatında kassir-xəzinədar, xx.xx.2009-cu ildən hal-hazıradək Qəbələ rayonu, Böyük Əmili kənd orta məktəbində sinif müəllim vəzifəsində işləyir. Bundan başqa, 1997-ci ildə Gəncə Məişət Xidməti Kollecinə daxil olmuş və xx.xx.2000-ci il tarixdə həmin kollecin ibtidai təhsil ixtisası üzrə tam kursunu bitirmiş, xx.xx.2000-ci il tarixli diplomla ona ibtidai sinif müəllimi ixtisası verilmişdir. İddiaçı müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə buraxılmamış, bununla bağlı cavabdehə ünvanladığı müraciətlərə isə sonuncu tərəfindən xx.xx.2017-ci il tarixdə, xx.xx.2018-ci il tarixdə və xx.xx.2020-ci il tarixdə verilmiş cavablarla bildirilmişdir ki, iddiaçının diplomu dövlət nümunəli sənəd deyildir. Müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində yalnız təhsil sənədi dövlət nümunəli olan şəxslərin iştirak etməsinə icazə verilir. Sertifikatlaşdırma - dövlət ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurudur. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsas ola bilər. İddiaçı hesab edir ki, Təhsil Nazirliyi tərəfindən keçirilmiş müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə əsassız olaraq buraxılmamışdır. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, 07 oktyabr 1992-ci il tarixli “Azərbaycan Respublikasının Təhsil Qanunu”nun 2-ci və 8-ci maddəsinin tələblərindən göründüyü kimi təhsil müəssisəsi məzunlara verdiyi diplomların nümunələri Nazirlər Kabineti tərəfindən təsdiq edilməli olduğu halda, müəssisə bunu özü etmiş və Təhsil Nazirliyi tərəfindən dövlət nümunəli sənəd (diplom blankları) Kollecə təqdim olunmamışdır. İddiaçı tərəfindən təqdim olunmuş diplomun sürətindən görünmüşdür ki, təhsil müəssisəsi məzunlara diplomları verərkən, həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Təhsil Qanununun 8cı maddəsinin tələblərinə əməl etməmiş və bununla da məzunların hüquqlarını kobud şəkildə pozmuşdur. Bu Qanunun 13-cü maddəsində qeyd edilmişdir ki, təhsil müəssisələri müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçdikdən sonra huquqı şəxs statusu alır. Təhsil müəssisələrinin müvafiq tipi haqqında Əsasnaməni Azərbaycan Respublikası höküməti təsdiq edir. Bu əsasnamələrə müvafiq olaraq təhsil müəssisəsi tərəfindən fəaliyyətini tənzimləyən nizamnamələr hazırlanır. Nizamnaməni təhsil müəssisənin təsisçiləri təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 60 nömrəli Qərarı ilə təsdiq edilmiş “X10 Komissiyasın haqqında” Əsasnaməyə əsasən Ekspert Komissiyası təhsil müəssisəsinin fəaliyyəti üçün zəruri olan sənədləri və madditexniki bazasını yoxlayır. Yoxlamaların nəticəsi üzrə Ekspert Komissiyasının əsaslandırılmış qərarı çıxarılır və Təhsil Nazirliyinə təqdim olunur. Xalq Təhsili Nazirliyinin səlahiyyətinə müvafiq tədris müəssisələri üzrə müsbət qərarı olduqda bu tədris və ya tərbiyə müəssisəsi Dövlət reyestrində daxil edilir və müvafiq sertifikat verilir. Təhsil müəssisəsi ilə bağlı müsbət qərar qəbul edildikdən sonra Təhsil Nazirliyi Nazirlər Kabineti qarşısında vəsatət qaldırır. Nazirlər Kabinetinin qərarından sonra bu tədris müəssisələri qeydə alınmış hesab olunur, mövcud qaydada Dövlət reyestrinə daxil edilir və hansı mütəxəssislərin hazırlanacağını əks etdirən sertifikat verilir. İddiaçı tərəfindən təqdim olunmuş sənədlərdən göründüyü kimi Kollec dövlət reyestrinə daxil edilməmiş və fəaliyyət göstərməsi üçün sertifikat almamışdır. Məlumat üçün bildirilir ki, təhsil müəssisələri hüquqi şəxs kimi ədliyyə orqanlarında dövlət qeydiyyatına alınmalı idi. Digər tərəfdən 1990-cı illərdən sonra dövlət qeydiyyatından keçən təhsil müəssisələrinin qeydiyyat sənədləri Ədliyyə Nazirliyində (hazırda İqtisadiyyat Nazirliyində) reyestrə daxil edilmiş və hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ali və orta ixtisas məktəblərinə tələbə qəbulunn təkmilləşdirilməsi tədbirləri haqqında” xx.xx.1993-cü il tarixli, 413 nömrəli Qərarının 7-ci bəndinə əsasən dövlət qeydiyyatından keçib sertifikat almamış özəl təhsil müəssisələrinin fəaliyyəti qeyriqanuni və bu tədris müəssisələrinin verdiyi təhsil sənədləri etibarsız sayılır. Qeyd olunan qanunvericilik normalarından göründüyü kimi Kollec fəaliyyət göstərərkən, onun fəaliyyət göstərməsi üçün əsas olan hüquq normalarına əməl etməmiş və bunun nəticəsi olaraq orada aparılan təhsilin hüquqi əsası olmamışdır. Belə ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hüquqi şəxslərin dövlət qeydiyyatı Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurumların, habelə xarici hüquqi şəxslərin Azərbaycan Respublikasının ərazisində yaratdıqları nümayəndəlik və ya filialların hüquq qabiliyyətinin təsdiq edilməsi, hüquqi statusunun müəyyənləşdirilməsi və onlar barəsində məlumatların (qeydlərin) hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsidir. Qanunun bu normasından göründüyü kimi yuxarıda qeyd edilən təhsil müəssisəsi dövlət qeydiyyatına alınmadığından onun hüquqi statusu olmamış və habelə bunun məntiqi nəticəsi olaraq hüquq qabiliyyətinə malik olmamışlar. Ona görə də həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərini pozmaqla fəaliyyət göstərən təhsil müəssisəsinin vermiş olduğu hər hansı təhsil sahəsi üzrə diplom Təhsil Nazirliyi tərəfindən dövlət nümunəli sənəd kimi tanına bilməz. Belə ki, iddiaçının təqdim etdiyi diplom blankından görünür ki, diplom ona X6 tərəfindən verilmişdir. Təhsil qanunvericiliyində təhsil müəssisəsinin filialının təhsil müəssisələrini bitirən məzunlara diplom vermək səlahiyyəti nəzərdə tutulmamışdır. Qanunvericiliyə əsasən məzunlara diplomların verilməsi təhsil müəssisənin özünə məxsusdur. Qeyd olunanlardan göründüyü kimi Azərbaycan Respublikası Təhsil Nazirliyində bu Kollecin fəaliyyəti barədə hər hansı bir məlumat mövcud deyil. Ona görə də hesab edirlər ki, qanunsuz fəaliyyət göstərən təhsil müəssisəsinin verdiyi təhsil sənədinin dövlət nümunəli hesab edilməsi yuxarıda qeyd edilən normativ hüquqi aktlara ziddiyyət təşkil edir. Təqdim olunmuş diplomların qanuni və ya qanunsuz olmasını müəyyən etmək səlahiyyəti bilavasitə Təhsil Nazirliyinə aid edilmişdir. Digər tərəfdən qanunsuz fəaliyyət göstərən təhsil müəssisəsinin verdiyi diplom blankı qanuni və dövlət nümunəli təhsil sənədi hesab edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, hazırda qüvvədən düşmüş, iddiaçının təhsil aldığı zaman qüvvədə olan Azərbaycan Respublikasının Təhsil Qanunun: - 8-ci maddəsinə əsasən təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədi müvafiq əmək fəaliyyətinə başlamaq və növbəti pillədən olan təhsil müəssisəsinə daxil olmaq üçün əsas sənəddir. Təhsil sənədinin nümunəsini hökumət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir. - 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında dövlət və qeyridövlət, pulsuz və pullu təhsil müəssisələri fəaliyyət göstərir. Dövlət təhsil müəssisələri aparıcı rol oynayır. Təhsil müəssisələri müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçdikdən sonra hüquqi şəxs statusu alırlar. - 18-ci maddəsinə əsasən orta ixtisas məktəbləri (texnikumlar, kolleclər və s.) orta ixtisas təhsili proqramlarını həyata keçirən tədris müəssisələridir. həmin təhsil müəssisələri əsas və orta ümumi təhsil, peşə məktəbləri və peşə litseyləri bazasında fəaliyyət göstərməklə orta pillədən olan ixtisaslı mütəxəssislər hazırlayır, onları təkmilləşdirir və ixtisaslarını artırır. Əsas təhsili başa vurduqdan sonra orta ixtisas məktəbinə daxil olmuş vətəndaşlar orta ixtisas təhsili ilə yanaşı ümumi orta təhsil də alırlar. Ali məktəblərin nəzdində də müvafiq ixtisaslar üzrə texnikumlar, kolleclər fəaliyyət göstərə bilər. Orta ixtisas məktəblərini bitirənlərə “kiçik mütəxəssis” dərəcəsi verilir. Tədris prosesini dünya standartları səviyyəsində qurmuş qabaqcıl texnikumların madditexniki bazası və kadr potensialı əsasında müasir kolleclər şəbəkəsi yaradılır. - 21-ci maddəsinə əsasən ali və orta ixtisas təhsili müəssisələrində tələbə qəbulu strateji əhəmiyyətə malik olan çox mühüm dövlət tədbiridir. Qəbul imtahanlarının sayı və sorğu sistemi müəyyən olunarkən, habelə imtahanlar keçirilərkən ixtisas biliyi və bacarığına üstünlük verilir. Tələbə qəbulunda heç bir imtiyaza yol verilmir. Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada həyata keçirilir. Hökumətin müəyyən etdiyi imtiyazlar (o cümlədən xaricdə yaşayan azərbaycanlılar üçün müəyyən olunmuş imtiyazlar) hazırlıq şöbələrinə qəbul zamanı nəzərə alınır. Hazırlıq şöbələrinə qəbul xüsusi əsasnamə ilə tənzim olunur. Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq üçün minimal keçid balı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. xx.xx.2010-cu il tarixədək qüvvədə olmuş “Azərbaycan Respublikasında tədris müəssisələrinin qeydiyyatdan keçirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 4 fevral tarixli, 69 nömrəli qərarına əsasən Respublikada fəaliyyət göstərən dövlət və qeyri-dövlət mülkiyyətinə mənsub olan bütün tədris müəssisələri — ali, orta ixtisas, texniki-peşə və ümumtəhsil orta məktəbləri, litseylər, kolleclər, gimnaziyalar və onların müvafiq filialları, məktəbəqədər tərbiyə və məktəbdənkənar müəssisələr, menecer məktəbləri, müxtəlif hazırlıq, təkmilləşdirmə və ixtisasartırma kursları Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyi tərəfindən 1992-ci il, martın 1-dən başlayaraq qeydiyyata alınması, qeydiyyata alınmış tədris müəssisələrinin akkreditasiyası və onların tədris-metodiki təminatı respublika Xalq Təhsili Nazirliyinə həvalə edilməsi qərara alınmış, Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyinə bir ay müddətinə «Tədris müəssisələrinin yaradılması, qeydiyyatdan keçirilməsi, akkreditasiyası və ləğv edilməsi qaydaları haqqında Əsasnamə» layihəsini hazırlaması və təsdiq üçün Nazirlər Kabinetinə təqdim etməsi tapşırılmış, Respublika bank və maliyyə orqanlarına Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyində qeydiyyatdan keçməmiş tədris müəssisələri üçün hesab açmamaları tapşırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 358 nömrəli qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası tədris və tədris-tərbiyə müəssisələrinin yaradılması, qeydə alınması, yenidən qurulması və ləğv edilməsi qaydası haqqında” Əsasnamənin 12-ci maddəsinə əsasən hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filialları və nümayəndəlikləri yalnız dövlət qeydiyyatına alındıqdan sonra xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyətlə məşğul olmaq üçün “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada lisenziya ala bilər. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət X7 tərəfindən məhkəməyə ünvanlanmış 1087/3 №-li, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Dövlət X7nda mühafizə olunan Azərbaycan Respublikası Təhsil Nazirliyi Gəncə şəhəri X4 Xidməti Kolleci arxiv fondunun 1997-1999-cu illər üzrə kadr əmrləri yoxlanıldı. İddiaçı aid heç bir əmr aşkar olunmadı. Həmçinin bildirilmişdir ki, Məişət Xidməti Kollecinin 2000-ci il üzrə əmrlər kitabı filiala təhvil verilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış İN-X/O-210/2021 №-li, xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən İqtisadiyyat Nazirliyi tərəfindən aparılan lisenziyaların və icazələrin vahid reyestrində Gəncə Məişət Xidməti Kollecinə təhsili fəaliyyəti (dövlət orta ixtisas təhsili müəssisələri istisna olmaqla, orta ixtisas təhsili müəssisələri) üzrə lisenziyanın verilməsinə dair məlumat qeydə alınmamışdır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 5/2045 №-li, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, sorğuda qeyd olunan Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında X10 Komissiyasının arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Qəbələ rayon Dövlət Arxivinə mühafizə üçün təhvil verilməmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 11-11-76/12 №-li məktubdan görünür ki, Azərbaycan Respublikasında qanuni fəaliyyət göstərən orta ixtisas təhsil müəssislərinin siyahısında Azərbaycan Respublikası Pedaqoji (Defektoloji) Kolleci mövcud deyil. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 0518-31/12 №-li məktubdan görünür ki, Azərbaycan Respublikasında qanuni fəaliyyət göstərən orta ixtisas təhsil müəssislərinin siyahısında Azərbaycan Respublikası Pedaqoji (Defektoloji) X5nın adı mövcud deyildir. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış 051145/12 №-li, xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 487 nömrəli qərarına əsasən Gəncə Məişət Xidməti Kolleci qeydə alınmışdır. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" 13 iyun 2000-ci il tarixli 349 saylı Fərmanına əsasən Gəncə şəhəri X4 Xidməti Kollecinin bazasında Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialı yaradılmışdır. Eyni zamanda bildirilmişdir ki, Gəncə şəhəri X4 Xidməti Kollecinin arxiv sənədləri Təhsil Nazirliyinə təhvil verilməmişdir. Məktubda qeyd olunan şəxs İddiaçı həmin Kollec tərəfindən təqdim olunmuş diplomun surətini Nazirliyə təqdim etdiyi təqdirdə həmin sənədin dövlət nümunəli olub olmaması məsələsinə baxılacaqdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış **********500100 №-li, xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, arxiv məlumatlarına əsasən Azərbaycan Respublikası Pedaqoji X6nın Azərbaycan Respublikasında fəaliyyət göstərməsi üçün lisenziya alıb-almaması barədə məlumat aşkar edilməmişdir. Göründüyü kimi iddiaçının təhsil aldığı Azərbaycan Psixoloji Pedaqoji (Defektoloji) X1vericiliklə nəzərdə tutulmuş qaydada qeydiyyata alınmadığından lisenziyası da mövcud olmamışdır. Həmçinin iddiaçının Gəncə şəhəri X4 Xidməti Kollecinə qanuni əsaslarla daxil olması və bitirməsi barədə də hər hansı sənəd mövcud deyildir. Bundan əlavə cavabdeh inzibati orqan tərəfindən həmin təhsil müəssisələrini bitirmiş məzunların sayına müvafiq olaraq təhsil sənədinin (diplomun) blankının verilməsi müəyyən edilməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçıya verilmiş diplom blanklarının dövlət nümunəli təhsil sənədinin olmaması barədə cavabdeh inzibati orqanın gəldiyi nəticə əsassız olmamışdır. Hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-515/2022 saylı qərarında göstərilənlərə dair kollegiya qeyd edir ki, hazırki apellyasiya baxışı zamanı iddiaçıya iddia tələbini dəqiqləşdirməsi təklif olunmuş, lakin o, iddia tələbinin olduğu kimi saxlanılmasını və həmin tələblərə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Bundan əlavə hal-hazırda Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin keçirilib-keçirilməməsi barədə məlumatların, habelə Qəbələ rayonu Böyük Əmili kənd tam orta məktəbində sinif müəllimi işləyən İddiaçı hal-hazırda keçirilən müəllimlərin sertifikatlaşdırılması prosesinə cəlb olunub-olunmaması barədə məlumatların məhkəməyə təqdim edilməsi üçün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə sorğu göndərilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli 18-18-96/12 saylı məktubu ilə bildirilmişdir ki, müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin keçirilməsi nəzərdə tutulmur. Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesi mərhələli şəkildə həyata keçirilir. Cari il üzrə ilkin olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Quba-Xaçmaz və Gəncə-Daşkəsən Regional Təhsil İdarələrinə tabe olan, eləcə də, Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan ibtidai sinif müəllimləri sertifikasiya prosesinə cəlb olunmuşdur. Həmçinin, Şəki- Zaqatala Regional Təhsil İdarəsinə tabe olan ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşması prosesi həyata keçirilən zaman İddiaçı da sertifikatlaşdırılma prosesinə cəlb olunması məsələsinə baxılacaqdır. İddiaçının Təhsil Nazirliyinin tabeliyində olan təhsil müəssisəsində (məktəbdə) uzun illərdir diplom üzrə aldığı ixtisasa uyğun işləməsi və s. hallara dair qeyd olunur ki, iddiaçının adına olan diplomlar yuxarıda təfsir olunan qanunvericiliyin tələblərinə uyğun olmadığına görə onların nümunəvi sənəd hesab edilməsi barədə qərar qəbul edilməsi qeyri-mümkündür. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsi və Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin tələblərini, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyi və Ali Məhkəmənin mübahisə edilən qərarla bağlı hüquqi mövqeyini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, işin müəyyən edilmiş faktiki hallarına mübahisənin hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələbləri baxımından hüquqi qiymət verilərkən yuxarıdakı müzakirələrdən irəli gəlinən nəticədən qeyrisinə gəlmək mümkün olmur. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindəan verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-2101/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-1(103)-2646/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2646/2022
15.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver