Məhkəmə qərarları › İş №2-1(103)-2648/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2648/2021

11.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2648/2021 11.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 qızının katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9076/2021 saylı 18 avqust 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında nəzərdən keçirərək müəyyən etdi: İddiaçı məhkəməyə müraciət edərək cavabdehlərin qanunsuz qərarları və hərəkətləri nəticəsində 228 (iki yüz iyirmi səkkiz) manat maddi ziyanın və 5000 (beş min) manat mənəvi ziyanın, cəmisi 5228 (beş min iki yüz iyirmi səkkiz) manat tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9076/2021 saylı 18.08.2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinə aidiyyatı üzrə hansı məhkəmədə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilsə də tərəflər məhkəmə iclasına gəlməmiş, bu barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarından göründüyü kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və göstərmişdir ki, o, 04.08.2020-ci il tarixdə özünə məxsus MERCEDES BENZ C 180 minik markalı, ** ME *** dövlət qeydiyyat nişanlı avtomabili növbəti texniki baxışdan keçirmək məqsədi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin Yevlax Qeydiyyat-İmtahan və X4 getmişdir. Şəxsi avtomabilini texniki baxışdan keçirmək istədikdə həmin texniki baxış şöbəsində işləyən müfəttişi ona bildirmişdir ki, onun avtomobilinin 20 manat cəriməsi var, ödəyəndən sonra avtomobilini texniki baxışdan keçirə bilər. O, bu cərimədən xəbəri olmadığını, cərimənin hansı səbəbə olduğunu soruşduqda müfəttiş onun adına yazılmış cərimənin elektron qərarını kompüterində göstərdi və həmin qərarı çıxara bilməyəcəyini bildirmişdir. O, kompüterdə fotosu göstərilən cərimə edilən avtomobilin ona məxsus olmadığını, onun belə avtomobilinin olmadığını, bu cərimənin ona səhvən və qanunsuz yazıldığını bildirsə də, maşınını texniki baxışdan keçirə bilmədiyindən yaşadığı Göyçay rayonunun polis şöbəsinə gələrək DYP bölməsində avtomobilinə yazılmış cərimənin həm elektron qərarını, həm də şəkilləri çıxarmağı xahiş etmişdir. Bu qərardan ona məlum olmuşdur ki, 20 iyul 2020-ci il tarixdə saat 10:34-də Puşkin küçəsində dayanma qaydalarını pozduğuna görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş 20 manat məbləğində cərimə olunmağı barədə EQ ******* saylı İnzibati tənbeh vermə haqqında Elektron qərar qəbul edilmişdir. Qeyd olunan elektron Qərarı DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovniki X1 tərəfindən imzalanmışdır. Sonradan o dəfələrlə həmin cərimənin ona aidiyyəti olmadığını, dayanma qaydasını pozan maşının ona aidiyyatı olmadığını və Puşkin küçəsinin harada olduğunu bilmədiyini desə də, “20 manat məbləğində cərimə olunmağı barədə EQ ******* saylı “İnzibati tənbeh vermə haqqında” elektron qərardan narazı qaldığı təqdirdə məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Şəxsi avtomobilinin texniki baxışdan keçmə vaxtının bitməsinə 3 gün qaldığından məcburiyyət qarşısında qalmış ona aid olmayan maşının, törətdiyi cəriməni (20 manatı) ödəmiş və özünə məxsus MERCEDES BENZ C 180 minik markalı, ** ME *** dövlət qeydiyyat nişanlı avtomabili növbəti texniki baxışdan keçirmişdir. 20 iyul 2020-ci il tarixdə saat 10:34-də Puşkin küçəsində dayanma qaydalarını guya o pozduğuna görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş 20 manat məbləğində cərimə olunmağı barədə EQ ******* saylı “İnzibati tənbeh vermə haqqında” Elektron qərarı qanunsuz və əsasız hesab etdiyindən həmin elektron qərarın ləğv edilməsi və ona məcburən ödətdirilmiş 18 manat pulumun geri qaytarılması barədə Göyçay Rayon Məhkəməsinə şikayət vermişdir. Göyçay Rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli, 3(046)-317/2020 saylı Qərarı ilə şikayəti təmin edilərək, İddiaçı İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən 20 manat cərimə edilməsinə dair DİN BDYP-nin X2 rəisi polis polkovniki X1 tərəfindən qəbul edilmiş 20 iyul 2020-ci il tarixli EQ ******* saylı “İnzibati tənbeh vermə haqqında” elektron qərar ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Göyçay Rayon Məhkəməsi 28 avqust 2020-ci il tarixli, 3(046)-317/2020 saylı Qərarından apellyasiya şikayəti verilməmiş və qərar qanuni qüvvəsini almışdır. Bundan sonra barəsində İnzibati Xətalar Məcəlləsinin 346.1- ci maddəsinə əsasən 20 manat cərimə edilməsinə dair DİN BDYP-nin X2 rəisi polis polkovniki X1 tərəfindən qəbul edilmiş 20 iyul 2020-ci il tarixli EQ ******* saylı “İnzibati tənbeh vermə haqqında” Elektron qərarın qanunsuz və əsassız olduğuna görə Göyçay Rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli, 3(046)-317/2020 saylı Qərarı ilə ləğv edildiyindən onun məcbur qalıb qeyd olunan qanunsuz elektron qərara görə ödədiyi 18 manat pulunun geri qaytarılması barədə BDYPi-nə ərizə ünvanlasa da, onun 18 manat pulunu geri qaytarmamışlar. Bildirmişdir ki, o, 2009-cu ilin 30 mart tarixində bir, 2020-ci ilin 03 iyun tarixində iki ürək damarlarında daralma ilə bağlı stend qoydurmuşdur. Ona qarşı BDYPİ-nin qanunsuz hərəkətləri son dərəcə əsəb keçirməyinə və nəticə olaraq ürəyində əlavə narahatçılığa səbəb olmuşdur. Həkim müayinəsindən keçərkən ürəyində yaranan əlavə problemlərin əsəb keçirməyi ilə əlaqələndirilmiş və əlavə dərman peraparatları qəbul etmək məcburiyyətində qalmış, beləliklə BDYPİ-nin vəzifəli şəxsinin qanunsuz hərəkətləri nəticəsində maddi ziyanla yanaşı mənəvi sarsıntı və iztirab keçirmişdir. Bu səbəbdən də BDYPİ-sinin qanunsuz cəriməsi ucbatından keçirdiyim əsəb və sarsıntıya görə Azərbaycan Respublikası DİN BDYPİ-nə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. DİN BDYP-nin X2 rəisi polis polkovniki X1 tərəfindən qəbul edilmiş 20 iyul 2020-ci il tarixli EQ ******* saylı İnzibati tənbeh vermə haqqında elektron qərarı mənə maddi ziyan vurmaqla yanaşı, mənəvi ziyan da vurmuşdur. “İnzibati tənbeh vermə haqqında” qərar Göyçay Rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli, 3(046)-317/2020 saylı qərarı ilə qanunsuz hesab edilərək ləğv edilmişdir. İddiaçı DİN BDYP-nin X2 rəisi polis polkovniki X1 tərəfindən qanunsuz və əsassız qəbul edilmiş 20 iyul 2020-ci il tarixli EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərara görə iki dəfə Göyçaydan Yevlax şəhərinə getmiş və hər dəfə 15 manat xərcləməklə 30 manat ziyana düşmüş, məcbur qalaraq 18 manat qanunsuz cəriməyə görə pul ödəmiş, 30 manat məhkəməyə dövlət rüsumu ödəmiş və Bakıya gəlib getmə xərcini də nəzərə alsaq, təxminən 150 manat da ziyana düşəcəyini düşünür. Eyni zamanda keçirdiyi əsəb və sarsıntı nəticəsində hesab edir ki, sağlamlığına 5000 (beş min) manat mənəvi ziyan dəymişdir. Göstərilənlərə əsasən iddiaçı cavabdehlərin qanunsuz qərarları və hərəkətləri nəticəsində 228 (iki yüz iyirmi səkkiz) manat maddi ziyanın və 5000 (beş min) manat mənəvi ziyanın, cəmisi 5228 (beş min iki yüz iyirmi səkkiz) manat tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3278/2021 nömrəli iş üzrə 18.03.2021-ci il qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 idarəsinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair ərizənin icraata qəbul edilməsindən imtina edilmişdir. İddiaçıya müvafiq tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olması izah edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 24.06.2021-ci il tarixli iş üzrə 2(103)-6573/2021 qərarına əsasən, iddiaçının şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli 2(001)-3278/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi nəticəsi ilə razılaşır və öz mövqeyini aşağıdakı kimi əsaslandırır. İddia tələbindən və iş materiallarından görünür ki, iddiaçı inzibati xəta haqqında protokolun və inzibati tənbehvermə haqqında qərarın qəbulu ilə bağlı polisin qanunsuz hərəkətləri nəticəsində vurulmuş maddi və mənəvi zərərin ödənilməsini tələb etmişdir. “İnzibati icraat haqqında” Qanunda inzibati orqanların hüquqazidd qərarlarının yoxlanılması, onların ləğv edilməsi və ya onlara dəyişiklik edilməsi məqsədi ilə maraqlı şəxslər üçün hüquqi müdafiə imkanları müəyyən edilmişdir. Həmin Qanunun 72-ci maddəsinin müddəalarına əsasən, maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. İnzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. İnzibati aktlardan məhkəmə qaydasında şikayət (inzibati iddia) Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən olunmuş qaydada verilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia tələbi polisin inzibati icraatdan irəli gələn fəaliyyəti ilə bağlı olmayıb inzibati xətalara dair işlər üzrə fəaliyyətindən irəli gəldiyi üçün birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi mümkün hesab edilməmişdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı 10 aprel 2015-ci il 04 nömrəli qərarına əsasən: “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən, həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayətprosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Ona görə də, inzibati xətalara dair iş üzrə icraatın aparılması ilə bağlı, eləcə də təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılır. Çünki, sözügedən hallarda tərəflər arasında ziyan vurulması ilə nəticələnmiş münasibətlər inzibati icraatın həyata keçirilməsi nəticəsində yaranmır. Belə işlərdə məhkəmə aidiyyətini müəyyən edən həlledici meyar güman olunan ziyanın məhz hansı hüquq münasibətləri çərçivəsində vurulmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən isə inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Müvafiq olaraq maraqlı şəxslərin vurulmuş ziyana görə inzibati orqanlara qarşı qaldırdığı iddialara o halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər ki, həmin ziyan məhz inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş olsun. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 10 iyun 2020-ci il tarixli və Azərbaycan Respublikasının Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 fevral 2021-ci il tarixli qərarlarında ifadə edilən hüquqi mövqeyə görə qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 05 nömrəli qərarında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır…İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir….Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır…İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin 24.06.2021-ci il tarixli qərardadı hazırki iş üzrə preyudisial hesab edilmədiyindən iddia mümkün sayılmamışdır, iddiaçıya müvafiq tələblə səlahiyyətli ümumi məhkəməyə müraciət etmək hüququ və ya qəbul edilmiş məhkəmə aktından yuxarı instansiyaya şikayət vermək hüququ izah olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, hər kəsin məhkəmə müdafiəsi hüququ yalnız qanuni, müstəqil və qərəzsiz məhkəmə tərəfindən məhkəmə aidiyyəti qaydalarına riayət edilməklə təmin edildiyindən və həmin qaydaların pozulması ilə qəbul olunmuş məhkəmə qərarı qanuni hesab olunmadığından iddianın mümkün sayılmaması məhkəməyə çatımlılıq hüququnun pozulması kimi qiymətləndirilə bilməz. Odur ki, hazırki iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri məhkəmə qərardadının ləğvi üçün əsas təşkil etmir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, məhkəmənin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90. və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9076/2021 saylı 18 avqust 2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan, qərardadın təqdim edildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar