Məhkəmə qərarları › İş №2-1(103)-2646/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2646/2023

12.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2646/2023 12.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X7 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiаçı İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Yasamal Rayon Polis İdarəsinə (üçüncü şəxs: X13) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5337/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Bakı şəhər Yasamal Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 mənzilini alqı-satqı yolu ilə qeydiyyatda olanların razılığı ilə almışdır. ünvan 1 ünvanında yerləşən mənzilin mülkiyyətçisidir. Həmin ev üzərində 21 oktyabr 1998-ci il tarixində mülkiyyət hüquqları Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmış və bu barədə ona MH seriyalı 173493 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Ona məxsus mənzildə maraqlı şəxs qeydiyyatda olsa da, 2003-cü ildən sözügedən mənzildə yaşamır. Maraqlı şəxs onun ailə üzvü deyil. X4 mənzildə qeydiyyatı formal xarakter daşıyır. X4 ona məxsus olan mənzildə istifadə hüquqlarına xitam verilməsi üçün Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin məhkəmə X4 onun mənzilində istifadə hüququ olmadığı üçün iddianı rədd etmişdir. X1 mənzilindən qeydiyyatdan çıxarılması üçün Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinə müraciət olunmuşdur. Lakin Polis İdarəsi müraciətinə cavab verərək bildirmişdir ki, X4 qeydiyyatdan çıxarılması yalnız məhkəmə qərarı ilə mümkündür. O, cavabdeh inzibati orqanın hərəkətlərini qanunsuz və əsassız hesab edir. Həmçinin, maraqlı şəxs mənzilinə istifadə hüququnu bərpa etmək istəyinin iddia müddətini də ötürmüşdür. Belə ki, bu iddialar 3 il ərzində verilə bilərdi. Məhkəmənin 13 yanvar 2023-cü il tarixli qərardadı ilə X13 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5337/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə (hakim S.Salahova) iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı tərəfindən iddia ərizəsinə uyğun əsaslandırılmış apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi xahiş olunmuşdur. Tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, səbəblərinin üzrlü olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MH seriyalı, 173493 nömrəli qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin 1 yaşayış otağı – 17,3 kvadrat metr paylı mülkiyyət hüququ üzrə Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 21 oktyabr 1998-ci il tarixdə İddiaçı (bundan sonra – İddiaçı) adına dövlət qeydiyyatına alınmışdır. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumata əsasən xx.xx.1972-ci il təvəllüdlü X13 yaşayış yeri üzrə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatdadır. İddiaçı ərizə ilə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə (bundan sonra – Cavabdeh) müraciət edərək, X4 ona məxsus yaşayış evindən pasport qeydiyyatından çıxarılmasını xahiş etmişdir. Cavabdeh 091-83202-3222 nömrəli, xx.xx.2022-ci il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “Yaşayış veri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Qeyd olunanlar nəzərə alınaraq ona aidiyyəti üzrə mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. AZ-İ №141622 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X13 ilə X9 arasında olan nikah ləğv edilmiş və bu barədə xx.xx.2012-ci ildə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 140 nömrə ilə qeyd aparılmışdır. Beləliklə, iş materialları ilə müəyyən edilir ki, iddiaçı hazırda onun paylı mülkiyyətində olan 6 saylı evdə qeydiyyatda olan keçmiş əri Ceyhun Ağayevin həmin evdə yaşamamasına istinad edərək onun qeydiyyatdan çıxarılması üçün cavabdehə müraciət etmiş, cavabdeh isə ona imtina cavabı vermişdir. Bundan sonra iddiaçı müvafiq iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Birinci instansiya məhkəməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumununun 24 sentyabr 2020-ci il tarixli qərarına istinad edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul etmişdir. İddiaçı tərəfindən verilən apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eyni məzmunda olduğundan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Qanunverici şəxsin qeydiyyatdan çıxarılması üçün əsasların siyahısını konkret olaraq müəyyən etmişdir. Bu əsaslardan biri də şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir... Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində yaşayış sahəsinə hər hansı əmlak hüquqları əldə etməyən şəxslərin vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanının birmənalı şəkildə nəzərdə tutulmaması həmin qanunvericilik normasının hüquqi müəyyənlik prinsipinin tələblərinə cavab vermədiyini göstərməklə yanaşı, Konstitusiyanın 149-cu maddəsinin İ hissəsi ilə də uzlaşmır. Konstitusiyanın qeyd olunan maddəsinə görə, normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır.” Beləliklə, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarına istinad edərək məhkəmə kollegiyası qeyd edir ki, mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. şəxs həmin yaşayış sahəsinə hər hansı əmlak hüququ əldə etməməlidir; 2. şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır. İşdə olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-592/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X10 cavabdehlər X2, X11, X5, X8, X6, X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmənin həmin qərarı ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmə qərarında göstərmişdir ki, “.....Məhkəmə hesab edir ki, iddiaçının iddiasının əsasını təşkil edən hal, yəni cavabdehlərin 2003-cü il tarixdən mübahisəli evdə yaşamaması halı sübut edilmədiyindən, iddia əsassızdır və rədd edilməlidir”. İşdən görünür ki, həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3554/2022 saylı, xx.xx.2020ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 09 yanvar 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsi isə qətnaməsində qeyd etmişdir ki, “...faktiki və hüquqi vəziyyət cavabdeh X8 münasibətdə bir qədər fərqlidir. Çünki, yuxarıda qeyd edildiyi kimi həmin cavabdeh iddiaçının əri kimi mübahisəli yaşayış sahəsində yaşamış, oradan istifadə hüququ əldə etmişdir”. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin tələbinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Qeyd edilən hüquq normasının dispozitiv şərtindən göründüyü kimi, cavabdeh X13 iddiaçının ailə üzvü (əri) kimi yaşayış sahəsindən istifadə hüququ əldə etmişdir. Bu səbəbdən də onun yaşayış sahəsinə istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçının sübut kimi təqdim etdiyi akt cavabdeh X8 münasibətdə həqiqəti əks etdirmir. Çünki, aktda digər cavabdehlərlə yanaşı, həmçinin cavabdeh X4 da mübahisəli yaşayış sahəsində yaşamaması göstərilmişdir ki, məhkəmə baxışı zamanı bu hal digər sübutlarla və tərəflərin izahatları ilə öz təsdiqini tapmamışdır.” İş materiallarından müəyyən olunur ki, iddiaçı bu qətnamədən kassasiya şikayəti verməmiş, qətnamə qanuni qüvvəsini almışdır. İşin qeyd olunan hallarından müəyyən olunur ki, iddiaçının hazırda qeydiyyatdan çıxarmaq üçün müraciət etdiyi üçüncü şəxs Ceyhun Ağayevin mübahisəli yaşayış sahəsinə istifadə hüququnun olması qanuni qüvvvəyə minmiş məhkəmə qərarı ilə öz təsdiqini tapmışdır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxsin mübahisəli mənzilə istifadə hüququ olduğundan hazırkı iş üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarında təsbit olunan şərtlər mövcud deyil. Buna görə də apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası İddiaçı apellyasiya şikayətində göstərdikləri dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5337/2023 saylı, 17 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar