Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2647/2021 12.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlu və Hüseynov Azər Afər oğlundan ibarət tərkibdə, X5 qızının katibliyi, İddiaçı X4 və onun vəkili X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi qarşı ev verilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1909/2021 saylı iş üzrə qəbul etdiyi 23 iyun 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsilə məhkəməyə müraciət edərək, ona məcburi köçkün kimi ev növbəsinə yazılaraq ev verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2-1(112)-1909/2021 saylı qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Füzuli şəhərindən məcburi köçkündür və hazırda ünvan 1 ünvanında müvəqqəti qeydiyyatda olmaqla ailə üzvlərilə birlikdə yaşayır. Bununla yanaşı, sosial rifahının yaxşılaşdırılması məqsədilə ona 60 manat məbləğində aylıq müavinət ödənilir. Adı mənzillə təmin etmə məqsədilə Komtə tərəfindən tərtib olunmuş məcburi köçkünlərin siyahısına daxil edilmişdir. Lakin, uzun müddət keçməsinə baxmayaraq bu günə qədər mənzillə təmin edilməmişdir. Cavabdeh orqan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral 65 nömrəli Qərarı ilə təsdiq olunmuş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın tələblərini icra etməkdən qəsdən yayınır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, аpеlyаsiyа şikаyətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İşdən görünür ki, iddiaçı Füzuli şəhərindən məcburi köçkündür və hazırda ünvan 1 ünvanında müvəqqəti qeydiyyatda olmaqla yaşayır. Bununla yanaşı, sosial rifahının yaxşılaşdırılması məqsədilə iddiaçıya 60 manat məbləğində vahid aylıq müavinət ödənilir. İşdə olan: İddiaçının müraciəti əsasında cavabdeh tərəfindən ona ünvanlanmış 27.11.2019-cu il tarixli, 01/15975 nömrəli məktubun surətindən görünür ki, iddiaçıya bildirilmişdir ki, mənzilməişət şəraitinin ağırlığı nəzərə alınaraq adı növbədənkənar mənzillə təmin ediləcək məcburi köçkün ailələrinin siyahısına salınmışdır. Növbəti mərhələdə Bakı şəhəri ərazisində istifadəyə veriləcək qəsəbələrdə mənzillə təmin edilməsi məsələsinə qanunla nəzərdə tutulmuş qaydada baxılacaqdır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 22.09.2020-ci il tarixli, 01/21172 nömrəli məktubun surətindən görünür ki, iddiaçıya bildirilmişdir ki, məcburi köçkün ailələrinin yeni yaşayış sahələrinə köçürülməsi Azərbaycan Respulikası Prezidentinin 01 iyul 2004-cü il tarixli, 298 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” və həmin Dövlət Proqramına 31 oktyabr 2007-ci il tarixli, 2475 nömrəli və 21 fevral 2011-ci il tarixli, 1346 nömrəli sərəncamlarla edilmiş əlavələrə əsasən mərhələli şəkildə həyata keçirilir. Məskunlaşdığı ərazi köçürülmə obyekti olduğu zaman onların da, yeni yaşayış sahəsinə köçürülməsi məsələsinə qanunla nəzərdə tutulmuş qaydada baxılacaqdır. İddiaçı bu halı cavabdeh inzibati orqanın hərəkətsizliyindən narazı qalaraq, AR Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsilə məhkəməyə müraciət edərək, ona məcburi köçkün kimi ev növbəsinə yazılaraq ev verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməməsi şəklində yuxarıda göstərilən qaydada həll edilmişdir. Birinci instansiya məhkəməsi yekun qərarını onunla əsaslandırmışdır ki, “İddiaçının yaşadığı mənzil yararsız vəziyyətə düşdüyü üçün onun adı növbədənkənar mənzillə təmin ediləcək məcburi köçkün ailələrinin siyahısına salınmışdır. Lakin, hazırda Komitənin balansında boş mənzil fondu olmadığından iddiaçının tələbinin təmin edilməsi imkan xaricindədir. Bu səbəbdən də, iddiaçının artıq adının Komitə tərəfindən mənzillə təmin edilməsi məqsədilə tərtib olunmuş siyahıya daxil edildiyini bilərək, hazırda ona Komitə tərəfindən ev verilməsi barədə tələb irəli sürməsi əsassızdır.” Kollegiya işin faktiki hallarını hətrərəfli araşdıraraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi Fondunun yaşayış sahələrinin verilməsi” haqqında Qaydasının tələblərinə əsasən məcburi köçkünlərin müvəqqəti yaşayış sahələri ilə təmin edilməsi həyata keçirilir. Bu sahədə qəbul edilmiş Dövlət Proqramına və Dövlət Proqramına edilmiş sahələrə uyğun olaraq ölkə ərazisində salınmış yeni qəsəbələrə yalnız həmin Dövlət Proqramında və ona edilmiş Əlavələrdə göstərilən ictimai binalarda və digər obyektlərdə müvəqqəti məskunlaşmış daimi yaşayan məcburi köçkün ailələri köçürülür. Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 24 fevral 65 nömrəli qərarı ilə təsdiq olunmuş «Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası»nın tələblərinə uyğun olaraq, yalnız Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarına əsasən qəbul olunmuş Dövlət Proqramında göstərilən obyektlər üzrə faktiki məskunlaşan və müvəqqəti qeydiyyatda olan məcburi köçkün ailələrinin köçürülməsini mərhələli qaydada həyata keçirir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə onların müvəqqəti istifadəsinə verilir. (1.4-cü bənd) Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin (bundan sonra – Komitə) qərarı ilə həyata keçirilir. (1.5-ci bənd) Məcburi köçkünlərin yeni yaşayış sahələrində müvəqqəti yerləşdirilməsi Komitənin qərarı ilə yaradılmış Komissiya tərəfindən mərhələli və şəffaf şəkildə həyata keçirilir. Komissiya Komitənin, aidiyyəti yerli rayon (şəhər) və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin, həmçinin məcburi köçkün icmalarının nümayəndələrindən ibarət təşkil olunur. Məcburi köçkünlərin mənzillə təmin edilməsi müvafiq yerli rayon (şəhər) icra hakimiyyətləri tərəfindən bu Qaydanın 1 nömrəli əlavəsində göstərilən formada tərtib və təsdiq edilmiş siyahı və bu Qaydanın 2 nömrəli əlavəsində göstərilən formada təqdim edilmiş ərizələr əsasında həyata keçirilir (2.1-ci bənd). “İnzibati icraat haqqında” AR Qanununun 20-ci maddəsinə əsasən, hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. İşin hallarından aydındır ki, hazırki iş üzrə İddiaçı məcburi köçkün kimi evlə təmin edilməyə dair müraciətinə cavabdeh inzibati orqan tərəfindən aidiyyəti üzrə baxılmış və onun mənzil-məişət şəraitinin ağırlığı nəzərə alınaraq adı növbədənkar mənzillə təmin ediləcək məcburi köçkün ailələrinin siyahısına daxil edilmişdir. Və hazırda Komitənin balasında böş mənzil mənzil fondu olmadığına görə bildirilmişdir ki, növbəti mərhələdə onun mənzillə təmin edilmə məsələsinə qanunla müəyyən edilmiş qaydada baxılacaqdır. Göründüyü kimi, inzibati orqan qanunla müəyyən edilmiş qaydadada iddiaçının müraciətinə baxmış və qanunla müəyyən edilmiş səlahiyyəti daxilində müraciətin təmininə dair tədbir görərək onu mənzillə təmin ediləcək ailələr siyahısına daxil etmiş və iddiaçını bu barədə məlumatlandırmışdır. Buna görə də, İddiaçı hazırda ona Komitə tərəfindən ev verilməsi barədə tələb irəli sürməsi əsassız olmuşdur. Yuxarıda sadalanan halları nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçının apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənləri və İPM-nin 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı X2 apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1909/2018 saylı 23 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Həmid Həmidov Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-2647/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2647/2021
12.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver